Məhkəmə qərarları › İş №2-1(103)-1402/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1402/2023

22.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1402/2023 22.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Bəktaşi Səadət İnayət qızından ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi” iddiasına dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10220/2022 saylı, 27 oktyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialının xx.xx.2022-ci il tarixli, **********4 nömrəli qərarının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçının 73 yaşı var. xx.xx.2007-ci il tarixdən iddiaçıya dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmiş, lakin 01 aprel 2022-ci il tarixdən dayandırılmışdır. Aldığı əmək pensiyasından başqa gəlir yeri yoxdur, yaşı ilə əlaqədar şəkər, ürək çatmamazlığı və s. xəstəlikləri var, hər ay aldığı pensiyanın yarıdan çoxu ilə dərmanlarını alır, yerdə qalan pulla birtəhər dolanır. 2022-ci ilin aprel və may aylarının pensiyasını ala bilməmiş, həmin ayların pensiyası məhkəmə qərarı olmadan əmək pensiyasından qanunsuz olaraq tutulmuşdur. Cavabdehin 19 may 2022-ci il tarixli, **********5 nömrəli məktubu ilə iddiaçıya guya dövlət qulluqçusu kimi əmək pensiyası almaq hüququnun olmadığı, xx.xx.2007-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edildiyi, Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialının xx.xx.2022-ci il tarixli, **********4 nömrəli qərarına əsasən xx.xx.2007-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək artıq ödənilmiş 21.617,01 manat vəsaitin (əvəzləşdirildikdən sonra) bölünərək iddiaçının aylıq pensiyasından tutulmaqla Dövlət Sosial Müdafiə Fondunun hesabına bərpa olunacağı bildirilmişdir. Hesab edir ki, cavabdehin qərarı əsassız və qanunsuzdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10220/2022 saylı, 27 oktyabr 2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********4 nömrəli qərarı ləğv edilmişdir. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək qərarın ləğv edilib, iddianın təmin olunmamasını xahiş etmişdir. İşin apellyasiya icraatı zamanı xx.xx.2023-cü il tarixli məhkəmə iclasında cavabdehin nümayəndəsi məhkəməyə 3-17-1/2-35242/2023 nömrəli məktub təqdim edərək, 2-1(103)- 1402/2023 saylı iş üzrə iddiaçı M.İddiaçı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məktubda qeyd edilmişdir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(103)- 10220/2022 nömrəli qərarı cavabdeh inzibati orqan tərəfindən icra edilmiş və vətəndaşa 796.18 AZN əskikvermə qeydə alınmışdır. Nəticə etibarilə işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməsini hesab edirlər. Məhkəmə kollegiyası iclasında iştirak edən tərəflər iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iş materiallarını və cavabdehin müvafiq məktubunu araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının tələbi təmin edildiyindən mübahisə aradan qaldırılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin («İPM») 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-in 82,87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D I : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “cavabdehin xx.xx.2022-ci il tarixli. **********4 nömrəli qərarının ləğv olunması” tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar