Məhkəmə qərarları › İş №2-1(103)-1403/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1403/2020

12.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1403/2020 12.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyinin tabeliyində Dövlət X5 publik hüquqi şəxsinin Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi filialının nümayəndəsi X1 iştirakı ilə İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1453/2019 nömrəli iş üzrə xx xxx 2019-cu il tarixli qərarından apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barədə cavabdehin ərizəsinə və apellyasiyanın mümkünlüyü məsələsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X3 Bakı şəhəri Suraxanı rayon şöbəsinə qarşı məhkəməyə müraciət edərək, “Əmək pensiyaları haqqında” AR Qanununun 9.8-ci maddəsi və əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun 17-ci maddəsinin tələblərinə əsasən 52 yaşdan, yəni xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 2004-2005-ci illərin əmək haqqı arayışına əsasən təyin etməklə hesablayıb, yaranmış fərqin birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1453/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi İİK-nın 2-1(103)-2623/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli qərardadı ilə apellyasiya şikayəti üzrə apellyasiya icraatı mümkün sayılmamış, apellyasiya şikayətinin icraata qəbul olunmasından imtina edilmiş və geri qaytarılmışdır. Həmin qərardadla razılaşmayan cavabdeh ondan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi İİK-nın 2-1(102)-452/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qərarı ilə şikayət təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İİKnın xx.xx.2019-cu il tarixli qərardadı ləğv edilmiş, iş sonrakı prosessual hərəkətlərin aparılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi İK-nın iş üzrə xx.xx.2020-ci il tarixli qərardadı ilə cavabdeh AR ƏƏSMN DSMF Bakı şəhəri Suraxanı rayon şöbəsi, AR ƏƏSMN DSMF Xüsusi şərtlərlə təyinat idarəsi ilə, sonuncu isə, xx.xx.2020-ci il tarixli qərardadla AR ƏƏSMN DSMF PHŞ Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi filialı ilə əvəz edilmişdir. Ali Məhkəmənin iş üzrə qərarında göstərilmişdir ki, “Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin mümkünlüyü ilə bağlı cavabdehi lazımi qaydada məlumatlandırmamışdır. Cavabdeh x xxxxxx 2019-cu il tarixli məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, o, məhkəmə iclasının keçirilməsi məqsədi barədə (apellyasiya şikayətinin mümkünlüyü ilə bağlı) aydın bilgiyə malik olmamışdır. Apellyasiya məhkəməsi göndərdiyi bildirişdə apellyasiya şikayəti üzrə məhkəmə iclasının x xxxxxx 2019-cu il tarixə təyin edilməsini bildirmiş, bildirişdə apellyasiya şikayəti müddət ötürülməklə verildiyindən mümkünlük məsələsinə baxılması qeyd edilmişdir. Mümkünlüklə bağlı hüquqi nəticələr cavabdehə izah edilməmişdir.” İPM-in 96.11-ci maddəsinə görə, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Ali Məhkəmənin qərarının məcburi göstərişlərinin icrası ilə bağlı cavabdehə göndərilən xx.xx.2020-ci il tarixli məhkəmə bildirişində xx.xx.2020-ci il tarixə təyin olunan məhkəmə iclasının apellyasiya şikayətinin mümkünlüyü məsələsi (prosessual müddətin ötürülməsi) ilə bağlı olduğu qeyd edilmiş, həmçinin, İPM-in 24-cü maddəsində nəzərdə tutulan buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə verməsi cavabdehə təklif olunmuşdur. İşə yenidən apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi ərizə təqdim edərək, buraxılmış prosessual müddətin bərpa olunmasını xahiş etmiş, ərizə DSMF-də aparılan struktur islahatları ilə əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi ərizənin təmin edilərək, apellyasiyanın mümkün sayılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası ərizəni iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 85.1-ci maddəsinə əsasən, şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati-iqtisadi məhkəmə vasitəsilə verilir. İşdən görünür ki, xx.xx.2019-cu il tarixli qərar cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixdə şöbənin daxil olma ştampı vurulmaqla və Qarabəyova adlı şəxs imza etməklə qəbul edilmiş, bununla da qərar cavabdehə rəsmi qaydada təqdim olunmuşdur (iş vərəqi- 48). İPM-in 22.1-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə elan edilmə anından başlanır. Qeyd olunan normaların tələbinə əsasən, iş üzrə qərardan apellyasiya şikayəti vermə müddəti cavabdehə münasibətdə qərar ona təqdim rəsmi edildiyi tarixdən hesablanmaqla, xx.xx.2019-cu il tarixdə, iş günündə başa çatmışdır. Lakin xx.xx.2019-cu il tarixli qərardan apellyasiya şikayəti xx.xx.2019-cu il tarixdə imzalanmış və xx.xx.2019-cu il tarixdə birinci instansiya məhkəməsinə təqdim olunmuş, nəticədə qanunla müəyyən edilmiş prosessual müddət cavabdeh tərəfindən 20 gün buraxılmışdır. İPM-in 24.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Prosessual müddətlərin bərpası ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Könül Namidar qızı Qəribovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın xx xxxxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, “Qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPMin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.” Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin buraxılmış prosessual müddətin bərpası ilə bağlı ərizəsində göstərdiyi dəlil üzrlü hal kimi qəbul edilə bilməz. Çünki, struktur islahatları inzibati orqanın tamamilə ləğvi yaxud fəaliyyətini birdəfəlik dayandırması demək deyil. Cavabdeh də islahatlar aparılan dövrdə fəaliyyətini davam etdirmiş və funksiyalarını yerinə yetirmişdir. Bundan əlavə, apellyasiya şikayəti bilavasitə ilk cavabdehin özü (DSMF Suraxanı rayon şöbəsi) tərəfindən verilmiş, DSMF-də aparılan struktur islahatları ilə əlaqədar inzibati icraatda onu əvəz edən DSMF Xüsusi şərtlərlə təyinat idarəsi və DSMF PHŞ Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi filialı daha sonrakı tarixlərdə işə qoşulmuş, buraxılmış prosessual müddətin bərpa olunması barədə hazırkı ərizə də onlar tərəfindən verilmişdir. Bu mənada məhkəmə kollegiyası bildirir ki, hər hansı halın cavabdehə münasibətdə üzrlü sayıla bilməsi üçün bu halın ondan asılı olmaması, onun özü tərəfindən dəf edilməli imkanlardan kənara çıxması, bunun üçün müvafiq hərəkətlərin yerinə yetirilməsinə maneə törətməsi məhkəmə iclasında sübuta yetirilməlidir. Lakin iş üzrə belə hallar aşkar olunmur. Odur ki, qanunla müəyyən edilmiş prosessual müddət cavabdehin təqsiri ilə ötürüldüyü, yəni müddətin buraxılması üzrlü səbəblərdən baş vermədiyi üçün, ərizə təmin edilməməli, apellyasiya isə mümkün sayılmamalıdır. İPM-in 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır, 87.3-cü maddəsinə görə apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Göstərilənlərə əsasən və İPM-in 24, 68, 80, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyinin tabeliyində Dövlət X5 publik hüquqi şəxsinin Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi filialının 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(82)-1453/2019 nömrəli iş üzrə xx xxx 2019-cu il tarixli qərarından apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpasına dair ərizəsi təmin edilməsin. Apellyasiya mümkün sayılmasın. Apellyasiya şikayətinin qəbul olunmasından imtina edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Həmid Həmidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar