Məhkəmə qərarları › İş №2-1(103)-1404/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1404/2021

16.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1404/2021 16.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, iddiaçı X1, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair» iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-424/2021 saylı, 04.02.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xəzər rayon Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1993- 1996-cı illərdə Ağsu rayonu, Yenilik Kəndi “Yenilik” kolxozunda kolxozçu peşəsində işlədiyi dövrlərin sosial siğorta stajına daxil edilərək ona yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehin üzərinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin faktiki hallarına əsasən iddiaçı 1993-1996-cı illərdə Ağsu rayonu, Yenilik kəndi “Yenilik” kolxozunda işləmişdr. Bu barədə arxiv arayışı olsa da, cavabdeh tərəfindən onun 1993-1996-cı illərdə Ağsu rayonu, Yenilik kəndi, “Yenilik” kolxozunda işlədiyi həmin dövr sosial sığorta stajına daxil edilməmiş, yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizəsi imtina məktubu ilə cavablandırılmışdır. İddiaçı hesab edir ki, imtina qanunsuz və əsassızdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-424/2021 saylı, 04.02.2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, X1 1993-1996-cı illərdə Ağsu rayonu, Yenilik Kəndi “Yenilik” kolxozunda kolxozçu peşəsində işlədiyi dövrlərin sosial sığorta stajına daxil etməklə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xəzər rayon Şöbəsinə (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Xidmət Nümayəndəliyi) həvalə edilmişdir. Cavabdeh tərəfi (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə mübahisələri ilə iş üzrə Mərkəzi Filialı) apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti «Əmək pensiyaları haqqında» Qanunun 1.0.2, 7, 25, 31.2-1-ci maddələrinə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2-ci bəndləri ilə aşağıdakılarla əsaslandırılmışdır: «…Qərar maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə çıxarılmış, obyektiv araşdırma aparılmamış, işin bütün faktiki halları aydınlaşdırılmamışdır... 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanın arxiv arayışı üzrə iş stajı o halda keçərlidir ki, o, əmək kitabçası ilə birlikdə təqdim olunsun və əmək kitabçasında öz əksini tapsın. İddiaçının 1993-1996-cı illər üzrə əmək fəaliyyəti göstərməsi əmək kitabçası ilə təsdiq olunmadığı üçün sosial sığorta stajına daxil edilə bilməz. Onun 1970-ci ildən 02 aprel 1993-cü il tarixədək olan dövr üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təsdiq olunan 23 il 3 ay sosial sığorta stajı vardır. Belə ki, iddiaçının fərdi hesabında kifayət qədər pensiya kapitalının toplanmaması və 25 il sosial sığorta stajının olmaması səbəbi ilə onun hazırkı iddia tələbi əsassızdır. Həmçinin, Azərbaycan Respublikası Prezidntinin 2003-cü il 27 sentyabr tarixli 934 saylı Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında Əsasnamə»yə əsasən idarə arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən orqan olsa da, onun sosial sığorta stajını təsdiq edən sənəd vermək səlahiyyəti müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 1 dekabr 2010-cu il tarixli qərarında qeyd edir ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər…» Apellyasiya mərhələsində, iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Xəzər rayon şöbəsi, əsl cavabdeh Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi L.Məmmədova apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı onunla razılaşmamış və apellyasiya şikayətini əsassız hesab edərək birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakılara görə cavabdeh tərəfin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 21.1-ci madəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Cavabdehin apellyasiya şikayətinin qeyd olunan dəlillərindən göründüyü kimi, iddiaçının 1993-cü ilə qədər olan iş stajını mübahisələndirilmir. Belə ki, iş materialları üzrə qanuni qüvvəsini almış Bakı şəhəri Xəzər rayonu Məhkəməsinin 16.10.2019-cu il tarixli qətnaməsi ilə X1 1970-ci il tarixdən 02 aprel 1993-cü il tarixinədək Kəlbəcər rayonunda yerləşən “28 may” adına kolxozda fəhlə kimi işləməsi faktı müəyən edilmişdir. Göründüyü kimi, iddiaçı 1993-cü ilə qədər 23 ildən çox iş stajına malik olduğu cavabdeh tərəfindən sığorta stajı kimi qəbul edilir. Apellyasiya şikayəti üzrə mübahisələndirilən hal yalnız iddiaçının arxiv arayışına əsasən 1993-1996-cı illərdə Ağsu rayonu Yenilik Kəndi “Yenilik kolxozunda çalışdığı dövrü əhatə edir. Bu baxımdan və İPM-in 82-ci maddəsinin təbini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, işə şikayət həddində, yəni, mübahisələndirilən hissədə baxılıb hüquqi qiymət verilməlidir. Cavabdehin apellyasiya şikayətində “Əmək pnsiyaları haqqında” Qanunun 31.2-1-ci maddəsinə istinadən iddiaçının 1993-1996-cı illər illər üzrə iş stajını sosial sığorta stajı kimi qəbul etmədiyini onunla əsaslandırır ki, 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanın arxiv arayışı üzrə iş stajı o halda keçərli ola bilər ki, əmək kitabçası ilə birlikdə təqdim olunsun və əmək kitabçasında öz əksini tapsın. Əks halda, sosial sığorta stajına daxil edilə bilməz.” Məhkəmə kollegiyası aşağıdakılara görə şikayətin qeyd olunan dəlillərini əsassız sayır. Belə ki, iddiaçının 1993-1996-cı illərdə Ağsu rayonu Yenilik Kəndi “Yenilik kolxozunda çalışdığını nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, arxiv arayışına əsasən iddiaçının qeyd olunan dövr üzrə iş stajına dair məlumatlara, həmin vaxt qüvvədə olan maddi hüquq normaları tətbiq olunmaqla, hüquqi qiymət verilməlidir. Çünki, 23.09.1992-ci ildə qəbul edilmiş və 01.01.2006-cı il tarixinədək qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsi ilə iş stajını sübut edən əsas sənəd əmək kitabçası hesab edildiyi nəzərdə tutulsa da, eyni zamanda, nəzərdə tutulurdu ki, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Həmin vaxt qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: “- 1-ci bəndinin nəzərdə tutduğu qaydaya görə isə əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. - 3-cü bəndi ilə müəyyən edilən qaydaya görə isə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda, əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.” Mübahisələndirilən dövrdə qüvvədə olan qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi, əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, arxiv müəssisələri tərəfindən verilən sənədlər, o cümlədən: əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəllərində göstərilən məlumatlar nəzərə alınır. Əslində, 2006-cı ilədək qüvvədə olan qanunvericiliyin qeyd olunan tələbləri heç də cavabdehin istinad etdiyi və hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında Qanunun 31.2-1-ci maddəsi ilə müəyyən edilən qayda ilə də heç bir uyğunsuzluğu da görünmür. Belə ki, Qanunun qeyd olunan 31.2-1-ci maddəsi nəzərdə tutur ki, sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Qanunun sözügedən normasının mənasından da göründüyü kimi, 2006-cı il 1 yanvar tarixinədək dövrə aid əmək kitabçasında iş stajına dair təsbit olunan məlumatların doğruluğu məhz, dövlət arxivlərinin arayışları ilə təsdiq olunur. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh tərəfindən arxiv arayışının məlumatlara əsasən iddiaçının 1993-1996-cı illər üzrə əmək fəaliyyətinin sığorta stajı kimi qəbul edilməsindən imtina olunması əsassızdır. İşə əlavə olunmuş arxiv arayışına, o cümlədən: - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Ağsu Rayon İcra Hakimiyyəti Ağsu Rayon Dövlət Arxivinin tərəfindən məhkəməyə ünvanlanmış 14.02.2020-ci il tarixli 03 №-li məktubu ilə ünvanlanmış Arxiv arayışına və əmək haqqı cədvəllərindən çıxarışlara əsasən müəyyən olunur ki, X3 1993-1996-cı illərdə Ağsu rayonunda “Yenilik” kolxozunda kolxozçu və gözətçi kimi işləmiş və əmək haqqı almışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Beləliklə də, qeyd olunanlardan göründüyü kimi, iddiaçının 1993-1996-cı illərdə iddiaçının adıçəkilən kolxozda çalışdığı dövrün cavabdeh tərəfindən sığorta stajı kimi qəbul edilməməsinin qanunsuz və əsassız olduğu sübuta yetirilir. Belə olan halda, iddiaçının qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən edilən 23 il və qeyd olunan arxiv arayışı və əmək haqqı cədvəlləri ilə müəyyən edilən 3 il toplandıqda onun 25 ildən çox sığorta stajı yaranır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır) Həmin Qanunun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh tərəfindən mübahisələndirilən dövrün sığorta stajı kimi nəzərə alınmaqla, iddiaçıya pensiya təyin olunasından imtina olunması onun əmək pensiyası hüquqların pozur. İPM-in 73.1-ci maddəsinin tələbindən də göründüyü kimi, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə də yuxarıda göstərilənləri nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilməsini işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Ona görə də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının apellyasiya şikayətinin Bakı İnzibati Məhkəməsinin 2-1(112)-424/2021 saylı, 04.02.2021-ci il tarixli qərarının maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-424/2021 saylı, 04.02.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 68, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə mübahisələri ilə iş üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-424/2021 saylı, 04.02.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elmira Nağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar