Məhkəmə qərarları › İş №2-1(103)-1404/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1404/2023

22.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1404/2023 22.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X4 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9568/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı (VÖEN: **********) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsinə qarşı mübahisələndirmə haqqında (İPM.m.32.1.) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2021-ci il tarixli **********792400 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “...Cavabdehin xx.xx.2021-ci il tarixli, **********792400 saylı qərarı əsasında kameral vergi yoxlaması ilə iddiaçıya 11550 manat gəlir vergisi hesablanmışdır. Həmin qərardan iddiaçı inzibati qaydada şikayət versə də, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli **********580200 saylı qərarı ilə qərar dəyişdirilmədən saxlanılmışdır. İddiaçı hesab edir ki, kameral yoxlama nəticəsində ona hesablanmış vergi əsassız və qanunsuzdur. Belə ki, xx.xx.2015-ci il tarixində vergi uçotuna alınmış və fəaliyyət kodu “ixtisaslaşdırılmamış mağazalarda sair məhsulların" pərakəndə satışı olmuşdur. 10 iyun 2020-ci il tarixli, AK-006/20 saylı alqı-satqı müqaviləsi ilə tanışı X2 məxsus “MERCEDES BENZ E200D AMG” markalı avtomobili ona verdiyi etibarnamə əsasında “X9" MMC-yə 110 000 AZN qiymətinə, 03 iyul 2020-ci il tarixli, AK-009/20 saylı alqı-satqı müqaviləsi əsasında özünə məxsus və şəxsi istifadəsində olan “PORSCHE CAYENNE” minik markalı avtomobili “X9” MMC-yə 153000 AZN qiymətinə və 21 iyul 2020-ci il tarixli, 06/31/28/DLİZ saylı alqı-satqı müqaviləsi əsasında tanışı Q.Nicata məxsus “MERCEDES BENZ S500” minik markalı avtomobili onun xahişi ilə etibarnamə əsasında “AVTOLİZİNQ" MMC-yə onun xeyrinə 83.500 AZN qiymətinə satmışdır. Cavabdeh həmin satış əməliyyatlarından əldə edilən gəlirə iddiaçının sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlir kimi qiymət verərək ona 11550 AZN məbləğində gəlir vergisi hesablamışdır. Avtomobillərin alqı-satqısının həyata keçirildiyi dövrdə iddiaçının sahibkar kimi faktiki fəaliyyəti olmamış, özünə məxsus və şəxsi istifadəsində olan avtomobilin satışını həyata keçirmiş və həmin avtomobilin onun sahibkarlıq fəaliyyəti ilə heç bir əlaqəsi olmamışdır. Həmçinin, şəxsi avtomobilinin sahibkarlıq fəaliyyətində istifadə edilməsi ilə bağlı Dövlət Vergi Xidmətində hər-hansı mötəbər sübut mövcud deyildir. Bu səbəbdən həmin avtomobilin satışından əldə etdiyi gəlir iddiaçının sahibkarlıq fəaliyyətindən deyil, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmayaraq əldə edilmiş gəliri olmaqla gəlir vergisindən azaddır. Digər iki avtomobilə gəldikdə isə həmin avtomobillər ümumiyyətlə iddiaçının mülkiyyətində olmamış, iddiaçı onları yalnız şəxsi tanışlıq zəminində üçüncü şəxslərin xahişi əsasında, onların xeyrinə və onlar tərəfindən verilən etibarnamələr əsasında satışını həyata keçirmiş, buradan hər hansı gəlir əldə etməmişdir. qərarında “alğı-satqı müqavilələrində təmsilçilik hüququ barədə qeyd yazılmadan “Satıcı” olaraq iddiaçının adının qeyd olunması faktı" aparılan əməliyyatların fərdi sahibkar tərəfindən gəlirlərini gizlətmək və vergi üstünlüyü əldə etmək üçün aparılan əməliyyat kimi qiymətləndirilməsi üçün əsas kimi gətirmişdir. Lakin müqavilədə təmsilçilik hüququ barədə qeydin olub-olmaması faktiki olaraq iddiaçının həmin nəqliyyat vasitələrini mülkiyyət hüququ ilə deyil, etibarnamə əsasında alıcılara satdığı, alqı-satqı müqaviləsində nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnamələrində göstərilmiş məlumatların qeyd olunması (ban nömrəsi, buraxılış ili və s.), alıcıların qeydiyyat şəhadətnaməsi ilə tanışlığı və həmin nəqliyyat vasitələrinin iddiaçının mülkiyyətində olmadığını bilmələri ilə bağlı gerçəkliyi dəyişdirmir. Alqı-satqı müqavilələrində hər-hansı qeydin olmaması, həmin müqavilələrdən əldə edilmiş gəlirin faktiki sahibinin iddiaçı olmadığı faktını inkar etmək üçün əsas hesab edilə bilməz. Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslanıdırılmışdır ki, uçot-baza məlumatlarına əsasən fərdi sahibkarın xx.xx.2015-ci il tarixdə vergi ödəyicisi kimi uçota alındığı və əsas fəaliyyət növünün “ixtisaslaşdırılmamış mağazalarda sair məhsulların pərakəndə satışı” olduğu, vergi orqanında qeydiyyata alınmış aktiv təsərrüfat subyektinin olmadığı müəyyən edilmişdir. Kameral vergi yoxlaması zamanı fərdi sahibkar tərəfindən 2020-ci il ərzində elektron alış aktları əsasında ümumilikdə 346500,0 manat dəyərində malların təqdim edilməsinə baxmayaraq müvafiq dövr üçün gəlir vergisi bəyannaməsini təqdim etməməsi vergidən yayınma kimi qiymətləndirilmişdir. Vergi ödəyicisi tərəfindən vergi orqanının uyğunsuzluq məktubunda qeyd edilən təsdiqedici sənədlər və ya cari (dəqiqləşdirilmiş) bəyannamə təqdim edilmədiyi üçün, Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2020-ci il üçün 11550,0 manat gəlir vergisi hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********792400 nömrəli Qərar qəbul olunmuşdur. Vergi ödəyicisinin üç sayda müxtəlif markalarda avtomobillərin şəxsi istifadəsində olmamasını iddia etməsinə, etibarnamə əsasında şəxsi tanışları olan şəxslərin avtomobil nəqliyyatı vasitələrinin satılmasına köməklik göstərməsini bildirməsinə, yalnız 1 avtomobilin şəxsi mülkiyyətində olmasını və təqdim etməsini qeyd etməsinə, sahibkarlıq fəaliyyətindən gəlir əldə etmədiyini bildirməsinə baxmayaraq, təqdim edilmiş alqı-satqı müqavilələrində təmsilçilik hüquq barədə qeyd yazılmadan “Satıcı" olaraq fərdi sahibkarının adının qeyd edilməsi, fərdi sahibkarın əvvəlki illərdə də analoji fəaliyyətlə məşğul olması, adına qeydiyyatdan keçmiş və etibarnamə ilə istifadəsinə verilmiş avtomobil nəqliyyatı vasitələrinin sayının çox olmasının şəxsi istifadə təyinatına uyğun olmadığını şərtləndirməsi, qeyd olunanların fərdi sahibkar tərəfindən gəlirlərini gizlətmək və ya vergi üstünlüyü əldə etmək məqsədi ilə aparılan əməliyyatlar olması, “Lizinq" şirkətləri tərəfindən tərtib olunmuş elektron alış aktlarının ləğv edilməməsi, qaydalara uyğun internet Vergi İdarəsindən müvafiq düzəlişi etməklə elektron alış aktında hər hansı düzəlişin aparılmaması halları da vergi orqanı tərəfindən qəbul olunmuş Qərarın tamamilə qanunvericiliyə uyğun formada tərtib olunduğunu sübut edir. İddiaçı tərəfindən yuxarıda qeyd edilən dövr üzrə Qərarın ləğv edilməsi ilə bağlı iddianın qaldırılması üçün qanunvericilikdə müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. İddiaçı xx.xx.2021-ci il tarixində qeydiyyatda olduğu vergi orqanına ərizə ilə müraciət edərək “Vergi orqanı ilə vergi ödəyicisi arasında qarşılıqlı məlumat mübadiləsinə dair müqavilə” bağlamışdır. Qeyd edilən müqavilə Azərbaycan Respublikası Vergi Məcəlləsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 120 saylı Qərarı ilə təsdiq edilmiş “Vergi hesabatının elektron sənəd formasında göndərilməsi Qaydasına uyğun olaraq tərtib edilmişdir. Sözügedən müqavilənin tələblərinə əsasən xx.xx.2021-ci il tarixli **********792400 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərar iddiaçının elektron qutusuna göndərilmiş və onun tərəfindən xx.xx.2021-ci il tarixində saat 17:24:19-də elektron qutuda oxunmuşdur. Vergi ödəyicisinə təqdim olunmuş qərar Asan imza ilə imzalanmışdır.” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9568/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********792400 saylı qərarı ləğv edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın qanunsuz və əsassız olduğunu bildirərək ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: «…Vergi ödəyicisinin araşdırmaya təqdim etdiyi sənədlərə əsasən X3 tərəfindən verilmiş etibarnamə əsasında **-ST-*** dövlət qeydiyyat nişanlı, Mercedes Benz E220D AMG markalı avtonəqliyyat vasitəsinin fərdi sahibkarın istifadəsinə verildiyi, xx.xx.2020-ci il tarixli avtomaşının alqı-satqı müqaviləsinə əsasən nəqliyyat vasitəsinin "X9" MMC-yə təqdim edildiyi, X1 məxsus 10-ON- 600 dövlət qeydiyyat nişanlı, Mercedes Benz E220D AMG markalı avtonəqliyyat vasitəsini xx.xx.2020-ci il tarixli avtomaşının alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC-yə təqdim edildiyi və şəxsi mülkiyyətində olan **-ZR-*** dövlət qeydiyyat nişanlı, Porsche Cayenne markalı avtonəqliyyat vasitəsini xx.xx.2020-ci il tarixli avtomaşının alqı- satqı müqaviləsinə əsasən "X9" MMC-yə təqdim edildiyi müəyyən edilmişdir. Eyni zamanda uçot baza məlumatlarına əsasən yuxarıda qeyd olunan avtonəqliyyat vasitələrindən əlavə fərdi sahibkarın mülkiyyətində 88 sayda avtonəqliyyat vasitələrinin (86 minik, bir motosiklet və bir qoşqu) olduğu müəyyən edilmişdir. Vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına ərizə verməklə vergi ödəyicisi kimi vergi orqanında uçota alınmalı və əldə etdiyi gəlirlər üzrə tətbiq edilən vergitutma sistemindən (sadələşdirilmiş vergi və ya gəlir vergisi) asılı olaraq müvafiq vergiləri hesablayıb dövlət büdcəsinə ödəməlidir. Araşdırma zamanı fərdi sahibkar tərəfindən elektron alış aktları ilə təqdim olunmuş avtomobil nəqliyyatı vasitələrinin alqı-satqı müqavilələrində təmsilçilik hüququ barədə qeyd yazılmadan “Satıcı” olaraq İddiaçı adının qeyd olunduğu, avtomobillərin alqı-satqı müqaviləsinə əsasən ondan alındığı qeyd olunmuşdur. Vergi orqanının hesablaması tamamilə qanunvericiliyə uyğun olsa da məhkəmə tamamilə ədalətsiz qərar qəbul etmişdir Bundan əlavə məhkəmə tərəfindən iddianın mümkünlüyü məsələsinə düzgün qiymət verilməmişdir. Belə ki, iddiaçı tərəfindən iddianın qaldırılması üçün qanunvericilikdə müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. İddiaçı xx.xx.2021-ci il tarixində qeydiyyatda olduğu vergi orqanına ərizə ilə müraciət edərək “Vergi orqanı ilə vergi ödəyicisi arasında qarşılıqlı məlumat mübadiləsinə dair müqavilə” bağlamışdır. Qeyd edilən müqavilə Azərbaycan Respublikası Vergi Məcəlləsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 120 saylı Qərarı ilə təsdiq edilmiş “Vergi hesabatının elektron sənəd formasında göndərilməsi Qaydasfna uyğun olaraq tərtib edilmişdir. Sözügedən müqavilənin tələblərinə əsasən mübahisələndirilən "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərar iddiaçının elektron qutusuna göndərilmiş və onun tərəfindən xx.xx.2021-ci il tarixində saat 17:24:19-də elektron qutuda oxunmuşdur…» Tərəflərə məhkəmə kollegiyasının iclası barədə məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişlər, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerinə getmədən vergi orqanında olan , vergi ödəyicisi tərəfindən təqdim edilən vergi hesabatları, habelə vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. İşin hallarından göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının fəaliyyəti üzrə vergi qanunvericiliyinin qeyd olunan tələbləri qaydasında kameral vergi yoxlaması aparılmış və nəticələrinə dair qəbul etdiyi “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə”xx.xx.2021-ci il tarixli **********792400 saylı qərarı ilə ona 11550 manat gəlir vergisi hesablanmışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13.2.37-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi ,əsas məqsədi əmlak istifadəsindən , malların təqdim edilməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. İşin mübahisələndirilən hallarından göründüyü kimi, iddiaçı ********** eyniləşdirmə nömrəsi ilə vergi ödəyicisi kimi “ixtisaslaşdırılmamış mağazalarda sair məhsulların pərakəndə satışı" fəaliyyət kodu ilə vergi uçotuna alınmış, mübahisələndirilən nəqliyyat vasitələrinin satışı isə onun tərəfindən iki ədədi ona verilmiş etibarnamə əsasında etibar edənin xeyrinə satılmış, bir ədədi isə onun özünə məxsus avtomobil olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən qeyd etmişdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə qoyulan tərəf kimi cavabdeh vergi orqanının iddiaçını vergi məsuliyyətinə cəlb edərək, sonuncuya münasibətdə vergi məbləğlərinin hesablanmasına əsas olmuş hallar, yəni cavabdehin bu müdaxiləsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşır. Belə ki, İPM-in 14.1-ci maddəsinə görə, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İşin mübahisələndirilməyən hallarından aydın olunur ki, iddiaçının vergi ödəyicisi kimi xx.xx.2015-ci il tarixindədə vergi uçotuna alındığı və əsas fəaliyyət növünün “ixtisaslaşdırılmamış mağazalarda sair məhsulların pərakəndə satışı təşkil etdiyi işin mübahisələnldirilməyən halıdır. İş materiallarına əlavə olunmuş, mübahisəli nəqliyyat vasitələrinə dair şəhadətnamələrdən və onların satışına dair xx.xx.2020, 10.06020, və xx.xx.2020-ci i-ci il tarixli alqı-satqı müqavilələrinə əsasən müəyyən edilir ki, iddiaçı tərəfindən 2020-ci ildə X2 məxsus **-SR-*** dövlət qeydiyyat nişanlı “MERCEDES BENZ E200D AMG” markalı, X1 məxsus **-ON-*** dövlət qeydiyyat nişanlı, “MERCEDES BENZ S500” markalı - iki nəqliyyat vasitəsi ona verilmiş etibarnamə əsasında etibar edən həmin şəxslərin xeyrinə özgəninkiləşdirilmiş, eyni zamanda, onun öz mülkiyyətində olan **-ZR-*** dövlət qeydiyyat nişanlı “PORSCHE CAYENNE” minik markalı nəqliyyat vasitəsini üçüncü şəxsə satılmışdır. Azərbaycan Respublikasnının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 152.8-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Həmin Məcəllənin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Göründüyü kimi, iddiaçı, mülki qanunvericiliklə müəyyən olunan hüquqlarından istifadə edərək, vergi ödəyicisi kimi vergi uçotuna alındığı fəaliyyət növünə aidiyyəti olmayan, ailə təsərrüfatına aid olan, özünə məxsus bir ədəd minik avtomobilini öz şəxsi məqsədləri çərçivəsində satmış, digər iki halda isə ona verilən etibarnamə əsasında üçüncü şəxlərə məxsus iki ədəd nəqliyyat vasitəsini onların xeyrinə özgəninkiləşdirmişdir. Lakin cavabdehin mübahisələndirilən qərarından göründüyü kimi, iddiaçının qeyd olunan hərəkətləri sahibkarlıq fəaliyyəti kimi qiymətləndirilərək əlaqəli məlumatlara istinadən, mübahisələndirilən qərarla ona 2020-ci ilin vergi dövrü üçün 11550 manat gəlir vergisi hesablanmışdır. İşə əlavə olunmuş həmin qərarda əlaqəli məlumatların nədən ibarət olmasına aydınlıq gətirildiyi görünmür. İddia ərizəsinə etirazına və apellyasiya şikayətinin dəlillərinə əsasən isə müəyyən olunur ki, kameral vergi yoxlaması aparılarkən vergi ödəyicisi tərəfindən ona ünvanlanmış uyğunsuzluq məktubu üzrə 2020-ci il üçün gəlir vergisi bəyannaməsi təqdim edilmədiyi əsas gətirilərək, qeyd olunan alqı-satqı müqavilələri üzrə əldə olunan vəsait onun vergi ödəyicisi kimi fəaliyyətindən əldə etdiyi gəlir kimi qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 55 saylı Qərarı ilə təsdiq olunmuş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması” Qaydaları uyğun şərti rentabellik norması tətbiq etməklə ona 3 nəqliyyat vasitəsinə görə 2020-ci il üçün 346500,00 manat gəlir hesablanaraq, həmin gəlirindən ona 11550,00 manat gəlir vergisi hesablanmışdır. Halbuki, reallıqda, iddiaçının həmin əqdləri vergi ödəyicisi kimi təsərrüfat fəaliyyəti çərçivəsində gəlir əldə etdiyi vergi orqanı tərəfindən sübuta yetirilmir. Ən azından iki halda, o, təmsilçilik borcunu yerinə yetirərək hər iki avtomobilin satışından əldə etdiyi vəsaiti etibar edənə verməyə borclu olduğuna görə, özünə məxsus avtomobilin satışında əldə etdiyi vəsaiti öz şəxsi məqsədlərinə və ailə təsərrüfatına aid olan əmlak oldubundan, burada həmin satışlardan əldə edilən vəsait, onun vergi ödəyicisi kimi fəaliyyətindən əldə edilən gəlir kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 73.2-ci maddəsinə əsasən “heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz”. Vergi Məcəlləsinin 3.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə keçirilir. Həmin Məcəllənin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən,yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Həmin Məcəllənin 53.3-cü maddəsinin 23-cü hissələrinə əsasən: -vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. -vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların vəvergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. “İnzibati icraat haqqında» Qanunun 61.1-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.2-ci maddəsinə əsasən əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Beləliklə də qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdehin qərarı maddi və inzibati icraat haqqında hüquq normalarının pozulması ilə qəbul olunmuşdur. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Birinci instansiaya məhkəməsinin qərarından da məhz görünür ki, məhkəmə tərəfindən yuxarıda qeyd olunanlar nəzərə alınmış və əsaslı olaraq iddiaçının tələbi təmin edilərək cavabdehin mübahisələndirilən qərarı ləğv edilmişdir. Ona görə də məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin həmin qərarın ədalətsiz olduğunu mübahisələndirən dəlillərini əsassız sayır. Məhkəmə kollegiyası, həmçinin, iddiaçının elektron qaydada mübahisələndirilən qərarı oxuduğu tarixdən etibarən İPM-in 38.1-ci maddəsində nəzərdə tutulan 30 günlük iddia müddətinin buraxıldığını mübahisələndirən dəlilləri ilə də razılaşmır. Çünki, İPM-in 38.1-ci maddəsinin tələbinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İş materiallarından görünür ki, iddiaçı ilk öncə cavabdehin qərarından şikayət instansiyasına şikayət vermiş, lakin onun həmin şikayəti Dövlət Vergi Xidmətinin 03 fevral 2022-ci il tarixli qərarı ilə təmin olunmamışdır. Şikayət instansiyasının həmin qərarının isə iddiaçıya nə vaxt təqdim edildiyini təsdiq edən sənəd-sübut məhkəməyə təqdim edilməmiş və iddiaçı xx.xx.2022-ci il tarixində cavabdehin xx.xx.2021-ci il tarixli ilkin qərarının ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Odur ki, qeyd olunanlar baxımından iddiaçı tərəfindən İPM-in 38.1-ci maddəsində nəzərdə tutlan 30 günlük iddia müddətinin ötürülmüş hesab oluna bilməz. Beləliklə də qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının maddi və prosesssual hüquq normalarının pozulması ilə qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun şikayəti təmin olunmadan, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9568/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9568/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Hazırkı qərardan təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar