Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1404/2025 20.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X2 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik təyinatından imtina edilməsi barədə qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10508/2024 nömrəli, 21 oktyabr 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı xx.xx.2024-cü il tarixli əlillik təyinatından imtina edilməsi barədə qərarın ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiаçı İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2024-cü il tarixli əlillik təyinatından imtina edilməsi barədə qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1966-cı ildə Azərbaycan Respublikasının Cəbrayıl rayonunda doğulmuşdur, 1991-1994-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Hərbi xidmətdə olduğu müddətdə aldığı xəsarətlərlə bağlı xx.xx.2010-cu ildə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ona “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qərarı qəbul edilmişdir. xx.xx.2014-cü ildə səhiyyə müəssisəsinin göndərişi əsasında ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci qrup müddətsiz əlillik təyin edilmişdir. 2021-ci ilin fevral ayının 27-də Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair elektron sistemə baxış keçirən zaman ona məlum olmuşdur ki, onun müddətsiz əlilliyi elektron sistemdə əsassız olaraq ləğv edilmişdir. İddiaçı Bakı İnzibati Məhkəməsində iddia qaldırmış və onun iddiası Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7067/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə təmin edilmişdir və həmin qərar Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-872/2023 nömrəli, xx.xx.2923-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxılanılmış və verilmiş kassasiya şikayəti də Ali Məhkəmənin 2-1(102)-1527/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə təmin edilməmişdir. Həmin məhkəmə qərarları icra edilərək xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci dərəcə müddətsiz əlilliyi bərpa edilərək pensiya və təqaüdü ona ödənilməyə başlanmışdır. xx.xx.2024-cü ildə hərbi qulluqçulara pensiya ödənilərkən ona ödəniş edilməmişdir, bu zaman elektron alt sistemə baxış keçirən zaman ona məlum olmuşdur ki, cavabdeh ikinci dəfə xx.xx.2024-cü ildə yenidən onun əlillik təyinatından imtina etmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10508/2024 nömrəli, 21 oktyabr 2024-cü il tarixli qərarı ilə (hakim M.Hacıbəyova) iddia tələbinin təmin edilməsi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin iddiаçı İddiaçı barədə xx.xx.2024-cü il tarixindən əlillik təyinatından imtina edilməsi barədə qərarının ləğv edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh inzibati orqan qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İşə apellyasiya instansiyası məhkəməsində baxılması zamanı iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edilərək, xx.xx.2024-cü il tarixli əlillik təyinatından imtina edilməsi barədə qərarın ləğv edilməsi və xx.xx.2024-cü il tarixdən müddətsiz 2-ci dərəcə Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qəbul edilməsini xahiş etmişdir. İddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya müddətsiz təyin edilmiş ikinci dərəcə əlillik təyinatının düzgünlüyünü şübhə altına alan əsasların nədən ibarət olmasını, yəni iddiaçının əlillik vəziyyətinin təkrar qiymətləndirilməsinə və yenidən müayinəyə cəlb edilməsinə zərurət yaradan halların mövcud olmasını təsdiq edən əsasları, sübutları vardır. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən aparılan müayinələrin vahid informasiya sisteminə daxil edilməsi zamanı bir sıra hallarda mexaniki səhvlərə yol verilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti ilkin pillə TSEK-lərin müraciəti əsasında sistemə səhv daxil edilmiş 120 nəfərin 168 müayinə aktlarını araşdırmış və aşağıda sadalanan hallarda mexaniki səhvlərin düzəldilməsi üçün həmin müayinələrin etibarsız edilib düzəliş edilməsini məqsədəuyğun hesab etmişdir. Birinci instansiya məhkəməsi inzibati işi lazımi qaydada araşdırmayaraq səhv nəticəyə gəlmişdir. Məhkəmənin yuxarıda qeyd edilən halları ilə razılaşmır və eyni zamanda hakim məhkəmənin gedişində diaqnozdakı ağırlaşmaların əlillik təyinatına əsas verib-vermədiyini aşkara çıxarmaq məqsədilə əyani müavinə edilməsi üçün aralıq qərardad qəbul etməmiş və ekspertiza təyin etməmişdir. Bu isə işin nəticələrinin ətraflı araşdırılmamasına, nəticədə əsassız və qanunsuz qərar qəbul edilməsinə gətirib çıxarmışdır. Məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Həmçinin, inzibati orqan tərəfindən müvafiq və yekun qərarın qəbul edilməsinə şərait yaratmaq məqsədilə aralıq qərardad qəbul etməmişdir. 2021-ci ilədək vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi instrumental müayinələrlə həyata keçirilmişdir. 2021-ci ildən sonrakı dövrdə əlillik təyinatı üçün həm instrumental, həm də əyani müayinələrlə həyata keçirilir. İddiaçı üçün təyin edilən diaqnoz o halda öz təsdiqini tapmış olardı ki, iddiaçının təqdim etdiyi tibbi sənədlər, bildirdiyi şikayətlər və əyani müayinənin nəticələri bir-birilə uyğunluq təşkil etsin. Göndərişdə qeyd olunan diaqnoz əlillik təyinatına əsas vermədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Əlillik müəyyən edilməsi üçün diaqnozda qeyd edilən xəstəliyin ağırlaşmaları xüsusilə mövcud olmalıdır və hazırkı işdə iddiaçıda sözügedən ağırlaşmalar mövcud deyildir. Əlilliklə əlaqədar sualların həlli məhkəmə tibb ekspertlərinin deyil, Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirlilməsi Qaydasının” 1-ci bəndinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin tibbi-sosial ekspertlərinin səlahiyyətlərinə aiddir. Məhkəmə icraatında tərəflərin iştirakı: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, səbəbləri barədə heç bir məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan: - İddiaçının hərbi biletinin surətinə əsasən iddiaçı 1993-1994-cü illərdə hərbi xidmətdə olmuşdur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 9 saylı TSEK-in 519512 saylı arayışının surətinə əsasən iddiaçıya müddətsiz 2-ci qrup əlillik təyin edilmiş, əlilliyin səbəbi kimi hərbi travma göstərilmişdir. -Sosial arayışa əsasən xx.xx.2014, xx.xx.2014-cü il tarixlərdə iddiaçıya əlillik təyin edilmiş, əlilliyin səbəbi kimi Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar olması göstərilmişdir. -Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 564 nömrəli, xx.xx.2010-cu il tarixli qərarına əsasən iddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1993-cü ildə aldığı, xx.xx.1993-cü ildən xx.xx.1993-cü ilə kimi N saylı hərbi hissədə müayinə və müalicə olunduğu travma diaqnoz: “Döş qəfəsinin sol yarısının yumşaq toxumasının əzilməsi, başın təpə nahiyəsinin sol yarısının yarası” (Binəqədi RHKnın xx.xx.2010-cu il tarixli, 554 nömrəli göndərişi, xx.xx.2010-cu il tarixli, 141 nömrəli arayışı, N saylı hərbi hissədən verilmiş xx.xx.1993-cü il tarixli çıxarış epikrizi, MN MHHKnın həkim-mütəxəssisi cərrahın rəyi ilə təsdiq edilir) “hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qərarı qəbul edilmişdir. -Cavabdehin 3-17-4/3-3-4166/2024 №li, 05 iyun 2024-cü il tarixli qərarına əsasən İddiaçı ünvanına xx.xx.2024-cü il tarixə əyani müayinəyə dəvət olunması haqqında sifarişli-xəbərnaməli məktub göndərilmiş, vətəndaş əyani müayinəyə dəvət olunmasına baxmayaraq, əyani müayinədə iştirak etmədiyi üçün mövcud sənədlər və ekspertiza üçün əhəmiyyətli digər məlumatlar araşdırılaraq əlillik təyinatı ləğv edilmiş və müvafiq qərarla rəsmiləşdirilmişdir, bundan sonra əlillik təyinatı barədə qərarı ləğv edilmiş vətəndaş İddiaçı məhkəməyə müraciəti əsasında məhkəmə qərarı əsasında təyin edilmiş əlilliyinin qanunvericiliyə zidd şəkildə ləğv edildiyi müəyyən olunduğundan Agentliyin tibbi-sosial ekspert komissiyası həmin vətəndaşın tibbi-ekspert sənədləri və ekspertiza üçün əhəmiyyətli digər məlumatlarını yenidən araşdırmış və aşağıdakıları müəyyən etmişdir: 1. Bakı şəhər sakini xx.xx.1966-cı ii təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) Ali Məhkəmənin İnzibati Kollegiyasının 3-17-4/1-41804/2023 nömrəli qərarı əsasında xx.xx.2014-cü il tarixindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. (ESDAS 3-17-4/3-1-93913/2023) Sonradan əlillik təyinatlarının əsaslılığının müxtəlif risk qrupları üzrə araşdırılması əsasında vətəndaş 3- 17-4/2-H-32644/2023 nömrəli məktuba əsasən DTSERA-ya əyanı müayinəyə dəvət olunsa da, müayinədə iştirak etməmiş və ona “Diaqnoz oz təsdiqini tapmır” barədə qərar verilmişdir (ESDAS: 3-17-4/3-3-477/2024). Əlillik təyinatlının əsaslılığının müxtəlif risk qupları üzrə araşdırma aparılması məqsədi ilə əlavə müayinələrin aparılması üçün vətəndaş xx.xx.2024-cü ildə əyani müayinəyə dəvət olunmuş, məktubda əyani müayinəyə gəlməyəcəyi təqdirdə iştirakı olmadan haqqında müvafiq akt qəbul ediləcəyi barədə məlumat qeyd edilmiş, lakin vətəndaş əyani müayinəyə gəlməmişdir. Bundan irəli gələrək mövcud sənədlər və ekspertiza üçün əhəmiyyətli digər məlumatlar üzrə aparılmış araşdırma və qiymətləndirmə nəticəsində əlilliyin təyininə əsas verən diaqnoz (və ya diaqnozun) əsaslılığı təsdiqini tapmadığından Tibbi Sosial Ekspert Komissiyası tərəfindən 0-8.01.2024-cü il tarixindən “Diaqnozun təsdiqini tapmaması” barədə qərar qəbul edilmişdir. Nəticədə xx.xx.2024-cü il tarixli, “xx.xx.2014-cü il tarixindən diaqnozun təsdiqini tapmaması” barədə qərar əlillik altsistemində etibarsız edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7067/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarına əsasən İddiaçı iddiası təmin edilmiş, iddiaçının xx.xx.2014-cü ildən 2-ci qrup Azərbaycan Respuiblikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz əlilliyinin elektron sistemdə bərpa edilməsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7067/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)- 872/2023 nömrəli qərarı ilə qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1527/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarına əsasən, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(103)-872/2023 nömrəli qərarından verilmiş kassasiya şikayəti təmin edilməmişdir. İddiaçı barədə ətraflı qiymətləndirmə məlumatlarına əsasən xx.xx.2012-ci ildə iddiaçıya qoyulmuş diaqnozun mətni: “Mərmi partlayışından sonra keçirilmiş qapalı kəlləbeyin travmasının davamlı qalıq əlamətləri. Posttravmatik ensefalopatiya kəskin astenonevrotik sindrom. Sol tərəfli hemiparezi ÜİX: Gərginlik stenokardiyası İİ fs.Hipertoniya İİ B mərhələsi”, xx.xx.2014-cü il tarixdə “Kəllə-beyin zədələnməsindən sonrakı ensefalopatiya. Qabarıq asteno-nevrotik sindrom”, xx.xx.2014-cü ildə “Qapalı kəllə-beyin travmasının qalıq əlamətləri. Posttravmatik ensefalopatiya. Kəskin asteno-nevrotik sindrom”, xx.xx.2021-ci ildə “Kəllə sinirlərinin travmalarının nəticələri. Baş beynin travma xəstəliyinin qalıq əlamətləri”, xx.xx.2021-ci ildə “Keçirilmiş QKBT davamlı kəllə-beyin travmasının qalıq əlamətləri. Nevrasteniya” diaqnozları göstərilmişdir. Məhkəmə kollegiyası aşağıdakılara görə cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Birinci instansiya məhkəməsi araşdırma zamanı belə nəticəyə gəlmişdir ki, işin mübahisəedilməz halı ondan ibarətdir ki, iddiaçının Azərbaycan Respuiblikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar aldığı travma nəticəsində xx.xx.2014-cü ildən 2-ci qrup müddətsiz əlil olması qanuni qüvvəyə minmiş məhkəmə qətnamə və qərarları ilə təsdiq edilir. Cavabdeh isə iddiaçıya qoyulmuş diaqnozun düzgünlüyünü şübhə altına alaraq əyani müayinəni zəruri hesab etmişdir, lakin bu zərurətin nədən irəli gəlməsi inzibati iş materialları ilə müəyyən edilmir. Cavabdehin təqdim etdiyi sənədlərdə iddiaçının 2014cü ildə qoyulmuş diaqnozdakı xəstəlikdən tam sağalmasını təsdiq edən heç bir sübut yoxdur. Cavabdeh inzibati orqan tərəfindən verilən apelyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən aparılan müayinələrin vahid informasiya sisteminə daxil edilməsi zamanı bir sıra hallarda mexaniki səhvlərə yol verilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti ilkin pillə TSEK-lərin müraciəti əsasında sistemə səhv daxil edilmiş 120 nəfərin 168 müayinə aktlarını araşdırmış və mexaniki səhvlərin düzəldilməsi üçün həmin müayinələrin etibarsız edilib düzəliş edilməsini məqsədəuyğun hesab edilmişdir. İddiaçı üçün təyin edilən diaqnoz o halda öz təsdiqini tapmış olardı ki, iddiaçının təqdim etdiyi tibbi sənədlər, bildirdiyi şikayətlər və əyani müayinənin nəticələri bir-birilə uyğunluq təşkil etsin. Göndərişdə qeyd olunan diaqnoz əlillik təyinatına əsas vermədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, apelyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsas deyildir. Belə ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 9 saylı TSEK-in 519512 saylı arayışının surətinə əsasən iddiaçıya müddətsiz 2-ci qrup əlillik təyin edilmişdir. İddiaçıya təyin edilmiş əlillik 2021-ci ildə ləğv edildikdən sonra onun müraciəti əsasında Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7067/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarına əsasən İddiaçı iddiası təmin edilmiş, iddiaçının xx.xx.2014cü ildən 2-ci qrup Azərbaycan Respuiblikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz əlilliyinin elektron sistemdə bərpa edilməsi cavabdeh inzibati orqana həvalə edilmişdir. Bakı İnzibati Məhkəməsinin qərarı Bakı Apellyasiya Məhkəməsinin, Ali Məhkəmənin qərarları ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Cavabdehin 3-17-4/3-3- 4166/2024 № li, 05 iyun 2024-cü il tarixli qərarına əsasən İddiaçı ünvanına xx.xx.2024-cü il tarixə əyani müayinəyə dəvət olunması haqqında sifarişli-xəbərnaməli məktub göndərilmiş, vətəndaş əyani müayinəyə dəvət olunmasına baxmayaraq, əyani müayinədə iştirak etmədiyi üçün mövcud sənədlər və ekspertiza üçün əhəmiyyətli digər məlumatlar araşdırılaraq əlillik təyinatı ləğv edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: - 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. - 2.2-ci bəndinə əsasən, göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. - 2.3-cü bəndinə görə, göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. - 2.8-ci maddəsnə əsasən əlilliyin qiymətləndirilməsi barədə qərarın obyektivliyinin təmin edilməsi məqsədilə göndərişlər seçmə qaydada 5 (beş) TSEK-dən çox olmamaq şərtilə bir neçə TSEK-ə göndərilir. Əlilliyin qiymətləndirilməsi zamanı TSEK-dən birinin qərarı digər TSEK-lərin qərarından fərqləndikdə, bu barədə məlumatlar altsistem vasitəsilə Agentliyə ötürülür və yekun qərar bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdən gec olmayaraq Agentlik tərəfindən qəbul edilir. - 3.7-ci bəndinə uyğun olaraq, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. “İnzibati icraat haqqında” Qanuna əsasən: - 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. - 67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. - 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. - 67.6-ci maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyasının 3-17-4/3-3-4166/2024 №li, 05 iyun 2024-cü il tarixli qərarında, həmçinin iddiaçı ilə inzibati icraat materiallarında iddiaçıya əlilliyin təyin edilməsi barədə qəbul edilmiş inzibati aktın ləğv edilməsi üçün əsaslar, inzibati aktın mübahisələndirilməsinə əsas olmuş hallar barədə məlumat qeyd edilməmişdir. İnzibati icraat haqqında qanunvericiliyin tələbinə əsasən inzibati orqan, o cümlədən cavabdeh öz qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassızdır və qanuni qərarın ləğvinə əsas vermir, bu səbəbdən təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10508/2024 nömrəli, 21 oktyabr 2024-cü il tarixli qərarı apellyasiya icraatında verilmiş dəqiqləşdirilmə ərizəsi nəzərə alınaraq dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 33, 82, 85 və 90-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10508/2024 nömrəli, 21 oktyabr 2024-cü il tarixli qərarı apellyasiya icraatında verilmiş dəqiqləşdirilmə ərizəsinə uyğun olaraq xx.xx.2024-cü il tarixdən müddətsiz 2-ci dərəcə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması göstərilməklə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(103)-1404/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1404/2025
20.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver