Məhkəmə qərarları › İş №2-1(103)-1405/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1405/2021

17.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1405/2021 17.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tağızadə Mirzə Nəsib oğlunun sədrliyi (məruzəçi) ilə, Hüseyn Aida Əli qızı və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, X3 qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh AR ƏƏSMN yanında DSMF-in Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı 2-ci dərəcəli əlilliyin təyin edilməsi tələbinə dair inzibati iş iş üzrə Bakı İnzibati Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2-1(112)-1251/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1251/2021 saylı 10 sevral 2021-ci il tarixli qərarı ilə iddia qismən təmin edilərək, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə xx.xx.1964-cü ildə Füzuli rayonu, Horadiz kəndndə doğulmuş İddiaçı həqiqi hərbi xidməti vəzifəsini yerinə yetirən zaman aldığı hərbi travmaya görə 2-ci dərəcəli əlilliyinin bərpa olunmasına dair müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi həvalə edilmişdir. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş edərək, apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.8. bəndində açıq aşkar olaraq “etiologiyasından asılı olmayaraq, aşağı ətrafların parezi, çanaq orqanlarının funksiyalarının pozulması” hallarının ikinci dərəcə əlilliyin təyininə əsas verdiyi qeyd edilir ki, burada qeyd edilənlərin heç biri iddiaçıda aşkar edilmir. Belə ki, nə ET Travmotologiya İnstitunun rəyində, nə Məhkəmə Tibbi Ekspertizanın nəticəsində iddiaçıda hər iki aşağı ətrafın parezi və çanaq orqanlarının funksiya pozulması qeyd edilməyib və obyektiv müayinə zamanı aşkar edilməyib. Şəxsdə aşkar edilmiş diaqnozlar Əsasnamə”nin 2.5.7. bəndinə (bud-çanaq oynağının funksional yararsız vəziyyətdə ankilozu və ya kəskin kontrakturası) müvafiq olaraq üçüncü dərəcə əlilliyin təyininə əsas verir. Məhkəmə qərarının əsaslandırılması hissəsində müvafiq Əsasnamənin ikinci dərəcə əlilliyin təyininə əsas verən hallarını sadalayır, lakin həmin halların heç biri iddiaçıda aşkar edilmədiyindən ona şamil edilə bilməz. Eləcə də Əsasnamənin 2.2-ci bəndində göstərilmişdir ki, ikinci dərəcə əlillik xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Lakin iddiaçı 2016-cı ildən aparıcı məsləhətçi vəzifəsində çalışmış və bu müddət ərzində xəstəlik vərəqəsi də olmamış, öz işini tam həcmdə yerinə yetirmişdir. Bundan başqa iddiaçı 12.03.2020-ci il tarixli inzibati aktı mübahisələndirir və əlillik dərəcəsinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Qeyd olunan tələblər mübahisələndirmə və məcburetmə iddialarıdır. İPM-nin 38-ci maddəsinin tələbinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində, həmçinin məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddiaçıya aid qiymətləndirmə 2020-ci ilin mart ayında aparıldığından iddianın mümkünlük şərtinə əməl edilməmişdir. Apelyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın mümkün sayılmamasını xahiş etdi. Apelyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətini müdafiə edərək qərarın ləğv edilməsi, iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib və iş materiallarını araşdırıb aşağıdakı nəticəyə gəlir. Belə ki, işin araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh inzibati orqan tərəfindən səhiyyə müəssisəsinin 0221003AAEWM saylı göndərişi əsasında 13.03.2007-ci il tarixdə İddiaçı müddətsiz ikinci dərəcə əlillik dərəcəsi təyin edilmiş və 12.03.2020-ci il tarixdə üçüncü dərəcəli əlillik təyin edilmişdir. İddiaçı 2-ci dərəcəli əlilliyinin bərpa olunmasına dair cavabdeh orqana müraciət etmiş, 18.05.2020-ci il tarixli **********23 saylı məktubla imtina cavabı almış və həmin imtina əsasında birinci intsnasiya məhkəməsinə iddia ərizəsilə müraciət edərək ikinci dərəcə əlilliyinin bərpa olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi yekun qərarında iddiaçının müraciətilə əlaqədar inzibati icraat üzrə zəruri araşdırma aparılaraq müvafiq inzibati inzibati aktın qəbul edilməsi öhdəliyini cavabdeh orqana həvalə etmiş, mövqeyini onunla əsaslandırmışdır ki, “ ... Məhkəmə araşdırması zamanı iş materiallarından o cümlədən ekspert rəyi ilə müəyyən olunmuşdur ki, iddiaçıda digər xəstəliklərlə yanaşı “bud-çanaq oynağının koksartrozu, yaxınlaşdırıcı, açıcı, bükücü kəskin kontrakturası, (uzaqlaşma 25%, bükmə 145%, açma 10%), sağ oturaq sinirinin zədələnməsi, əzələlərin atrofiyası, hissiyyat zəifliyi, daimi ağrı sindromu və dayaq-hərəkət sisteminin əhəmiyyətli dərəcədə pozulması” diaqnozu da aşkar olunmuşdur ki, bu da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.12.2015-ci il tarixli № 413 qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin ikinci dərəcə əlillik hallarına uyğun gəlir (2.2.8-ci bəndində nəzərdə tutulmuş etiologiyasından asılı olmayaraq, aşağı ətrafların parezi, çanaq orqanlarının funksiyalarının pozulması). Məhkəmənin qənaətinə görə yuxarıda qeyd olunan hallar zəruri inzibati icraat aparılmaqla cavabdeh inzibati orqan tərəfindən araşdırılmalıdır. Məhkəmə hesab edir ki, cavabdehin imtina məktubunda imtinanın faktiki və hüquqi halları tam müəyyən olunmamışdır. Bu baxımdan da, iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün deyil.” Kollegiya birinci instansiya məhkəməsinin mövqeyilə razılaşmır və hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apelyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş məhkəmə icraatının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Məhkəmə kollegiyası ilk öncə onu qeyd edir ki, cavabdeh apelyasiya şikayətində müvafiq inzibati aktdan şikayət vermə müddətini ötürmüş olduğundan ümumiyyətlə iddiaçının tələbinin mümkün sayılmamalı olduğunu qeyd etmişdir. Kollegiya bildirir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü yoxlamalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İşə apelyasiya qaydasında baxılması zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iş materiallarında olan 12.03.2020-ci il tarixli əyani müayinə protokoluna istinad edərək, iddiaçının həmin tarixdə müayinə olunduğunu və ona üçüncü dərəcə əlillik təyin edilməsi barədə məlumatlandırıldığını bildirmişdir. İddiaçı isə ona üçüncü dərəcə əlillik təyin edilməsi barədə 2020-ci ilin may ayının əvvəllərində məlumatı olduğunu bildirmişdir. Göründüyü kimi, inzibati aktdan şikayət verilməsi müddətinin ötürülübötürülməməsilə bağlı araşdırılmalı məqamlar olmasına baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan hal araşdırılmamış, bu baxımdan iddianın mümkünlük məsələsi yoxlanılmamışdır. Bundan əlavə cavabdeh orqan öz imtina mövqeyini onunla əsaslandırır ki, iddiaçıda aşkar edilən diaqnozlar AR NK-nin 30.12.2015-ci il tarixli “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarları dair Əsasnamə”yə görə ona ikinci dərəcəli deyil, üçüncü dərəcəli əlilliyin təyin edilməsinə əsaslarına uyğun gəlir. Bu halın düzgünlüyünü araşdırmaq məqsədilə birinci instansiya məhkəməsi tərəfindən məhkəmə tibbi ekspertizası təyin edilərək, ekspert qarşısında AR NK-nin 30.12.2015-ci il tarixli №-413 qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2.1-2.1.15-ci bəndlərində nəzərdə tutulmuş hallardan, yni ikinci dərəcəli əlilliyin təyin edilməsi üçün əsas olan xəstəliklərdən hər-hansı birinin müəyyən olunub-olunmaması sualı qoyulmuşdur. AR SN Məhkəmə Tibbi Ekspertiza və X1 24.11.2020-ci il tarixli ekspert rəyinin nəticə hissəsində iddiaçıda müəyyən olunmuş təkrar diaqnozlar göstərilərək qeyd olunur ki, “.... iddiaçıya sağ bud sümüyünün yuxarı 1/3-nin qeyri-düzgün bitişmiş sınığı, varus və rekurvasiya deformasiyaları, sol oturaq və qasıq sümüklərinin bitişmiş sınığı, sol sirkə kasası ətrafı osteofitləri, bud-çanaq oynağının koksartrozu, yaxınlaşdırıcı, açıcı, bükücü kəskin kontrakturası, (uzaqlaşma 25%, bükmə 145%, açma 10%), sağ oturaq sinirinin zədələnməsi, əzələlərin atrofiyası, hissiyyat zəifliyi, daimi ağrı sindromu və dayaq-hərəkət sisteminin əhəmiyyətli dərəcədə pozulması” diaqnozu qoyulmuşdur, yəni əvvəllər müəyyən edilmiş diaqnoz bir daha təsdiq edilmişdir. Qeyd edilən xəstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.12.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2.1- 2.1.15-ci bəndlərində nəzərdə tutulmuş hallardan hər-hansı birinə uyğun olub-olmaması Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin ekspertlərinin səlahiyyətlərinə aiddir.” Birinci instansiya məhkəməsi isə öz qərarını əsaslandırarkən həmin ekspert rəyinə əsaslanaraq iddiaçıda sözügedən Əsasnamənin 2.2.8-ci bəndində nəzərdə tutulan diaqnoz (aşağı ətrafların parezi, çanaq orqanlarının funksiyalarının pozulması) olduğuna görə iddiaçıya ikinci dərəcəli əliliyin təyin edilməsinə əsas olduğunu qeyd etmişdir. Və bu ziddiyyətli halın cavabdeh orqan trəfindən araşdırılmalı olmasına əsaslanaraq inzibati icraatın düzgün aparılmadığı qənaətinə gəlmişdir. Lakin, nə müvafiq ekspert rəyindən, nə də iş materiallarından qeyd olunan diaqnoza uyğun xəstəliyin iddiaçıda aşkar olunduğu müəyyən edilmir. Göründüyü kimi, birinci instansiya məhkəməsi araşdırma aparmaq məqsədilə ekspertiza təyin etmiş olsa da, ekspert rəyinin nəticələrini və işin digər faktiki hallarını düzgün qiymətləndirməmiş, ziddiyətli mövqedən çıxış edərək hesab etmişdir ki, cavabdeh orqanın imtina cavabının faktiki və hüquqi halları tam müəyyən olmadığından iddiaçının tələbini təmin etmək mümkün olmamışdır. Və cavabdeh orqanın üzərinə iddiaçının müraciətilə bağlı inzibati icraat üzrə zəruri araşdırma aparılması və müvafiq aktın qəbul edilməsi öhdəliyi qoyulmuşdur. Halbuki, AR İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Yuxarıda sadalanan halları nəzərə alaraq, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iş materiallarında mövcud olan sübutları düzgün qiymətləndirməmiş, işin faktiki hallarını düzgün araşdırmadan ziddiyətli qərardad qəbul etmişdir. İPM-in 87.7-ci maddəsinin tələbinə görə 87.7-ci maddəsinə apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apelyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Beləliklə də, məhkəmə kollegiyası qanunvericiliyin qeyd olunan tələblərini nəzərə alaraq, cavabdehin apelyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının ləğv edilməli olması tələbilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apelyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1251/2021 saylı 10.02.2021-ci il tarixli qərarı ləğv edilməli, iş məhkəmə icraatının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Qeyd olunanlara əsasən və İPM-in 68, 69, 87, 90, 89, 90-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin apelyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1251/2021 saylı, 10.02.2021-ci il tarixli qərarı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilmir. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Xəyalə Cəmilova Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar