Məhkəmə qərarları › İş №2-1(103)-1405/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1405/2023

14.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1405/2023 14.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X12 Əfraim oğlunun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinə qarşı (üçüncü şəxslər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və X8) “sərəncamın və torpağın alqı-satqısına dair aktın etibarsız hesab edilməsi tələbi”nə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli, 2-1(112)-4460/2022 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinə qarşı (üçüncü şəxslər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və X8) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin 359 saylı, 20 aprel 2006-cı il tarixli 400 kv.m torpaq sahəsinin alqı-satqısına dair sərəncamın və tərtib edilmə tarixi göstərilməyən torpağın alqı-satqısına dair aktın etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin 02 iyul 2003-cü il tarixli, 532 saylı qərarına əsasən vətəndaş X5 Binəqədi rayonu, Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində Binəqədi qəsəbə ərazisindən ayrılmış 600 kv.metr torpaq sahəsinin yerində sərhədləri müəyyən edilmiş və ona təhvil verilmişdir. Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin 26 avqust 2011-ci il il tarixli, 673 saylı qərarına əsasən Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin 02 iyul 2003-cü il tarixli, 532 saylı qərarı ilə vətəndaş X2 istifadəsinə ayrılmış 600 kv.metr torpaq sahəsi iddiaçının istifadə və sahibliyinə keçmişdir. Sonralar, yəni 2019-cu il tarixdə X8 iddiaçıya 2003-cü ildən ayrılmış torpaq sahəsini zəbt etmiş və iddia edir ki, Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin 20 aprel 2006-cı il tarixli, 359 saylı Sərəncamına əsasən Binəqədi qəsəbə ərazisindən ona ayrılmış 400 kv.metr torpaq sahəsi iddiaçıya ayrılmış torpaq sahəsidir. Orada hətta avtomobil təkər təmiri sexi tikmiş və köhnə təkərləri iddiaçının torpaq sahəsinə yığaraq iddiaçıya torpaq sahəsindən istifadə etməyinə maneçilik törədir. Beləliklə, məlum olur ki, Bakı şəhəri, Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin 20 aprel 2006-ci il il tarixli, 359 saylı Sərəncamına əsasən X6 ayrılmış Binəqədi qəsəbə ərazisindən 400 kv.metr torpaq sahəsi iddiaçıya ayrılmış torpaq sahəsi ilə üst-üstə düşür. Halbuki, iddiaçıya verilən torpaq sahəsinin naturada sərhədləri göstərilmişdir. İlkin torpaqayırma sənədlərində qonşular, yollar göstərilməklə torpaq sahəsinin həcmi 600 kv.metr olduğu göstərilmişdir. İddiaçı həmin torpaq sahəsini alandan sonra daş hasara almış və müəyyən abadlıq işləri aparmışdır, fərdi evin fundamentini tökmüşdür. Təxminən 2019-cu ilə kimi iddiaçının istifadə və sahibliyində olan torpaq sahəsi ilə əlaqədar nə dövlət orqanları ilə, nə də fiziki şəxslərlə hər hansı problem olmamışdır. Lakin 2019-cu ildə Səyyar Hüseynov iddiaçının torpağını zəbt etdikdən sonra iddiaçının istifadəsində olan torpaq sahəsinin ölçüsü aparılmış və müəyyən olunmuşdur ki, həmin hasarın hüdudları daxilində 200 kv.metr artıq torpaq sahəsi vardır. İddiaçıya torpaq sahəsinin sərhədləri naturada göstərilərkən torpaq sahəsinin sərhədləri həm əsas, həm də köməkçi yoldan bağlandığı göstərilmişdir. Həmin torpaq sahəsi hasara alınarkən dəqiq ölçüsü müəyyən edilməmiş qalmışdır. Hazırda isə müəyyən olunur ki, hasara aldığı torpaq sahəsi 800 kv.metrdən artıqdır. İddiaçıya təqdim olunan ilkin torpaqayırma sənədlərində torpaq düzbucaqlı formadadır. Lakin naturada torpaq sahəsi ölçülərkən şimal tərəfdən çıxıntı olması səbəbindən ümumi sahədə 100 kv.metrə yaxın artıqlıq yaranmışdır. Artıqlığın başqa yaranma səbəbi odur ki, torpaq sahəsi hasara alınarkən yaşıllıq üçün nəzərdə tutulmuş qoruma zolağı da daş hasara alınmışdır ki, bu da hasar daxilində olan faktiki torpaq sahəsində artıqlıq yaratmışdır. İddiaçı tərəfindən torpaq sahəsi hasara alınarkən əsas yol tərəfdən təxminən 2 metrə yaxın içəri çıxmaqla torpaq sahəsi artırılmışdır. Bununla da iddiaçıya ayrılmış torpaq sahəsi ilə üçüncü şəxsə ayrılmış 400 kv.metr torpaq sahəsini topladıqda orada hasarlanmış torpaq sahəsinin cəmi 1.000 kv.metr təşkil etmir. Yaranmış mübahisənin əsas səbəbi Bələdiyənin iddiaçıya verdiyi torpaq sahəsinin hüdudlarında sonradan yaranmış artıqlıqdan məlumatları olmuş və bundan istifadə edərək üçüncü şəxsə torpaq satıldıqdan 13 il sonra saxta torpaq sahəsinin plansxemini vermişlər. Həmin plan-sxem Bələdiyyə torpaqlarının ayrılması və idarə edilməsi barədə olan Əsasnamənin 7.24-cü maddəsinin tələblərinə uyğun olaraq yerli icra hakimiyyəti orqanlarının memarlıq şöbəsi tərəfindən razılaşdırılmamışdır. İddiaçıya və digər qonşulara torpaq sahələri ayrılarkən onlara təqdim olunan plan-çizgilər rayon icra hakimiyyətinin memarlıq şöbəsi tərəfindən razılaşdırılmışdır. Bu plan-sxemdə iddiaçıya ayrılmış torpaq sahəsinin qonşuları göstərilmiş və şəhər memarlıq şöbəsi ilə razılaşdırılmışdır. Lakin cavabdehə ayrılmış torpaq sahəsi “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında“ Azərbaycan Respublikası Qanununun 6.5-6.6-cı maddələrinin tələblərinin pozulması ilə verilmiş və yerqurluşu şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyətinin rəyi alınmamışdır. Lakin üçüncü şəxsin təqdim etdiyi sənəddə belə bir razılaşma yoxdur. Bu da onu sübut etməyə əsas verir ki, üçüncü şəxsə təqdim olunmuş sənədlər saxtadır. Göstərilənlərlə təsdiq olunur ki, Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsi iddiaçıya verilmiş torpaq sahəsinin bir hissəsini iddiaçıya torpaq sahəsi verildikdən 13 il sonra üçüncü şəxsə saxta sənədlər əsasında verməklə iddiaçının qanuni istifadəsində olan torpaq sahəsinin üçüncü şəxs tərəfindən zəbt olunmasına şərait yaratmışdır. Halbuki, qanunvericiliyin tələblərinə görə iddiaçının hasarının daxilində torpaq sahəsində artıq torpaq sahəsinin olduğu müəyyən olunduğu halda bu sahə iddiaçıya təklif olunmalı idi. Lakin Binəqədi qəsəbə Bələdiyyəsi tərəfindən iddiaçıya belə bir təklif olunmamışdır. Daha sonra, iddiaçı 2003-cü ildən 2019-cu ilə kimi hasarının daxilində yerləşən torpaq sahəsinin tam hüquqlu istifadəçisi və sahibi olmuşdur. Bu müddət ərzində X8 bir dəfə olsun belə torpaq sahəsinə gəlib torpaq sahəsinin ona məxsus olmasını bildirməmişdir. X8 13 il sonra yolun genişləndirilməsi məqsədi ilə rayon icra hakimiyyəti tərəfindən iddiaçının hasarının sökülməsindən istifadə edərək geri tarixə saxta sənədlər əldə edərək, başqa sözlə ona torpaq sahəsinin ayrılması barədə etibarlılığı şübhə doğuran sənədləri bəhanə etməklə iddiaçının torpağını zəbt etmişdir. Bakı İnzibati Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli, 2-1(112)-4460/2022 saylı qərardadı ilə (hakim P.Hüseynov) iddia mümkün sayılmamışdır. İddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxaraq Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinin 359 saylı, 20 aprel 2006-cı il tarixli 400 kv.m torpaq sahəsinin alqı-satqısına dair Sərəncamının və tərtib edilmə tarixi göstərilməyən torpağın alqı-satqısına dair aktın etibarsız hesab edilməsi barədə öhdəliyini cavabdeh- Bakı şəhəri Binəqədi Rayonu Binəqədi Qəsəbə Bələdiyyəsinin üzərinə qoyulması və X4, eləcə də cavabdeh- X1 İddiaçı vurulmuş 10.000 manat məbləğində maddi ziyanın müştərək qaydada alınıb İddiaçı verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddianın məzmunu ilə eynilik təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Üçüncü şəxslər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və X8 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsalar da, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 5.2-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Həmin qərarın 5.2-ci bəndinə əsasən bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. İş materiallarından görünür ki, Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 523 nömrəli qərarı ilə Binəqədi rayonu Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində Binəqədi qəsəbə ərazisindən 600 kv.m boş torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün vətəndaş X2 mülkiyyətinə ayrılmışdır. Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 359 nömrəli sərəncamı ilə Binəqədi rayonu Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində Binəqədi qəsəbə ərazisindən 400 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün vətəndaş X3 mülkiyyətinə ayrılmışdır. Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin xx.xx.2011-ci il tarixli, 673 nömrəli qərarı ilə Binəqədi qəsəbə Bələdiyyəsinin ərazi hüdudlarında vətəndaş Xudiyeva (Fərzanova) Təzəgül Heydər qızının və İddiaçı razılıq ərizələri və müraciətləri nəzərə alınaraq birincinin istifadəsinə ayrılmış ünvanı cizgidə göstərilən fərdi yaşayış evinin tikintisi uçun nəzərdə tutulmuş 600 kv.m torpaq sahəsinin sahiblik və ondan istifadə hüquqlarının vətəndaş İddiaçı istifadəsinə verilməsi qərara alınmışdır. İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinə qarşı (üçüncü şəxslər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və X8) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin 359 saylı, 20 aprel 2006-cı il tarixli 400 kv.m torpaq sahəsinin alqı-satqısına dair sərəncamın və tərtib edilmə tarixi göstərilməyən torpağın alqı-satqısına dair aktın etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. “X11 və Ekspertiza Mərkəzi” MMC-nin xx.xx.2022-ci il tarixli, 05 nömrəli mütəxəssis rəyindən və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/7316 nömrəli ekspert rəyinə əsasən İddiaçı Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin xx.xx.2011-ci il tarixli, 673 nömrəli qərarı ilə ayrılmış 600 kv.m torpaq sahəsi və üçüncü şəxs X6 Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 359 nömrəli sərəncamı ilə ayrılmış 400 kv.m torpaq sahəsi «X14» Neft Şirkətinin istifadəsinə ayrılmış ərazilərdə yerləşir. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarında həmçinin göstərilmişdir ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarında düzgün olaraq qeyd etmişdir ki, iddiaçı Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin xx.xx.2011-ci il tarixli, 673 nömrəli qərarına əsasən ona ayrılmış 600 kv.m torpaq sahəsi ilə Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 359 nömrəli sərəncamına əsasən üçüncü şəxsə ayrılmış 400 kv.m torpaq sahəsi üst-üstə düşdüyü üçün Binəqədi qəsəbə Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 359 nömrəli sərəncamının və torpağın alqı-satqısına dair aktın etibarsız hesab edilməsini tələb edir. Lakin həmin torpaq sahələrinin üst-üstə düşməsi öz təsdiqini tapmır. Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında da həmin torpaq sahələrinin üst-üstə düşmədiyini təsdiq etmişdir. Bundan başqa, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş “X11 və Ekspertiza Mərkəzi” MMC-nin xx.xx.2022-ci il tarixli, 05 nömrəli mütəxəssis rəyindən və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/7316 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin xx.xx.2011-ci il tarixli, 673 nömrəli qərarı ilə ayrılmış 600 kv.m torpaq sahəsi və üçüncü şəxs X6 Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 359 nömrəli sərəncamı ilə ayrılmış 400 kv.m torpaq sahəsi «X14» Neft Şirkətinin istifadəsinə ayrılmış ərazilərdə yerləşir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olmaması haqqında düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası göstərilənlərə əsasən belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmamasına dair düzgün nəticəyə gəldiyindən iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli, 2-1(112)-4460/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar