Məhkəmə qərarları › İş №2-1(103)-1405/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1405/2025

16.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1405/2025 16.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Məmmədova (sədrlik edən və məruzəçi), Kamran Hüseyn oğlu Əkbərovdan və X2 ibarət tərkibdə, Türkan Kamran qızı Əmənovanın katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3587/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “iddiaçıya əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, uzun illərdir ki, onkoloji xəstəlikdən əziyyət çəkir. Bu günə kimi onkoloji xəstəliyi ilə bağlı daim ciddi həkim nəzarətindədir. İddiaçı barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə qeydiyyatda olduğu poliklinika vasitəsi ilə əlillik dərəcəsinin müəyyən edilməsi məqsədi ilə forma 88 saylı bildirişi göndərilməsinə baxmayaraq bu günə kimi ona əlillik təyin edilməmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3587/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı əlilliyi xx.xx.2023-cü il tarixli göndəriş əsasında xx.xx.2023-cü il tarixində qiymətləndirilmiş və diaqnozun əlillik əlaməti təyin etməməsi səbəbi ilə əlilliyin təyin olunmasından imtina olunması barədə qərar qəbul olunaraq şəxsə bu barədə ona məxsus mobil nömrəsinə xx.xx.2023-cü il tarixdə SMS xəbərdarlıqla məlumat verilmişdir.Bununla da iddiaçı ona verilmiş imtinadan xx.xx.2023-cü il tarixdən etibarən xəbərdar olmuşdur.(zəruri sübut qoşmaya əlavə edilmişdir).Lakin vətəndaş qanunvericilikdə nəzərdə tutulmuş 30 günlük müddəti ötürməklə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir.Birinci instansiya məhkəməsi isə müddət məsələsinə ümumiyyətlə münasibət bildirməmişdir. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.Verilən suallara cavabında bildirmişdir ki, cavabdeh tərəfindən iddiaçıya əlilliyin təyin olunmasından imtina olunması barədə qərar qəbul olunaraq şəxsə bu barədə ona məxsus mobil nömrəsinə xx.xx.2023-cü il tarixdə SMS xəbərdarlıqla məlumat verilmişdir.Bununla da iddiaçı ona verilmiş imtinadan xx.xx.2023-cü il tarixdən etibarən xəbərdar olmuşdur.(zəruri sübut qoşmaya əlavə edilmişdir).Bununla bağlı elektron sistemdən çıxarış da şikayətə əlavə olunub. SMS xəbərdarlıqla məlumat verilmiş mobil nömrə iddiaçıya tibbi göndəriş vermiş tibb müəssisəsinə verdiyi sənədlərdə və məlumatlarda olur.Odur ki, imtina olunduqda SMS xəbərdarlıqla məlumat avtomatik həmin mobil nömrəyə göndərilir. Məhkəmə Kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə Kollegiyasının iddiaçıya müddətin ötürülməsində üzrlü hal olduğu təqdirdə müddətin bərpa olunasına dair əsaslandırılmış ərizə vermək hüququnun izah olunması ilə bağlı İPM-in 13-cü maddəsi baxımından hüquqi yardım göstərilməsi məqsədilə verdiyi suallara cavabında iddiaçı bildirmişdir ki, həmin SMS xəbərdarlıqla məlumat verilmiş mobil nömrə (********** nömrə) ona məxsusdur.Lakin çox zaman həmin nömrəni işlətmir.Odur ki, SMS xəbərdarlıqla verilmiş məlumatdan xəbəri olmayıb. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, apellyasiya şikayətlərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3587/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən: M a d d ə 38. İddia müddəti 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. 38.2. Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. 38.3. İnzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavab) şikayətçiyə təqdim edilənədək dayandırılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. 73.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. 73.2. İnzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. 73.3. İnzibati aktdan şikayət verilməsi ilə bağlı müddət üzrlü səbəbdən buraxıldıqda, maraqlı şəxsin ərizəsinə əsasən şikayət instansiyası tərəfindən həmin müddət bərpa edilir. Məhkəmə kollegiyası işin yuxarıdakı faktiki hallarına tətbiq edilən hüquq normalarından çıxış edərək qeyd edir ki, İddiaçı əlilliyi xx.xx.2023-cü il tarixli göndəriş əsasında xx.xx.2023-cü il tarixində qiymətləndirilmiş və diaqnozun əlillik əlaməti təyin etməməsi səbəbi ilə əlilliyin təyin olunmasından imtina olunması barədə qərar qəbul olunaraq şəxsə bu barədə ona məxsus mobil nömrəsinə xx.xx.2023-cü il tarixdə SMS xəbərdarlıqla məlumat verilmişdir.Bununla da iddiaçı ona verilmiş imtinadan xx.xx.2023-cü il tarixdən etibarən xəbərdar olmuşdur. (İ/V- 103).Lakin iddiaçı yuxarıda qeyd olunan qanunvericilikdə nəzərdə tutulmuş 30 günlük müddəti ötürməklə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə Kollegiyasının iddiaçıya müddətin ötürülməsində üzrlü hal olduğu təqdirdə müddətin bərpa olunasına dair əsaslandırılmış ərizə vermək hüququnun izah olunması ilə bağlı İPM-in 13-cü maddəsi baxımından hüquqi yardım göstərilməsi məqsədilə verdiyi suallara cavabında iddiaçı bildirmişdir ki, həmin SMS xəbərdarlıqla məlumat verilmiş mobil nömrə (********** nömrə) ona məxsusdur.Lakin çox zaman həmin nömrəni işlətmir.Odur ki, SMS xəbərdarlıqla verilmiş məlumatdan xəbəri olmayıb. Məhkəmə Kollegiyası iddiaçının gətirdiyi dəlilləri müddətin ötürülməsində üzrlü hal kimi qəbul etmir. Belə ki, müəyyən olunmuşdur ki, SMS xəbərdarlıqla məlumat verilmiş mobil nömrə iddiaçıya tibbi göndəriş vermiş tibb müəssisəsinə iddiaçının verdiyi sənədlərdə və məlumatlarda olmuşdur.Odur ki, imtina olunduqda SMS xəbərdarlıqla məlumat avtomatik həmin mobil nömrəyə göndərilir. Bu halda məsuliyyət əlaqə məlumatlarını tibbi göndəriş vermiş tibb müəssisəsinə vermiş iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 2.3-cü maddəsinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdır. Yuxarıda adıçəkilən Plenum qərarının 9-cu bəndində qeyd edilir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Birinci instansiya məhkəməsi isə işin sadalanan xüsusatlarını nəzərə almadan iddia tələbinə mahiyyət üzrə baxaraq qərar qəbul etmişdir. İPM: 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Odur ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3587/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli, iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3587/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. İddia tələbi mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar