Məhkəmə qərarları › İş №2-1(103)-1406/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1406/2021

24.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1406/2021 24.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Tağızadə Mirzə Nəsib oğlu və Mehdiyev Emin Əlixan oğlundan ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı sual və cavab blankının təqdim olunması tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2385/2021 saylı, 23.02.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) şifahi məhkəmə baxışı qaydasında məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 10.06.2019-cu il tarixində Bakı Avropa liseyində keçirilən müsabiqədə X1 (namizəd) təqdim edilən sual və cavab blankının surətinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçının övladı Məhəmməd Şükürzadə 10.06.2019-cu il tarixində cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı Avropa liseyində keçirilən müsabiqədə iştirak etmişdir. Ümumi Təhsil Məktəblərinin, Lisey və Gimnaziyaların İ Sinfinə Elektron sənəd qəbulu, sistemindən iddiaçı müəyyən etmişdir ki, M.Şükürzadə müsahibə mərhələsini, yəni İ mərhələni uğurla keçməmişdir. Keçirilən müsabiqənin obyektivliyini, hərtərəfliliyini və tamlığını məqsədilə uşağa (namizədə) təqdim edilən sual blankının və verilən cavab blankının surətinin verilməsini Təhsil Nazirliyindən dəfələrlə xahiş etmiş, lakin inzibati orqan iddiaçıya müraciətin məzmununa aid olmayan cavab vermişdir. Hesab edir ki, cavabdehin bu cür hərəkətləri imtahanın saxlalaşdırılmasına birbaşa işarə edir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2385/2021 saylı, 23.02.2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2385/2021 saylı, 23.02.2021-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2385/2021 saylı, 23.02.2021-ci il tarixli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmiş, habelə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan iddiaçının (nümayəndəsinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2385/2021 saylı, 23.02.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İşdə olan 2 saylı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3173/2019 saylı, 25.09.2019cu il tarixli qərardadına əsasən müəyyən olunur ki, iddaçı İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Təhsil Nazirliyinə və Bakı Avropa Liseyinə qarşı 10.06.2019-cu il tarixdə Bakı Avropa Liseyində keçirilən müsabiqədə X1 (namizəd) təqdim edilən sual və cavab blankının surətinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab etmişdir ki, Bakı Avropa Liseyində keçirilən imtahan suallarının və cavab blankının surətinin Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təqdim edilməsi qeyri-mümkün olduğundan və Bakı Avropa Liseyi inzibati orqan kimi nəzərdə tutulmadığından iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 07.10.2020-ci il tarixli, Ş-629/04/06-24 saylı İddiaçı ünvanlanmış məktubunda qeyd olunmuşdur ki, Təhsil Nazirliyi Bakı Avropa Liseyinin 1-ci sinfinə qəbul üçün imtahan keçirməmiş, sual hazırlamamış, sual təqdim etməmiş və qeyd olunan imtahan sual və kitabçaları Təhsil Nazirliyinə təqdim edilməmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 9-cu bəndini, İnzibati Prosessual Məcəllənin 35.1, 35.3-cü maddələrini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, hazırkı iş üzrə Azərbaycan Respublikası Təhsil Nazirliyi iddiaya cavab verməli orqan olmadığından iddia mümkün sayılmamalıdır. Eyni zamanda qeyd olunmuşdur ki, qaldırılmış məsələ ilə bağlı Bakı Avropa Liseyinə qarşı ümumi yurisdisiyalı məhkəmədə iddia qaldırmaq hüquqlarından istifadə edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, Bakı Avropa Liseyi Azərbaycan Respublikası Təhsil Nazirliyinin birbaşa tabeliyində olan ümumi təhsil müəssisəsi olmasına baxmayaraq, istedadlı uşaqların aşkara çıxarılması üçün liseyə qəbul müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqə lisey tərəfindən təşkil olunduğu üçün imtahan sualları və cavab blankları Nazirliyə təqdim olunmur. Odur ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyi baxılan iş üzrə iddiaya qanuna müvafiq cavabdehliyi olan inzibati orqan deyil. Eyni zamanda qeyd olunmalıdır ki, Bakı Avropa Liseyi təşkilati-hüquqi formasına görə publik hüquqi şəxs olduğundan, ona qarşı iddialar mülki məhkəmə icraatı qaydasında qaldırılmalıdır. Ona görə də şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin olunmasın. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2385/2021 saylı, 23.02.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar