Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1406/2025 13.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədov (sədrlik edən və məruzəçi), X5 və X4 ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı nümayəndəsi X2, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11545/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin mübahisələndirilməyən halları
1. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2023-cü il tarixli 3-48- 2F/2- H-09043/2023 nömrəli arxiv arayışına əsasən, həqiqətən Dövlət Arxivinin Bakı filialında saxlanılan Bakı Toxucu Fabrikinin natamam arxiv sənədlərinin şəxsi vərəqələrində xx.xx.1965-ci il təvəllüdlü vət. Hacıbəbirova (Qocayeva) Sədaqət Məhəmməd qızının xx.xx.1984-cü il tarixli, 104/K saylı əmrlə xx.xx.1984-cü il tarixdən 1 saylı sahəyə toxucu şagirdi kimi işə qəbul olunması, xx.xx.2006-cı il tarixli, 12 saylı əmrlə xx.xx.2006-cı il tarixdən öz xahişi ilə işdən azad olunması,1984, 1985, 1986, 1987, 1988,1989,1990-cı illərə dair əmək haqqı cədvəllərində əmək haqqı hesablanması barədə məlumatlar mövcuddur. Bakı Toxucu Fabrikinin natamam arxiv sənədlərinin 2006-cı ilə dair əmr kitabları Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Zərərli iş barəsində Dövlət Arxivinin Bakı filialında hər hansı bir məlumat saxlanılmır.
2. İT-İ ******* nömrəli əmək kitabçasının notarial təsdiq olunmuş tərcüməsinə əsasən iddiaçı Bakı Toxuculuq Fabrikində xx.xx.1984-cü il tarixdə İ dərsə İİİ kurs tələbəsi kimi qəbul olunub, xx.xx.1984-cü il tarixdə 3 dərəcəli toxucu kimi köçürülüb, xx.xx.1991-ci il tarixdə Azərbaycan SSR Sovet Nazirliyinin qətnaməsinin 27.09.90-cu il tarixli 450 b. və Azərbaycan dövlət konst. xx.xx.1990-cu il tarixli 2 saylı ə.m. əsasən adı Toxucu Fabrikasına dəyişdirilmişdir, xx.xx.1991-ci il tarixdə 3 dərəcəli toxucu kimi qəbul olunub, xx.xx.2006-cı il tarixdə öz xahişi ilə işdən azad edilib. xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək fərdi sahibkar Məmmədovun sexində toxucu peşəsində, xx.xx.2020-ci il tarixdən xx.xx.2024-cü il tarixədək isə Suraxanı rayon Mənzil Komunal Təsərrüfat Birliyində dalandar işləmişdir.
3. Cavabdeh qurumun iddiaçıya ünvanladığı güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, “Mərkəzi Filiala təqdim etdiyiniz 4 iyun 1984-cü il tarixli İT-İ ******* nömrəli əmək kitabçanızda xx.xx.1984- xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində Bakı Toxuculuq Fabrikində işlədiyiniz qeyd olunmuşdur. Mərkəzi Filial tərəfindən iş stajınıza dair məlumatların araşdırılması zamanı, xx.xx.2006-xx.xx.2006-cı il tarixləri arasındakı dövr üzrə ödənilməli olan məcburi dövlət sosial sığorta haqlarının fərdi hesabınızın sığorta hissəsində öz əksini tapmadığı müəyyən edilmişdir. Buna görə də xx.xx.1984xx.xx.2005-ci il tarixləri arasındakı dövr üzrə də işləyib-işləməməyinizə dair əsaslı şübhələr yaranmışdır. Bununla əlaqədar, adıçəkilən müəsisədəki iş stajınıza aid sənədlərdə qeyd olunan məlumatların dəqiqləşdirilməsi üçün aidiyyəti üzrə sorğu göndərilib. Müvafiq sorğumuza cavab olaraq göndərilən Bakı şəhər Dövlət Arxivinin 23 may 2024-cü il tarixli 3-48-2F/2-1115/2024 nömrəli arxiv arayışında Bakı Toxuculuq Fabrikinin 1984-1996-cı illərə dair əmək haqqı cədvəllərində sizə 1986-cı il üzrə 1 ay, 1990-cı il üzrə 8 ay, 1991-ci il üzrə 8 ay, 1992-ci il üzrə 9 ay, 1994-cü il üzrə 3 ay, 1995-ci il üzrə 1 ay, 1996-cı il üzrə 4 ay (ümumilikdə 2 il 10 ay) əmək haqqı ödənilmədiyi, 1996-cı ildən sonrakı dövrlərə dair əmək haqqı cədvəllərinin isə sözügedən arxivə təhvil verilmədiyi qeyd edilib. Buna görə də yuxarıda qeyd edilən xx.xx.1986-xx.xx.1986-cı il, xx.xx.1990-xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.1990-cı il, xx.xx.1991-xx.xx.1991-ci il, xx.xx.1991-xx.xx.1991-ci il, xx.xx.1992-xx.xx.1992-ci il, xx.xx.1994-xx.xx.1994-cü il, xx.xx.1995-xx.xx.1995-ci il, xx.xx.1996-xx.xx.2006-cı il tarixləri arasındakı dövrləri sizin iş stajınıza daxil etmək mümkün deyil. Göstərilən səbəbdən də sizin ümumi iş stajınız 25 ildən az (15 il 3 ay 2 gün (xx.xx.1984xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.1990-cı il, xx.xx.1991xx.xx.1991-ci il, xx.xx.1992-xx.xx.1994-cü il, xx.xx.1995-xx.xx.1995-ci il, xx.xx.1995xx.xx.1996-cı il tarixləri arasındakı dövrlər və xx.xx.2006-cı il tarixindən sonra 5 il 6 ay)) təşkil edir, güzəştli iş stajınız isə yoxdur. Bundan başqa sizin fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 16760,30 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır.”
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məhkəməyə müraciət edərək, iddiaçıya 25 fevral 2024-cü ildən, yəni 58,5 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 25 avqust 1965-ci ildə anadan olmuşdur. 28 may 1984-cü ildən əmək fəaliyyətinə başlamış, 28 may 1984-cü ildən 02 dekabr 2006-cı ilədək Bakı Toxuculuq fabrikində toxucu peşəsində, 03 fevral 2014-cü il tarixdən 02 oktyabr 2015-ci ilədək fərdi sahibkar Məmmədovun sexində toxucu peşəsində, yəni güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşədə, 20 fevral 2020-ci ildən 30 yanvar 2024-cü ilədək isə Suraxanı rayon Mənzil Komunal Təsərrüfat Birliyində dalandar işləmiş, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşədə 24 il 2 ay 3 gün, ümumilikdə isə 28 il 3 ay 13 gün müddətində əmək stajı olmuşdur. Göründüyü kimi 58 il 6 ay yaşı 25 fevral 2024-cü il tarixdə tamam olduğundan, yəni 25 fevral 2024-cü ildə artıq pensiya almaq hüququ yaranğından, güzəştli şərtlərlə pensiya təyin edilməlidir. Cavabdeh iddiaçıya pensiya təyin edən zaman, Bakı şəhər Dövlət Arxivinin 23 may 2024- cü il tarixli 3-48-2F/2- 1115/2024 nömrəli arxiv arayışında göstərilən məlumatlara istinad etmiş, bəzi müddətləri əmək stajına hesablamamışdır. Bundan əlavə isə işlədiyi Bakı Toxuculuq fabriki bağlansa da, cavabdeh iddiaçının güzəştli şərtlərlə əmək hüququ verən işdə işləməyi barədə iş yerindən, yəni Bakı Toxuculuq Fabrikindən arayışın olmamasına istinad etmişdir. Məhkəməyə təqdim etdiyi əmək kitabçasından isə görünür ki, həmin əmək kitabçasında saxtakarlığa yol verilməmiş, iş yerləri xronoloji ardıcıllıqla yazılmış, həmin kitabçada toxucu peşəsində işləməyi açıq-aşkar göstərilmişdir. Ona məxsus əmək kitabçasındakı qeydlərdən görünür ki, 28 may 1984-cü ildən 2024-cü ilədək müxtəlif peşələrdə işləmişdir. Cavabdeh müraciətini təmin etməkdən imtina edərkən bəzi müddətlərin iş stajına daxil edilməsinin mümkün olmadığını bildirmişdir. Halbuki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Beləliklə, hazırkı iş üzrə mübahisəli məsələ 01 yanvar 2006-cı ilədək olan əmək fəaliyyətiylə bağlı olduğundan, eləcə də onun həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən sözügedən dövr ona əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Cavabdeh tərəfindən bildirilmiş arxiv arayışında bəzi aylarda əmək haqqı almamağı məsələsinə münasibətdə isə bəzi aylarda ona əmək haqqı gecikdirilmiş, bir-neçə ay əmək haqqı almasa da, sonrakı aylarda yığılımış əmək haqqını almış, buna görə bəzi aylarda əmək haqqı almağı göstərilməmişdir. Halbuki, işlədiyi bütün günlərin sayına görə əmək haqqını almış, əmək haqqının gecikdirilməsi isə təqsiri ilə bağlı deyildir və müvafiq olaraq pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Bundan əlavə güzəştli iş stajının isə olmaması barədə cavabdehin imtinasının əsasına münasibətdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 26.1ci bəndinə əsasən Toxuculuq sənayesi - süni xəz istehsalı ilə bilavasitə məşğul olan trikotaj məmulatların, kətanın toxucuları Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşəyə aid edilir. Toxuculuq sahəsinə aid olan fəhlə peşələrinin və işlərin Vahid Tarif-İxtisas Sorğu kitabçasına əsasən Toxucu işinin xüsusiyyətləri aşağıdakılardır. Toxucu dəzgahlarında (maşınlarında) və lenttoxumu dəzgahlarında parçaların, lent və məmulatların istehsalı. Əriş, arğac və arkat saplarının qırılmasının aradan qaldırılması. Kəsici mexanizmin bıçaqlarının dəyişdirilməsi. Sapın qırılmasının və parçanın qüsurlarının qarşısını almaq üçün profilaktiki işlərin yerinə yetirilməsi. Toxunmaların rapportunun və naxışların bərpa olunması. Parçanın sıxlığının, toxunmaya daxil olan əriş və arğac saplarının keyfiyyətinin yoxlanması. Parçaların qüsurlarının işlənib hazırlanması. Köklü döşəmənin, xovlu ərişin mütləq dartılmasının təmin edilməsi. Lamel mexanizminin kəsici, yığıcı mexanizmlərinin işinin, kətanın, kəsmənin keyfiyyətinin, xovlu ilgəklərin hündürlüyünün yoxlanılması. Qırılma zamanı əriş saplarının açılması və düyünlənməsi. Sapın sarınması, bağlanmış və yüklənmiş ərişin işlənməsi. Arğac makaralarının doldurulması və dəyişdirilməsi. Jakkard maşınlı dəzgahlara kartonun keçirilməsi. Rəngli kaymaların atılması. Dəzgahların ardıcıl işini təmin edən digər işçi fəndlərin yerinə yetirilməsi. Dəzgahın təmirdən qəbulunda iştirak edilməsi. İş yeri və avadanlığa qulluq edilməsi. Bu baxımdan cavabdeh pensiya təyin etməkdən imtina etməkdə haqlı olmamışdır.
6. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1ci maddəsinin tələblərindən də aydın olur ki, iddiaçıya güzəştli şərtlərə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün İddiaçı qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmalı, 25 il ümumi stajı olmalı, 10 il isə güzəştli iş stajı olmalıdır. İş materiallarından aydın olur ki, xx.xx.1965-ci il təvəllüdlü İddiaçı qanunvericiliklə müəyyən edilmiş yaş həddinə (58 yaş 6 ay (63 il 6 ay - 5 il)) xx.xx.2024-cü il tarixdə çatmışdır. Beləliklə, iddiaçının yaşına münasibətdə hüququ mövcuddur. Lakin, iddiaçının qanunvericiliklə tələb olunan 25 il ümumi stajı tamamlanmır. Belə ki, İddiaçı xx.xx.1984-xx.xx.2006-cı illərdə Bakı Toxuculuq Fabrikində olan iş stajının araşdırılması zamanı xx.xx.2006-xx.xx.2006-cı il tarixləri arasındakı dövr üzrə ödənilməli olan məcburi dövlət sosial sığorta haqları iddiaçının fərdi hesabının sığorta hissəsində öz əksini tapmamışdır. Həmçinin, Bakı şəhər Dövlət Arxivinin xx.xx.2024cü il tarixli 3-48-2F/2- 1115/2024 nömrəli arxiv arayışından məlum olur ki, 1986-cı il üzrə 1 ay, 1990-cı il üzrə 8 ay, 1991-ci il üzrə 8 ay, 1992-ci il üzrə 9 ay, 1994-cü il üzrə 3 ay, 1995-ci il üzrə 1 ay, 1996- cı il üzrə 4 ay üzrə sözügedən müəssisədə iddiaçıya əmək haqqı ödənilməyib. Beləliklə, xx.xx.1986-xx.xx.1986-cı il, xx.xx.1990xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.1990-cı il, xx.xx.1991-xx.xx.1991-ci il, xx.xx.1991xx.xx.1991-ci il, xx.xx.1992-xx.xx.1992-ci il, xx.xx.1994- xx.xx.1994-cü il, xx.xx.1995xx.xx.1995-ci il, xx.xx.1996-xx.xx.2006-cı illərin (ümumilikdə 2 il 10 ay) iddiaçının sığorta stajına daxil edilməsi qanunvericiliyin tələblərinə zidd olduğu üçün iddiaçının ümumi stajına daxil edilməmişdir. Göründüyü kimi, iddiaçının ümumi stajı xx.xx.1984xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.1990-cı il, xx.xx.1991xx.xx.1991-ci il, xx.xx.1992- xx.xx.1994-cü il, xx.xx.1995-xx.xx.1995-ci il, xx.xx.1995xx.xx.1996-cı il tarixləri arasındakı dövrlər və xx.xx.2006-cı il tarixdən sonra 5 il 6 ay olmaqla ümumilikdə 15 il 3 ay 2 gün olmaqla qanunvericiliklə tələb olunan ümumi sığorta stajından - 25 ildən azdır. Həmçinin pensiya təyin edilməsi üçün şəxsin fərdi hesabının sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 16760,30 manat təşkil edir. Beləliklə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb edilən ümumi iş stajı şərti tamamlanmır. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 4.1.20-ci bəndinə əsasən, yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin müvafiq formada tərtib olunmuş arayışı ilə müəyyən edilir. Lakin, iddiaçı tərəfindən Mərkəzi Filiala güzəştli iş stajını təsdiq edən hər hansı arayış təqdim edilməmişdir. Həmçinin, S.X1 və məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli 3- 48-2F/2- H09043/2023 nömrəli Bakı şəhər Dövlət Arxivinin iddiaçının Bakı Toxuculuq Fabirikində əmək fəaliyyətinə dair dair arxiv arayışında da zərərli iş barədə hər hansı məlumatın mövcud olmadığı açıq şəkildə bildirilmişdir. Göründüyü kimi, iddiaçının əmək fəaliyyətinin zərərli işlə bağlı olmasına dair hər hansı sənəd təqdim edilmədiyindən iddiaçının güzəştli iş stajı mövcud deyildir. Odur ki, sözügedən dövrlərin İddiaçı ümumi iş stajının 25 ildən az (15 il 3 ay 2 gün) olduğu və güzəştli iş stajının olmadığı üçün ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliklə mümkün deyildir, iddia tələbi təmin edilməməlidir.
7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11545/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 58 yaş 6 ayının tamam olduğu xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilmişdir.
8. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
b) Apellyasiya şikayətinin dəlilləri
9. Apellyasiya şikayəti iddiaya etiraza uyğun əsaslandırılmışdır.
ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır.
11. Bakı Apellyasiya Məhkəməsində apellyasiya şikayətinə baxılarkən, iddiaçının nümayəndəsi iddia tələbinə dəqiqləşdirmə ərizəsi verərək, İddiaçı 52 yaşı tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və 21 fevral 2021-ci ildən pensiya məbləğinin ödənilməsi öhdəliyini cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
c) Proses iştirakçılarının izahatları
12. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi verilən iddia tələbinə uyğun qərarın qəbul edilməsi, cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, iddia tələbinin rədd edilməsini məhkəməsən xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
13. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;
14. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun: 13-cü maddəsinin birinci hissəsinin b) bəndinə əsasən: əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir.
15. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun: 9.1-ci bəndinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddədə “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmişdir və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir). 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. xx.xx.2006-cı ildən xx.xx.2017-ci ilə kimi olan tələblərə görə axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi: yaş (kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır);
16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
18. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19.Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. 20.İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 13-16-cı bəndləri) əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin qərarı ləğv olunmalı, iş üzrə yeni qərar qəbul edilərək iddia tələbi təmin edilməlidir. 21.Belə ki, hazırkı işin hallarından görünür ki, İddiaçı cavabdeh Аzərbаycаn Rеspublikаsı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Nəzərə alınmalıdır ki, iddiaçının güzəştli şərtlər ilə əmək pensiyasının təyin edilməsi müraciətində yaş və qayda göstərilməmişdir. 22.Cavabdeh orqan isə müraciəti təmin etməkdən imtina etmiş və bildirmişdir ki, iddiaçının iddiaçının qanunvericiliklə tələb olunan kifayət qədər ümumi və güzəştli iş stajı olmadığı üçün ona pensiya təyin olunması qanunvericiliyin tələbləri baxımından mümkün deyildir.
23. Belə ki, iş materiallarında olan iddiaçıya məxsus İT-İ ******* nömrəli əmək kitabçasına əsasən, onun ümumi iş stajının 25 ildən artıq olduğu sübut olunur.
24. Cavabdeh orqan tərəfindən konkret mübahisələndirilən hal isə iddiaçının xx.xx.1984xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində Bakı Toxuculuq Fabrikində toxucu peşəsində işlədiyi dövrlərdir.
25. Bununla bağlı işin apellyasiya baxışı zamanı müvafiq qurumlara sorğular verilmişdir.
26. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin dövlət Proqramı”na uyğun olaraq ləğv olunmuş “Xalq üçün mallar” Dövlət Konserinin ünvan 1 ünvanında yerləşən Bakı Toxuculuq Fabrikinin bazasında keçmiş Dövlət Əmlak Komitəsinin 10.011.1997-ci il tarixli, 997 nömrəli sərəncamı ilə “Bakı Toxucu” Asc yaradılmış və səhmləri xx.xx.2013-cü il tarixində tam özəlləşdirilmişdir.
27. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, reyestrdə Bakı Toxuculuq Fabriki adlı kommersiya hüquqi şəxsi aşkar edilməmişdir.
28. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Bakı Toxuculuq Fabriki ASC təşkilati hüquqi formasını dəyişərək "xxxx" QSC-yə çevrilmişdir.
29. Qanunvericiliyin normalarına əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların inzibati orqan tərəfindən tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 30.Kollegiya qeyd edir ki, iddiaçının iş illəri onun əmək kitabçası ilə təsdiq olunduğu və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyi üçün, digər sənədlərlə yenidən sübut olunması zərurəti mövcud deyildir.
31. Eyni zamanda kollegiya qeyd edir ki, İddiaçı 52 yaşı 25 avqust 2017-ci il tarixdə tamam olur və xx.xx.1984-cü ildən xx.xx.2006-cı ilə kimi onun 21 il 07 ay iş stajı mövcuddur. Ümumikdə isə onun qeyd olunan təşkilatdakı iş stajı xx.xx.2006-cı ilə qədər 22 il 07 ay təşkil edir. 32.Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının xx.xx.1984-cü ildən xx.xx.2006-cı ilədək Bakı Toxuculuq Fabrikində işlədiyi toxucu peşəsi - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısın”da 22100000 şifrəli “XX. Yüngül sənaye” bölməsində “1. Toxuculuq sənayesi”nə aid 2200200a—11602 şifrə ilə göstərilmiş “süni xəz istehsalı ilə bilavasitə məşğul olan trikotaj məmulatlar, kətan toxucuları” peşəsinə, eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 saylı qərarının “26. Yüngül sənaye” bölməsində “26.1. Toxuculuq sənayesi” yarımbölməsindəki “süni xəz istehsalı ilə bilavasitə məşğul olan trikotaj məmulatların, kətanın toxucuları” vəzifəsinə uyğun gəlməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrdir. 33.Beləliklə də, iddiaçıya 52 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Belə olan halda, cavabdeh tərəfindən ona 52 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsindən imtina olunması onun hüquqlarını pozur.
34. Eyni zamanda iş materiallarından görünür ki, iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. 35.Əmək pensiyasının keçmiş dövr üçün qanunvericiliyə uyğun hesablanıb ödənilməsinin prosedur qaydası və mexanizmi qüvvədə olan qanunverıciliklə aşağıdakı kimi tənzimlənir. 36.“Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.
37. Həmin Qanunun 37.7-ci madddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir.
38. Belə olduğu tədqirdə iddiaçıya ödəniləcək pensiya məbləği “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən 21 fevral 2021-ci ildən ödənilməlidir.
39. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qəbul etdiyi qərar ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilərək iddia təmin edilməlidir. 40.İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 41.Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin qismən təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11545/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin olunmalıdır. 42.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11545/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ləv edilsin. İş üzrə yeni qərar çıxarılsın. İddia təmin edilsin. İddiaçı 21 fevral 2021-ci il tarixdən pensiya məbləği ödənilməklə, 52 yaşının tamam olduğu xx.xx.2017-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.