Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1407/2021 22.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Yusifov Cahangir Afər oğlu və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (xx.xx.1961-ci il tarixində Cəbrayıl rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərq məbləğinin ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2-1(82)-2040/2019 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı 06.05.2019-cu il tarixində cavabdeh AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) Bakı şəhəri Suraxanı rayon şöbəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, iddiaçıya əmək şəraitinə görə güzətşli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı 2017-ci ilin noyabrın 1-dən əmək pensiyasının təyin edilməsi və qüvvədə olan normativ aktlara müvafiq olaraq pensiyanın hesablanaraq birdəfəlik ödənilməsinin cavabdehə həvalə olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, iddiaçıya əmək şəraitinə görə güzətşli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı 2018-ci ilin mayın 1-dən əmək pensiyasının təyin edilməsi və pensiyanın ödənilməsində yaranmış fərq məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş İT-İ seriyalı, ******* nömrəli əmək kitabçasının təsdiq olunmuş (4 saylı Bakı “ASAN Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu Hacıyeva Hicran Qismət qızı tərəfindən fototəsdiq edilmişdir, reyestrdə 11.04.2019-cu ildə 1S-164019 № ilə qeyd edilmişdir) surətinə əsasən görünür ki, əmək kitabsaçının səhifələri arasında 12 və 13-cü səhifə iş materiallarına əlavə edilməmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2040/2019 saylı, 19 sentyabr 2019-cu il tarixli qərarı ilə (hakim R.Kərimli) iddia təmin edilərək, İddiaçı 1 may 2018-ci il tarixdən (57 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərq məbləğinin ödənilməsi öhdəliyinin cavabdeh DSMF Bakı şəhəri Suraxanı rayon şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. 22.11.2019-cu il tarixdə cavabdeh qərardan apellyasiya şikayəti vermiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2040/2019 saylı, 19 sentyabr 2019-cu il tarixli qərarının ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-265/2020 saylı 12 mart 2020-ci il tarixli qərarı ilə (hakimlər İ.Əhmədov, C.Yusifov, V.Baxışova) apellyasiya şikayəti təmin edilməmiş və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2040/2019 saylı 19 sentyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1347/2020 saylı, 06 avqust 2020-ci il tarixli qərarı ilə (hakimlər İ.Hüseynov, N.Rəsulbəyova, R.Nəbizadə) cavabdehin kassasiya şikayəti təmin edilməmiş və apellyasiya instansiyası məhkəməsinin 2-1(103)- 265/2020 saylı 12 mart 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin 06 noyabr 2020-ci il tarixli məktubu ilə qərar icra olunması üçün göndərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı 15 dekabr 2020-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə “yeni açılmış hallarla bağlı” ərizə ünvanlayaraq, 2 saylı ünvan 3 2019-cu il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraatın təzələnməsini xahiş etmişdir. Ərizədə İPM-in 100-cü maddəsinə və «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1, 9.8-ci maddələrinə istinad olunaraq, İddiaçı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalına malik olmadığı (iddiaçıya münasibətdə tələb olunan pensiya kapitalı 44.400 manat olduğu halda, qeydə alınmış pensiya kapitalı 23.090,55 manat təşkil edir) və bu səbəbdən də ona pensiya təyinatının mümkün olmadığı bildirilmiş, məhkəmə icraatının təzələnməsi və iddianın təmin edilməməsi xahiş olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2-1(82)-2040/2019 nömrəli qərardadı ilə (hakim R.Kərimli) iş üzrə “yeni açılmış hallarla bağlı” ərizə təmin edilməmişdir. 30.03.2021-ci il tarixdə ərizəçi qərardaddan apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2-1(82)-2040/2019 nömrəli qərardadının ləğv edilməsini və iş üzrə icraatın təzələnməsini xahiş etmişdir. Apellyasiya şikayəti ərizəyə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və qərardadın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Cavabdeh məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2-1(82)- 2040/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılaraq, cavabdehin apellyasiya şikayəti təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərardadında qeyd edilmişdir ki, “ərizəçinin yeni açılmış hal kimi təqdim etdiyi “iddiaçının pensiya kapitalının tələb olunan məbləğdən az olması” xüsusatı, məhkəmə icraatından əvvəl inzibati icraatda imtina üçün dəlil və ilkin icraat üzrə kassasiya şikayətində şikayətin əsası kimi çıxış etmişdir. Məlum olduğu tarixdən hansı müddət keçməsindən asılı olmadan (baxmayaraq ki, imtina məktubu 15 aprel 2018-ci il tarixdə, məhkəməyə hazırkı ərizə isə 15 dekabr 2020-ci il tarixdə, yəni 2 il 8 ay sonra təqdim olunmuşdur), İPM-in 100-cü maddəsinin tələbləri bu halın iş üzrə “yeni açılmış hal” qismində qəbulunu şərtləndirmir. Belə olan halda, məhkəmə hesab edir ki, hazırkı iş üzrə “yeni açılmış hallarla bağlı” ərizə təmin edilə bilməz.” Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası İPM-in 100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Həmin Məcəllənin 103.2-ci maddəsinə əsasən mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. Həmin Məcəllənin 103.3-cü maddəsinə əsasən bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. Həmin Məcəllənin 106-cı maddəsinə görə məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş əsaslarla bağlıdır. İcraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir. İcraatın təzələnməsi üçün bu Məcəllənin 100cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir. Məhkəmə kollegiyası hesab edir ki, ərizədə qeyd edilmiş “iddiaçının pensiya kapitalının tələb olunan məbləğdən az olması” şərti məhkəmə icraatlarından əvvəl məlum olduğundan və imtinanın əsası kimi qəbul edildiyindən, birinci instansiya məhkəməsi ərizənin təmin eidlməməsi barədə düzgün nəticəyə gəlmişdir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2-1(82)-2040/2019 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1407/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1407/2021
22.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver