Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1407/2022 03.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “pul kompensasiyası” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 03 fevral 2022-ci il tarixli, 2-1(112)-2722/2022 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 03 iyun 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdə olduğu 19.09.1992-03.08.2005-ci il dövrlər ərzində müvafiq aylar üzrə verilməmiş əmək haqqının və pul təminatından qanunsuz tutulmuş, vəzifə maaşına üstəlik verilməli olan əlavələrin ödənilməyən hissəsinin hesablanaraq, ona qaytarılması vəzifəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, hərbi xidmətdə olduğu 19.09.1992-03.08.2005-ci il dövrlər ərzində müvafiq aylar üzrə ona verilməmiş əmək haqqının, aylıq pul təminatından qanunsuz tutulmuş, vəzifə maaşına üstəlik verilməli olan əlavələrin, ezamiyyət pullarının və s. digər təminat xərclərinin ödənilməyən hissəsinin hesablanaraq, ona qaytarılması vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, 19.09.1992-25.05.1993-cü illər Azərbaycan Respublikası Müdafiə nazirinin sərəncamına əsasən “Qarabağ” döyüş bölgəsinə ezam olunduğu müddətdə; 25.05.1993-25.05.1995-ci illər-310 saylı hərbi hissədə və həmin h/hdən “Qarabağ” döyüş bölgəsinə ezam olunduğu müddətdə, eləcə də, Naxçıvan MR-da 25.05.1995-18.08.2000-ci illər-216 saylı və 18.08.2000-03.08.2005-ci illər-215 saylı hərbi hissələrdə xidmət etdiyi müddətlərdə, yəni 19.09.1992-25.05.1993-cü illər ərzində ümumiyyətlə ona əmək haqqı ödənilməmiş, digər vaxtlarda ödənilməli olan aylıq pul təminatı qəsdən azaldılmış, tam şəkildə ödənilməmiş, ona hər hansı məlumat vermədən əmək haqqından qanunsuz tutulmalar həyata keçirilmiş, ezamiyyət pulları və əmək haqqına əlavələr, üstəlik verilməli olan pul vəsaiti qanunvericiliyin tələbinə uyğun düzgün hesablanaraq ödənilməmiş, nəticədə ona külli miqdarlarla ölçülən maddi ziyan vurulmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəməyə təqdim olunmuş 8/998 saylı 05.11.2021-ci il tarixli yazılı münasibətdə (etirazda) göstərilmişdir ki, Müdafiə Nazirliyində saxlanılan şəxsi (pensiya) işinə əsasən İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyində 25.05.1993-25.05.1995-ci il tarixlərdə N nömrəli hərbi hissədə, 25.05.1995-18.08.2000-ci il tarixlərdə N nömrəli hərbi hissədə, 18.08.2000-03.08.2005-ci il tarixlərdə N nömrəli hərbi hissədə və 03.08.2005- 04.08.2011-ci il tarixlərdə N nömrəli hərbi hissədə xidmət keçmişdir. İddiaçı 19.09.1992-24.05.1993-cü il tarixlərdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyində xidmət etməmişdir. Bu səbəbdən də iddiaçıya həmin müddət üçün pul təminatı ödənilə bilməzdi. İddiaçı 25.05.1993-cü il tarixdən 25.05.1995-ci il tarixədək xidmət etdiyi N nömrəli hərbi hissə 25.05.1995-ci il tarixində müvafiq qaydada ləğv edilmişdir və şəxsi heyətə pul təminatının ödənilməsi cədvəlləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə təhvil verilməmişdir. Bu səbəbdən də İddiaçı N nömrəli hərbi hissədə xidmət etdiyi dövrlərdə ona ödənilmiş pul təminatı barədə araşdırma aparmaq mümkün olmamışdır. Naxçıvan Muxtar Respublikasında yerləşən N və N nömrəli hərbi hissələrdə İddiaçı pul təminatının ödənilməsi barədə arxiv çıxarışlarının, eləcə də Müdafiə Nazirliyinin hərbi qulluqçularının hərbi rütbəyə görə və vəzifə (tarif) maaşlarının 1995-2019-cu illər üzrə artırılmasına əsas olan normativ-hüquqi sənədlər barədə məlumatın araşdırılması zamanı məlum olmuşdur ki, yuxarıda qeyd edilən hərbi hissələrdə xidmət etdiyi dövrlərdə İddiaçı pul təminatı həmin vaxt üçün qüvvədə olan qanunvericiliyə uyğun olaraq düzgün hesablanmış və tam həcmdə ödənilmişdir, həmçinin pul təminatından tutulmalar qanunvericilikdə nəzərdə tutulmuş qaydada aparılmışdır. İddiaçı xidmət etdiyi N və N nömrəli hərbi hissələrdə ona hesablanan və tutulan pul paylama cədvəllərindən aylar üzrə arxiv çıxarışları, eləcə də Müdafiə Nazirliyinin hərbi qulluqçularının hərbi rütbəyə görə və vəzifə (tarif) maaşlarının 1995-2019-cu illər üzrə artırılmasına əsas olan normativ-hüquqi sənədlər barədə məlumat Müdafiə Nazirliyi tərəfindən aşağıdakı tarixlərdə iddiaçıya Müdafiə Nazirliyinin Feldyeger Poçt Rabitəsi, axırıncı 3 məktub isə mülki poçt rabitəsi vasitəsi ilə 05.11.2019-cu il; 12.12.2019-cu il; 31.01.2020-ci il, 17.03.2020-ci il, 10.06.2021-ci il və 17.03.2021-ci il tarixlərdə göndərilmişdir. İddiaçı 1995- 2000-ci illərdə N nömrəli hərbi hissədə və 2001-2005-ci illərdə N nömrəli hərbi hissədə xidmət etdiyi dövrlərdə onun rütbə və vəzifə maaşlarının fərqli ödənilməsi barədə iddiası ilə əlaqədar 01.01.1999-cu il tarixədək N nömrəli hərbi hissənin tabeliyində olan bir sıra hərbi hissələr, o cümlədən N nömrəli hərbi hissə alay kimi təşkil edilmişdir. 01.01.1999-cu il tarixdən isə onlar briqada kimi yenidən təşkil edilib. Hərbi qulluqçuların vəzifə maaşları təyin edilərkən hərbi hissələrin statusu nəzərə alınır. Bu səbəbdən 01.01.1999-cu il tarixədək olan vəzifə maaşları sonra olan vəzifə maaşlarından fərqlənir. “Hərbi qulluqçuların statusu haqqında” 1991-ci il 25 dekabr tarixli Azərbaycan Respublikası Qanunun 10-cu maddəsinin 2-ci hissəsinə əsasən döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçuların həmin dövr üçün aldıqları pul təminatı qatlar tətbiq edilməklə ödənilir (01.06.1998-ci il tarixədək 3 qat, həmin tarixdən 01.12.2020-ci il tarixədək isə 2 qat). Hərbi qulluqçuların döyüş şəraitində döyüş əməliyyatlarında iştirak müddəti hərbi hissə komandiinin hər ay üçün verilən əmrləri ilə müəyyən edilir. Qeyd edilən şəraitdə olmayan hərbi qulluqçuların pul təminatına qatlar ödənilmir. Eyni zamanda qeyd edirlər ki, döyüş şəraitində olan hərbi hissələrdə xidmət edən hərbi qulluqçulara ərzaq payı əvəzinə pul kompensasiyası ödənilmir. Burada xidmət edən hərbi qulluqçular qazan təminatına qoyulmaqla yeməklə təmin olunurlar. N və N nömrəli hərbi hissələr döyüş şəraitində olduğu dövrlərdə İddiaçı qazan təminatına qoyularaq yeməklə təmin olunmuşdur. Bu hərbi hissələr döyüş şəraitindən çıxarıldığı vaxtlarda isə İddiaçı ərzaq payı əvəzinə pul kompensasiyası ümumi əsaslarla ödənilmişdir. Bakı İnzibati Məhkəməsinin 03 fevral 2022-ci il tarixli, 2-1(112)-2722/2022 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, AR MM-nin (iddiamüddətinin tətbiqi) 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Cavabdeh MN isə bununla bağlı məhkəməyə hər hansı ərizə təqdim etməmiş, təqdim etdiyi etirazda iddia tələbinin təmin edilməməsi məhkəmədən xahiş edilmişdir. Yəni ki, bununla bağlı məhz ərizə verildiyi halda məhkəmənin iddiadan imtina etməsi barədə qərar çıxarması üçün əsas yarandığından, iddianın mümkünsüzlüyü ilə bağlı 03.02.2022-cı il tarixli qərardad mövcud qanunvericiliyin tələbinə zidd qəbul edilmişdir. AR MM-nin (iddia müddətinin başlanması) 377.1-ci maddəsi də mövcuddur və həmin maddənin tələbinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bakı İnzibati Məhkəməsinin hakimi hazırkı qərardadı qəbul edərkən “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” AR Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli, 5 № li Qərarda göstərilən tövsiyyələri ümumiyyətlə nəzərə almamış, məhkəmə prosesi gedişatında mübahisənin düzgün həlli edilməsi üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borclu olduğu halda ona zəruri hüquqi yardım göstərmək, iddianın mümkün sayılmamasına səbəb olan halları onun diqqətinə çatdırmaq, müzakirə etmək, müvafiq hüquqi təkliflər vermək, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmaq əvəzinə bütün bunları məhkəmə prosesində ümumiyyətlə müzakirə etmədən, riayət etmədən qəfil qanunsuz olaraq iddianın mümkünsüz sayılması barədə qərardad qəbul etmişdir. Cavabdeh MN tərəfindən ona qarşı qanunsuzluqlara yol verilibverilməməsinin araşdırılması, hüquqlarının həqiqətən də pozulub-pozulmadığının müəyyən olunması üçün cəhd belə edilməmiş, heç bir məhkəmə araşdırması aparmamışdır. Belə ki, Bakı İnzibati Məhkəməsində ilk öncə 25.11.2021-ci il tarixdə keçirilmiş hazırlıq icraatı üzrə məhkəmə prosesində sədrlik edən hakim mübahisənin mahiyyətini ümumi şəkildə şərh etdikdən sonra, şifahi məhkəmə baxışını elan etmiş və iş üzrə baxış iclası təyin etmişdir. Daha sonra 03.02.2022-ci il, saat 10:20-ə təyin edimiş məhkəmə baxış iclasında sədrlik edən hakim proses iştirakçılarına söz verərək qısa şəkildə dinlədikdən sonra iddiamın mümkün sayılmaması barədə qərardad qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 5.2-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Həmin qərarın 5.2-ci bəndinə əsasən bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddia tələbindən məlum olur ki, hazırda iddiaçı cavabdeh inzibati orqan olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə hərbi xidmətdə olduğu 19.09.1992- 03.08.2005-ci il dövrlər ərzində müvafiq aylar üzrə ona verilməmiş əmək haqqının, aylıq pul təminatından qanunsuz tutulmuş, vəzifə maaşına üstəlik verilməli olan əlavələrin, ezamiyyət pullarının və s. digər təminat təminat xərclərinin ödənilməyən hissəsinin hesablanaraq ona qaytarılması vəzifəsinin cavabdehə həvalə olunmasını xahiş edir. Cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim olunmuş İddiaçı aid xidmət kitabından (siyahı) çıxarışdan müəyyən olunur ki, sonuncu Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini-Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 25.05.1993-cü il tarixli əmrinə əsasən ehtiyatdan hərbi xidmətə çağırılmışdır. Azərbaycan Respublikasının Müdafiə Nazirliyində 25.05.1993-25.05.1995-ci il tarixlərdə N nömrəli hərbi hissədə, 25.05.1995-18.08.2000-ci il tarixlərdə N nömrəli hərbi hissədə, 18.08.2000-03.08.2005-ci il tarixlərdə N nömrəli hərbi hissədə və 03.08.2005-04.08.2011-ci il tarixlərdə N nömrəli hərbi hissədə xidmət keçmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi rayon İdarəsi tərəfindən verilmiş 01.05.2017-ci il tarixli arayışdan müəyyən olunur ki, 1962-ci il təvəllüdlü ehtiyatda olan mayor İddiaçı həqiqətən 02.08.1980-ci il tarixdən 22.06.1985-ci il tarixinədək Ryazan Ali Hərbi Avtomobil Mühəndislər Məktəbində kursant kimi, 01.08.1985-ci il tarixdən 19.09.1992-ci il tarixinədək Sovet Ordusunda zabit kimi, 19.09.1992-ci il tarixdə 04.08.2011-ci il tarixinədək Azərbaycan Respublikası Müdafiə Nazirliyində zabit qismində hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin 04.08.2011-ci il tarixli 0360 nömrəli əmri və “Hərbi Xidmətkeçmə Haqqında” Əsasnamənin 156-cı maddəsini “b” bəndinə (yaşa görə) və 164-cü maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılıb. 05.10.2012-ci il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Nəsimi rayon idarəsində hərbi qeydiyyatdadır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış 06.05.2019-cu il tarixli 12/1415 №-li məktubunda qeyd olunmuşdur ki, o, Rusiya Federasiyası Müdafiə nazirinin 0573 nömrəli əmrinə uyğun olaraq 19.09.1992-ci il tarixdən ştatların ixtisarı ilə bağlı ehtiyata buraxılmış və qeydiyyata durmaq üçün Lənkəran rayon hərbi komissarlığına göndərilmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini-Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 25.05.1993-cü il tarixli əmrinə əsasən ehtiyatdan hərbi xidmətə çağırılmış və Müdafiə nazirinin müvafiq əmrinə uyğun olaraq 31.08.2011-ci il tarixdən ehtiyata buraxılmışdır. Şəxsi işində olan N nömrəli hərbi hissə komandirinin arayışdan göründüyü kimi, 19 09.1992-ci il tarixdən 25.05.1993- cü il tarixədək sərəncamda olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.09.2017-ci il tarixli 217 nömrəli qərarının 1-ci bəndinə uyğun olaraq kompensasiyanın məbləğinin müəyyən edilməsi üçün hərbi qulluqçunun müraciət etdiyi vaxtda mövcud olan vəzifə maaşının, rütbəyə görə maaşın və xidmət illərinə görə əlavənin məbləği ayın təqvim günlərinin orta illik miqdarına (30,4 günə) bölünür və alınmış məbləğ istifadə edilməmiş məzuniyyət müddətinin təqvim günlərinin sayına vurulur. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarında da həmin qayda qeyd olunub. Müdafiə nazirinin 25.11.2012-ci il tarixli 304 nömrəli əmrinə uyğun olaraq 12.06.2010-cu il tarixdən 30.09.2012-ci il tarixədək ehtiyata buraxılan hərbi qulluqçulara istifadə etmədikləri növbəti məzuniyyət əvəzinə pul kompensasiyası Müdafiə Nazirliyində yaradılmış müvafiq komissiya tərəfindən hesablanır. Kompensasiyanın hesablanması üçün komissiya tərəfindən hərbi qulluqçunun əvvəlki xidmət yerlərinə və Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə sorğular göndərilərək hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri əsasında onun istifadə etdiyi məzuniyyət günləri haqqında məlumatlar alınır. Bütün məlumatlar toplandıqdan sonra komissiya tərəfindən ödəniş üçün protokol tərtib edilir. Ödəniş sənədlərinin hazırlanması üçün əsas olan həmin arayışlar protokola əlavə edilir. Şikayət ərizəsində qeyd etdiyi məsələlərin araşdırılması məqsədilə hərbi xidmət dövründə istifadə etmədiyi növbəti məzuniyyət əvəzinə kompensasiyanın hesablanması üçün tərtib edilmiş protokol və ona əlavə edilən sənədlər tərəflərindən araşdırılmışdır. Araşdırma nəticəsində məlum olmuşdur ki, onun hərbi xidmət dövründə istifadə etmədiyi növbəti məzuniyyət 312 gün təşkil etmişdir. Tərtib edilmiş protokola əlavə edilmiş sənədlərdən göründüyü kimi, kompensasiyanın hesablanması üçün, aldığı pul təminatı maaşları (hərbi rütbə üzrə 130,0 manat, vəzifə üzrə 365,0 manat, xidmət illərinə görə əlavə 198 manat olmaqla, cəmi 693 manat) 30,4-ə bölünməklə bir günlük kompensasiya məbləği (22.80) tapılmış və həmin məbləğ istifadə etmədiyi məzuniyyət günlərinə vurularaq 7.113,60 manat kompensasiya məbləği müəyyən edilmişdir. Onun ilk müraciəti 2013-cü ilin yanvar ayında olduğundan kompensasiyanın hesablanması üçün həmin vaxt mövcud olmuş vəzifə maaşı (365,0 manat) əsas götürülmüşdür ki, bu da yuxarıda qeyd edilən qərarların tələblərinə uyğundur. Eyni zamanda, ona 5500,86 manat məbləğində öncə hesablanmış məzuniyyət əvəzi pul kompensasiyası 30.12.2016-cı il tarixdə Müdafiə Nazirliyinin İşlər İdarəsinin maliyyə bölməsi tərəfindən təqdim etdiyi bank hesabına köçürülmüşdür. Həmin protokol tərtib edilərkən Müdafiə nazirinin əmrinə uyğun olaraq 1992-1993-cü illərdə istifadə edilməmiş növbəti məzuniyyət günlərinə görə kompensasiyanın 1994-cü ildə ödənildiyini nəzərə alaraq həmin dövrdə istifadə etmədiyi məzuniyyət günləri nəzərə alınmamışdır. Məhkəmə qərarına uyğun olaraq qeyd edilən dövr də nəzərə alınmaqla, yenidən hesablama aparılmış və 1612,74 manat məbləğində fərq 12.04.2019-cu ildə hesabına köçürülmüşdür. Bundan əlavə, 17.05.2017-ci il tarixli məktubula Müdafiə Nazirliyinə göndərdiyi hesablamaya tərəflərindən baxılmışdır. Həmin hesablamalar mövcud qanunvericiliyin tələblərinə uyğun deyildir. Belə ki, onun Azərbaycan Ordusunda hərbi xidməti 19.09.1992ci ildə başlamışdır. Bu səbəbdən həmin il üçün məzuniyyət xidmət etdiyi tam aylara uyğun olaraq proporsional hesablanmalıdır. Digər illərdə istifadə etmədiyi məzuniyyət günlərində isə fərq vardır. Nəticədə təqdim etdiyi hesablamalarda 104 gün artıq göstərilmişdir. Vəzifə maaşı ilə əlaqədar məsələni isə yuxarıda qeyd ediblər. Qeyd edilənləri nəzərə alaraq bildirilmişdir ki, hərbi xidmət dövründə istifadə etmədiyi növbəti məzuniyyət əvəzinə pul kompensasiyası düzgün hesablanmışdır. Ona həmin vəsaitdən artıq ödəmənin aparılması qanunauyğun deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iddiası mübahisə açdığı məsələ də İnzibati Prosessual Məcəllə qüvvəyə minməzdən əvvəlki dövrə aiddir. Nəzərə alınmalıdır ki, İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu. Mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 2011-ci il tarixədək qəbul edilmiş aktların (hərəkət və ya hərəkətsizliyin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta (hərəkət və ya hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Beləliklə, inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, qanunla müəyyən edilən iddia müddətləri daxilində qaldırılmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın. Lakin hazırki işdən iddiaçının 2011-ci ilədək qüvvədə olan qanunvericilik aktları ilə müəyyən edilmiş müddətlər daxilində iddia etdiyi 19.09.1992-03.08.2005-ci il dövrlər ərzində müvafiq aylar üzrə verilməmiş əmək haqqının və vəzifə maaşına olan əlavələrin ödənilməyən hissəsinin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməsi müəyyən olunmur. Belə olan halda inzibati orqanın 01 yanvar 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyi ilə bağlı iddialara baxılarkən həmin qərarların (hərəkətlərin) mübahisələndirilməsi imkanı aradan qaxdığından, belə iddialar mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır Beləliklə, məhkəmə kollegiyası göstərilənlərə əsasən belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmamasına dair düzgün nəticəyə gəldiyindən iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 03 fevral 2022-ci il tarixli, 2-1(112)-2722/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Səadət Bəktaşi Azər Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-1407/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1407/2022
03.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver