Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1407/2024 04.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Əkbərov Kamran Hüseyn oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “sərəncamın müvafiq bəndinə dəyişiklik edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10735/2023 nömrəli, 14 dekabr 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən qəbul edilən xx.xx.2020-ci il tarixli 107 nömrəli sərəncamın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən qəbul edilmiş 107 nömrəli, xx.xx.2020-ci il tarixli sərəncamın 1-ci bəndinə dəyişiklik edilərək, “icarə əsasında” sözlərinin çıxarılması, 3-cü bəndin çıxarılması, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi ərazisindəki yerquruluşu planında göstərilmiş koordinatlar daxilində yerləşən kotec tipli tikililərin inşa edilməsi məqsədi ilə ayrılmış 0,24 hektar torpaq sahəsinin hüquqi rejiminin İddiaçı daimi istifadə hüququ əsasında müəyyən edilməsi öhdəliyinin cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Nəriman Abıyev) 2-1(112)-10735/2023 nömrəli, 14 dekabr 2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi ilə bağlı qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən qəbul edilən xx.xx.2020-ci il tarixli 107 nömrəli sərəncamın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan xx.xx.2023-cü il tarixdə məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən qəbul edilmiş 107 nömrəli, xx.xx.2020-ci il tarixli sərəncamın 1-ci bəndinə dəyişiklik edilərək, “icarə əsasında” sözlərinin çıxarılması, 3-cü bəndin çıxarılması, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi ərazisindəki yerquruluşu planında göstərilmiş koordinatlar daxilində yerləşən kotec tipli tikililərin inşa edilməsi məqsədi ilə ayrılmış 0,24 hektar torpaq sahəsinin hüquqi rejiminin İddiaçı daimi istifadə hüququ əsasında müəyyən edilməsi öhdəliyinin cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı şəhər İcra Hakimiyyətinin 107 saylı 21 may 2020-ci il tarixli sərəncamı ilə onunla Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 0.24 ha torpaq sahəsinə 1587 saylı, 11 iyun 2020-ci il tarixli kotec tipli tikililərin inşası üçün torpaq icarə müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən həmin torpaq sahəsində yerləşən qeyri-yaşayış binasına dair qeydiyyat nömrəsi **********, xx.xx.2020-ci il tarixli çıxarış verilmişdir. Daha sonra Bakı şəhər İcra Hakimiyyətinə aralarında bağlanmış 1587 saylı, 11 iyun 2020-ci il tarixli müqavilənin ləğv edilməsi ilə bağlı ərizə ilə müraciət etmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatının 3-52/2-İ-22-091/2023 saylı 12 aprel 2023-cü il tarixli cavabı ilə aralarında bağlanmış müqaviləyə xitam verilməsi barədə müraciətinə imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, icarə müqaviləsinə xitam verilməsinə dair qanunvericilikdə nəzərdə tutulmuş əsaslar və yaxud sözügedən məsələyə dair müvafiq məhkəmə instansiyasının hüquqi mövqeyini özündə əks etdirən qanuni qüvvəyə minmiş qərarı təqdim edilməlidir. Buna görə də sözügedən müqavilənin ləğv edilməsi barədə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdehin imtinası qanunsuz və əsassızdır. Bakı İnzibati Məhkəməsi sözügedən inzibati mübahisə ilə bağlı xx.xx.2023-cü il tarixdə 2-1(112)-10735/2023 saylı qərardad qəbul etmişdir. Sözügedən qərardada əsasən iddia müddəti ötürüldüyündən İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı sərəncamın müvafiq bəndinə dəyişiklik edilməsi tələbinə dair iddiası mümkün sayılmamışdır. Nazirlər Kabinetinin 29 noyabr 2007-ci il tarixli 191 saylı “Dövlət əmlakının (mənzil fondundan başqa) icarəyə verilməsi üçün icarə haqqının minumum məbləği”-nin təsdiq edilməsi haqqında qərarı əsasında icarə haqqının minumum məbləği təsdiqlənmişdir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, icarə haqqının məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiqlənir. Bundan başqa, ödənişlər dövlət nəfinə fiziki şəxsin uçotda olduğu vergi orqanının müvafiq xəzinə hesabına ödənilməlidir. Belə olan halda icarə haqqının məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edildiyindən icarə haqqını tələb etmək hüququ Bakı şəhər İcra Hakimiyyətinə məxsus deyildir. Əlavə olaraq sözügedən inzibati orqan tərəfindən icarə haqqının ödənilməsi barədə bildiriş və xəbərdarlıq göndərilmişdir. Sabunçu rayonunun inzibati ərazi hüdudları nəzərə alınmaqla Bakı şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmışdır. Buna baxmayaraq, Nardaran qəsəbəsinin ərazisində yerləşən torpaq sahələrinə mülkiyyət hüququ Nardaran bələdiyyələrinə məxsusdur. Mülki Məcəllənin 152.1-ci maddəsinin məzmunundan da göründüyü kimi, mülkiyyət hüququ 3 əsas elementi özündə ehtiva edir (sahiblik, istifadə, sərəncam). Beləliklə, mülkiyyətdə olan əmlak barədə icarə müqaviləsi bağlamaq istifadə hüququna aiddir. Qanunvericiliyin tələblərindən də göründüyü kimi, torpaq icarəsi müqaviləsini bağlamaq Bakı şəhər İcra Hakimiyyətinin səlahiyyətlərində olmamışdır. Bakı İnzibati Məhkəməsi müqavilənin sözügedən hissələrinin iddiaçının hüquqlarını pozmasının ona məlum olması faktını müəyyən edərək, məhkəməyə iddia ərizəsi ilə müraciət etmə faktını nəzərə almadan yalnız mübahisələndirilən 21 may 2020-ci il tarixli 107 saylı sərəncamı rəsmi qaydada aldığı müddətdən, yəni 11 iyun 2020-ci il tarixdən iddia müddətini hesablamışdır. Düşünürük ki, sözügedən sərəncəmın hüquqlarını pozması faktı ilə yeni məlumatlı olmağı üzürlü hesab edilə bilər. Bu səbəbdən iddia müddətinin buraxılmamış hesab olunmasının qanuni və ədalətli olacağını düşünürük. Bakı şəhər İcra Hakimiyyətinin mülkiyyətində olmayan torpaq barədə müqavilə bağlayarkən müvafiq olaraq bələdiyyə və ya Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət etməli idi. Apellyasiya baxışı zamanı əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxsin (nümayəndəsinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti başçısının “Kottec tipli tikililərin inşa edilməsi məqsədilə torpaq sahəsinin icarə əsasında vətəndaş İddiaçı istifadəsinə verilməsi haqqında” 107 №-li, xx.xx.2020-ci il tarixli sərəncamının surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi ərazisində, yerquruluşu planında göstərilmiş koordinatlar daxilində yerləşən 0,24 ha torpaq sahəsi kottec tipli tikililərin inşa edilməsi məqsədilə vətəndaş İddiaçı icarə əsasında İstifadəsinə verilməsi qərara alınmışdır. İş materiallarında olan “İcarəyəverən” Bakı şəhər İcra Hakimiyyəti ilə “İcarəçi” İddiaçı arasında imzalanmış Torpaq sahəsinin icarəyə verilməsi haqqında 1587 №-li, xx.xx.2020ci il tarixli müqavilənin surətindən görünür ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 107 saylı, xx.xx.2020-ci il tarixli sərəncamı və Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2020ci il tarixli yerquruluşu planına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi ərazisində yerləşən 2400 kv.m torpaq sahəsi 49 il müddətinə İcarənin istifadəsinə verilmiş, İcarəçi isə onu qəbul etmişdir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən sahəsi 931.2 kv.m olan qeyri-yaşayış binasına İddiaçı xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci ildə qeydiyyata alınmışdır (reyestr nömrəsi **********77- 06301, qeydiyyat nömrəsi **********). Torpaq sahəsi 0.24 hektar, torpaq sahəsinin mülkiyyət növü «Dövlət», torpaq sahəsi üzərində hüququn növü «İcarə» qeyd edilmişdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianını mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İddia tələbindən görünür ki, iddiaçı Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli sərəncamına dəyişiklik edilməsini xahiş edir (həmin sərəncamı mübahisələndirir). Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən hazırkı iddianın irəli sürülməsi üçün iddia müddətinə riayət edilməmişdir. İş materiallarından görünür ki, iddiaçının mübahisələndirdiyi sərəncam xx.xx.2020-ci ildə qəbul edilmişdir, iddiaçı həmin sərəncamı xx.xx.2020-ci ildə əldə etmiş və xx.xx.2020-ci ildə həmin sərəncam əsasında Bakı şəhər İcra Hakimiyyəti ilə Torpaq icra müqaviləsini imzalamışdır. Bundan başqa, həmin ünvanında yerləşən qeyri-yaşayış binasına iddiaçının xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci ildə qeydiyyata alınarkən torpaq üzərində hüququn növü İcarə olduğu qeyd olunmuşdur və bu barədə iddiaçıya Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış təqdim olunmuşdur. Göründüyü kimi, iddiaçı mübahisələndirdiyi xx.xx.2020-ci il tarixli sərəncamdan həmin tarixdən məlumatlı olmuş, lakin iddiaçı sərəncamdan məlumatlı olduğu vaxtdan qanunla nəzərdə tutulmuş 30 günlük iddia müddətini ötürməklə məhkəmədə iddia qaldırmışdır. Belə ki, iddiaçının iddia ərizəsi məhkəməyə göndərilməsi üçün xx.xx.2023-cü il tarixdə sürətli poçta təqdim olunmuş və həmin iddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Beləliklə, iddiaçı mübahisələndirdiyi sərəncamın ləğvinə dair iddianı qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürməklə vermişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia). 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. 24.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Beləliklə, iddiaçı hazırda müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmüşdür. Başqa sözlə, iddianın mümkünlük şərti yerinə yetirilmir. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkün sayılmamasını düzgün nəticə kimi qiymətləndirir. Şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün qiymətləndirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. İddiaçının mübahisə etdiyi qərar xx.xx.2020-ci ildə qəbul edilmişdir. Həmin qərarın qəbul edilməsindən 1 ildən çox müddət keçmişdir. İddiaçı isə qanunla müəyyən edilmiş müddət ərzində məhkəməyə müraciət etməyərək məhkəmə müdafiəsi hüququndan yararlanmamışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd olunur: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. 9. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın mümkünlük şərtlərinin ödənilmədiyi müəyyən edilir və iddianın mümkün sayılmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olub, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardadın ləğvi üçün əsas hesab edilə bilməz. Bu səbəbdən də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10735/2023 nömrəli, 14 dekabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1407/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1407/2024
04.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver