Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1408/2022 30.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, cavabdehin nümayəndələri X1 və X3 və iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə qarşı «məcburi köçkünlərə verilən yemək xərcinin və uşaqlara məcburi köçkün statusunun verilməsi tələbinə dair» Bakı İnzibatii Məhkəməsinin 2-1(112)-4757/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apelyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə (bundan sonra-«Komitə») qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “məcburi köçkünlər üçün nəzərdə tutulmuş yemək xərcinin verilməsinin bərpa olunması, almadığı illər üçün məcburi köçkünlər üçün nəzərdə tutulmuş yemək xərcinin hesablanıb ödənilməsi, həmçinin uşaqlarına məcburi köçkün statusunun, vəsiqəsinin verilməsi və doğulduqları gündən almadığı məcburi köçkünlər üçün nəzərdə tutulmuş yemək xərcinin hesablanıb ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı xx.xx.1976-cı ildə ünvan 2 kəndində anadan olmuş və orada qeydiyyatdadır. Hal-hazırda Sumqayıt şəhəri, “Asfaltzavod” və “Körpü” ərazisi üzrə məhəllə komitəsi ərazisində yerləşən fərdi yaşayış evində məskunlaşmışdır. Laçın rayonundan məcburi köçkündür. Bu barədə ona seriya AA№346869 saylı məcburi köçkün vəsiqəsi də verilmişdir. Ailəlidir, üç övladı var. X2 ilə xx.xx.2007-ci ildə rəsmi nikah bağlamışdır. Birgə nikahdan xx.xx.2007-ci il təvəllüdlü Əli İsgəndərli, xx.xx.2009-cu il təvəllüdlü Uğur İsgəndərli və xx.xx.2010-cu il təvəllüdlü Ramazan İsgəndərli adlı övladları dünyaya gəlmişdir. İddiaçı 2007-ci ilə kimi məcburi köçkünlər üçün nəzərdə tutulmuş yemək xərcini almış, həmin ildən isə ona məcburi köçkünlər üçün nəzərdə tutulmuş yemək xərcinin verilməsi dayandırılmışdır. Uşaqlarına da məcburi köçkünlər üçün nəzərdə tutulmuş yemək xərci verilmir. Onlara hətta məcburi köçkün vəsiqəsi də verilməyib. O, cavabdeh orqana ərizə ilə müraciət edərək, ona məcburi köçkünlər üçün nəzərdə tutulmuş yemək xərcinin verilməsinin bərpa olunması, almadığı illər üçün məcburi köçkünlər üçün nəzərdə tutulmuş yemək xərcinin hesablanıb ödənilməsi, həmçinin uşaqlarına məcburi köçkün statusunun, vəsiqəsinin verilməsi və uşaqlarına doğulduqları gündən almadığı məcburi köçkünlər üçün nəzərdə tutulmuş yemək xərcinin hesablanıb ona ödənilməsi üçün köməklik edilməsini xahiş etmiş, lakin ərizəsinə bu günə kimi cavab verilməmişdir. Cavabdeh iddia ərizəsinə etirazında iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, iddiaçının məcburi köçkünlərə yemək xərci ilə bağlı tələbi Komitəyə ünvanlanmış 21 sentyabr 2020-ci il tarixli müraciəti aidiyyəti üzrə baxılması üçün Komitənin 01/22179 nömrəli 15 oktyabr 2020-ci il tarixli məktubu ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın tələblərinə uyğun olaraq, Laçın Rayon İcra Hakimiyyətinə göndərilmişdir. İddiaçıya vahid aylıq müavinətin verilməsi Laçın rayon İcra Hakimiyyəti tərəfindən dayandırılmışdır. İddiaçının övladlarına məcburi köçkün statusunun verilməsinə gəldikdə isə müəyyənləşdirilmiş sənəd toplusu ilə Komitəyə müraciət etməmiş və Komitə tərəfindən iddiaçının övladlarına məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəsinin verilməsi ilə əlaqədar heç bir imtina cavabı təqdim edilməmişdir Bakı İnzibatii Məhkəməsinin 2-1(112)-4757/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya icraatı mümkündür. Şikayət iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, eyni zamanda aşağıdakılar qeyd olunmuşdur: «…Məhkəmənin qərarı qanunsuz və əsassızxdır. Belə ki, məhkəmə onun xx.xx.2006-ci il tarixdən xx.xx.2015-ci il tarixədək ünvan 1 ünvanda yaşayış yeri üzrə qeydiyyatda olduğunu, 2015-ci ilin iyun ayından isə ünvan 2 kəndi ünvanına yaşayış yeri üzrə qeydiyyata alındığını və məcburi köçkün statusuna isə iddiaçı 04 noyabr 2015-ci il tarixdən malik olduğunu qeyd edərək hesab etmişdir ki, iddiaçı Laçın rayonundan məcburi köçkün düşdükdən sonra bu rayon üzrə qeydiyyatdan çıxaraq Sumqayıt şəhəri üzrə yaşayış yeri üzrə qeydiyyata düşdüyündən, ona məcburi köçkünlər üçün nəzərdə tutulmuş ödənişlərin (müavinətin) ödənilməsi tələbi yuxarıda sadalanan qanunvericiliyinin normalarına ziddir. İddiaçının bu tələbinin hüquqi əsası mövcud deyil. O, məhkəmənin gəldiyi bu nəticə ilə razılaşmır Çünki xx.xx.2006-cı il tarixdən xx.xx.2015-ci il tarixədək ünvan 3 ünvanda yaşayış yeri üzrə qeydiyyatda olmuş, 2015-ci ilin iyun ayından isə ünvan 2 kəndi ünvanına yaşayış yeri üzrə qeydiyyata alınmış məcburi köçkün statusuna isə 04 noyabr 2015-ci il tarixdən malik olmuşdur. Hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli Qərarı iona tətbiq oluna bilməz. Çünki, o, həmin tarixə qədər xx.xx.2006cı il tarixdən xx.xx.2015-ci il tarixədək ünvan 3 ünvanda yaşayış yeri üzrə qeydiyyatda olmuş, 2015-ci ilin iyun ayından isə ünvan 2 kəndi ünvanına yaşayış yeri üzrə qeydiyyatda olmuşdur. Bundan əlavə «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş sakinlərin) statusu haqqında Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinə əsasən qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir..» Məhkəmə kollegiyasının iclaslarında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermiş, eyni zamanda bildirmişdir ki, uşaqlara məcburi köçkün statusu almaq üçün hansı sənədləri təqdim etməli olduğunu bilmədiyini, haqqını tələb etdiyini qeyd edərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi M.Hüseynov iddiaçının apellyasiya şikayətinə etirazını bildirərək qeyd etmişdir ki, onun yemək xərcinin verilməsi ilə bağlı iddia tələbi üzrə əsl cavabdehin Komitə deyil. Laçın rayon İcra Hakimiyyətidir. Uşaqlarına məcburi köçkün statusu verilməsinə gəldikdə isə iddiaçı tərəfindən qanunvericiliklə müəyyən olunmuş sənədlər Komitənin yerli qurumuna müraciəti ilə birlikdə təqdim olunmamış və ona imtina cavabı verilməmişdir. Həmin sənədlər iddiaçı tərəfindən təqdim olunacağı təqdirdə onun müraciətinə baxılalacaq. Ona görə də birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab gəlir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia mümkün sayılmamalıdır. Belə ki, iddiaçının tələbindən göründüyü kimi, iki hissədən ibarətdir: Birinci tələbi ona və uşaqlarına “məcburi köçkünlər üçün nəzərdə tutulmuş yemək xərcinin verilməsi; ikinci tələbi isə övladlarına məcuri köçkün statusu və vəsiqəsinin verilməsi. Lakin hər iki tələbin məhkəmə icraatını mümkün edən əsasların mövcudluğu müəyyən olunmur. Belə ki, yemək xərcinin verilməsi ilə bağlı iddia tələbi əsl olmayan cavabdehə qarşı irəli sürülmüşdür. Başqa sözlə, iddiaçının yemək xərcinin verilməsi tələbi Komitəyə qarşı yönələ bilməz. Belə ki, iş materialarınadan görünür ki, iddiaçı “məcburi köçkünlər üçün nəzərdə tutulmuş yemək xərcinin verilməsi ilə bağlı cavabdeh Komityə xx.xx.2020-ci il tarixli ərizə ilə müraciət etmiş, lakin həmin vaxt qüvvədə olan qanunvericiliyə görə Komitə iddiaçının bu müraciətinə baxıb həll etməsi üçün qanunvericiliklə müəyyən edilən səlahiyytə malik olmamışdır. Belə ki, Azərbaycan Respublikasının “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Qanunun 9-cu maddəsinə əsasən, məcburi köçkünlərin birdəfəlik və mütəmadi pul yardımları, ərzaq və sənaye məhsulları ilə təmin edilmələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nönrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”na əsasən, məcburi köçkünlərə vahid aylıq müavinətin ödənilməsi həyata keçirilir Həmin Qaydanın 3.1-ci bəndinə əsasən, əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanları aylıq müavinət alan məcburi köçkünlərin hər il yanvarın 1-nə ümumi adlı siyahısını və azalmadan asılı olaraq, hər ay dəqiqləşdirilmiş hesabatı hazırlayıb təsdiq edir, həm kağız formatında, həm də elektron daşıyıcı variantında Azərbaycan Respublikasınin Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə (bundan sonra - Komitə), elektron daşıyıcı variantında isə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edirlər. Həmin Qaydanın 3.4-cü bəndinə əsasən, aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahılarının dəqiqliyi və düzgünlüyünə görə həmin siyahıları tərtib edən məsul şəxslər və siyahıları təsdiq edən əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin başçıları cavabdehlik daşıyırlar. Komitənin iddia ərizəsinə etirazından da görünür ki, iddiaçının ona məcburi köçkünlərə verilən yemək xərci ilə bağlı tələbi baxılması üçün Laçın rayon İcra hakimiyyətinə göndərilmişdir. İddiaçının ikinci tələbi, yəni, övladlarına məcburi köçkün statsu və vəsiqəsi verilməsi tələbi ilə əlaqədar isə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının işə əlavə olunmuş Komityə ünvanlanmış ərizəsinə, məhkəməyə verdiyi izahatlarına və Komitənin iddia ərizəsinə etirazına və onun nümayəndəsinin məhkəməyə verdiyi izahatına əsasən müəyyən olunmuşdur ki, iddiaçı uşaqlarına məcburi köçkün statusununı verilməsini tələb etsə də həmin ərizəsinə bunun üçün qanunvericilikdə nəzərdə tutulan sənədləri ərizəsinə əlavə etməmişdir. “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 1.1-ci bəndinə əsasən, “Azərbaycan Respublikasının Qaçqınların və X4 üzrə Dövlət Komitəsi haqqında” Əsasnaməyə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “məcburi köçkün” statusu, onu təsdiq edən vəsiqənin verilməsi və bu statusdan məhrumetmə məsələlərinə dair qərarları Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi qəbul edir. Həmin Qaydalara uyğun olaraq “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqəni almaq niyyətində olan şəxs müvəqqəti məskunlaşdığı şəhər və rayon icra hakimiyyətində müvəqqəti yaşayış yeri üzrə qeydiyyatdan keçməlidir. “Məcburi.köçkün” statusu və onu təsdiq edən vəsiqəni almaq niyyətində olan şəxs bu Qaydaların 2.4-cü bəndində göstərilən sənədləri elektron və ya qeyri-elektron formada bilavasitə və yaxud Komitənin yerli nümayəndələri, Komitənin yerli nümayəndələri olmayan şəhər və rayonlarda isə icra hakimiyyəti orqanları vasitəsi ilə Komitəyə təqdim etməlidir. “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 2.4.6-cı bəndinə uyğun olaraq, rayonun işğalı zamanı 18 yaşına (yetkinlik yaşına) çatmamış şəxslər ona məcburi köçkün statusu və vəsiqəsinin verilməsi üçün aşağıdakı sənədlərlə birlikdə Komitəyə müraciət etməlidirlər: 2.4.6.1. Ərizə forması; 2.4.6.2. Şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin surəti (əsli ilə birlikdə); 2.4.6.3. Atanın şəxsiyyət vəsiqəsi və hərbi biletinin surəti (əsli ilə birlikdə); 2.4.6.4. Atanın hərbi bileti itirildiyi halda atanın işğal zamanı məcburi köçkün düşdüyü rayonda hərbi və ya pasport qeydiyyatında olması barədə SHXÇDX-nin rayon şöbəsi və ya DİN-nin rayon şöbəsi tərəfindən verilmiş arayış; 2.4.6.5. Atanın məcburi köçkün düşməsi barədə işğal nəticəsində məcburən tərk etdiyi rayonun icra hakimiyyətinin başçısı və ya müavini tərəfindən verilmiş arayış. 2.4.6.6. 2 ədəd 3x4 ölçüdə rəngli fotoşəkil. Qaydaların qeyd olunan tələblərindən göründüyü kimi, adıçəkilən sənəldlərin təqdim edilməsi vəzifəsi konkret halda məhz iddiaçının üzərinə düşür. Komitə həm iddia ərizəsinə etirazında, həm də hazırkı məhkəmə iclasında iştirak edən nümayəndəsi məhkəməyə verdiyi izahatında iddiaçı tərəfindən sadlanan sənədlərin Komitənin yerli qürumuna təqdim edilmədiyni və Komitə tərəfindən də ona hər hansı imtina cavabı verilmədiyini bildirmişdir. İddiaçı özü də xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə iclasında özü də həmin sənədləri Komitəyə (yerli qürumuna) təqdim etmədiyini etiraf etmişdir. Qeyd olunanlardan göründüyü kimi, iddiaçının «yemək xərci ilə bağlı tələbi üzrə» əsl cavabdeh - onun məcburi köçkün kimi qeydiyyatda olduğu Laçın rayon İcra Hakimiyyəti, «uşaqlarına məcburi köçkün statsu və vəsiqəsi verilməsi tələbi» üzrə isə cavabdeh - Komitə olduğu təqdirdə, iddiaçı faktiki olaraq müxtəlif inzibati orqanlara qarşı ayrı-ayrı iki tələbini bir iddiada birləşdirərək, hər iki tələbini Komitəyə qarşı irəli sürmüşdür ki, bu da prosoessual qanunvericiliyin tələbinə görə yolverilməzdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 37-ci maddəsinin tələbinə görə bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid oldğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. Qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçının hazırkı məcburetmə haqqında iddia ərizəsinin əsaslandırılmış iddia kimi qiymətlənirilməsi və məhkəmə icraatının mümkün sayılması üçün faktiki şərtlər mövcud olmamışdır. İPM-in 35.1-ci maddəsi isə nəzərdə tutur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd olunan normalarının mənasından göründüyü kimi, inzibati icraat qaydalarına uyğun olmayan və əsaslandırılayan iddianın inzibati məhkəmə icraatı mümkün mümkün sayılmır. Həmin Məcəllənin 35.3-cü maddəsindən isə görünür ki, iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilir. Birinci instansiya məhkəməsi tərəfindən isə işə baxılarkən iddianın mümkünlüyü məsələsi, ümumiyyətlə. araşdırılmamış, iddia tələblərinə qanunvericiliyin tələbləri nəzərə alınmaqla düzgün hüquqi qiymət verilməmiş, iddianın mümkünlük şərtləri öz təsdiqini tapmadığı halda, məhkəmə işə mahiyyəti üzrə iddianın rədd edilməsi barədə düzgün olmayan nəticəyə gəlmiş, bununla da prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Beləliklə də göstərilənlərə əsasən məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin, birinci instansiya məhkəməsinin qərarının qanunsuz və əsassız olduğunu olduğunu mübahisələndirən və qərarın ləğv edilməsini tələb edən dəlilləri hissəsində qismən razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4757/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ləğv edilməli və iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməlidir. Eyni zamanda, məhkəmə kollegiyası iddiaçıya izah edir ki, yuxarıda qeyd olunanlar nəzərə alınmaqla, məcburi köçkünlərə verilən məcburi yemək xərci (müavinət) ilə bağlı məcburi köçkün kimi qeydiyyatda olduğu yerli icra hakimiyyətinə (Laçın rayon İcra Hakimiyyətinə), övladlarına məcburi köçkün statsununu və vəsiqəsinin verilməsi ilə bağlı Komitənin yerli qurumuna müvafiq ərizə ilə (qanunvericilikdə tələb olunan sənədləri əlavə etməklə) müraciət edə bilər, imtina cavabı verildiyi halda isə həmin imtinanı qeydiyyatda olduğu (yaşadığı) yer üzrə inzibati məhkəmədə mübahisələndirə bilər. Qeyd olunanlara əsasən və İPM-in 80, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4757/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Vidadi Məmmədov
Məhkəmə qərarları › İş №2-1(103)-1408/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1408/2022
30.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver