Məhkəmə qərarları › İş №2-1(103)-1408/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1408/2023

12.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1408/2023 12.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1581/2022 nömrəli 05 oktyabr 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosiai Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona İİ dərəcə əlilliyin təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Miminat Hacıbəyova) 2-1(112)-1581/2022 nömrəli 05 oktyabr 2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı seropozitiv revmotid artitrevmatoid artrid, poliaartritin forma, seropazitiv forma aktiv gedişli, aktivlik İİ-İİİ mərhələ, hormonlardan asılılıq, tropid forma, oynaqların başqa rubrikalarında təsnif olunmayan digər dəqiqləşdirilmiş zədələnmələri, miokardın degenerasiyası, miokardiodistrofiya diaqnozu ilə xəstədir. Bununla əlaqədar ona İİ dərəcə əlillik və sosial müavinət təyin olunmuşdur. Əlilliyin yenidən müəyyən edilməsi üçün Azərbaycan Respublikası Elmi X8 X3 xx.xx.2021-ci il tarixindən 16 aprel 2021-ci il tarixə kimi müalicə almışdır. Həmin polikilinika şöbəsi tərəfindən müalicədən sonra xəstəliyinin diaqnozu: Rematoid artid, poliartrid, seropozitivforma, İİ-İİİ aktiv gedişdə oynaqların funksional çatışmamazlığı-İİİ mərhələ, tez-tez residləşən forma. Bu haqda xx.xx.2021-ci il tarixli arayış verilmişdir. Lakin Tibbi Sosial Ekspert Komisiyası əlavə müalicəyə ehtiyacın olması və müalicə müddətinin yetərli olmamasını əsas gətirməklə 29 may 2021-ci il tarixdə pensiya təyinindən imtina etmişdir. Həmin imtinanı iddiaçı əsassız hesab edir, ona görə ki, göndəriş Azərbaycan Respublikası Elmi X9 İnstutunun Polikilinaka şöbəsinin müalicə üçün tələb etdiyi müddətə tam əməl olunmuşdur. Bundan başqa məhkəmənin 22 sentyabr 2021-ci il tarixli qərardadı ilə təyin edilmiş sağlamlıq vəziyyətinin təyininə dair ekpertizada şəxsən iştirak etmişdir. Lakin ekspert rəyində qeyd olunduğu kimi yenə də cavabdehin nümayəndəsi iştirak etmişdir. Cavabdeh tərəfin iştirakı digər ekpertlərə obyektiv rəy vermələrinə təsir etmişdir. Əslində ekpert müstəqil olmalıdır. Rəy verərkən heç bir təsirə məruz qalmamalıdır. Cavabdeh tərəfin iştirakını qanunsuz hesab edir. Bu səbəbdən ekpert rəyinin əsaslığı şübhə altındadır. Odur ki, təkrar ekspertiza keçirilməlidir. Bu haqda şifahi olaraq vəsatət versə də təmin edilməmişdir. İddiaçı cavabdehin qanunsuzluq etməsinə görə məhkəməyə müraciət etmişdir. İddiaçı barəsində cavabdeh tərəf fikrini artıq bildirmişdir. Həmin rəylə razı deyil. Belə nəticəyə gəlinir ki, məhkəmə yenidən cavabdehdən soruşur. Bu səbəbdən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "MTE və PAB" PHŞ-i tərəfindən verilmiş və işə əlavə edilmiş T309/2021 saylı ekpert rəyini qəbul etmir. Təkrar cavabdeh tərəfin heç bir nümayəndəsinin iştirakı olmadan ekspertiza keçirilməsini istəyir. Cavabdeh tərəfindən onun konsitutsion hüququ pozulmuşdur. Hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmişdir. Lakin məhkəmə birtərəfli mövqe tutaraq Konsitutsiya ilə təsbit edilmiş sosial təminat hüququnu bərpa etmədi. Göründüyü kimi bu iş üzrə rəy verilməsi zəruridir. Lakin qeyd etdiyi kimi ekpertizanı cavabdeh tərəf aparmışdır.Həmin rəy birtərəfli, yalnız cavabdehin mənafeyinə uyğun verilmişdir. Ekpertiza aparılarkən qeyd olunduğu kimi şəxsən iştirak etmişdir. Orada cavabdeh tərəfin nümayəndəsi tam rəhbərlik edirdi. Digər ekpertlərin müstəqilliyinə imkan vermirdi. Məhkəmə ekspert rəyini əsas gətirməklə belə bir nəticəyə gəlmişdi, lakin həmin ekspert rəyindən açıq- aşkar görünür ki, cavabdehin nümayəndəsi ekspertizada ekpert kimi səlahiyyətli iştirak etmişdir. Bu hal araşdırılmadan məhkəmə qeyd olunan qərarı qəbul etmişdir. Xəstə və İİ qrup əlili kimi Azərbaycan Respublikası Elmi X8 X1 xx.xx.2021-ci il tarixindən 16 aprel 2021-ci il tarixə kimi müalicə almağını təsdiq edən sübutlar məhkəmə tərəfindən subut kimi qəbul edilməmişdir. Göstərilənlərə əsasən qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya baxışı zamanı iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona üçüncü dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qərarın ləğv edilməsini, iddia tələbinin dəqiqləşdirilmiş formada təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, iş materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməlidir. İş materiallarında olan AZE seriyalı, 0******* №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1973-cü ildə doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosiai Ekspertiza və Reabilitasiya Agentliyinin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli ********** nömrəli məktubda qeyd olunur: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq əlillik vəziyyətiniz Biləsuvar rayon Mərkəzi Xəstəxanasının rəsmiləşdirdiyi 0234003AALDW nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması (Səbəb: Xəstədə son bir il ərzində əsas diaqnozun ağırlıq dərəcəsinə gorə ixtisaslaşmış müalicə kursu yoxdur stasionar şəraitdə müayinə və müalicə olunmasina ehtiyac var) barədə qərar qəbul edilmişdir. Bununla əlaqədar, səhiyyə müəssisəsi tərəfindən ətraflı müayinə olunub, ixtisaslaşmış müalicə aldıqdan sonra İddiaçı dair yenidən göndəriş rəsmiləşdiriləcəyi təqdirdə, əlillik vəziyyəti mövcud qanunvericiliyə uyğun olaraq qiymətləndiriləcəkdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi Tədqiqat X7 470 nömrəli epikrizinə əsasən, İddiaçı xx.xx.2013-cü il tarixdən xx.xx.2013-cü il tarixədək Terapiya şöbəsində müalicə almışdır. Revmatoid artrid, poliartrit, seropazitiv forma, aktiv gedişli, aktivlik İİ-İİİ mərhələ. Hormonlardan aslılıq, tropid forma. Oynaqların funksiya pozğunluğu, hər iki diz oynaqlarının sinovit əlamətləri diaqnozu qoyulmuşdur. İş materiallarında olan Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan çıxarışa əsasən iddiaçının əlilliyi xx.xx.2021-ci il tarixdə qiymətləndirilmişdir. “Əsas diaqnoz M05 Seropozitiv revmatoid artrit, Revmatoid artrid, poliartritin forma, seropazitiv forma aktiv gedişli, aktivlik İİ-İİİ mərhələ. Hormonlardan aslılıq. Tropid forma. Ağırlaşma M24.8 Oynaqların başqa rubrikalarda təsnif olunmayan digər dəqiqləşdirilmiş zədələnmələri, - Oynaqların funksional pozğunluğu 2-3. Hər iki diz oynaqlarının sinovit əlamətləri. Ağırlaşma İ51.5 Miokardın degenerasiyası, - Miokardiodistrofiya.” diaqnozu qoyulmuşdur. Əlavə müalicəyə ehtiyacın olması səbəbindən əlillik təyin olunmasından imtina edilmişdir. Belə ki, xəstədə son bir il ərzində əsas diaqnozun ağırlıq dərəcəsinə gorə ixtisaslaşmış müalicə kursu yoxdur, stasionar şəraitdə müayinə və müalicə olunmasına ehtiyac var. İş materiallarında olan Elmi X8 İnstitunun poliklinika şöbəsinin xx.xx.2021-ci il tarixli arayışına əsasən iddiaçıya Revmatoid artrid, poliartrit, seropazitiv forma, İİ-İİİ aktiv gedişdə oynaqların funksional çatışmamazlığı İİ-İİİ mərhələ, tez-tez residivləşən forma diaqnozu qoyulmuşdur. İş materiallarında olan 065378 nömrəli xx.xx.2001-ci il tarixli vəsiqənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı müharibə veteranıdır. İş materiallarında olan İddiaçı adına verilmiş Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli 0234003AAMRY saylı göndərişində Əsas diaqnoz - M05 Seropozitiv revmatoid artrit, -Revmatoid artrid, poliartritin forma, seropazitiv forma aktiv gedişli, aktivlik İİ-İİİ mərhələ. Hormonlardan aslılıq. Trofik yaralar. Ağırlaşma İ51.5 Miokardın degenerasiyası, - Miokardiodistrofiya. M24.8 Oynaqların başqa rubrikalarda təsnif olunmayan digər dəqiqləşdirilmiş zədələnmələri, oynaqların funksional pozğunluğu qeyd olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli T254/2023 saylı ekspert rəyindən görünür ki, 1973-cü il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: 1. Vətəndaş İddiaçı tibbi sənədlərinə əsasən o, hazırda "Əsas diaqnoz: M05 "Seropozitiv revmatoid artrit, revmatoid artrit, poliartritin forma seropozitiv aktiv gedişli, aktivlik İİ-İİİ mərhələ, hormondan asılılıq, tropid forma, Ağırlaşma: M24.8- Oynaqların başqa rubrikalarda təsnif olunmayan digər dəqiqləşdirilmiş zədələnmələri, oynaqların funksional pozğunluğu İİ-İİİ mərhələ, tez-tez residivləşən forma. Hər iki diz oynaqlarının sinovit əlamətləri" diaqnozunda qeyd edilən əsas xəstəlik və onun ağırlaşmalarından əziyyət çəkir. 2.3. Əlilliklə əlaqədar sualların həlli məhkəmə tibb ekspertlərinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının səlahiyyətlərinə aiddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: 1.1-ci bəndinə əsasən bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş 1.6-cı bəndinə əsasən əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır . 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 413 saylı xx.xx.2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə»nin: 1.1-ci bəndinə əsasən əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. 1.2-ci bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 1.3-cü bəndinə əsasən tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. 1.4-cü bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. 1.5-ci bəndinə əsasən tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın: 1.5-ci bəndinə əsasən göndəriş verilməsi üçün əsas aşağıdakılardır: şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması (1.5.1); şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir) (1.5.2); əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi (1.5.3); peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi (1.5.4); əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması (1.5.5). İş materiallarından göründüyü kimi, İddiaçı əlillik vəziyyəti Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X2: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M00-M25 - Artropatiyalar => M05-M14 - İltihabi poliartropatiyalar => M06 - Digər revmatoid artritlər => M06.9 - Dəqiqlə... Diaqnozun mətni: Revmadiod artrit, İİ-İİİ dər.hormandan aslılıq. Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: 2.3 bəndinə uyğundur” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015ci il tarixli 0234003AABBP saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X2: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M00-M25 - Artropatiyalar => M05-M14 - İltihabi poliartropatiyalar => M06 - Digər revmatoid artritlər => M06.8 - Digər d. Diaqnozun mətni: Revmatoid artriti, poliartritik forma; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: 2.3 bəndinə uyğundur” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı ildə göndəriş əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X2: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M00-M25 - Artropatiyalar => M05-M14 - İltihabi poliartropatiyalar => M06 - Digər revmatoid artritlər => M06.8 - Digər d.... Diaqnozun mətni: Revmatoid artriti, poliartritik forma; Meyar: 2.3. Üçüncü dərəcə əlillik -> DİGƏR: 2.3 bəndinə uyğundur.” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci ildə sözügedən poliklinikanın 0234003AALDW saylı göndərişi əsasında baxılmış və “X2: Xİİİ Sinif – Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M00-M25 - Artropatiyalar => M05-M14 - İltihabi poliartropatiyalar => M05 - Seropozitiv revmatoid artrit => M05.0 - Sero...Diaqnozun mətni: Əsas diaqnoz M05 Seropozitiv revmatoid artrit, -Revmatoid artrid, poliartritin forma, seropazitiv forma aktiv gedişli, aktivlik İİ-İİİ mərhələ. Hormonlardan aslılıq. Tropid forma. Ağırlaşma M24.8 Oynaqların başqa rubrikalarda təsnif olunmayan digər dəqiqləşdirilmiş zədələnmələri, - Oynaqların funksional pozğunluğu 2-3. Hər iki diz oynaqlarının sinovit əlamətləri. Ağırlaşma İ51.5 Miokardın degenerasiyası, - Miokardiodistrofiya. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: - Xəstədə son bir il ərzində əsas diaqnozun agırlıq dərəcəsinə görə ixtisaslaşmiş müalicə kursu yoxdur stasionar şəraitdə müayinə və müalicə olunmasina ehtiyac var. Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci ildə sözügedən poliklinikanın 0234003AAMRY saylı göndərişi əsasında baxılmış və “X2: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M00-M25 - Artropatiyalar => M05-M14 - İltihabi poliartropatiyalar => M05 - Seropozitiv revmatoid artrit => M05.0 - Sero... Diaqnozun mətni: Revmatoid artrid poliartritik forma, seropazitiv forma aktiv gedişli aktivlik İİ-İİİ mərhələ. Hormonlardan aslılıq, trofik yaralar. Miokardiodistrofiya. Oynaqların funksiya pozğunluğu 2-3. Arterial hipertenziya İİ dərəcə. Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: xəstənin müalicə müddəti yetərli deyil” səbəbi ilə imtina verilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının sağlamlıq vəziyyəti ilə bağlı iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş və ekspertin rəyinə əsasən iddiaçının adına tərtib edilmiş sənədlərə baxılmış və özünün məhkəmə-tibbi müayinəsi keçirilmiş, onun hazırda "Əsas diaqnoz: M05 "Seropozitiv revmatoid artrit, revmatoid artrit, poliartritin forma seropozitiv aktiv gedişli, aktivlik İİ-İİİ mərhələ, hormondan asılılıq, tropid forma, Ağırlaşma: M24.8- Oynaqların başqa rubrikalarda təsnif olunmayan digər dəqiqləşdirilmiş zədələnmələri, oynaqların funksional pozğunluğu İİ-İİİ mərhələ, tez-tez residivləşən forma. Hər iki diz oynaqlarının sinovit əlamətləri" diaqnozunda qeyd edilən əsas xəstəlik və onun ağırlaşmalarından əziyyət çəkməsi müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçıya eyni diaqnozla xx.xx.2014-cü ildən bir il, xx.xx.2015-ci ildən bir il, xx.xx.2016-cı ildən beş il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir. İddiaçının müvafiq xəstəlikdən bu gün də əziyyət çəkməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. İddiaçıya ilkin və sonradan təyin edilmiş əlilliklə bağlı diaqnozda hər hansı dəyişiklik olmamış, iddiaçıya davamlı olaraq eyni diaqnozla əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın Qaydaların 1.5.3-cü bəndinə əsasən əlillik müddətinin bitməsindən sonra qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi göndərişin verilməsi üçün əsasdır. Göründüyü kimi, qanunvericilik əlillik müddəti bitdikdən sonra əlilliyin təyini zamanı müəyyən olunmuş pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi halında, təkrar əlilliyin qiymətləndirilməsi zamanı əlil şəxsin ambulator və ya stasionar müalicədə olması ilə bağlı şərt müəyyən etmir. Belə olan halda isə cavabdehin iddiaçıya təkrar əlillik təyinindən imtinası qanunvericiliyin tələblərinə zidd olmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarını və işdə olan sübutları tam, hərtərəfli araşdırmamış, işin hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir. Ona görə də iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1581/2022 nömrəli 05 oktyabr 2022-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. İddiaçı üçüncü dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar