Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1409/2021 26.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “cavabdeh orqanın onun hərbi xidmət keçməsi ilə bağlı elektron arayışın verilməsindən imtinasının qanunsuz hesab edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X5 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Namiq Şamil oğlu Cəfərovdan ibarət tərkibdə, X3-Yusiflinin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “cavabdeh orqanın onun hərbi xidmət keçməsi ilə bağlı elektron arayışın verilməsindən imtinasının qanunsuz hesab edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4912/2021 saylı 29 sentyabr 2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 26 may 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “cavabdeh orqanın onun hərbi xidmət keçməsi ilə bağlı elektron arayışın verilməsindən imtinasının qanunsuz hesab edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 12 mart 2020-ci il tarixdə Gəncə “ASAN Xidmət” mərkəzinə ümumvətəndaş pasportunun əldə edilməsi üçün müraciət etmişdir. Müraciət edərkən o, hərbi bileti təqdim etmədiyindən, Xidmətin “Hərbi qeydiyyatlar” bölməsinə müraciət edərək hərbi xidmət keçməsi barədə elektron arayış verilməsini xahiş etmişdir. Lakin qaldırılan məsələnin həllindən imtina olunmuşdur. Gəncə “ASAN Xidmət” mərkəzinin Hərbi qeydiyyatlar bölməsində vətəndaşlara xidmət göstərən şəxs ona hərbi xidmət keçməsi barədə elektron arayış verməmişdir. Daha sonra o, Gəncə “ASAN Xidmət” mərkəzinin daxilindəki kompyuterin və digər qurğuların köməyi ilə Elektron Hökumət sistemindən onun hərbi xidmət keçməsi barədə arayış alaraq, həmin arayışı notarial qaydada təsdiqlədikdən sonra Gəncə “ASAN Xidmət” mərkəzinin ümumvətəndaş pasportlarının verilməsi bölməsinə müraciət etmişdir. Onun müraciəti qəbul olunmuşdur. O, Gəncə “ASAN Xidmət” mərkəzinin Hərbi qeydiyyat bölməsinin ona hərbi xidmət keçməsi barədə arayış vermədiyi üçün Gəncə “ASAN Xidmət” mərkəzinin rəhbərliyinə və daha sonra AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etmişdir. Müraciətlə bağlı Gəncə “ASAN Xidmət” mərkəzi bu məsələnin həmin quruma aidiyyəti olmadığını bildirmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4912/2021 saylı 29 sentyabr 2021-ci il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4912/2021 saylı 29 sentyabr 2021-ci il tarixli qərardadının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qərarı qanunsuz və əsassızdır. Məhkəmə işə iddia tələbi üzrə baxmamışdır. Belə ki, onun tələbi yalnız arayışa verilmiş imtina cavabının əsassız hesab edilməsi barədə qərar qəbul edilməsi ilə bağlı olsa da, məhkəmə öz mülahizəsinə uyğun aidiyyəti olmayan tələblər əlavə etmişdir. Tərəflərin izahatları Apellyasiya baxışı zamanı İddiaçı iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, həmçinin cavabdeh orqan tərəfindən 19.05.2020-ci il tarixdə iddiaçıya ünvanlanmış məktubun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İş materiallarından müəyyən olunur ki, iddiaçı ümumvətəndaş pasportunun əldə edilməsi üçün Gəncə “ASAN xidmət” mərkəzinə müraciət zamanı üzərində hərbi biletinin olmaması səbəbindən xidmətin “Hərbi qeydiyyat” bölməsindən ona hərbi xidmət keçməsi barədə elektron arayışın verilməsini xahiş etmiş, lakin xidmətin əməkdaşı orqanın belə səlahiyyətinin olmaması səbəbindən onun müraciətini təmin etməmişdir. Hazırda isə İddiaçı tələbi Gəncə “ASAN xidmət” mərkəzinə qarşı deyil, cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı olub, onun hərbi xidmət keçməsi ilə bağlı elektron arayışın verilməsindən bu Xidmətin imtinasının qanunsuz hesab edilməsi barədədir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə cavabdeh tərəfindən iddiaçının hansı hüquqlarının pozulmasını və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilməməsinin öz təsdiqini tapmadığına əsaslanaraq iddianın mümkün sayılmaması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianı qeyrimümkün saymaqla bağlı gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 19.05.2020-ci il tarixli məktubdan görünür ki, “Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 706 saylı 5 sentyabr 2012-ci il tarixli Fərmanının 515.2, 5.15.3, 515.4 və 5.15.5-ci yarımbəndlərində göstərilən xidmətlər şəxsiyyət vəsiqəsi və vətəndaşın ərizəsi əsasında həyata keçirilir. “ASAN Xidmət”in rəsmi internet saytında ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi həyata keçirilərkən zəruri olan sənədlərin siyahısında “18-35 yaş hədlərində hərbi vəzifədən azad edilmə barədə hərbi biletin surəti və ya möhlət hüququ verilməsi qeydi ilə bağlı çağırış məntəqəsinə təhkim edilmə haqqında vəsiqənin surəti (əsli ilə birlikdə)”nin olması qeyd edilmişdir. Bununla əlaqədar ümumvətəndaş pasportunun əldə edilməsi üçün Gəncə regional “ASAN” xidmət mərkəzinə müraciət zamanı pasportun dəyişdirilməsi və verilməsinin yalnız hərbi qeydiyyat sənədi əsasında aparılması əsas gətirilərək iddiaçının müraciətinə imtina edilmişdir. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən Hərbi xidmətkeçmə haqqında arayışın verilməsi qaydalarına əsasən xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması bölməsində kağız formada müraciət etdikdə sənədin (hərbi biletin) əsli, elektron formada isə hərbi biletin 1-ci səhifəsinin skan edilmiş surəti tələb olunur. Hazırki işdə iddiaçı ona ümumvətəndaş pasportunun verilməsi ilə bağlı etdiyi müraciətə hərbi biletinin 1-ci səhifəsinin skan edilmiş surətini və ya hərbi xidmətkeçmə haqqında arayışı əlavə etmədiyi üçün onun tələbinin təmin olunmasından Gəncə “ASAN xidmət” mərkəzi imtina etmişdir. Lakin hazırda iddiaçı sözügedən arayışın verilməsindən xidmətin əməkdaşı tərəfindən orqanın belə səlahiyyətinin olmaması əsası ilə imtina olunduğuna əsaslanaraq həmin imtinanın qanunsuz hesab edilməsini tələb edir. Bu barədə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iddia ərizəsindən görünür ui, ona ümumvətəndaş pasportunun verilməsi ilə bağlı etdiyi müraciətinə Gəncə ”ASAN xidmət” mərkəzinin daxilindəki kompüterin və digər qurğuların köməyi ilə Elektron Hökumət (e-gov.az) sistemindən hərbi xidmətkeçmə haqqında arayışı çıxardaraq həmin arayışı notariat qaydada təsdiqlətdikdən sonra Gəncə “ASAN xidmət” mərkəzinin ümumvətəndaş pasportunun verilməsi bölməsinə müraciət etmiş və müraciəti qəbul olunmuşdur. Beləliklə, məhkəmə araşdırmaları zamanı iddiaçının hazırki iddia ilə bağlı məhz cavabdeh inzibati orqan tərəfindən hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmır. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddiasını qeyri-mümkün saymaqla bağlı düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4912/2021 saylı 29 sentyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Namiq Cəfərov
Məhkəmə qərarları › İş №2-1(103)-1409/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1409/2021
26.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver