Məhkəmə qərarları › İş №2-1(103)-141/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-141/2022

13.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-141/2022 13.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi vəkil X1, cavabdehin nümayəndəsi X4, üçüncü şəxsin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinə (üçüncü şəxs: Azərbaycan Respublikası Maliyyə Nazirliyi) qarşı zərərin ödənilməsi haqqında» iddia tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-460/2021 saylı 15.03.2021-ci il tarixli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, məhəllə-540 ) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İ. İddiaçı cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinə qarşı iddia qaldıraraq iddiaçıya məxsus Bakı şəhəri “Qızıl Şərq” hərbi şəhərciyində kilsənin sol tərəfində olan boş ərazidə yerləşmiş emalatxananın sökülməsi nəticəsində 285000 manat (95,0 kv.m x 3000=285000) məbləğində kompensasiyanın, həmin məbləğə bank uçot dərəcəsinə uyğun olaraq hesablanmış faizlərin, əmlaklarının talanması nəticəsində dəymiş 120.000,00 manat məbləğində zərərin ödənilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsində şərh olunan faktiki hallara görə: “...Bakı şəhəri, keçmiş Oktyabr rayon X3 İcraiyyə Komitəsinin (hazırda Yasamal rayon İcra Hakimiyyətinin) 15.06.1990-cı il tarixli, 713 nömrəli qərarı ilə Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən Qırmızı Şərq hərbi şəhərciyində keçmişdə kilsə olmuş binanın sol tərəfində boş ərazidə yaradıcılıq emalatxanasının tikilməsi üçün ona icazə verilmişdir. Qərar verilən zaman qeyd edilən kilsə binası X5 Nazirliyinin 366 nömrəli Hərbi Hissəsinin hərbi qulluqçularının idmanla məşğul olması üçün nəzərdə tutulmuş idman zalı idi. Qərarda nəzərdə tutulduğu kimi iddiaçı öz şəxsi vəsaiti hesabına ona ayrılmış ərazidə yaradıcılıq emalatxanası tikmiş (yaradıcılıq emalatxanasının tikilməsi barədə 03.01.1991-ci il tarixli, 6 nömrəli müqaviləyə əsasən inşa edilən sahə 95 kv.m. təşkil edirdi) və istifadə etmişdir. Azərbaycan Respublikası Prezidentinin 19.06.2003-cü il tarixli, 1251 nömrəli sərəncamına əsasən yaradıcılıq emalatxanaları onların ayrıldıqları şəxslərin mülkiyyətinə verilmişdir. Müəyyən müddət ərzində iddiaçı mütəmadi olaraq xarici ölkələrdə ezamiyyətdə oluduğundan vaxt tapdıqda həmin emalatxanaya getmişdir.Həmin emalatxanada o, yaradıcılıq işləri üçün istifadə etdiyi əşyalardan başqa həm də şəxsi əşyalarını da saxlayırdı. Sonuncu dəfə emalatxanaya gedəndə görmüşdür ki, emalatxana ona xəbər verilmədən sökülmüş və emalatxanada ona məxsus olan 120.000,00 manatlıq əmlak talanmışdır. Bununla bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 01.06.2018-ci il tarixli, 2-1(81)-1728/2018 nömrəli qərarı ilə iddia tələbi qismən təmin edilərək ona məxsus emalatxananın sökülməsi nəticəsində ona ümumilikdə 190.950,00 manat kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin 10.01.2019-cu il tarixli qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 01.06.2018-ci il tarixli, 2-1(81)-1728/2018 nömrəli qərarı ləğv edilmişdir. Həmin qərardan verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Bundan sonra, o, 08.07.2019-cu ildə ərizə ilə cavabdehə müraciət edərək, yaradıcılıq emalatxanasının qanunsuz sökülməsi ilə bağlı vurulmuş ziyanı ekvivalent ölçüdə, məsafədə başqa bir yerdə və ya emalatxananın dəyəri olaraq pulla kompensasiya edilməsini xahiş etmişdir. Lakin müraciəti təmin edilməmişdir...” Cavabdeh iddia tələbinə dair etirazında iddianı qəbul etməmiş və bunu onunla əsaslandırmışdır ki, iddiaçı Bakı şəhər İH-nin deyil, Yasamal Rayon İH-nin 15.06.1990-cı il tarixli, 713 nömrəli qərarı ilə yaradıcılıq emalatxanasının tikilməsinə icazə almışdır. Bakı şəhər, Yasamal rayonu, Qırmızı Şərq şəhərciyi ünvanında yerləşən mülkün sökülməsinə dair Bakı şəhər İH-də hər hansı bir məlumat aşkar olunmamışdır. İnzibati icraat haqqında qanuna əsasən inzibati akt maraqlı şəxsin maraqlarına toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilməsi nəzərdə tutulmuşdur. Bundan əlavə, emalatxananın iddiaçıya məxsus olması barədə hər hansi bir təsdiqedici sənəd məhkəməyə təqdim olunmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-460/2021 saylı 15.03.2021-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Məhkəmənin qərar qanunsuz və əsassızdır. Belə ki, məhkəmənin istinad etdiyi hazırda qüvvədə olan Mülki Məcəllə 1 sentyabr 2000-ci il tarixdə qüvvəyə minmiş, lakin şəxsin həmin əmlaka dair hüquqları 15.06.1990-cı il tarixində yaranmışdır. Bu səbəbdən,ona münasibətdə həmin dövrdə olan qanunvericilik tətbiq olunmalıdır. Belə ki, burada Ali Məhkəmənin də bir çox qərarlarında istinad etdiyi “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Onun mülkiyyətində olan torpaq sahəsi cavabdehin 24.02.2012-ci il tarixli 18/03- 8/451 saylı məktubu ilə “boş” sahə kimi nəzərə alınaraq, kilsənin inzibati binasının tikintisinə cavabdeh tərəfindən razılıq verilmişdir. Eskiz layihə də cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılmışdır. Emalatxananın sökülməsi nəticəsində o, mülkiyyətindən məhrum edilmiş, lakin bununla bağlı ona hər hansı kompensasiya ödənilməmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1()81)-1728/2018 saylı 01 iyun 2018-ci il tarixli qərarı ilə onun iddiası qismən təmin edilmişdir. Eyni hallar üzrə müxtəlif qərarları qəbul edilməsi ona qarşı edilən qanunsuzluqdur (Mülki Məcəllənin 152.1, 157.0,207.1, 211-ci maddələrinə istinad olunur). Məhkəmə qərar qərar çıxararkən qərəzli davranmış, cavabdehin etirazına əsaslanaraq qanunsuz qərar çıxarmışdır. Məhkəmə qeyd olunanları nəzərə almamış heç bir əsas olmadan iddianı rədd etmişdir (Avropa Məhkəməsinin və Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarına, İPM-in və MPM-in normalarına istinad olunur)...” Məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçının nümayəndəsi vəkil T.Şimiyev apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi C.Xudiyev apellyasiya şikayətini qəbul etməmiş, iddia ərizəsinə etirazına uyğun izahat verərərək birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs Maliyyə Nazirliyinin nümayəndəsi K.Kazımlı da həmçinin, iddiaçının apellyasiya şikayəti ilə hər bir halda razılaşmadığını bildirərək, iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materialarını araşıdırıb hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın qismən təmin olunması barədə yeni qərar çıxarılmalıdır. İPM-in 2.2.7-ci maddəsinin tələbindən görünür ki, iddiaçı inzibati icraat qaydasında inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsini tələb edə bilər. «İnzibati icraat haqqında» Qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Belə ki, iş materiallarına (AR Dövlət Arxivinin Bakı Filialının M-601 No-li 06.02.2002ci il tarixli arxiv arayışına) əsasən müəyyən olunur ki, Bakı şəhəri Oktyabr (indiki Yasamal) rayon X3 İcraiyyə Komitəsinin 713 nömrəli, 15.06.1990-cı il tarixli qərarı ilə, iddiaçı - SSRİ Memarlar İttifaqının üzvü memar Ü.Miralaya yaradıcılıq emalatxanasının tikilməsinə icazə verilmişdir. İşə əlavə olunmuş iddiaçı ilə “Sumekon” Assosiasiyası arasında bağlanmış 6 nömrəli, 03.01.1991-ci il tarixli müqavilənin surətindən görünür ki, iddiaçı ilə Sahələrarası elmiistehsalat sahəsi 95 kv metr olan emalatxananın layihələndirilməsi və inşası barədə razılaşma əldə edilmişdir, müqavilənin 1nömrəli əlavəsinə əsasən işlərin görülmə müddəti iki ay müəyyən edilmişdir. Hazırkı mərhələdə məhkəməyə təqdim olunmuş həmin tərəflər arasında imzalanmış 03.03.1991-ci il tarixli «Təhvil-təslim aktı»nın əslinən görünür ki, icraçı Rus Kilsəsinin həyətində sifarişçinin istəyi ilə və Oktyabr rayonu XDS İcraiyyə Komitəsinin 13.06.1990-cı il tarixli, 713 №-li qərarına əsasən İddiaçı aid yaradıcılıq emalatxanasının inşaatını başa çatdırmış və sifarişçiyə təhvil vermişdir. Eyni zamanda, işə əlavə edilmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsində baxılan iddiaçı Miralapy Böyükağa oğlunun Rus Provaslav kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasına qarşı ziyan tələbinə dair 2(004)-1518/2013 saylı iş üzrə AR ƏN Məhkəmə Eekspertizası Mərkəzi tərəfindən verilmiş 20279 saylı 19 fevral 2014-cü il tarixli tikintitexniki ekspertizasına dair ekspert rəyindən görünür ki, iddiaçıya məxsus olan “Qırmızı Şərq” şəhərciyində, keçmişdə kilsə olmuş binanın sol tərəfində iddiaçı tərəfindən inşa etdirilmiş 95 kv.m tikiliyə baxış keçirilən zaman, həmin tikilinin yerində digər təyinatlı tikilinin inşa olunduğu müşahidə edilmişdir. Cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinin işə əlavə olunmuş 21.02.2000-ci il tarixli 159 №-li sərəncamından da görünür ki, «Qızıl Şərq küçəsində 1028 saylı məhəllədə tikinti məqsədləri üçün kilsəyə 0,21 ha torpaq sahəsi təhkim edilmişdir. Həmin sərəncama əsasən verilmiş 000/66 saylı 2000-ci il tarixli ayrıc aktından da görünür ki, “Qzıl Şərq» küçəsi qeyd edilən kilsənin qərb (sol) tərəfində yerləşir. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsinin 30.05.2019-cu il tarixli 2- 1(102)-1418/2019 saylı qərarı ilə müəyyən edilmiş hallardan, eləcə də, 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsində baxılmış 2-1(81)-302/2016 saylı inzibati iş üzrə Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin həmin məhkəməyə ünvanlanmış (hazırkı mərhələdə təqdim edilmiş) olduğu sorğusuna 09.09.2016-cı il tarixli 18/03-8/2742 saylı cavab məktubundan görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin 03.06.2013-cü il tarixli məktubunda bildirmişdir ki, Yasamal rayonu, «...Qızıl Şərq 2 küçəsində Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsinin 19.12.2011-ci tarixli 006 Qİ12/LSE-12/7871 saylı və Rus Provaslav kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının 18.01.2012-ci il tarixli 006 saylı müraciətləri nəzərə alınaraq Kafedral Kilsənin ərazisinə bitişik boş sahədə kilsənin yeni inzibati binasının tikintisinə dair memarlıq-planlaşdırma həlli, layihə tərəflərindən 24.02.2012-ci il tarixli, 18/03-8/451 saylı məktubla razılaşdırılmışdır. Mübahisəli əraziyə aid şə əlavə olunmuş 1011-2012-ci ilin «Googl» foto görüntülərindən və digər fotoşəkillərdən də görünür ki, mübahisəli ərazidə emalatxana tipli birmərtəbəli tikililər mövcud olmuşdur. Beləliklə də tədqiq olunan sübutlarla müəyyən edilən hallar onu deməyə əsas verir ki, iddiaçıya məxsus “Yasmal rayonu ərazisində “Qızıl Şərq” küçəsində adıçıkilən Kafedral Kilsənin ərazisinə bitişik boş sahədə yerləşən 95 kv.m sahəsi olan mübahisəli emalatxananın yerləşdiyi torpaq sahəsi cavabdeh Bakı şəhəri İcra Hakimiyətinin 21.02.2000-ci il tarixli 159 №-li sərəncamına və Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin 2000/66 saylı ayrıc aktına və həmin idarənin 24.02.2012-ci il tarixli, 18/03-8/451 saylı razılaşdırma məktubuna əsasən iddiaçının razılığı və xəbəri olmadan həmin kilsənin istifadəsinə verilmiş, nəticədə onun mülkiyyətində olan emalatxana məhv edilmişdir. Halbuki, Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2003-cü il tarixli 1251 №-li sərəncamı ilə qərara alınmışdır ki, dövlət mülkiyyətində olan fərdi yaradıcılıq emalatxanaları əvəzsiz olaraq yaradıcılıq emalatxanalarının üzvlərinin mülkiyyətinə verilsin və müvafiq qaydada rəsmiləşdirilsin. Beləliklə də, işin sübutlarla müəyyən edilən halları onu deməyə əsas verir ki, cavabdehin 21.02.2000-ci il tarixli 159 №-li sərəncamıının icrası yekunda Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2003-cü il tarixli 1251 №-li sərəncamı ilə iddiaçının mülkiyyətinə verilmiş emalatxananın sökülməsi və ona maddi ziyan vurulması ilə nəticələnmişdir. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məcəllənin qeyd olunan tələbləri baxımından, adıçəkilən “Kafedral Kilsə”nin sol tərəfində (Qızıl Şərq küçəsi) ona bitişik ərazidə iddiaçı tərəfindən inşa etdirilmiş emalatxanadan məşrum olması - həmin emalatxananın yerləşdiyi torpaq sahəsinin məhz cavabdehin qeyd olunan sərəncamı ilə qanunsuz olaraq həmin Kilsənin istifadəsinə verilməsindən irəli gəldyini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, konkret halda iddiaçıya vurulmuş ziyanla bağlı mülki məsuliyyət həmin sərəncamı qəbul edən cavabdehin üzərinə düşür. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1100-cü maddəsinin tələbinə görə dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Həmin Məcəllənin 21.2-ci maddəsinin mənasından isə görünür ki, zərər dedikdə, həm də hüququ pozulmuş şəxsin əmlakından məhrum olması başa düşülür. İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinə qarşı kompensasiya ödənilməsi tələbinə dair iş üzrə qanuni qüvvəsini almış 2- 1(102)-1418/2019 saylı 30.05.2019-cu il tarixli qərarı ilə müəyyən edilmiş hallardan, eləcə də həmin iş (№ 2-1(81)-302/2016) üzrə 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsində işə baxılarkən məhkəmənin 09 mart 2016-cı il tarixli qərardadı ilə təyin edilmiş “Qiymətləndirmə” ekspertizası üzrə "xxxx" MMC tərəfindən verilmiş «Qiymətləndirmə» hesabatından görünür ki, iddiaçıya məxsus Yasamal rayonu ərazisində Qırmızı hərbi şəhərciyində Kilsənin sol tərəfində sökülmüş 95 kv.m yaradıcılıq emalatxanasının 1 kv.metrinin 10 may 2016-cı il tarixinə olan bazar qiyməti 1507 manat məbləğində müəyyən olunmuşdur. Həmin “Qiymətləndirmə” rəyindən görünür ki, qiymətləndirici tərəfindən emalatxananın xəritədə yerləşmə mövqeyi qeyd olunmuş, istifadə olunan metodlara aydınlıq gətirilmiş, o cümlədən, analoji obyetlər üzrə müqayiəsə metodundan istifadə edilməklə müvafiq təhlil aparılmışdır. Qeyd olunanları və 2016-cı ildən sonrakı müddət ərzində daşınmaz əmlak bazarında qiymətlərdə, təxminən, artımların müşahidə olunmadığını nəzərə alan məhkəmə kollegiyası qiymətləndiricinin gəldiyi həmin nəticə ilə razılaşaraq iddiaçıya məxsus mübahisəli emalatxananın 1 kv. metrinin dəyəri 1507 manatdan hesablanması real və məhkəmə praktikasına uyğun qiymət kimi qəbul edir (Hazırkı mərhələdə məhkəməyə təqdim olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-851/17 saylı iş üzrə 18 aprel 2018-ci il tarixli qərarında mübahisəli ərazidə baş verən digər söküntülərə görə zərərçəkənə ödənilməsi qərara alınan məbləğə (1 kv. m üçün) uyğunluq təşkil edir). İşin tədqiq olunan sübutlarda müəyyən edilən hallarında, iddiaçıya məxsus emalatxanının 95 kv m sahəyə malik olması təsbit olunsa da, hazırkı mərhələdə məhkəməyə əsli təqdim edilmiş, mübahisəli emalatxananı inşa etmiş (icraçı) “Sumekon” Assasiyasının iddaçı ilə Sumekon Asssiyasının baş mühəndisi “Qəhrəmanov Mustafa” tərəfindən tərtib olunmuş “Oktyabr rayon XDS İcraiyyə Komitəsinin 15.06.1990-cı il tarixli qərarına əsasən İddiaçı aid yaradıcılıq emalatxanasının sxemi”ndən (M-1:250) görünür ki, Rus Kilsəsinin sol tərəfində yerləşən emalatxana (11x6=66)+(6x4=24) ölçülərində olmaqla 90 kv.m sahəyə malik olmuşdur (Emalatxananın sxemdə təsbit olunan cizgiləri, işə əlavə olunmuş fotoşkildəki emalatxa formasına uyğun gəlir). Belə olan halda, məhkəmə kollegiyası, iddiaçıya məxsus olmuş emalatxananın sahəsinin 95 kv.m deyil, faktiki olaraq tədqiq olunan cxemdə təsbit olunan ölçülərə uyğun olan 90 kv.m sahəyə malik olması kimi qiymətləndirir və 1 kv.m -nin dəyəri 1507,00 manatdan olmaqla, onun ümumi bazar dəyərinin 135.630,00 (90x1507) manat məbləğində müəyyən edilməsini işin sübutlarla müəyyən edilən həqiqi hallarına uyğun sayır. Beləliklə də, iddiaçıya mülkiyyətində olan emalatxananın sökülməsinə görə vurulmuş maddi ziyana görə cavabdehdən onun xeyrinə 135.630,00 manat məbləğində pulun tutulmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Bununla yanaşı, iddiaçının tələbindən göründüyü kimi, emalatxanada olan əmlaklarının talanması nəticəsində ona dəymiş 120.000,00 manat məbləğində zərərin ödənilməsini tələb etmişdir. Lakin o, bu tələbini əsaslandırmamış, bununla bağlı sübutetmə vasitələri məhkəməyə təqdim etməmişdir. Birinci instansiya məhkəməsinin qərarından isə görünür ki, işə baxan məhkəmə tərəfindən işin bütün faktiki halları araşdırılmamış, iş üçün əhəmiyyət kəsb edən əhəmiyyəti olan hallar aydınlaşdırılmamış, bütün bunların nəticəsi olaraq da maddi və prosessual hüquq normaları pozulmuş və iddianın tam şəkildə rədd edilməsi barədə düzgün olmayan nəticəyə gəlinmişdir. Ona görə də qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin həmin qərarın qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə qismən razılaşır və yekunda belə qənaətə gəir ki, onun apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-460/2021saylı 15.03.2021-ci il tarixli qərarı ləğv edilməli, iddia qismən təmin olunmalı, cavabdehdən iddiaçının xeyrinə ona vurulmuş maddi ziyana görə 135.630,00 manat məbləğində pul tutulmalı, iddia qalan hissəsində rədd edilməlidir. Göstərilənləri və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-460/2021 saylı 15.03.2021-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar çıxarılsın. İddia qismən təmin edilsin. Cavabdeh Bakı şəhəri İcra Hakimiyyətindən İddiaçı xeyrinə ona vurulmuş maddi ziyana görə 135.630,00 (yüz otuz beş min altı yüz otuz) manat məbləğində pul tutulsun. İddia qalan hissəsində rədd edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elmira Nağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar