Məhkəmə qərarları › İş №2-1(103)-141/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-141/2024

01.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-141/2024 01.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X10 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X7 ibarət tərkibdə, İsmayılzadə Mənsurə Ənvər qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi” tələbinə dair ünvan 2xli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, keçmiş Lenin rayon XDS İcraiyyə Komitəsinin (indiki Sabunçu RİH) 08 fevral 1991-ci il tarixli, 4/70 №li qərarına əsasən iddiaçının adına fərdi yaşayış evinin tikintisi üçün Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsi, keçid 1, sahə №56 "A" ünvanında ayrılmış 1200 kv.m torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, ünvan 1 ünvanında ona ayrılmış 1200 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, keçmiş Lenin rayon XDS İcraiyyə Komitəsinin (indiki Sabunçu RİH) 08 fevral 1991-ci il tarixli, 4/70 № li qərarına əsasən iddiaçıya Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsi, keçid 1, sahə №56 "A" ünvanında fərdi yaşayış evinin tikintisi üçün 1200 kv.m həyətyanı torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 27 oktyabr 2021-ci il tarixli, BA-05006-2021 №li arxiv arayışına əsasən keçmiş Lenin rayon XDS İcraiyyə Komitəsinin (indiki Sabunçu RİH) 08 fevral 1991-ci il tarixli, 4/70 №li qərarına akt və cizgi əlavə edilməmişdir. Həmin torpaq sahəsinin yerləşmə sxemi xx.xx.2022-ci il tarixdə Sabunçu rayon icra hakimiyyətinin başçısı tərəfindən təsdiq edilmişdir. İddiaçı torpaq sahəsi üzərində hüquqlarının dövlət reyestrində qeydiyyata alınması üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh 17 fevral 2022-ci il tarixli, **********20 №li cavab məktubu ilə imtina vermiş, imtinaya səbəb kimi həmin torpaq sahəsinin Maştağa Tərəvəzçilik- Südçülük sovxozunun ərazisində yerləşməsini bildirmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassız və qanunsuzdur. Belə ki, qeyd olunan ərazi 80-cı illərə qədər Abşeron rayonunun balansında olmuş və Maştağa Tərəvəzçilik-Südçülük sovxozunun istifadəsinə verilmişdir. Lakin həmin ərazilər artıq əkinçilik üçün yararsız olduğundan fərdi yaşayış evinin tikintisi üçün vətəndaşlara ayrılmış, həyətyanı torpaq sahələri kimi keçmiş Lenin rayon XDS İcraiyyə Komitəsinə (indiki Sabunçu rayonu) verilmişdir. Bu səbəbdən torpaq sahəsinin yerləşmə sxemini xx.xx.2022-ci il tarixdə Sabunçu RİH Başçısı təsdiq etmişdir. Həmçinin, hasar daxilində yerləşən torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi uzun müddətdir ki, mübahisəsiz iddiaçının istifadəsindədir. Cavabdeh etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı hüquq sahibi İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2022ci il tarixli, ********** nömrəli ərizə ilə idarəyə müraciət etmişdir. Aparılan araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, elektron kadastr məlumatlarına əsasən qeyd edilən torpaq sahəsi Məştağa Sovxozunun ərazisidir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və bununla bağlı iddiaçıya **********20 nömrəli, xx.xx.2022-ci il tarixli cavab məktubu ünvanlanmışdır. ünvan 2xli qərarı ilə (hakim M.Qarayeva) iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış və qeyd edilmişdir ki, cavabdeh həmin ərazilərdə yerləşən torpaq sahələrini Dövlət Reyestrində qeydiyyata almış və nədənsə iddiaçının torpaq sahəsini qeydiyyata almaqdan imtina etmişdir. İddiaçının ona verilmiş torpaq sahəsinə mülkiyyət hüququnun tanınması üçün qanuni gözləntisi vardır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətdə yazılanlara uyğun izahat verərək, təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraza uyğun izahat verərək, şikayətin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının pozuntusu ilə qərar qəbul edildiyindən, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilib, iddia təmin olunmalıdır. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir. İPM-in 2.2.3-cü maddəsinə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. İddiaçı subyektiv hüquqa malikdir. Hazırki iş üzrə iddiaçı cavabdeh orqana müraciət etmiş, cavabdeh tərəfindən imtina verildikdən sonra məhkəmədə iddia qaldırmışdır. İddianın mahiyyəti: Məhkəmə kollegiyası hesab edir ki, iddia mahiyyəti üzrə də əsaslıdır. Məhkəmə Kollegiyası qənaətini əsaslandırmaq üçün aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. - 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, «Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir». “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. - 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. - 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. - 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. - 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. .“Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun: -9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. -10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 176 saylı xx.xx.1999-cu il tarixli Fərmanının 2.2-ci bəndinə əsasən Torpaq Məcəlləsinin 65-ci maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏmlakMəsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrindən biridir. “İnzibati icraat haqqında” Qanunun 12-ci maddəsinə əsasən: 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. 13-cü maddəsinə əsasən: 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İş materiallarından görünür ki, iddiaçı Lenin rayon XDS İcraiyyə Komitəsinin (indiki Sabunçu RİH) 08 fevral 1991-ci il tarixli, 4/70 saylı qərarına əsasən ona ayrıldığını əsas gətirməklə ünvan 3 ünvanında yerləşən 1200 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi tələbi ilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan sözügedən torpaq sahəsinin Maştağa Tərəvəzçilik-Südçülük sovxozunun ərazisində yerləşdiyini əsas götürməklə müraciətin təminindən imtina etmişdir. Birinci instansiya məhkəməsi cavabdeh inzibati orqanın imtinasını əsaslı hesab etmiş və iddia tələbinin rədd edilməsi ilə bağlı gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə torpaq sahəsi Lenin rayon XDS İcraiyyə Komitəsinin 08 fevral 1991- ci il tarixli, 4/70 №li qərarı ilə Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsi, keçid 1, sahə № 56 "A" ünvanında iddiaçıya ayrılmış olsa da, torpaq sahəsinin vaxtilə cizgizi tərtib edilmədiyindən iddiaçının müraciəti üzrə torpaq sahəsinin yerləşmə sxemi Sabunçu rayon İcra Hakimiyyətinin rayon təsərrüfati şöbəsinin müdiri tərəfindən təsdiq edilmiş, həmin cizgi üzrə isə torpaq sahəsinin Maştağa Tərəvəzçilik-Südçülük sovxozuna ayrılmış torpaq sahəsinə aid olduğu müəyyən edilmişdir. Bununla yanaşı, işdə olan torpaq sahəsinin yerləşmə sxemindən görünür ki, qanunvericilikdə torpaq sahəsinin sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilməsi və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilməsi nəzərdə tutulduğu halda, iddiaçının təqdim etdiyi cizgini Sabunçu rayon İcra Hakimiyyətinin başçısı deyil, səlahiyyəti olmayan şəxs - rayon təsərrüfat şöbəsinin müdiri tərəfindən təsdiq edilmişdir. Odur ki, hazırkı iş üzrə iddiaçıya torpaq sahəsinin ayrılması barədə müvafiq qərarın arxiv çıxarışı təqdim edilsə də, həmin torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) təqdim edilməmiş və məhkəmə araşdırması zamanı da müəyyən edilməmişdir. Belə olan halda iddiaçının istinad etdiyi qərarın arxiv çıxarışı məhz təqdim edilən cizgi üzrə Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsi, keçid 1, sahə № 56 "A" ünvanında iddia olunan torpaq sahəsinə hüququnun qeydə alınması üçün əsas ola bilməz. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərini əsaslı, cavabdeh inzibati orqanın imtinasına və müvafiq olaraq birinci instansiya məhkəməsinin iddia tələbinin rədd edilməsi ilə bağlı gəldiyi nəticəni əsassız hesab edərək aşağıdakıları qeyd edir. İş materiallarında olan : - Lenin rayon XDS İcraiyyə Komitəsinin 08 fevral 1991-ci il tarixli, 4/70 saylı qərarının surətindən görünür ki, iddiaçıya Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsi, keçid 1, sahə №56 "A" ünvanında fərdi yaşayış evinin tikintisi üçün 1200 kv.m həyətyanı torpaq sahəsi ayrılmışdır. - Sabunçu (keçmiş Lenin) rayonu XDS İK-nın 4\70 saylı xx.xx.1991-cı il tarixli qərarı Maştağa qəsəbəsi, Xanlar küçəsi, keçid 1, 56 A-saylı sahədə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 1200.0 kvm torpaq sahəsinin yerləşmə sxemi Sabunçu rayon İcra Hakimiyyətinin rayon təsərrüfati şöbəsinin müdiri tərəfindən təsdiq edilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********20 saylı imtina məktubu ilə iddiaçıya bildirilmişdir ki, “Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli xx.xx.2022- ci il tarixli ərizənizə tərəfimizdən baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, elektron kadastr məlumatlarına əsasən qeyd edilən torpaq sahəsi Maştağa TərəvəzçilikSüdçülük sovxozunun ərazisində yerləşir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci bəndinə uyğun olaraq sovxozun yenidən təşkili qaydasında (həmin sovxozun bazasında) yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri əsasında yaşayış və bağ evlərinin tikintisi üçün ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı müvafiq əmrin həmin sovxozun (kənd təsərrüfatı müəssisəsinin) tabe olduğu orqanda, həmin bənddə nəzərdə tutulan digər hallarda isə “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) olduğu halda həyata keçirilir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların qeydiyyatından imtina edilmişdir.” - “X12 və Ekspertiza Mərkəzi” MMC tərəfindən 183 nömrəli, xx.xx.2022-ci il tarixli məktubu ilə verilmiş mütəxəssis rəyinə əsasən ünvan 4 ünvanında yerləşən torpaq sahəsinin işdə olan texniki sənədlər üzrə və faktiki naturada yerləşmə vəziyyəti müəyyən edilərək müvafiq sxem tərtib olundu. Təqdim olunmuş ərazi yaşayış məntəqəsinin torpaqlarına aiddir və X5 Sovxozunun ərazisində yerləşir. -Cavabdehin xx.xx.2022-ci il tarixli **********11 saylı məktubu ilə göndərilmiş mütəxəssis rəyindən görünür ki, göstərilən torpaq sahəsi faktiki olaraq hasar daxili 0.18 ha təşkil edir. Torpaq sahəsinin üzərində 1 (bir) mərtəbəli yaşayış evi mövcuddur. Vahid elektron kadastr baza məlumatlarına əsasən keçmiş Maştağa Tərəvəzçilik-Südçülük sovxozunun ayrıcının DWG və Ortofoto üzərində yerləşmə vəziyyəti ilə bağlı əlavələr mütəxəssis rəyinə qoşma edildi. Yuxarıda qeyd edilən iş materialları üzrə ətraflı araşdırma aparan məhkəmə kollegiyası cavabdehin torpaq sahəsinin Maştağa Tərəvəzçilik-Südçülük sovxozunun ərazisində yerləşməsi dəlili ilə bağlı qeyd edir ki, apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddiaçının çıxarışın verilməsini tələb etdiyi orpaq sahəsinə qonşu olan torpaq sahələrinə çıxarış verilməsinə baxmayaraq, onun müraciətinin təmin edilməsindən imtina edilmiş, nəticədə etimad hüququnun qorunması və bərabərlik prinsipinin tələbləri pozulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisənin qanuni və əsaslı həlli baxımından iş üzrə bərabərlik və etimad hüququnun qorunması prinsiplərinin pozulması hallarının mövcudluğu ilə bağlı məsələyə də qiymət verilməlidir. Belə ki, iddiaçıya münasibətdə bərabərlik prinsipinin pozuntusunun baş verdiyi qənaətinə gələ bilmək üçün məhkəmə, ilk növbədə aydınlaşdırmalıdır ki, iddiaçının təqdim etdikləri ilə eyni olan sənədlər əsasında digər şəxslərin hüquqları qeydə alındığı və bu barədə müvafiq çıxarışın verildiyi halda, onlarla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən imtina olunmuşdurmu, yoxsa iddiaçının halında hüququ qeydə alınmış şəxslərlə müqayisədə fərqli başqa hal və ya hallar vardır? Məhkəmə kollegiyası həmçinin diqqətə çatdırır ki, oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1842/2023 saylı xx.xx.2023-ci il tarixli qərarında məhkəmə hüquqi mövqeyini bu cür əsaslandırılmışdır: Nəzərə almaq lazımdır ki, Konstitusiyanın 25-ci maddəsinin V hissəsinə əsasən hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə isə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınmasına xidmət edir. Bərabərlik prinsipi diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Belə ki, həmin prinsiplə ehtiva olunan bərabər yanaşma diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin ilkin şərti kimi çıxış edir. Nəzərə almaq lazımdır ki, inzibati orqan diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı vətəndaş qarşısında bərabər yanaşma prinsipini təmin etmək öhdəliyi daşıyır. Konstitusiyada və qanunlarda təsbit olunmuş bərabərlik hüququ həm də onu tələb edir ki, hər kəs dövlət xidmətləri qarşısında bərabərlik hüququna malikdir. Bu hüquq müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə eyni faktiki və hüquqi hallara malik işlər üzrə inzibati orqanlar tərəfindən fərqli qərarların çıxarılmasını qadağan edir. İnzibati orqanlar öz səlahiyyətlərini icra edərkən vətəndaşlar qarşısında bərabər yanaşma və etimadın qorunması prinsiplərini təmin etməli, mövcud inzibati praktikaya uyğun hərəkət etməlidir. Etimadın qorunması prinsipinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Qeyd olunmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. Apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edən məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4482/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, hazırki iş üzrə iddiaçının torpaq sahəsinin qonşuluğundan yerləşən torpaq sahəsinin mülkiyyətçisi X6 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək keçmiş Lenin rayon XDS İcraiyyə Komitəsinin (indiki Sabunçu rayonu) 04 avqust 1989-cu il tarixli, 20/53 № li qərarına əsasən X4 adına fərdi yaşayış evinin tikintisi üçün Maştağa qəsəbəsi, Xanlar küçəsi, sahə № 28 “V” ünvanında ayrılmış 600 kv.m. torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, qeyd edilən qərarla iddia təmin edilmiş, Keçmiş Lenin rayon XDS İcraiyyə Komitəsinin (indiki Sabunçu rayonu) 04 avqust 1989-cu il tarixli, 20/53 №li qərarına əsasən Maştağa qəsəbəsi, Xanlar küçəsi, sahə № 28“V” ünvanında fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 kv.m. torpaq sahəsinə iddiaçı X4 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4482/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı hazırki iş üzrə cavabdeh inzibati orqan tərəfindən icra edilmiş və Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Əhmədağa Əhmədov küçəsi, 28v saylı sahə, yeni qaydalarla: ünvan 5 ünvanda yerləşən torpaq sahəsi X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Qeyd olunan qərardan müəyyən edilir ki, Lenin rayon XDS İcraiyyə Komitəsinin (indiki Sabunçu rayonu) 04 avqust 1989-cu il tarixli, 20/53 № li qərarına əsasən X4 adına Maştağa qəsəbəsi, Xanlar küçəsi, sahə № 28 "V” ünvanında fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m. həyətyanı torpaq sahəsi X6 ayrılmış, qeyd olunan qərar X4 iddiasının əsasını təşkil etmişdir. Həmçinin apellyasiya şikayətinin və işin obyektiv araşdırılması məqsədilə 1 saylı Bakı Ərazi İdarəsinə sorğu ünvanlanaraq Maştağa Tərəvəzçilik-Südçülük sovxozunun ayrıc aktının və Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsi, 1-ci keçid, 58A nömrəli fərdi yaşayış evin dair X1 adına çıxarışın verilməsinə əsas olan bütün (ilkin) hüquqmüəyyənedici sənədlərin məhkəməyə təqdim edilməsi xahiş olunmuş, sorğuya cavab olaraq Maştağa Tərəvəzçilik-Südçülük sovxozunun ayrıc aktının elektron nüsxəsindən çıxarış və X1 adına çıxarışın verilməsinə əsas olan bütün (ilkin) hüquqmüəyyənedici sənədlər məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərdən müəyyən edilir ki, Lenin rayon XDS İcraiyyə Komitəsinin 29 may 1992-ci il tarixli, 13/110 saylı qərarı ilə, X2 ünvan 7 ünvanında fərdi yaşayış evinin tikintisi üçün 1200 kv.m həyətyanı torpaq sahəsi ayrılmış, X2 ünvan 7 ünvanında ayrılmış torpaq sahəsinin cizgisi Sabunçu rayon İcra Hakimiyyəti Başçısının 13/110 saylı 29 may 1992-ci il tarixli qərarı ilə təsdiq edilmişdir. Qeyd olunan hüquqmüəyyənedici sənədlər əsasında hazırki cavabdeh inzibati orqan tərəfindən inzibati icraat qaydasında ünvan 7 ünvanında yerləşən torpaq sahəsinə dair X1 mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata almış və bununla bağlı Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış verilmişdir. Beləliklə, eyni mühüm faktiki hallara, hüquqmüəyyənedici sənədlərə malik olmasına baxmayaraq, cavabdeh inzibati orqan əsassız olaraq İddiaçı müraciətinin təmin edilməsindən imtina etmişdir. Bununla da inzibati orqan öz praktikasında vətəndaşlara münasibətdə bərabər davranmamışdır. Həmçinin diqqətə çatdırılmalıdır ki, inzibati orqanların inzibati praktikası həm də onların özlərinin müstəqil olaraq formalaşdırdığı, yaxud məhkəmə qərarları əsasında formalaşmış hüquq tətbiqi praktikası kimi fərqləndirilə bilər. Əgər hər hansı məsələ üzrə mübahisə məhkəmə çəkişməsi nəticəsində həll edilmişsə, eyni faktiki hallara və hüquqi əsaslara söykənən sonrakı mübahisələrdə inzibati orqan özünün praktikasını həmin qərarın məzmununa uyğunlaşdırmaqla formalaşdırmağa borcludur. Nəzərə alınmalıdır ki, inzibati orqanın məhkəmə qərarına əsaslanan inzibati (hüquq tətbiqi) praktikasının dəyişdirilməsi üçün ya həmin məhkəmə qərarı hüquqi qüvvəsini itirməli və ya sonradan həmin məsələyə münasibətdə yeni məhkəmə təcrübəsi formalaşmalı, yaxud da məhkəmə qərarının əsasında duran maddi-hüquqi əsaslar dəyişməlidir. Məhkəmə kollegiyası həmçinin diqqətə çatdırır ki, qeyd olunan ərazi 80-cı illərə qədər Abşeron Rayonunun balansında olmuş və Maştağa Tərəvəzçilik-Südçülük sovxozunun istifadəsinə verilmişdi. Lakin həmin ərazilər artıq əkinçilik üçün yararsız olduğundan fərdi yaşayış evinin tikintisi üçün vətəndaşlara ayrılmış həyətyanı torpaq sahələri kimi keçmiş Lenin rayon XDS İcraiyyə Komitəsinə (indiki ünvan 9 ünvanında yerləşən torpaq sahəsinin yerləşmə sxemi xx.xx.2021-ci il tarixdə Sabunçu RİH tərəfindən təsdiq edilmişdir. İddiaçının istifadəsinə verilmiş torpaq sahəsinə dair qərar qüvvədədir və ölçülərini göstərən yerləşmə cizgizi mövcuddur. Hazırda da faktiki olaraq iddiaçının istifadəsindədir, torpaqla bağlı hər hansı mübahisə mövcud deyil. Mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Kollegiya qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən) imtina edilməsinə qanuni əsaslar mövcud deyildir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı iddiası ilə məhkəməyə müraciət etməkdə haqlı olmuş, cavabdehin ünvan 1 ünvanında İddiaçı ayrılmış 1200 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsindən imtinası qanuna zidd olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan, şikayət təmin edilməli, ünvan 2xli qərarı ləğv edilməli, iddia təmin edilməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. ünvan 2xli qərarı ləğv edilsin. İddia tələbi təmin edilsin. ünvan 3 ünvanında İddiaçı ayrılmış 1200 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar