Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1410/2021 12.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Həmidov Həmid Üzeyir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil (“BHM və Partnyorları” Vəkil Bürosu), Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı (xx.xx.1984-cü il tarixində ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsildə X1rşı “diplomun ekvivalentliyinin müəyyən edilməsi və ixtisasının tanınması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 12 fevral 2021-ci il tarixli, 2-1(112)-958/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı 15.05.2020-ci il tarixində cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək İddiaçı məxsus Rusiya Federasiyası Dağıstan Dövlət Universiteti tərəfindən təqdim edilmiş 01.07.2006-cı il tarixli, ДИC ******* seriyalı, 3763 qeydiyyat nömrəli diplomun ekvivalentliyinin müəyyən edilməsi və ixtisasının tanınması haqqında şəhadətnamənin verilməsi vəzifəsinin Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə qoyulmasına barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2001-ci ildə Rusiya Federasiyası Dağıstan Dövlət Universitetinin Bakı filialında hüquq fakültəsinə hüquqşünaslıq ixtisasına qəbul olmuş və 2006-cı ilədək həmin ali təhsil müəssisəsində qiyabi təhsil almışdır. İddiaçıya verilmiş 01.07.2006-cı il tarixli, ДИC ******* seriyalı, 3763 qeydiyyat nömrəli diplomla təsdiq edilir ki, İddiaçı Dağıstan Dövlət Universitetinin hüquqşünaslıq ixtisası üzrə dövlət yekun attestasiyasını müvəffəqiyyətlə keçmiş və ona “hüquqşünas” ixtisas dərəcəsi verilmişdir. İddiaçı verilmiş 01.07.2006-cı il tarixli, ДИC ******* seriyalı, 3763 qeydiyyat nömrəli diplom Rusiya Federasiyasının Təhsil Nazirliyi tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq tanınmış və 21.05.2009-cu ildə apostil olunmuşdur. 2006-cı ildə yuxarıda qeyd edilən diplom əsasında ikinci ali təhsil almaq üçün İddiaçı Bakı Dövlət Universitetinə beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinə qəbul olunmuş və 2009-cu ilədək həmin fakültədə təhsil almışdır. Daha sonra İddiaçı Universitetin “Mülki proses, əmək və ekologiya” kafedrasında laborant vəzifəsində çalışmışdır. 2012-ci ildən hal-hazıradək İddiaçı "xxxx" MMC-də hüquqşünas vəzifəsində çalışır. İddiaçı “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydalarına uyğun olaraq ali təhsil sahəsində ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsi üçün 09.01.2020-ci il tarixdə Elektron ərizə sistemi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət etmişdir. Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsi elektron qaydada iddiaçıya 21.04.2020-ci il tarixdə cavab məktubu ünvanlamışdır. Həmin məktubda cavabdeh qurum Rusiya Federasiyasının Dağıstan Dövlət Universiteti tərəfindən İddiaçı adına verilmiş 01.07.2006-cı il tarixli, ДИC ******* nömrəli diplomun və müvafiq ixtisasın ölkə ərazisində tanınması mümkün hesab etməmişdir. Təhsil Nazirliyi imtinanın səbəbini onunla əsaslandırmışdır ki, Rusiya Federasiyasının Dağıstan Dövlət Universitetinin Bakı filialı qeyri-qanuni fəaliyyət göstərdiyinə görə 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 20.06.2007-ci il tarixli, 2398/4489-2006 saylı qətnaməsi ilə fəaliyyəti dayandırılmışdır, bu səbəbdən də iddiaçının təhsil aldığı ixtisasın ölkə üzrə tanınması mümkün hesab edilməmişdir. İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinin xarici dövlətin ali təhsil sahəsində ixtisasının tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsindən imtina edilməsi barədə 21.04.2020-ci il tarixli yazılı elektron imtinasını əsassız hesab edir. İddiaçı qeyd edir ki, yazılı məlumatın məzmunundan göründüyü kimi cavabdeh qurum diplomun tanınmasını mümkünsüz hesab edərkən və ekvivalentlik haqqında şəhadətnamənin verilməsindən imtina edərkən kifayət qədər ətraflı araşdırma aparmamışdır. Belə ki, İddiaçı 2001-2006-cı illərdə Rusiya Federasiyasının Dağıstan Dövlət Universitetində təhsil almasına baxmayaraq, cavabdeh qurum 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 20.06.2007-ci il tarixli 2398/4-489-2006 saylı qətnaməsinə istinad edərək onun müraciətinin təmin edilməsindən əsassız olaraq imtina etmişdir. Sadalananlara əsasən qeyd edirlər ki, 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 20.06.2007-ci il tarixli, 2398/4-489-2006 saylı qətnaməsi ilə müəyyən edilmiş halların hazırkı İddiaçı üçün preyudisial əhəmiyyəti yoxdur. Belə olan halda hesab edirik ki, cavabdeh qurumun qeyd edilən qətnaməyə istinad edərək, iddiaçının adına verilmiş diplomun və ixtisasın tanınmasının mümkünsüz hesab edilməsi barədə verdiyi imtina qanunun tələblərinə zidd sayılmalıdır. Qeyd edir ki, İddiaçı təhsil aldığı 2001-2006-cı illər ərzində Dağıstan Dövlət Universitetinin Hüquq fakültəsində qiyabi təhsilin müddəti 5 (beş) il müəyyən olunmuşdur. Ümumilikdə, iddiaçıya ünvanlanmış imtina barədə yazılı məlumat “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi Qaydaları”'na uyğun deyil. İddiaçının ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsindən imtina edilməsi ilə bağlı yazılı məlumatda istinad edilən hal Qaydaların 3.7-ci maddəsində göstərilən mənfi rəyin verilməsi üçün əsaslardan heç birinə uyğun gəlmir və formal xarakter daşıyır. Cavabdeh sözügedən Qaydaların 3.7-ci bəndinə istinad edərək, İddiaçı diplomunun və ixtisasının tanınmasından imtina etsə də, imtinasında əsaslandırdığı hal - təhsil aldığı universitetin fəaliyyətinin dayandırılması Qaydalarda ümumiyyətlə nəzərdə tutulmamışdır. Həmin Qaydaların 3.3-cü maddəsinə əsasən təhsilin məzmununun dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin elmi-metodiki bölmələri və təhsil sisteminin yüksək ixtisaslı mütəxəssislərdən ibarət ekspert qrupu yaradılır. Lakin cavab məlumatının məzmununda Nazirliyin nəinki hansı ekspert qrupunun rəyinə əsaslandığı göstərilməyib, habelə ekspert qrupunun yaradılıb-yaradılmamasını da müəyyən etmək mümkün deyil. Qaydaların 3.5-ci maddəsinə əsasən xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğun olması və aşkar olunan uyğunsuzluğun aradan qaldırılmasının mümkün üsulları haqqında ekspert rəyi Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim olunur. Ərizəçinin ekspertiza materialları ilə tanış olmaq hüququ vardır. Bildirir ki, iddiaçının ekspertiza materialları ilə tanış olmağa şərait yaradılmamışdır, ekspertizanın nəticəsi barədə hər hansı sənəd iddiaçıya təqdim edilməmişdir. Bildirir ki, İddiaçı RF Dağıstan Dövlət Universitetində təhsilini başa vurduqdan sonra, aldığı diplomla Bakı Dövlət Universitetində ikinci ali təhsil almış, təhsilini tam başa vura bilməmişdir. Bakı Dövlət Universitetində təhsil aldığı müddətdə bütün imtahanları, fərq imtahanlarını (ilk təhsillə ikinci təhsili arasındakı fərqli fənnlərlə bağlı imtahan və kurs işləri) müvəffəqiyyətlə vermişdir. Hətta, diplom mövzusu seçilmiş, diplom işi yazılmış, elmi rəhbərləri Rüstəm Məmmədov və Əmir Əliyev tərəfindən müsbət rəylər verilmiş, lakin məlum səbəbə görə diplom işinin müdafiəsinə buraxılmamışdır. Təhsilini natamam başa vurduqdan sonra BDU-nun “Mülki proses, əmək və ekologiya” kafedrasında laborant vəzifəsində çalışmışdır. Hesab edir ki, İddiaçı RF Dağıstan Dövlət Universitetində aldığı hüquqi təhsil natamam olsaydı və ya aldığı diplom qanunsuz olmaqla hüquqa zidd hesab edilən sənəd olsaydı, onun Bakı Dövlət Universitetində ikinci ali təhsil alması, daha sonra həmin Universitetdə çalışması mümkünsüz olardı. Sadalanan halları əsas tutaraq hesab edir ki, cavabdeh xarici dövlətin ali təhsil sahəsində ixtisasının tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsindən imtina edilməsi barədə 21.04.2020- ci il tarixli elektron cavabı əsassız hesab edilməli və İddiaçı məxsus 01.07.2006-cı il tarixli ДИC ******* seriyalı, 3763 qeydiyyat nömrəli diplomun ekvivalentliyinin müəyyən edilməsi və ixtisasının tanınması haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdeh qurumun üzərinə qoyulmasına dair qərar qəbul edilməlidir. Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi əsl cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə əvəz edilmişdir. Bakı İnzibati Məhkəməsinin 12 fevral 2021-ci il tarixli, 2-1(112)-958/2021 nömrəli qərarı ilə (hakim F.Mədətli) iddia təmin edilmiş, Rusiya Federasiyası Dağıstan Dövlət Univeristeti tərəfindən İddiaçı adına verilmiş 01 iyul 2006-cı il tarixli, ДИС ******* seriyalı, 3763 qeydiyyat nömrəli diplomun ekvivalentliyinin müəyyən edilməsi və ixtisasın tanınması haqqında şəhadətnamə verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsildə Keyfiyyət Təminatı Agentliyinə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh 30.03.2021-ci il tarixdə apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Agentlikdə iddiaçının sənədləri araşdırılarkən onun diplomunun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 nömrəli qərarı ilə təsdqi edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”na uyğun gəlmədiyi müəyyən edilmişdir. Çünki Rusiya Federasiyasının Dağıstan Dövlət Universitetinin Bakı filialı qanunsuz fəaliyyət göstərmişdir. Qeyd edək ki, sözügedən müəssisə lisenziyasız fəaliyyət göstərdiyi üçün Təhsil Nazirliyi həmin müəssisəsinin fəaliyyətinin dayandırılması və verilən ali təhsil haqqında diplomların etibarsız sayılması ilə bağlı 1 saylı Bakı Yerli İqtisad Məhkəməsində iddia qaldırmışdır. Məhkəmənin 2398/4-489-2006 saylı, 20.07.2007-ci il tarixi qətnaməsi ilə cavabdehin iddiası qismən təmin edilərək müəssisənin fəaliyyəti dayandırılmış və məzunların diplomların etibarsız sayılması hissəsində təmin edilməmişdir. Məhkəmə qətnaməni qəbul edərkən həmin dövrdə müəssisədə təhsilalanların digər ali təhsil müəssisələrinə köçürülməsini Təhsil Nazirliyinin üzərinə vəzifə olaraq qoymasına baxmayaraq, müəssisə fəaliyyətini dayandırana qədər məzun olmuş şəxslərə münasibətdə konkret mövqe bildirməmişdir. Məhkəmənin məsələyə dair konkret mövqe bildirməməsini, təhsilalanların və məzunların müəssisəyə qanunsuz qəbul olmasını və s. nəzərə alaraq, iddaçının xarici ali təhsil ixtisasının tanınması məqsədəuyğun hesab edilmir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 12 fevral 2021-ci il tarixli, 2-1(112)-958/2021 nömrəli qərarı ləğv edilməli və iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - Rusiya Federasiyası Mahaçkala “Dağıstan Dövlət Universiteti” tərəfindən verilmiş ДИС № ******* saylı, 01.07.2006-cı il tarixli bakalavr diplomunun Azərbaycan dilinə tərcümə olunmaqla notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 2006-cı ildə universiteti bitirmiş və “Hüquqşünaslıq” ixtisası üzrə hüquqşünas ixtisasına yiyələnmişdir. X5 Universiteti tərəfindən 21.05.2009-cu il tarixdə 96392 nömrəsi ilə 05.10.1961ci il tarixli Haaqa Konvensiyasına əsasən apostil edilmişdir. - Rusiya Federasiyası Mahaçkala “Dağıstan Dövlət Universiteti tərəfindən verilmiş ДИС ******* saylı, 01.07.2006-cı il tarixli bakalavr diplomuna əlavənin azərbaycan dilinə tərcümə olunmaqla notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, İddiaçı “hüquqşünaslıq” ixtisası üzrə 5 il müddətində qiyabi təhsil almışdır. Universitetdə 2001-ci ildən 2006-cı ilə kimi olan dövrdə oxuduğu müddət ərzində ixtisası üzrə tədris olunmuş fənnlərdən, təcrübələr, dövlət attestasiyası və kurs işlərindən (layihələr) məqbul və yaxşı qiymətlər almış, hüquqşünaslıq ixtisası üzrə dövlət imtahanı vermişdir. - Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Dövlət Universiteti tərəfindən iddiaçının nümayəndəsinin sorğusuna cavab olaraq ünvanlanmış 16 oktyabr 2020-ci il tarixli, 01-Ft/572 saylı məktubundan görünür ki, BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin qiyabi təhsilalma forması üzrə Beynəlxalq hüquq ixtisası (əlavə təhsil) üzrə təhsil almış İddiaçı 2008/2009-cu tədris ilində nəzəri kursu bitirmiş, lakin BDU-ya qəbul olan zaman təqdim etdiyi diplom Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən vaxtında nostrifikasiya olmadığına görə diplom işinin müdafiəsinə buraxılmamış, dörd ildə iki dəfə müdafiədə iştirak etmək hüququ saxlanılmaqla 20.10.2009-cu il tarixli 3/746 nömrəli əmrlə universitetin tələbələri sırasından xaric edildiyi bildirilmişdir. - ИТ-İ № ******* saylı iddiaçıya məxsus əmək kitabçasının müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı müxtəlif müəssisələrdə çalışmış, hal-hazırda "xxxx" MMC-də hüquqşünas vəzifəsində çalışır. - cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış 21 aprel 2020-ci il tarixli, elektron imtina məktubundan görünür ki, iddiaçının ********** nömrəli müraciəti araşdırılaraq bildirilmişdir ki, araşdırma zamanı iddiaçının Rusiya Federasiyası Dağıstan Dövlət Universitetinin Bakı filialında təhsil almışdır, Rusiya Federasiyası Dağıstan Dövlət Universitetinin Bakı filialı qeyri-qanuni fəaliyyət göstərdiyinə görə 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 20.06.2007-ci il tarixli 2398/4-489-2006 saylı qətnaməsi ilə fəaliyyəti dayandırıldığını, 1997-ci ildə imzalanmış “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiyanın İ bəndinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 nömrəli qərarı ilə təsdiq olunan “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.7-cı bəndinə əsasən ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilmir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq, aşağıdakıları qeyd edir: «Təhsil haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.8-1-ci maddəsinə əsasən beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramı – beynəlxalq təşkilat və ya xarici dövlət tərəfindən müəyyən edilmiş standartlara uyğun tətbiq edilən və məzunlarına iki və daha çox xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq hüququ verən təhsil proqramıdır (İB Diploma Programme (X3 Proqramı), Advanced Level of General Certificate of Education (Təhsil haqqında ümumi sertifikatın yüksək səviyyəsi) və Advanced Placement (Yüksək yerləşdirmə) təhsil proqramıdır). Həmin Qanunun 27.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında təhsil fəaliyyəti üçün xüsusi razılığı (lisenziyası) olan və dövlət akkreditasiyasından keçmiş təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi verilir. Həmin Qanunun 27.4-cü maddəsinə əsasən Xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Həmin Qanunun 29.0.21-ci maddəsinə əsasən Xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarını müəyyən etmək, ixtisasların tanınmasını və nostrifikasiyasını həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Həmin Qanunun 44.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. 8 sentyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikasının 1992-ci il 7 oktyabr tarixli 324 nömrəli Təhsil Qanununun 13-cü maddəsinə əsasən Təhsil müəssisələri müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatından keçdikdən sonra hüquqi şəxs statusu alırlar. “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.27-8.28ci bəndlərinə görə nazirlik xarici ölkələrin ali təhsil sahəsində ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsini (nostrifikasiyası) keçirir və xarici ölkələrdə alınmış təhsil sənədlərinin nostrifikasiya qaydalarına müvafiq komissiya yaradır, vətəndaşlara sənədlərin ekvivalentliyi haqqında şəhadətnamələr verir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli, 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”yə görə nazirlik xarici ölkələrdə alınmış təhsil sənədlərinin nostrifikasiya qaydalarına uyğun müvafiq komissiya yaradır, vətəndaşlara sənədlərin ekvivalentliyi haqqında şəhadətnamələr verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli, 64 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları: -1.1-ci bənd. Bu Qaydalar “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır; -1.6-cı bənd. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir; -3.2-ci bənd. Ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: - ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; - xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). -3.6-cı bənd. Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu; -3.7-ci bənd. 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: - xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; - təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); - xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 4.1-ci maddəsi: Azərbaycan Respublikasının ərazisində hüquqi şəxs statusu almaq istəyən qurum, habelə xarici hüquqi şəxsin nümayəndəliyi və ya filialı dövlət qeydiyyatına alınmalı və dövlət reyestrinə daxil edilməlidir. Kommersiya təşkilatları, habelə xarici hüquqi şəxslərin nümayəndəlikləri və ya filialları yalnız dövlət qeydiyyatına alındıqdan sonra fəaliyyət göstərə bilərlər. “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydaların 1.5-ci bəndinə əsasən Xarici hüquqi və fiziki şəxslər, habelə xarici hüquqi şəxslərin filialları və nümayəndəlikləri öz ölkələrində bu qaydalarda göstərilən fəaliyyət növü ilə məşğul olmaq üçün aldıqları lisenziyaların Azərbaycan Respublikasında tanınmasını müəyyən edən dövlətlərarası saziş olmadığı halda, həmin fəaliyyət növü ilə məşğul olmaq üçün bu Qaydalara uyğun olaraq lisenziya almalıdırlar. Qaydaların 2 №-li əlavəsinə əsasən ali təhsil sahəsində fəaliyyətin göstərilməsi üçün xüsusi razılıq (lisenziya) alınması tələb olunur. İş materiallarından müəyyən edilir ki, iddiaçı 2006-cı ildə Rusiya Federasiyası Mahaçkala “Dağıstan Dövlət Universiteti” “hüquqşünaslıq” ixtisası üzrə bakalavr dərəcəsi almış, bu barədə ona ДИС № ******* saylı, 01.07.2006-cı il tarixli bakalavr diplomu verilmiş və X5 Universiteti tərəfindən 21.05.2009-cu il tarixdə 96392 nömrəsi ilə 05.10.1961-ci il tarixli Haaqa Konvensiyasına əsasən apostil edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əsasən iddiaçının sənədləri araşdırılarkən sözügedən təhsil müəssisəsinin Bakı filialında təshil aldığı və həmin filialın fəaliyyət göstərdiyi illər ərzində qanunsuz fəaliyyət göstərməsi (akkreditasiyadan keçməməsi və lisenziyasının olmaması) müəyyən edilir. Belə ki, qanuni qüvvəyə minmiş 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 20.06.2007-ci il tarixli, 2398/4-489-2006 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, Rusiya Federasiyası Mahaçkala “Dağıstan Dövlət Universiteti”nin Bakı filialı Azərbaycan Respublikasında qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatına alınmadan və lisenziya almadan fəaliyyətə başlamış və fəaliyyət göstərmişdir. Ona görə də onun fəaliyyəti qanunauyğun hesab edilə bilməz və bu fəaliyyət dayandırılmalıdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçının təhsil aldığı dövrdə qüvvədə olan təhsil qanunvericiliyinin tələbinə görə təhsil müəssisələri müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatından keçdikdən sonra hüquqi şəxs statusu alırlar. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının təhsil aldığı ali təhsil müəssisəsi fəaliyyət göstərdiyi dövrdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada akkreditasiyadan keçmədən, xüsusi lisenziya almadan qanunsuz fəaliyyət göstərdiyindən, iddiaçının hazırkı tələbi əsassız olmuş və birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün nəticəyə gəlinməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 12 fevral 2021-ci il tarixli, 2-1(112)-958/2021 nömrəli qərarı ləğv edilməli, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsildə X2 apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 12 fevral 2021-ci il tarixli, 2-1(112)-958/2021 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsildə X1rşı “ ona məxsus Rusiya Federasiyası Dağıstan Dövlət Univeristeti tərəfindən təqdim edilmiş 01.07.2006-cı il tarixli ДИC ******* seriyalı, 3763 qeydiyyat nömrəli diplomun ekvivalentliyinin müəyyən edilməsi və ixtisasının tanınması haqqında şəhadətnamənin verilməsi vəzifəsinin Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsildə X2 üzərinə qoyulması”na dair iddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-1410/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1410/2021
12.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver