Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1410/2023 15.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Bəktaşi Səadət İnayət qızından ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi ilə, İddiaçı Ələsgər oğlunun cavabdeh Azərbaycan Respublikasinin Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “müraciətinə yazılı cavab verilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11201/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə edilən müraciətinə yazılı cavab verilməsi və poçt vasitəsilə müraciət edilən ünvana göndərilməsi öhdəliyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1979-cu il tarixində Laçın rayonu, Pircahan kəndində anadan olmuşdur. xx.xx.1996-cı ildən xx.xx.2013-cü ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdə olmuşdur. Xidmət müddətində Müdafiə Nazirliyinin tərkibində olan N saylı hərbi hissələrdə mayor rütbəsində zabit kimi müxtəlif vəzifələrdə xidmət etmişdir. 2004-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001) yubiley, 2008-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illik yubiley, 2011-ci ildə 3-cü dərəcəli qüsursuz xidmətlərə görə medalları ilə təltif olunmuşdur. Xidmətinin çox bir hissəsini Xüsusi Təyinatlı və Kəşfiyyat hərbi hissələrdə, axırıncı N ilini düşmənlə təmas şəraitində olan Qazax rayon Kəmərli, Aslanbəyli, Qaymaqlı, Abbasbəyli, Fərəhli, Məzəm Quşçuayrım, Cəfərli, Qızılhacılı kəndlərinin ərazilərində keçirmişdir. Hal-hazırda ehtiyatda olan zabitdir, Prezident təqaüdçüsü, 2014-cü ildən 2-ci qrup müharibə əlilidir. Müraciətinə əsasən xx.xx.2021-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin göstərişi ilə o, əyani müayinəyə göndərilmiş, müayinə olunmuş və onun əlilliyinin səbəb əlaqəsi dəyişdirilmişdir. Sonradan xx.xx.2021-ci il tarixdə Laçın rayon Mərkəzi Xəstəxanası tərəfindən 0280003AAFMA forma 88 yazılıb elektron sistemə daxil edildikdə ona xx.xx.2021-ci ildə 5 il müddətində ikinci dərəcə əlillik təyin olunmuşdur. Hətta bu barədə xx.xx.2021-ci il tarixə kimi dəfələrlə, xx.xx.2021-ci il tarixdə isə axırıncı dəfə onun şəxsi kabinetinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və X1 Heyətinin sədrinin müavini Mətanət Məmmədovadan cavab məktubu şəxsi kabinetə yerləşdirərək “0280003AAFMA nömrəli göndəriş əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilməsi barədə qərar qəbul edilmişdir” kimi qeydlər aparılmışdır. Eyni zamanda bu barədə onun şəxsi kabinetində qeydiyyat vardır və sms vasitəsi ilə telefonuna bildiriş gəlmişdir. xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilədək onun elektron şəxsi kabinetində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Qərarının 3-cü (Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası) və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin tələblərinə əsasən 0280003AAFMA nömrəli göndəriş əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilməsi barədə qərar qəbul edilmişdir” kimi yazılmış 30 ədəd məktub yerləşdirilmişdir ki, bu məktubların heç biri poçt vasitəsi ilə ona göndərilməmişdir, bu barədə o, məhkəməyə müraciət etmişdir. xx.xx.2021-ci il tarixdə iddiaçı şəxsi kabinetinə baxış keçirən zaman görmüşdür ki, ümumi səhifədə əlillik qiymətləndirilməsi 5 rəqəmindən 4 rəqəminə düşmüş, əlilliyin axırıncı qiymətləndirilməsi sistemdən silinmiş, əlillik müddəti və diaqnoz dəyişdirilmişdir, bu səbəbdən də cavabdehə dəfələrlə müraciət etmişdir. Halhazırda yenə də onun elektron şəxsi kabinetində olan məlumatlara əsasən xx.xx.2021-ci il tarixdə olan müraciətlərinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən cavab verilməyərək “Vətəndaşların müraciətləri haqqında” qanunun tələbləri növbəti dəfə pozulmuşdur. Bu səbəbdən də hesab edir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci və 10-cu maddələrinin tələblərini kobud şəkildə pozmuşdur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11201/2021 saylı, 08 dekabr 2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və iddia tələbinin baxıliması üçün Bakı İnzibati Məhkəməsində göndərilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-840/2022 saylı, xx.xx.2022ci il tarixli qərardadı ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11201/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ləğv edilmiş və işin aidiyyəti üzrə baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-840/2022 saylı, xx.xx.2022ci il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-840/2022 saylı, 24 yanvar 2022-ci il tarixli qərarından kassasiya şikayəti verilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunması barədə İddiaçı tərəfindən verilmiş ərizə təmin edilməmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(103)-1488/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə işin ərazi aidiyyəti məsələsinin həll edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2076/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(103)-840/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilmiş və işin baxılması üçün aidiyyəti üzrə həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. İşin hazırkı apellyasiya icraatı zamanı tərəflər məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunun 7.3- cü maddəsinə əsasən müraciətə baxan subyektlərin müraciətlərin qəbul edilməsi və cavablandırılması işini habelə elektron formada həyata keçirmək hüququ vardır. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.1.4- cü maddəsinə əsasən vətəndaşın təkrar müraciətlərinə bir il ərzində 3 dəfə mahiyyəti üzrə əsaslandırılmış cavab verildikdə və təkrar müraciətdə məsələnin həlli üçün yeni məlumatlar olmadıqda müraciət baxılmamış saxlanılır. Hazırkı iş üzrə iddiaçı xx.xx.2021-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə edilən müraciətinə yazılı cavab verilməsi və poçt vasitəsilə müraciət edilən ünvana göndərilməsini xahiş edir. İş materialında olan sənədlərdən isə görünür ki, iddiaçının müraciətinə xx.xx.2021-ci il tarixli, **********5 nömrəli məktubla cavab verilmişdir Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının müraciətinə cavabdeh tərəfindən cavab verildiyindən, iddiaçının tələbi üzrə qaldırılan məsələlər yenidən vəzifə kimi cavabdehin üzərinə qoyula bilməz. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarındakı hüquqi mövqelərdən biri belə olmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə cavabdehin hərəkət və ya hərəkətsizliyindən iddiaçının hansı hüquqlarının pozulması müəyyən edilmədiyindən, birinci instansiya məhkəməsinin iddia tələbinin mümkün sayılmaması barədə gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ : İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11201/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1410/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1410/2023
15.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver