Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1410/2025 27.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı "müddətsiz əlillik məlumatlarının əlillik alt sisteminə daxil edilməsi" tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədov (sədrlik edən və məruzəçi), Şərafət Asif qızı Məmmədovadan və X2 ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10203/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin mübahisələndirilməyən halları
1. 1 saylı Zona Tibbi-Sosial Ekspert Komissiyasının TSE-0 AR seriyalı 123067 nömrəli arayışdan görünür ki, xx.xx.1966-cı il təvəllüdlü İddiaçı hərbi tapşırığı yerinə yetirərkən aldığı travma səbəbi ilə xx.xx.2000-ci il tarixdən xx.xx.2001-ci il tarixədək 2 dərəcəli əlillik təyin olunmuşdur.
2. 1 saylı Zona Tibbi-Sosial Ekspert Komissiyasının TSE-0 AR seriyalı 286332 nömrəli arayışdan görünür ki, xx.xx.1966-cı il təvəllüdlü İddiaçı hərbi tapşırığı yerinə yetirərkən aldığı travma səbəbi ilə xx.xx.2001-ci il tarixdən xx.xx.2002-ci il tarixədək 2 dərəcəli əlillik təyin olunmuşdur.
3. 1 saylı Zona Tibbi-Sosial Ekspert Komissiyasının TSE-0 AR seriyalı 424442 nömrəli arayışdan görünür ki, xx.xx.1966-cı il təvəllüdlü İddiaçı hərbi tapşırığı yerinə yetirərkən aldığı travma səbəbi ilə xx.xx.2002-cü il tarixdən xx.xx.2003-cü il tarixədək 2 dərəcəli əlillik təyin olunmuşdur.
4. 1 saylı Zona Tibbi-Sosial Ekspert Komissiyasının TSE-0 AR seriyalı 587043 nömrəli arayışdan görünür ki, xx.xx.1966-cı il təvəllüdlü İddiaçı hərbi tapşırığı yerinə yetirərkən aldığı travma səbəbi ilə xx.xx.2003-cü il tarixdən xx.xx.2004-cü il tarixədək 2 dərəcəli əlillik təyin olunmuşdur.
5. 1 saylı Zona Tibbi-Sosial Ekspert Komissiyasının TSE-0 AR seriyalı 700351 nömrəli arayışdan görünür ki, xx.xx.1966-cı il təvəllüdlü İddiaçı hərbi tapşırığı yerinə yetirərkən aldığı travma səbəbi ilə xx.xx.2004-ci il tarixdən xx.xx.2005-ci il tarixədək 2 dərəcəli əlillik təyin olunmuşdur.
6. 1 saylı Zona Tibbi-Sosial Ekspert Komissiyasının TSE-0 AR seriyalı 872704 nömrəli arayışdan görünür ki, xx.xx.1966-cı il təvəllüdlü İddiaçı hərbi tapşırığı yerinə yetirərkən aldığı travma səbəbi ilə xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı il tarixədək 2 dərəcəli əlillik təyin olunmuşdur.
7. 1 saylı Zona Tibbi-Sosial Ekspert Komissiyasının SER TSE-01 seriyalı 305593 nömrəli arayışdan görünür ki, xx.xx.1966-cı il təvəllüdlü İddiaçı hərbi tapşırığı yerinə yetirərkən aldığı travma səbəbi ilə xx.xx.2007-ci il tarixdən xx.xx.2008-ci il tarixədək 2 dərəcəli əlillik təyin olunmuşdur.
8. 1 saylı Zona Tibbi-Sosial Ekspert Komissiyasının SER TSE-01 seriyalı 478373 nömrəli arayışdan görünür ki, xx.xx.1966-cı il təvəllüdlü İddiaçı hərbi tapşırığı yerinə yetirərkən aldığı travma səbəbi ilə xx.xx.2008-ci ildən 2 dərəcəli müddətsiz əlillik təyin olunmuşdur.
9. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-cü il tarixli 3-17-4/2-19509/2024 nömrəli məktubunda bildirilmişdir ki, vətəndaşın əlillik təyinatı barədə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsistemində məlumat və göndəriş (Forma 088) aşkar edilməmişdir. Nəzərinizə çatdırırıq ki, İddiaçı müraciəti əsasında əldə edilən TSEK arayışı Agentliyin arxiv protokolları ilə üzləşdirilərkən vətəndaşın əlillik səbəbinin hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar olduğu məlum olmuşdur. Lakin Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirmə reyestrində əlillik səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar qeyd edilmişdir. Bundan irəli gələrək, şəxsin əlillik məlumatlarının “Əlillik” altsisteminə daxil edilməsi mümkün olmamışdır. Yaranmış zərurətlə əlaqədar, əlavə araşdırılmanın aparılması və əlillik vəziyyəti ilə bağlı yekun qərarın qəbul edilməsi məqsədilə vətəndaş Agentliyə qəbula dəvət ediləcəkdir. Bu barədə vətəndaşla öncədən əlaqə saxlanılacaqdır.
10. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/2-265634/2024 nömrəli məktubla göndərilmiş İddiaçı müavinət ödənişinə dair sənədlərinin təsdiq olunmuş surətindən görünür ki: Sosial müavinətin təyinatı üzrə Əhalinin Sosial Müdafiəsi Mərkəzinin xx.xx.2008-ci il tarixli 326 nömrəli qərarına əsasən İddiaçı hərbi tapşırığı yerinə yetirməsi ilə əlaqədar 2-ci qrup əlilliyinə görə xx.xx.2008-ci il tarixdən ömürlük 70 manat müavinət verilməsi qərara alınmışdır.
11. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2017-ci il tarixli 1047 nömrəli qərarı ilə Şamaxı RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1993- cü ildə aldığı və xx.xx.1993- cü ildən xx.xx.1993-cü ilə kimi N nömrəli hərbi hissədə müayinə və müalicə olunduğu travma - diaqnoz: "Onurğa sütununun, döş qəfəsinin sağ yarısının əziyi. Şağ böyrəyin kontuziyası. Qeyri spesifik uretrit" və xx.xx.1994-cü ildə MN Mərkəzi Hərbi Poliklinikasının hərbi həkim komissiyası tərəfindən tibbi şəhadətləndirilmə zamanı təyin edilmiş travmanın nəticəsi diaqnoz: "Qapalı küt travmadan (xx.xx.1993) sonrakı birinci bel fəqərəsinin bitişmiş kompression sınığı" (Azərbaycan Respublikası SHXÇDX-nin Bakı şəhəri Qaradağ rayon idarəsinin xx.xx.2017-ci il tarixli 6 nömrəli göndərişi, xx.xx.2017-ci il tarixli 104 nömrəli arayışı, N nömrəli hərbi hissədən verilmiş xx.xx.1993-cü il tarixli çıxarış epikrizi, MN Mərkəzi Hərbi Poliklinikasının xx.xx.1994-cü il tarixli 6755 nömrəli arayışı, MN MHHKnın həkim mütəxəssisi-cərrahın rəyi ilə təsdiq edilir), "HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR".
a) Birinci instansiya məhkəməsində icraat
12. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2008-ci ildən 2-ci dərəcə hərbi xidməti vəzifələrin icrası ilə əlaqədar müddətsiz əlilliyinin Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsisteminə daxil edilməsi öhdəliyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
13. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 22 il hərbi qulluqçu kimi gizir rütbəsində xidmət keçmişdir. Xidməti vəzifələrinin icrası zamanı 1993-cü ildə xəsarət almışdır. Ona xx.xx.2000-ci ildən xx.xx.2008-ci ilədək müddətli, xx.xx.2008-ci ildən isə 2-ci dərəcə müddətsiz hərbi xidməti vəzifələrin icrası ilə əlaqədar əlillik təyin edilmişdir. Onun əlilliyi haqqında məlumat Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemində olmadığı üçün cavabdehə ərizə ilə müraciət edərək, xahiş etmişdir ki, 2ci dərəcə hərbi xidməti vəzifələrin icrası ilə əlaqədar müddətsiz əlil olmağını nəzərə alıb (ərizəyə bütün əlillik sənətləri əlavə etməklə) əlilliyi haqqında məlumatı Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin əlillik altsisteminə daxil edilsin. Lakin cavabdeh tərəfindən uzun müddət keçməklə müraciətinə biganə cavab verildiyi və müraciəti müsbət həllini tapmadığı üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
14. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, iddiaçının əlillik təyinatı barədə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsistemində məlumat və göndəriş (Forma 088) aşkar edilməmişdir. İddiaçı müraciəti əsasında əldə edilən TSEK arayışı Agentliyin arxiv protokolları ilə üzləşdirilərkən vətəndaşın əlillik səbəbinin hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar olduğu məlum olmuşdur. Lakin Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirmə reyestrində əlillik səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar qeyd edilmişdir. Yaranmış zərurətlə əlaqədar, əlavə araşdırılmanın aparılması məqsədilə vətəndaş xx.xx.2024-cü il tarixə Agentliyə qəbula dəvət edilmişdir. Lakin həmin tarixdə vətəndaş qəbulda iştirak etməmişdir. Bundan irəli gələrək, şəxsin əlillik məlumatlarının “Əlillik” altsisteminə daxil edilməsi mümkün olmamışdır.
15. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10203/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi, xx.xx.1966-cı il təvəllüdlü İddiaçı barəsində xx.xx.2008-ci ildən 2-ci dərəcə hərbi xidməti vəzifələrin icrası ilə əlaqədar müddətsiz əlillik təyinatı məlumatlarının əlillik altsisteminə daxil edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilmişdir.
16. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
b) Apellyasiya şikayətinin dəlilləri
17. Apellyasiya şikayəti iddiaya etiraza uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, birinci instansiya məhkəməsi işi lazımi qaydada araşdırmadan, ekspertiza təyin etmədən, həmçinin şəxsin əyani müayinə olunmasına dair qərardad qəbul etmədən vətəndaşa əlillik təyin edilməsi barədə qərar qəbul etmişdir.
ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatları
19. Məhkəmədə iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını, cavabdehin nümayəndəsi isə apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
20. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4-cü bəndinə görə TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5-ci bəndinə görə TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 3.7-ci bəndinə görə əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 3.8. Agentliyin əlilliyin qiymətləndirilməsi barədə qərarlarından verilmiş şikayətlərə Nazirliyin 9 (doqquz) nəfər məsul işçisindən ibarət tərkibdə yaratdığı Komissiyada 15 (on beş) iş günü müddətində baxılır. Komissiyanın qərarları sadə səs çoxluğu ilə qəbul edilir və həmin gün ərzində altsistemə daxil edilir. 4.9-cu bəndinə görə bu qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual
22.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
23.Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır. 24.Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən)
26. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 20-22-ci bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.
27. Belə ki, hazırkı işin hallarından görünür ki, iddiaçı xx.xx.2008-ci ildən 2-ci dərəcə hərbi xidməti vəzifələrin icrası ilə əlaqədar müddətsiz əlilliyinin Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsisteminə daxil edilməsini tələb edir.
28. Cavabdeh orqan isə Agentliyin arxiv protokollarına əsasən vətəndaşın əlillik səbəbinin hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar olduğu göstərilsə də, hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilə reyestrində əlillik səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar qeyd edildiyindən imtina cavabı vermişdir.
29. İş materiallarından göründüyü kimi, iddiaçıya hərbi tapşırığı yerinə yetirərkən aldığı travma səbəbi ilə xx.xx.2000-ci il tarixdən etibarən xx.xx.2008-ci il tarixədək 2 dərəcəli əlillik təyin olunmuş, xx.xx.2008-ci il tarixdən isə 2 dərəcəli əlilliyi eyni səbəblə müddətsiz olaraq müəyyən olunmuşdur.
30. Həmçinin, iddiaçıya aid müavinət işində olan TSEK sənədlərindən də görünür ki, 1 saylı Zona Tibbi-Sosial Ekspert Komissiyasının SER TSE-01 seriyalı 478373 nömrəli arayışı müavinət işinə əlavə edilmiş, həmin arayışa əsasən Sosial müavinətin təyinatı üzrə Əhalinin Sosial Müdafiəsi Mərkəzinin xx.xx.2008-ci il tarixli 326 nömrəli qərarı ilə İddiaçı hərbi tapşırığı yerinə yetirməsi ilə əlaqədar 2-ci qrup əlilliyinə görə xx.xx.2008-ci il tarixdən ömürlük müavinət təyin edilmişdir.
31. Eyni zamanda işin apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfndən 19 fevral 2025-ci il arixdə verilmiş sorğuya cavab məktubu etiraza uyğun əsaslandırılmışdır.
32. Göründüyü kimi, iddiaçıya 2008-ci ildən müddətsiz ikinci dərəcə hərbi tapşırığı yerinə yetirməsi ilə əlaqədar səbəbi ilə əlillik təyin edildiyi halda cavabdeh inzibati orqan əlillik təyinatı ilə bağlı məlumatları, əlillik təyini qərarını elektron sistemə yerləşdirməmişdir.
33. Məhkəmə kollegiyası cavabdehin iddiaçının əlillik səbəbinin Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar qeyd edilməsi dəlilinə münasibətdə bildirir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2017-ci il tarixdə 1047 nömrəli qərarı "Hərbi travmadır, Azərbaycan Respublikasinin müdafiəsi zamanı alınmışdır" kimi şəhadətləndirilməsi iddiaçı barəsində həmin tarixədək olan əlillik təyinatı məlumatlarının əlillik təyinatı alt sisteminə daxil edilməsinə mane deyil və ya 2017-ci il tarixdə müəyyən edilmiş bu fakt onun 2008-ci ildən müddətsiz əlilliyinin şübhə altına alınmasına rəvac vermir.
34. Eyni zamanda qanunvericiliyin normalarına əsasən əvvəllər şəxsə təyin olunmuş əlillik dərəcəsi ilə bağlı təyinatın dəyişdirilməsi üçün iki şərt- 1) TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmalı və 2) şəxs əyani müayinəyə cəlb olunmalıdır.
35. Göründüyü kimi cavabdeh inzibati orqan inzibati icraat zamanı əvvəlki qərarının düzgünlüyünə şübhə olduğu əsaslarını müəyyən etməmişdir.
36. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. 37.İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 38.Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10203/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. 39.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10203/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.