Məhkəmə qərarları › İş №2-1(103)-1411/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1411/2022

07.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1411/2022 07.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X2 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon Şöbəsinə qarşı “güəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbi barədə inzibati mübahisəyə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1064/2015 saylı, 11 mart 2015-ci il tarixli qərarı ilə yekunlaşmış iş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş yeni açılmış hallarla bağlı ərizəyə dair Bakı İnzibati Məhkəməsinin 2-1(82)-1064/2015 saylı, 23 dekabr 2021-ci il tarixli qərardadından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ona 01.06.2007-ci il tarixdən 52 yaşdan həmin vaxt qüvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan respublikası Qanununun 26.1-ci maddəsinə əsasən (2004-2005-ci illərin əmək haqqından) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasını hesablanması, 01.06.2007-ci ildən 01.06.2012-ci ilədək və 01.01.2012-ci ildən yaranacaq fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1064/2015 saylı, 11.03.2015-cı il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Qərardan qanunla müəyyən edilmiş müddətdə apellyasiya şikayəti verilməmiş və qərar qanuni qüvvəyə minmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1064/2015 saylı, 11.03.2015-cı il tarixli qərarı surəti icra olunması üçün cavabdeh inzibati orqan DSMF Bakı şəhəri Nizami rayon şöbəsinə göndərilmişdir. DSMF Bakı şəhəri Nizami rayon şöbəsinin icra olunmuş məhkəmə qərarları barədə məlumat təqdim olunan 26 avqust 2019-cu il tarixli məktubundan görünür ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1064/2015 saylı, 11.03.2015-cı il tarixli qərarı həmin şöbə tərəfindən icra olunmuş məhkəmə qərarlarının sırasındadır. Bakı İnzibati məhkəməsinə 21 sentyabr 2021-ci il tarixdə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının sözügedən mübahisəyə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1064/2015 saylı, 11.03.2015-cı il tarixli qərarına qarşı yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəsi daxil olmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-1955/2016 saylı, 22 dekabr 2021-ci il qərardadı (hakim R.Kərimli) ilə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizənin mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan ərizəçi tərəfindən apellyasiya şikayəti verilərək, qərardadın ləğv edilməsi və ərizəyə mahiyyəti üzrə baxılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi əsassız və qanunsuz olaraq müddətin ötməsi səbəbilə ərizəni mümkün hesab etməmişdir. Birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, məhkəmədə işə baxılarkən ümumiyyətlə heç bir təhqiqatın aparılmadığı aşkar edilmiş, məhkəmə baxışı formal olaraq keçirilmiş, məhkəmə qərarının tərtibi və rəsmiləşdirilməsi zamanı şablon mətnlərdən istifadə edilmişdir. İddiaçı əmək kitabçasında qeyd olunmuş və təyinat zamanı nəzərə alınmış iş stajlarının və hesablanma zamanı əsas götürülmüş əmək haqlarının düzgünlüyünün ilkin sənədlərlə qarşılıqlı yoxlanması həm şöbə, həm də məhkəmə tərəfindən bu işdə maraqlı olan şəxslərə görə təmin edilməmiş, pensiya məbləğinin hesablanması zamanı nəzərə alınmış 2004-2005-ci illərin əməkhaqlarına görə heablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə Fondun müvafiq qurumlarından zəruri arayışlar alınmamışdır. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçinin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsi, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi iş üzrə icraatın təzələnməsi barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında məhkəmə bildirişi iddiaçının iddia ərizəsində qeyd etdiyi və iş materiallarında mövcud olan ünvanına göndərilmiş, lakin poçt orqanı tərəfindən “ünvanda yaşamır” əsası ilə geri qaytarılmışdır. Lakin SMS xəbərdarlıq AZEMİS vasitəsilə iddiaçının əlaqə nömrəsinə göndərilmişdir. Buna baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası apellyasiya şikayətini nəzərdən keçirərək, inzibati məhkəmə icraatının iştirakçısının izahatını dinləyərək hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin “yeni açılmış hallarla” bağlı ərizənin mümkün sayılmaması barədə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Azərbaycan Respublikası İPM-in 100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Həmin Məcəllənin 103.2-ci maddəsinə əsasən mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. Həmin Məcəllənin 103.3-cü maddəsinə əsasən bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. Həmin Məcəllənin 106-cı maddəsinə görə məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş əsaslarla bağlıdır. İcraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir. İcraatın təzələnməsi üçün İPM-in 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir. İş materiallarından görünür ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 1064/2015 saylı, 11 mart 2015-cı il tarixli qərarı 2015-ci ildə iş üzrə cavabdeh DSMF Bakı şəhər Nizami rayon şöbəsi tərəfindən icra olunmuş və bu barədə şöbə sonradan da olsa müvafiq məktubla məhkəməyə məlumat ünvanlamışdır. Nəzərə alınmalıdır ki, formalaşmış inzibati praktikaya görə ərizəçi DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı müvafiq inzibati mübahisə üzrə cavabdeh DSMF Bakı şəhəri Nizami rayon şöbəsinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatı ilə bağlı səlahiyyətlərini hazırda həyata keçirən qurumdur. Cavabdeh (ərizəçi) sözügedən məhkəmə qərarı barədə hələ qeyd olunan tarixdən məlumatlı olmuşdur. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə isə məhkəməyə 21 sentyabr 2021-ci il tarixdə -ona qarşı ərizə verilmiş məhkəmə qərarının qanuni qüvvəyə mindiyi tarixdən azı 4 il 8 aydan artıq vaxt keçdikdən sonra təqdim edilmişdir. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, ərizəçi (cavabdeh inzibati orqan) məhkəmə qərarının mövcudluğundan məlumatlı olmuş, buna baxmayaraq yeni açılmış hallar barədə ərizəni qanunvericiliklə müəyyən edilmiş 3 illik müddəti ötürməklə vermişdir. Bundan başqa, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin ərizəsində qeyd etdiyi iddiaçıya vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Daxili nəzarət və audit şöbəsi tərəfindən araşdırma ilə əlaqəli Nazirlik tərəfindən Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edilməsi barədə dəlili qanuni qüvvədə olan məhkəmə qərarının yeni açılmış hal üzrə icraat qaydasında ləğv edilməsi üçün əsas yaratmır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-1064/2015 saylı 23 dekabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Mirzə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar