Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1411/2023 20.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X11 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi X8, üçüncü şəxsin hüquqi varisinin nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı1 şirkətinin cavabdeh Binəqədi rayonu Xocahəsən bələdiyyəsinə qarşı (üçüncü şəxs: X9) “qərarının etibarsız sayılması tələbinə dair” inzibati mübahisə üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-621/2013 saylı xx.xx.2013-ci il tarixli qərarından üçüncü şəxsin hüquqi varisi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İ. İddiaçı1 şirkəti cavabdeh Binəqədi rayonu Xocahəsən bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xacahəsən bələdiyyəsinin «X6 torpaq sahəsinin ayrılması haqqında 06 saylı 25 fevral 2004-cü il tarixli qərarının etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, birincisi, cavabdehin 25 fevral 2004-cü il tarixli qərarı ilə üçüncü şəxsə ayrılmış torpaq sahəsi Şirkətin «Saziş» ərazisində yerləşir. İkincisi, cavabdeh bələdiyyə mülkiyyətində olmayan sənaye təyinatlı torpaq sahəsini heç bir qanuni əsas olmadan üçüncü şəxsin mülkiyyətinə ayrılması barədə qərar vermişdir. Bakı İnzibati Məhkəməsinin 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-621/2013 saylı xx.xx.2013-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri Binəqədi rayon Xocahəsən X1 torpaq sahəsinin ayrılması haqqında 06 saylı 25 fevral 2004-cü il tarixli qərarı etibarsız hesab edilmişdir. İş materiallarına əsasən müəyyən olunmuşdur ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin işdə iştirak edən şəxslərə göndərilmiş qərarını tərəflər alsa da, üçüncü şəxs tərəfindən həmin qərarın alınmasını təsdiq edən hər hansı bir sənəd sübut mövcud deyildir. Məhkəmənin müvafiq reyestri də tərtib olunub işə əlavə olunmamışdır. İş materiallarına əsasən hətta 22 iyul 2013-cü il tarixdə icra vərəqəsi verilməklə, icra edilməsi üçün Binəqədi rayon İcra şöbəsinə gönədrilmiş, sonuncu tərəfindən xx.xx.2013-cü il tarixdə qərarına əsasən icra icraatı başlanılmış və xx.xx.2017-ci il tarixdə icra sənədinin icra olunması ilə bağlı tərəflərin nümayəndələrinin iştirakı ilə akt bağlanmış olsa da, lakin həmin prosesdə üçüncü şəxs M.Novruzanın və ya onun nümayəndəsinin iştirakı müəyyən olunmur. İşdən görünür ki, üçüncü şəxs Meyvə Novruzova 19 aprel 2022-ci il tarixdə vəfat etmiş və onun ölümündən sonra, hüquqi varisi (əri) X5 xx.xx.2022-ci il tarixdə apellyasmiya şikayəti vəerərək birinci instansiaya məhkəməsinin qərarının ləğv edilərək iddianın rədd olunması barədə yeni qərar çıxarılmasını məhkəmədən xahiş etmiş, məhkəmənin qərarı üçüncü şəxsə çadırılıdığı müəyyən olunmadığından və onun icra sənədinin icrasında da iştirakı təmin olunmadığı nəzərə alınmaqla, apellyasiya mümkün sayılmışdır. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: «Apellyasiya şikayətində göstərilən əsaslara görə iddiaçı tərəfindən Bələdiyyənin qərarını mübahisələndirmək üçün 30 günlük iddia müddətini ötürmüşdür.Məhkəmə-tikinti ekspertizasının rəyi kifaəyət qədər aydın deyildir. Avropa Məhkəməsinin presedent qərarları baxımından, birinci instansiya məhkəməsi həqiqətə nail olmaq üçün qanunvericiliyin verdiyi mümkün vasitələrdən istifadə etməmiş,yalnız iddiaçının mülahizələrinə istinad etməklə iddianı təmin etmiş,beləliklə də «İnsan hüquqlarının və Əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyanın 6-cı maddəsinin tələblərini kobud surətdə pozmuşdur. X2 işin apellyasiya icraatı zamanı vəfat etmiş, üçüncü şəxslə birgə nikahından anadan olmuş övladı - X4 İPM-in 1.2 və MPM-in 58-ci maddəsinin tələbləri qaydasında üçüncü şəxsin hüquqi varisi qismində prosesə cəlb olunmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin hüquqi varisin nümayəndəsi Vəkil apellyasiya şikayətinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmasını, iddiaçının nümayəndəsi K.Hacıyev isə onunla razılaşmamış,iddia ərizəsinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti qismən təmin edilməli, qərar ləğv edilməli, iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd olunan maddəsinin mənası onu ehtiva edir ki, inzibati icraat qaydasında qaldırılan iddianın mümkünlüyü şərtləririn yerinə yetirildiyi halda, yolveriləndir. Yəni, iddia subyektiv hüququ olan şəxs tərəfindən iddia müddəti çərçivəsində qanunla cavabdehlik daşıya bilən inzibati orqana qarşı qaldırılmalı və formal olaraq (subutlar da əlavə olunmaqla) əsaslandırılmalıdır ki, mümkün iddia kimi icraata qəbul edilsin. Əks halda, Məcəllənin 35.3-cü maddəsinə müvafiq olaraq iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. İddiaçı şirkətin iddia tələbindən göründüyü kimi, İPM-in 36.1-ci maddəsinə istinadən cavabdeh Xacahəsən bələdiyyəsinin «X6 torpaq sahəsinin ayrılması haqqında 06 saylı 25 fevral 2004-cü il tarixli qərarının etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini tələb etmişdir. Lakin konkret halda onun iddiasının mümkünlük şərtləri yerinə yetirilmir. Belə ki, "Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ("xxxx"), X17 Bi.Vi. və ARDNŞ-in Ortaq Şirkəti ("Podratçılar") arasında Saziş ("Saziş") imzalanmış və 29 aprel 2005-ci il tarixində Azərbaycan Respublikası Prezidenti tərəfindən imzalanmış və 15 may 2005-ci il tarixindən qüvvəyə minmiş 901 saylı Qanunun: 4-cü maddəsinə əsasən bu Qanun qüvvəyə mindikdən sonra Saziş, Hökumət təminatı və Əlavələr Qanun olurlar. Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökumət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökumət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur. 5-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökumət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verilir. Qanunun qeyd olunan normalarının göründüyü kimi, «Saziş, 15 may 2005-ci il tarixində qüvvəyə minməsinə qədər, habelə qüvvədə olduğu müddətdə Azərbaycan Respublikasının hər hansı başqa mövcud olmuş və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur və istər 15 may 2005-ci il tarixindən əvvəl, istərsə də bundan sonra Kontrakt sahəsi barəsində qəbul olunmuş bütün sənədlər ləğv edilir və hüquqi qüvvəyə malik ola bilməz. Bu baxımdan, konkret halda da, cavabdeh Xocaphəsən Bələdiyyəsinin üçüncü şəxs (mərhum) «X6 torpaq sahəsinin ayrılması haqqında 06 saylı 25 fevral 2004-cü il tarixli qərarı da qəbul olunduğu gündən heç bir hüquqi qüvvəyə malik deyildir. Belə olan halda isə birinci instansiya məhkəməsi tərəfindən hirkətin iddiası, İPM-in 35.1-ci maddəsində nəzərədə tutulan əsaslandırılmış iddia kimi qiymətləndirilə bilməzdi və həmin Məcəllənin 35.3-cü maddəsi baxımından mümkünsüz hesab edilməsi barədə qərardad çıxarılmalı idi. Birinci instansiya məhkəməsi tərəfindən isə beynəlxaq «Saziş»in qeyd olunan tələblərinə əhəmiyyət verilməmiş, işin hallarına münasibətdə «Sazişin qeyd olunan tələblərinin tətbiqi baxımından, iddianın mümkünlük şərtlərinə hüquqi qiymət verilməmiş, bununla da prosessual qanunvericiliyin tələblərinin pozulması ilə işə mahiyyəti üzrə baxıılıb iddianın təmin olunması barədə əsassız qərar qəbul olunmuşdur. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, üçüncü şəxsin prosessual hüquq varisinin apellyasiya şikayətinin, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmədiyi və prosessual hüquq nnormalarının pozulması ilə qərar qəbul olunduğunu mübahisələndirən hissəsində, dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti qismən təmin edilməli, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(81)-621/2013 saylı xx.xx.2013-ci il tarixli qərarı ləğv edilməli və iddianın mümkün sayılmaması barədə qərardad çıxarılmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən və İPM-in 80, 83, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qəraraaldı: Üçüncü şəxsin prosessual hüquq varisinin apellyasiya şikayəti qismən təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-621/2013 saylı xx.xx.2013-ci il tarixli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1411/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1411/2023
20.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver