Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1411/2025 16.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X9 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Təhsildə X3rşı “diplomun tanınması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14953/2024 nömrəli, 27 noyabr 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Təhsildə X3rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Türkiyə Respublikasının Anadolu Dövlət Universiteti tərəfindən verilmiş 2016-135614 nömrəli bakalavr diplomunun (ali təhsilə aid kvalifıkasiyasınm) tanınması öhdəliyinin cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2012-ci ildə Türkiyənin Anadolu Universitetinin İqtisadiyyat fakültəsinə daxil olmuş və 2016-ci ildə həmin fakültəni bitirərək Beynəlxalq Münasibətlər ixtisası üzrə bakalavr dərəcəsi almışdır. Buna görə ona 2016- 135614 nömrəli bakalavr diplomu verilmişdir. Təhsilini başa vurduqdan sonra o, diplomunu müvafiq qaydada Azərbaycan Respublikasında tanınması və ekvivalentliyinin müəyyən edilməsi üçün cavabdehə müraciət etmişdir. Lakin cavabdeh xx.xx.2024-cü il tarixli məktubu ilə onun diplomunu tanımaqdan və onların ekvivalentliyini müəyyən etməkdən imtina etmişdir. Əsas olaraq isə cavabdeh göstərmişdir ki, bu forma üzrə tədrisin təşkilinin Azərbaycan Respublikası təhsil qanunvericiliyinə əsasən təhsilin təşkili prosesinin zəruri tələblərinə uyğun olmadığı üçün ənənəvi təlim metodlarına əsaslanan formal təhsil hesab oluna bilməz. Cavabdeh imtinasının əsası kimi Azərbaycan Respublikası Prezidentinin 18 avqust 2023-cü il tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifıkasiyalarının tanınması” Qaydalarına istinad edir. Halbuki, həmin qaydalar qeyd olunan diplomu aldıqdan 7 il sonra qəbul edilib. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 13.1.3-cü bəndində, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarının 5.4-cü bəndində distant (məsafədən) təhsil Azərbaycan Respublikasında təhsilalama formalarından biri kimi müəyyən edilmişdir. Göründüyü kimi, təhsil aldığı dövrdə Azərbaycan Respublikasında distant təhsil təhsilalma növü kimi qanunla təsbit olunmuşdur. Bundan başqa, X7 Universitetində təhsil aldığı dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may 64 saylı qərarı ilə təsdiq edilmiş "Xarici dövlətlərin Ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifıkasiyası) Qaydaları" ilə də distant formada təhsilə dair hər hansı bir norma və ya qadağa müəyyən edilməyib. 2016-2017 tədris ilində Türkiyə Respublikasının Sakarya Universitetinin Sosial Elmlər fakültəsinin İctimaiyyətlə Əlaqələr və Reklam ixtisası üzrə magistr dərəcəsi almışdır. Cavabdehin imtinası qanunsuz və əsassızdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli qərarının 1.6-cı bəndində göstərlir ki, Bakalavriat səviyyəsində əyani (tədrisə tam cəlb olunma - fulltime və tədrisə qismən cəlb olunma - parttime), qiyabi və distant (məsafədən) təhsilalma formaları müəyyən edilir. Əsas (baza ali) tibb təhsili yalnız əyani (tədrisə tam cəlb olunma - fulltime və tədrisə qismən cəlb olunma - parttime) təhsilalma forması ilə həyata keçirilir. Distant (məsafədən) formada bakalavr hazırlığı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunan əsasnamə əsasında həyata keçirilir. Bakı İnzibati Məhkəməsinin (hakim Ceyhun Quliyev) 2-1(112)-14953/2024 nömrəli, 27 noyabr 2024-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Ahmet qızı cavabdeh Təhsildə Keyfiyyət Təminatı X1rşı diplomun tanınması və ekvivalentliyinin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərində qoyulması barəsində qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsi iddianın rədd edilməsi barədə xx.xx.2024-cü il tarixli qərar qəbul etmişdir. Bakı İnzibati Məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq qeyri-qanuni qərar qəbul etmişdir. X4 Açıq Təhsil Fakültəsi X13 Rəhbərliyinin xx.xx.2024 tarixli məktubunda göstərilir: “Universitetimizin diplomları Türkiyə Ali Təhsil (YÖK) tərəfindən tanınır. xx.xx.1982-ci il tarixli və 17860 saylı Rəsmi Qəzetdə dərc edilən Açıq Ali Təhsil Əsasnaməsinin 13-cü maddəsində “Distant təhsil alan tələbələrlə eyni təhsil proqramına görə əyani təsil alan tələbələr arasında tələbə hüquqları baxımından heç bir fərq olmadığı kimi, hər iki yolla məzun olanlar bərabər hüquq və imtiyazlara malik olurlar”. Buna görə də əyani və distant təhsil proqramlarını bitirən tələbələr arasında heç bir fərq yoxdur. Anadolu Universitetinin Açıq Təhsil sistemində distant təhsil metodu ilə keçdiyi təhsil Azərbaycan Respublikası Təhsil Qanununun 13.2-ci maddəsindəki Qiyabi təhsil növü olmayıb, 13.3-cü maddəsində nəzərdə tutulmuş Distant təhsil növünə uyğundur.....İddiaçı Transfer çərçivəsində X2 Əlaqələr Bakalavr bölməsindən xx.xx.2014-cü il tarixində **********4 tələbə nömrəsi ilə qeydiyyatdan keçmişdir. Dörd illik Beynəlxalq münasibətlər Proqramında distant təhsil modeli (Distant Təhsil) üzrə təhsil alaraq dərslərində müvəffəqiyyət qazanmış və xx.xx.2016-cı il tarixində 2016-135614 saylı diplomla bakalavr pilləsindən məzun olmuşdur.” Eyni zamanda Universitetin xx.xx.2016-cı il tarixli məktubunda “Anadolu Universiteti Distant təhsil Sistemi Distant Təhsil, İqtisadiyyat və X12 fakültələrindən ibarətdir. Siz İqtisadiyyat fakültəsinin Beynəlxlaq Münasibətlər üzrə Bakalavr Proqramından məzun olduğunuz üçün diplomunuzda “Distant Təhsil Fakültəsi” ifadəsi yazılmamışdır.” deyə qeyd olunub. Məhkəmə qərarında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 maytarixli, 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya)” Qaydalarının 3.7-ci bəndinə istinad olunur. Həmin bəndə əsasən 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və yapeşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Adıçəkilən Qaydaların qeyd olunan bəndi üzrə ona ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün mənfi rəy verilməsinə heç bir əsasın olmaması iş materialları ilə təsdiqini tapır. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli qərarının 1.6-cı bəndinə əsasən Bakalavriat səviyyəsində əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisəqismən cəlb olunma – partime), qiyabi və distant (məsafədən) təhsilalma formaları müəyyən edilir. Əsas (baza ali) tibb təhsili yalnız əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – partime) təhsilalma forması ilə həyata keçirilir. Distant (məsafədən) formada bakalavr hazırlığı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunan əsasnamə əsasında həyata keçirilir. Məhkəmə qərarında mövcud olmayan sübuta istinad olunur. Belə ki, məhkəmə qərarında göstərilir: “Məhkəmə qeyd edir ki, iddiaçı 2016-cı ildə Türkiyə Respublikasının Anadolu Universitetinin İqtisadiyyat fakültəsini bitirmiş, xx.xx.2016-ci il tarixdə diplom verilmişdir. İddiaçı təhsili “açıq öyrətim” formasında almışdır. İddiaçının təhsilini “açıq öyrətim” formasında almasını diploma əlavədən (transkript) və təhsil aldığı universitet tərəfindən cavabdehə ünvanlanmış məktubdan görmək olur.” Cavabdeh Təhsildə Keyfiyyət X8 Hüquqi Şəxsi təhsil aldığı universitetə ümumiyyətlə müraciət etməmişdir. Anadolu Universitetinin ona xx.xx.2024-cü il tarixli məktubunda universitet tərəfindən adına heç bir orqana məktub göndərilmədiyi açıq-aydın bildirilir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişlər. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Təhsildə Keyfiyyət Təminatı Agentliyinin NA00033430 nömrəli xx.xx.2024-cü il tarixli “Xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi barədə” Qərarından görünür ki, ərizəçinin müraciətinə baxılaraq onun bakalavriat səviyyəsinə uyğun kvalifikasiyaya münasibətdə tədris müddətində ənənəvi təlim metodlarına əsaslanan formal qaydada təhsil əldə etmədiyi müəyyən edilmişdir. Türkiyə Respublikasının “Xarici dövlətlərin ali təhsil diplomlarının tanınması və ekvivalentliyinin müəyyən olunması Qaydası”nın 3-cü maddəsinin “a” bəndinə əsasən “açık öğretim” təhsilalma forması təhsilalanlarla təhsilverənlərin qarşılıqlı ünsiyyətinə və qarşılıqlı fəaliyyətinə əsaslanmayan təhsilalma növüdür. Lakin “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə əsasən təhsilverənlər və təhsilalanlar təhsil prosesinin mütləq iştirakçıları kimi nəzərdə tutulmuşdur. Beləliklə, “açık öğretim” təhsilalma forması üzrə tədrisin təşkilinin, Azərbaycan Respublikası təhsil qanunvericiliyinə əsasən təhsil prosesinin təşkili üçün nəzərdə tutulan tələblərlə uyğunsuzluq təşkil etdiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 4.1.5-ci bəndinə əsasən Milli Kvalifikasiyalar Çərçivəsi üzrə bakalavriat səviyyəsinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal qaydada təhsilin əldə olunması tanınmaya dair ümumi tələblərə aid edilmişdir. Qeyd olunanlar nəzərə alınaraq, bu forma üzrə tədrisin təşkilinin Azərbaycan Respublikası təhsil qanunvericiliyinə əsasən təhsilin təşkili prosesinin zəruri tələblərinə uyğun olmadığı üçün ənənəvi təlim metodlarına əsaslanan formal təhsil hesab oluna bilməz. Qeyd olunanlara əşasən Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 3.10.1ci və 4.1.5-ci yarımbəndlərinə əsasən ərizəçinin xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi üçün hüquqi əsas yaranmışdır. Göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"nın 3.10.1-ci bəndinə əsasən ərizəçinin xarici ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilməsi qərara alınmışdır. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu: 13.1. Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir: 13.1.1. əyani; 13.1.2. qiyabi; 13.1.3. distant (məsafədən); 13.1.4. sərbəst (eksternat). 13.2. Azərbaycan Respublikasında müəyyən edilmiş təhsilalma formaları çərçivəsində evdə təhsil, fərdi təhsil və stasionar təhsil təşkil oluna bilər. 13.3. Zəruri hallarda, müasir təhsil texnologiyalarından istifadə etməklə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada digər təhsilalma formaları da tətbiq edilə bilər. 27.4. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. 29.0. Təhsil sahəsində dövlətin vəzifələri aşağıdakılardır: 29.0.1. təhsil sahəsində vahid dövlət siyasətini müəyyənləşdirmək və onun həyata keçirilməsini təmin etmək. 44.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası)» Qaydaları: 2.2. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması proseduru mövcud beynəlxalq sazişlər və tövsiyələr, təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır. 3.6. Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. 3.7. 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş «Ali təhsil pilləsinin dövlət standartı və proqramı»: 5.4. Ali təhsil pilləsində aşağıdakı təhsilalma formaları müəyyən edilir: - əyani; qiyabi; - distant (məsafədən); - sərbəst (eksternat). Həmin formalar üzrə təhsilalma qaydaları müvafiq qanunvericilik aktları ilə müəyyənləşdirilir. 8.7. Ali təhsil müəssisələri tələbələrinin tədris yükünün ümumi həcmi və normaları aşağıdakı kimi müəyyənləşdirilir: 8.7.2. Əyani forma üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları ilə müəyyənləşdirilir. Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180- 240, magistraturada isə 120-160 saat nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”: 3.8. Tanınma ilə bağlı Agentlik aşağıdakı qərarlardan birini qəbul edir: 3.8.1. ali təhsilə aid kvalifikasiyanın akademik və peşə tanınması; 3.8.2. ali təhsilə aid kvalifikasiyanın akademik tanınması (tam, qismən, şərti və ya alternativ tanınması); 3.8.3. ali təhsilə aid kvalifikasiyanın peşə tanınması; 3.8.4. ali təhsilə aid kvalifikasiyanın tanınmasından imtina edilməsi. 3.10. Aşağıdakı hallarda kvalifikasiyanın tanınmasından imtina edilir: 3.10.1. bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulan ümumi tələblərə riayət olunmadıqda; 3.10.2. ərizəçinin müraciət etdiyi kvalifikasiya ilə Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya arasında əhəmiyyətli fərq aşkar olunduqda və ya həmin kvalifikasiya Azərbaycan Respublikasında mövcud olmadıqda və qismən, şərti və ya alternativ tanınma mümkün olmadıqda; 3.10.3. peşə tanınmasına münasibətdə bu Qaydaların 6.2ci bəndinə uyğun olaraq, ərizəçi sınaq imtahanında müvəffəqiyyət qazanmadıqda. 4.1.Tanınma üzrə ümumi tələblər aşağıdakılardır: 4.1.1. müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması; 4.1.2. müvafiq kvalifikasiyaya dair sənədin autentik (həqiqi) olması; 4.1.3. müvafiq kvalifikasiyanın verildiyi ölkənin kvalifikasiyalar çərçivəsində yerinin göstərilməsi; 4.1.4. Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi (bundan sonra – Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması); 4.1.5. Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması). İşin faktiki hallarından görünür ki, iddiaçı Türkiyə Respublikası Anadolu Universiteti İqtisadiyyat fakültəsinin Beynəlxalq münasibətlər ixtisası üzrə (bakalavr) təhsil almış, təhsilini xx.xx.2016-cı il tarixdə bitirmişdir. İddiaçı təhsili “açıq öyrətim” formasında almışdır. İddiaçı diplomun tanınması və müvafiq şəhadətnamənin alınması məqsədi ilə cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan bütün təlim müddəti ərzində təhsil aldığı “açık öğretim” təhsilalma forması ənənəvi təlim metodlarına əsaslanan təhsilalma formasına aid olmaması səbəbindən iddiaçının tələbinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, açıq öyrətim ali təhsil qurumlarında üz-üzrə və distant təhsil istisna olmaqla, tələbələrin və müəllimlərin məkandan asılı olmayaraq qarşılıqlı əlaqəsi və ünsiyyəti olmadan həyata keçirilən təhsil formasıdır. Tələbə tədris zamanı hər hansı dərs, ixtisas dərsi tədris edilmədən, göndərilmiş materiallar əsasında diplom əldə edir. “Distant (məsafədən)” təhsil isə ali təhsil müəssisələrində təlim-tədris prosesinin informasiya və kommunikasiya texnologiyaları əsasında planlaşdırıldığı və həyata keçirildiyi, tələbə ilə müəllimin və tələbələrin öz aralarında qarşılıqlı ünsiyyəti/əlaqəsi əsasında dərslərin şəxsən müəllim tərəfindən eyni mühitdə olma zərurəti olmadan ancaq sinxron şəkildə keçirildiyi təlim-tədris formasıdır. Açıq öyrətim distant təhsilalma formasından fərqli olaraq özündə təhsilalanlarla təhsilverənlərin qarşılıqlı ünsiyyətini ehtiva etmir. Elə bu səbəbdən həm də açıq öyrətim distant təhsilin xüsusi forması kimi də qəbul edilə bilməz. Göründüyü kimi, “açık öyrətim” təhsil “distant (məsafədən)” təhsil ilə eyni olmamaqla fərqli təhsilalma formalarıdır. Qanunvericiliyin tələblərinə görə diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu müəyyən olunmalıdır. Bu mənada, hazırkı işdə “açıq öyrətim” formasında xaricdə alınmış bakalavriat təhsilinin Azərbaycan Respublikasının müvafiq təhsil sahəsində dövlət standartlarına uyğunluğu müəyyən olunmalıdır. “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə” Qanunun diplomların tanınması və ekvivalentliyi adlanan 12-ci maddəsində qeyd edilir ki, azərbaycanlı tələbələrə Türkiyə Respublikasının ali təhsil müəssisələri tərəfindən verilən diplomların ekvivalentliyi və tanınması Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq,...həyata keçirilir. Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlarda isə iddiaçının Türkiyə Respublikasında təhsil aldığı “açıq öyrətim” təhsil forması nəzərdə tutulmamışdır. Göründüyü kimi, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2312/2024 saylı xx.xx.2024-cü il tarixli və 2-1(102)-293/2025 saylı xx.xx.2025-ci il tarixli qərarlarında eyni mövqe öz əksini tapır. Həmin işlər üzrə qərarlarda həmçinin qeyd olunmuşdur ki, “Təhsil haqqında” Qanunun 13-cü maddəsində əyani, qiyabi, distant (məsafədən), sərbəst (eksternat) təhsilalma forması müəyyən edilmişdir, yəni təhsil qanunvericiliyində “açıq öyrətim” təhsilalma forması nəzərdə tutulmamışdır. Habelə göstərilir ki, Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlarda iddiaçının Türkiyə Respublikasında təhsil aldığı “açıq öyrətim” təhsil forması nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14953/2024 nömrəli, 27 noyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1411/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1411/2025
16.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver