Məhkəmə qərarları › İş №2-1(103)-1412/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1412/2020

05.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1412/2020 05.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Yusifov Cahangir Afər oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi, İddiaçının vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı qərarın qanunsuz hesab edilərək qaçqın statusunun verilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4070/2020 saylı iş üzrə qəbul etdiyi xx xxx 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə), şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4070/2020 saylı iş üzrə qəbul etdiyi xx xxx 2020-ci il tarixli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı qərarın qanunsuz hesab edilərək qaçqın statusunun verilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə mühüm fakt ərizəçinin arvadının ictimai fəaliyyətlə məşğul olduğu üçün taliblər tərəfindən təqib edilməsidir. İş üzrə mühüm faktlara dair ərizəçinin təqdim etdiyi sübut onun və arvadının müsahibə zamanı verdiyi izahatlarıdır. İş materiallarında olan müsahibədən görünür ki, ərizəçi işin mühüm faktları, yəni onun və ailəsinin təqibə məruz qalmasını təsdiq edən xüsusatlar barədə müfəssəl izahatlar verib və həmin izahatlar ərizəçinin işinin hallarına münasibətdə spesifikdir. Eləcə də həmin izahatlar bir-biri ilə ziddiyyət təşkil etmir. Mənşə Ölkəsi barədə ictimaiyyətə açıq olan məlumatlara əsasən qadınların 2001-ci ildən bəri Əfqanıstanda ictimai sahələrdə çalışan qadınların təhdid edilməsi, qorxudulması və zorakı hücumlara məruz qalması davam edir. Onlar anti-hökumət elementləri tərəfindən hədəfə alınırlar, ənənəvi yerli liderlərin və nüfuz sahiblərinin, icma üzvlərinin və hökumət orqanlarının hücumlarının hədəfinə çevrilirlər. İctimai həyatda iştirak etməyə çalışan qadınlar çox vaxt sosial normaları pozanlar hesab olunur, "mənəviyyatsız" şəxslər kimi ittiham edilir, qorxudulur, təqiblərə və ya zorakılıqlara məruz qalır, o cümlədən qətlə yetirilirlər. Hüquq müdafiə fəallarının məlumatlarına əsasən bir çox hallarda hüquq-mühafizə orqanları ictimai sahələrdə çalışan qadınlara qarşı təqib və hücum hallarının cəzasız qalması ilə mübarizə aparmırlar. Həmçinin ərizəçi və ailə üzvləri etnik mənsubiyyətinə görə həzaradır; bu fakt DMX tərəfindən təhlil olunmayıb, qərarda əks olunmayıb. Həzaraların davamlı ictimai ayrı-seçkiliklə üzləşdiyi və qeyri-qanuni vergilər, zorakılıq, məcburi əmək və fiziki istismar yoluyla qəsb üçün hədəf alındıqları bildirilir. Həzaralar, həmçinin Taliban və antihökumət qüvvələri tərəfindən davamlı təhdid və təhqirlərə məruz qalmaqda davam edir. Ərizəçinin izahatları MÖM-lə təsdiq edilir. Başqa sözlə, ərizəçinin izahatında qeyd etdiyi xüsusatların mənşə ölkəsində baş verə bilən olduğu müəyyən edilir. Buna görə də ərizəçinin izahatları xarici mötəbərliyin tələbatını da ödəyir. Nəticə olaraq, ərizəçinin izahatları mötəbərliyin daxili (müfəssəlik və ardıcıllıq) və xarici (MÖM-lə uyğunluq) amillərinin tələbatlarını ödəyir. Buna görə də onun izahatları inandırıcılıq keyfiyyətinə malikdir. Bu ehtimal ağlabatandır ki, Əfqanıstana qayıdacağı təqdirdə ərizəçi həyat və sağlamlığından məhrum olma riski altındadır. Beləliklə, Əfqanıstana qayıdacağı təqdirdə ərizəçinin X1 Bəyannamə və Sivil və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktla nəzərdə tutulan hüquqları təhlükə altına düşə bilər. Ərizəçiyə qarşı təqibi həyata keçirən şəxslər anti-hökumət elementləri, yerli liderlər və nufuz sahibləri, icma üzvləri və hökumət orqanlarıdır. Ərizəçinin təqib edilməsinin əsasını onun etnik dini mənsubiyyəti (həzara olması) və ictimai sahədə çalışması təşkil edir. Ərizəçi qeyri-rəsmi qurumlar tərəfindən təqib edilir. Lakin Əfqanıstan rəsmi qurumları onu qorumaq iqtidarında və niyyətində deyil. Həzaralar adekvat müdafiə ilə təmin edilmirlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin olunmasına dair yeni qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçı tərəfin izahatını dinləyərək və аpеlyаsiyа şikаyətinin dəlillərini iş materialları ilə аrаşdırаrаq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı Əfqanıstan İslam Respublikasının vətəndaşı olmaqla qaçqın statusunun verilməsi haqqında cavabdehə müraciət etmiş və müsahibəsi zamanı bildirmişdir ki, o, Əfqanıstan İslam Respublikasının Sar-e-Pol vilayətinin Bəlxab ulusvaliliyinin Təlli Aşiqan kəndində anadan olmuşdur, milliyyətcə həzara, dini etiqadına görə müsəlmandır, orta məktəbi 10-cu sinfə qədər Bəlxab ulusvaliliyinin Təlli Aşiqan kəndində oxumuşdur. Ərizəçi müsahibə zamanı Əfqanıstanda baş verən müharibələr səbəbindən təhsilini davam etdirə bilmədiyini, 2006cı ildən əmək fəaliyyətinə başladığını, əvvəlcə 2006-2010-cu illərdə Sar-e-Pol vilayətində, 2010-2019-cu illərdə isə Məzari Şərif şəhərində tikintidə fəhlə işlədiyini, 2012-ci ildə qardaşı vəfat etdikdən sonra Sar-e-Pol vilayətinə köçdüklərini qeyd etmişdir. Ailə üzvləri barədə məlumat verən ərizəçi 2014-cü ildə vəfat etmiş qardaşı arvadı Ghaffari Sakina adlı xanımla ailə qurduğunu, bu evlilikdən 2 qızının olduğunu, 3 qardaşı və 2 bacısının olduğunu, atasının vəfat etdiyini, ailə üzvlərinin Əfqanıstanda yaşadıqlarını qeyd etmişdir. Ərizəçi arvadı Sakina Ghaffarinin 2010 və 2018-ci illərdə Əfqanıstandakı parlament seçkilərində iştirak etmək üçün seçki təbliğatı apardığına görə taliblər tərəfindən təhdid edildiyini, bu səbəbdən həyatı üçün yarana biləcək təhlükədən yaxa qurtarmaq üçün ailə üzvləri ilə birlikdə Özbəkistandan keçməklə işgüzar viza əsasında 20.11 2019-cu il tarixdə Azərbaycana gəldiklərini qeyd etmişdir. İddiaçının vəsatətinə cavabdeh tərəfindən təşkil olunmuş Komissiya tərəfindən baxılmış və Xidmət tərəfindən “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyanın xx.xx.2020-ci il tarixli qərarına əsasən iddiaçıya “qaçqın” statusu verilməsindən imtina edilmişdir. Bundan sonra iddiaçı Rahimi Ahmad cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə (bundan sonra mətndə Xidmət) qarşı məhkəmədə iddia qaldıraraq Xidmətin İQ-47/5 saylı xx.xx.2020-ci il tarixli qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında qərarın ləğv edilməsi, İddiaçı xx xxxxxx 2019-cu il tarixli vəsatətini təmin edərək, iddiaçı Rahimi Ahmada və ailə üzvləri arvadı Ghaffari Sakina, qızları Asma və Asra, oğlu Hassan Taha qaçqın statusu verilməsi barədə qərarın qəbul edilməsi vəzifəsinin Xidmətin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Xidmətin DMX-nin İQ-47/5 saylı xx.xx.2020-ci il tarixli qərarının qanunsuz hesab edilərək ləğv edilməsi, İddiaçı “qaçqın statusu verilməsi haqqında” vəsatətinin təmin edilərək ona “qaçqın” statusu verilməsi barədə qərarın qəbul edilməsi vəzifəsinin Xidmətin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianın rədd edilməsi nəticəsinə gələrkən hesab etmişdir ki, iddiaçı qaçqın statusu alınması üçün əsas gətirdiyi hallar ehtimal üzərində qurulmuş və hər hansı bir mötəbər sübut təqdim olunmamışdır. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. İş materiallarına əlavə edilmiş inzibati icraat materiallarından görünür ki, iddiaçının vəsatətin araşdırılması ilə əlaqədar onunla müsahibə keçirilmişdir. İddiaçı tərəfindən verilmiş müsahibədən və digər sənədlərdən aydın görünür ki, iddiaçı vətəndaşı olduğu ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamış, heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır. İddiaçının qaçqın statusu verilməsi ilə bağlı gətirdikləri dəlillər Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri çərçivəsində qiymətləndirilmişdir. Bu dəlillər "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında xx xxx 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1ci hissəsinin 1-ci bəndində "qaçqın"a verilən anlayışın tələbləri ilə əhatə olunmadığından, həmçinin Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Qaçqın" statusu verilməsi haqqında vəsatətə baxılması Qaydasının 3-cü və 7-ci bəndlərinə əsasən onlarla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən, iddiaçıya qaçqın statusu verilməsindən imtina edilməsi qənaətinə gəlinmişdir. Beləliklə, cavabdeh tərəfindən təqdim olunmuş vəsatətə baxılması haqqında sənədlərdən (müsahibə, ərizə-anket) görünür ki, iddiaçı ilə aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən ona qaçqın statusu verilməmişdir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu” haqqında Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. İddiaçı ilə aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə işin hallarında əsaslandırılmış təqib qorxusu mövcud olmadığından, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, DMX tərəfindən əcnəbi şəxsə münasibətdə qərarı əsaslıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddiasını təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir və qərarda göstərilmiş nəticələr işin hallarına uyğundur. Apelyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarət olduğundan, onun təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Qeyd olunanalara əsasasən kollegiya hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi xx xxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4070/2020 saylı iş üzrə qəbul etdiyi xx xxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakim: Cahangir Yusifov Hakim: Xəyalə Cəmilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar