Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1412/2021 29.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinə qarşı “onun 19.02.1994-cü il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə hərbi xidmət vəzifələrini yerinə yetirərkən aldığı travmanın “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X7 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədan və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, X5-Yusiflinin katibliyi, İddiaçının nümayəndəsi və vəkili X3, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinə qarşı “onun 19.02.1994-cü il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə hərbi xidmət vəzifələrini yerinə yetirərkən aldığı travmanın “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3090/2020 saylı 05 noyabr 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 29 sentyabr 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “onun 19.02.1994-cü il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə hərbi xidmət vəzifələrini yerinə yetirərkən aldığı travmanın “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3090/2020 saylı 05 noyabr 2020-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3090/2020 saylı 05 noyabr 2020-ci il tarixli qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, məhkəmənin qəbul etdiyi qərar əsassız, ədalətsiz olduğundan və yaranmış mübahisəni düzgün həll etmədiyindən tam ləğv edilməlidir. Tərəflərin izahatları İddiaçının nümayəndəsi və vəkili X8 iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarından müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinə qarşı tələbi “onun 19.02.1994-cü il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə hərbi xidmət vəzifələrini yerinə yetirərkən aldığı travmanın “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədədir. Bununla bağlı iddiaçı inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, iddiaçıya ünvanlanmış 029- 2042S-3220/4 saylı 23.01.2020-ci il tarixli məktubda qeyd edilmişdir ki, DİN-Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi və Baş Mühafizə İdarəsinin X9 İdarəsinə edilmiş sorğular nəticəsində iddiaçının döyüş bölgəsində yaralanmağı və xəsarət alması barədə heç bir məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 59 saylı 29 fevral 2008-ci il tarixli Qərarının 7.3-cü bəndinə əsasən hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət keçdiyi orqanın rəhbəri tərəfindən verilmiş travma haqqında arayışa (xidməti rəy) uyğun olaraq çıxarır. Arayışda xəsarətin alınma şəraiti, habelə, xidməti vəzifələrin icrası ilə bağlı olub-olmaması göstərilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli, 59 saylı qərarın 7.3-cü bəndinə əsasən Xüsusi həkim komissiyası travma haqqında arayış (xidməti rəy) təqdim etmədiyindən aldığı xəsarətin səbəb əlaqəsi barədə qərar çıxarılması mükün olmamışdır. Həmin imtinadan narazı qalan iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmiş, lakin birinci instansiya məhkəməsi onun tələbinin təmin edilməməsi qənaətinə gəlmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə hesab etmişdir ki, iddiaçı 1996-ci ildə xəstəliklə deyil, öz xahişi ilə daxili işlər orqanlarından xidmətdən xaric olunmuş, həmin zaman xəstəliyi barədə məlumat verməmiş, Xüsusi Həkim Komissiyasına şəhadətləndirilməsi üçün göndərilməmiş, təqdim edilmiş tibbi sənədlərdə də hal-hazırda onda olan xəstəliklərin kəllə-beyin travması ilə əlaqəli olması göstərilməmiş, onun 19.02.1994-cü ildə aldığı travmadan sonra 26 il ərzində kontuziya və ya kəllə-beyin travması ilə bağlı stasionar müalicədə olması barədə məlumat iddia ərizəsinə əlavə edilməmiş, eləcə də belə sənədlər məhkəmə gedişatında təqdim edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunanlarla bağlı iddianın təmin edilməməsi barədə gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarından görünür ki, İddiaçı xx.xx.1968-ci il təvəllüdlüdür. DİN Baş Mühafizə İdarəsi X9 İdraəsinin 98 saylı 02.10.2019-cu il tarixli arayışından görünür ki, iddiaçı 15.01.1990-cı ildən 06.06.1996-cı il tarixədək daxili işlər orqanlarında, Gəncə şəhər Mühafizə şöbəsində polis nəfəri vəzifəsində xidmət etmişdir. NZ seriyalı ******* saylı 15.05.1986-cı il tarixli hərbi biletdən görünür ki, İddiaçı 1986-cı il tarixdən 16.06.1988-ci il tarixədək hərbi xidmətdə olmuşdur. Ona məxsus İT-İ seriyalı 514116 saylı əmək kitabçasına əsasən o, 21.01.1990-cu ildən 06.06.1996-cı ilədək Azərbaycan Respublikası DİN-nin daxili işlər orqanlarında xidmət etmişdir. 021007 saylı 02.06.1999-cu il tarixli vəsiqədən görünür ki, o, müharibə veteranıdır. Gəncə şəhər Polis İdarəsi yanında Mühafizə şöbəsinin rəisinin 27 saylı 22.03.1994-cü il tarixli əmrindən çıxarışdan görünür ki, Polis İdarəsinin 24 saylı 18.02.1994-cü il tarixli əmrinə əsasən İddiaçı “N” saylı hərbi hissəyə ezam olunmuşdur. Azərbaycan Respublikası Dövlət X4 452 saylı 24.12.2019-cu il tarixli arxiv arayışından görünür ki, İddiaçı 19.02.1994-cü il tarixdən 28.02.1994-cü il tarixədək kəllə-beyin travması, beyin silkələnməsi diaqnozu ilə Yevlax rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinin Arxiv bölməsinin jurnalında 628 nömrəli xəstəlik tarixçəsi qeydiyyata alınmışdır. Yevlax Mərkəzi rayon xəstəxanasının 628 saylı 22 fevral 1994-cü il tarixli stasionar çıxarışından görünür ki, İddiaçı 19.02.1994-cü ildən 28.02.1994-cü ilədək kəllə-beyin travması, baş beyin silkələnməsi diaqnozu ilə müalicə almışdır. Gəncə şəhər Kardioloji xəstəxanasının çıxarış epikrizlərinə əsasən İddiaçı Ü.İ.X:gərginlik stenokardiyası fs-İV,sakitlik stenokardiyası, aorta və tac damarların ateroskleroz, hipertoniyaxəstəliyi İİ mərhələ.Şəkərli diabət orta ağırlıqla İİ tip.Piylənmə xəstəliyi İİİ dərəcə, Dislipedemiya QDÇ–ğı İİ ddərəcə dioqnozu ilə 24.10.2018-ci il tarixdən 10.11.2018-ci il tarixədək, 09.09.2019-cu il tarixdən 23.09.2019-cu il tarixədək müalicədə olmuşdur. “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 59 saylı 29 fevral 2008-ci il tarixli Qərarının 7.3-cü bəndinə əsasən hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət (hərbi toplanış) keçdiyi hərbi hissənin komandiri, hərbi təşkilatların, hərbi müəssisələrin, digər qoşunların və orqanların rəhbərləri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Arayışda xəsarətin alınma şəraiti, habelə, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə əlaqədar olub-olmaması göstərilir. Arayışın forması Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və bu Əsasnamənin 1.2-ci bəndində göstərilmiş orqanlar tərəfindən müəyyən edilir. Hazırki işdə iddiaçının tələbi xəsarətinin səbəb əlaqəsi haqqında qərar qəbul edilməsi ilə bağlı olsa da, birinci instansiya məhkəməsi qanunvericiliyin tələbinə görə belə qərarın vətəndaşın xəsarət aldığı zaman xidmət keçdiyi hərbi hissənin rəhbəri tərəfindən verilmiş travma haqqında arayışa əsasən qəbul edildiyini nəzərə almamış və iddiaçı barəsində xəsarət aldığı zaman belə travma haqqında arayışın hərbi hissə rəhbəri tərəfindən tərtib olunub-olunmamasını araşdırmamışdır. Halbuki iş üzrə müəyyən olunur ki, Gəncə şəhər Polis İdarəsi yanında Mühafizə şöbəsinin rəisinin 27 saylı 22.03.1994-cü il tarixli əmri ilə Polis İdarəsinin 24 saylı 18.02.1994-cü il tarixli əmrinə əsasən İddiaçı “N” saylı hərbi hissəyə ezam olunmuş, Yevlax Mərkəzi rayon xəstəxanasının 628 saylı 22 fevral 1994-cü il tarixli stasionar çıxarışına əsasən ezam olunduğu gündən bir gün sonra aldığı travmalara görə 19.02.1994cü ildən 28.02.1994-cü ilədək müalicə almışdır. İşdə olan Yevlax Mərkəzi rayon xəstəxanasının adı çəkilən çıxarışının məzmununda İddiaçı 19.02.1994-cü il tarixdə Ağdam uğrunda erməni faşistlərinə qarşı döyüşdə top mərmisinin partlayışından yaralandığı qeyd olunmuşdur. Beləliklə, məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq belə hesab edir ki, işə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının tələbini rədd edərkən zəruri araşdırmanı sonadək aparmamışdır. Halbuki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Belə olan halda hazırki işə birinci instansiya qaydasında yenidən baxılarkən iddiaçının aldığı xəsarətinin səbəb əlaqəsi haqqında qərar qəbul edilməsi üçün vacib sayılan sənəd- travma barədə arayışın tərtib olunub-olunmaması barədə onun xidmət etdiyi (ezam olunduğu) hərbi hissəyə sorğu verilməli, bu barədə nəinki travma arayışı, eyni zamanda həmin dövrdə (19.02.1994-28.02.1994) xidmət edən şəxslərin yaralanması və xəsarət alması barədə qeydləri özündə toplayan müvafiq qeydiyyat jurnalı tələb edilməli, həmin sənədlər əsasında iddiaçının aldığı travmanın səbəbi müəyyən edilməli, bundan sonra həmin səbəbin iddiaçının tələb etdiyi əsasla əlaqəli olub-olmadığı yoxlanılmalı, bu zaman iddiaçının müharibə veteranı olması, aldığı travmaya görə Yevlax rayon Mərkəzi Xəstəxanasında müalicə olunması, barəsində verilmiş epikrizlər də nəzərə alınmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Həmin Məcəllənin 87.7.1-ci bəndinə əsasən inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Bununla bağlı iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi 05.11.2020-ci il tarixli qərarı ləğv edilməli və iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3090/2020 saylı 05 noyabr 2020-ci il tarixli qərarı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilsin. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Cahangir Yusifov
Məhkəmə qərarları › İş №2-1(103)-1412/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1412/2021
29.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver