Məhkəmə qərarları › İş №2-1(103)-1412/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1412/2022

08.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1412/2022 08.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “məlumat vərəqəsinin tərtib edilərək Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X4 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, X3-Yusiflinin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “məlumat vərəqəsinin tərtib edilərək Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-171/2021 saylı 15 aprel 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 08 iyun 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: NZ seriyalı ******* saylı hərbi biletdən görünür ki, İddiaçı 10 may 1985-ci il tarixdən 30 iyun 1987-ci il tarixə qədər Azərbaycan SSR-nin Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. İddiaçıya məxsus İT-İ seriyalı ******* saylı 25 fevral 1967-ci il tarixli əmək kitabçasından görünür ki, onun 01.06.1994-ci il tarixdən 21.04.2006-cı il tarixə qədər xidmət etməklə Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət müddəti təqvimi – 13 il, 11 ay, 14 gün, imtiyazlı – 16 il, 09 ay, 14 gün təşkil edir. İddiaçı 02 sentyabr 1992-ci ilin tarixdə Cəbrayıl RPŞ-si tərəfindən daxili işlər orqanlarına qəbul olunmuşdur. 21.04.2006-cı il tarixli 134 saylı əmrlə öz arzusu ilə daxili işlər orqanlarından xaric edilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə X2 və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən verilmiş 08 aprel 2021-ci il tarixli 34/1 saylı arayışdan görünür ki, İddiaçı 30 avqust 1984-cü il tarixində “Kişi və uşaq geyimləri dərzisi” ixtisası üzrə 80 nömrəli X13 məktəbinə qəbul olmuş və 24 iyun 1988-ci ildə həmin ixtisas üzrə tam kursu bitirmiş və ona 471152 nömrəli təhsil haqqında dövlət sənədi-diplom verilmişdir. Qeyd: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 23 avqust tarixli 116 nömrəli Qərarı və Azərbaycan Respublikası Təhsil nazirinin 02 sentyabr 1996-cı il tarixli 440 nömrəli əmrinə əsasən 80 nömrəli X13 Məktəbi 14 nömrəli Bakı Peşə Liseyi adlandırılmışdı. Qeyd: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 oktyabr tarixli 405 nömrəli Qərarı və Azərbaycan Respublikası Təhsil nazirinin 06 aprel 2020-ci il tarixli F-201 nömrəli əmrinə əsasən 4 nömrəli Bakı Peşə Liseyi, 12 nömrəli Bakı Peşə Məktəbi və 14 nömrəli Bakı Peşə Liseyinin bazasında “Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” publik hüquqi şəxsi yaradılmışdır. Bakı Sənaye-Pedaqoji Texnikumu tərəfindən verilmiş iddiaçıya məxsus 20 dekabr 1995-ci il tarixli 6222 saylı diplomdan görünür ki, iddiaçı 1991-ci ildə həmin texnikuma daxil olmuş, 24 iyun 1994-cu il tarixdə isə bitirmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “onun X6 xidmət müddəti 14 il 00 ay 10 gün imtiyazlı xidmət müddəti 22 il 01 ay 08 gün təşkil etdiyindən məlumat vərəqəsinin tərtib edilərək Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, 02 sentyabr 1992-ci ilin tarixində Cəbrayıl RPŞ tərəfindən daxili işlər orqanlarına qəbul olunmuşdur. Xidmət dövründə Cəbrayil RPŞ-nin növbətçi hissəsində imza etməklə silahla təmin olunmuş, xidməti postlara çıxaraq daxili işlər orqanlarında xidmət keçmişdir. Lakin, əmək kitabçasında 01.07.1994-ci il tarixli, 24 saylı əmrlə daxili işlər orqanlarına qəbul olunduğu, 21.04.2006- cı ildə öz arzusu ilə həmin orqanlardan xaric edildiyi qeyd olunmuşdur. Daxili işlər orqanlarında xidmət müddətinin təqvimlə 13 il, 11 ay, 14 gün, imtiyazlı 16 il, 09 ay, 14 gün təşkil etdiyi göstərilmişdir. Daxili işlər orqanlarında təqvimlə xidmət və imtiyazlı illərinin hesablanması ilə razı deyil. Belə ki, yuxarıda qeyd etdiyi kimi, faktiki olaraq daxili işlər orqanlarında 1992-ci ilin iyun ayından xidmət etmişdir və daxili işlər orqanlarına daxil olmağı haqqında əmrin olmaması ona bildirilməmiş və ümumi qaydada xidmət etmişdir. Bununla bağlı Cəbrayıl RPŞ-nin növbətçi hissəsinin qeydiyyat kitabında qeydlər edilmişdir. Lakin onun daxili işlər orqanlarına daxil olması Cəbrayıl RPŞ-nin 01.07.1994-ci il tarixli, 24 saylı əmri ilə rəsmiləşdirilmişdir. Beləliklə, iddiaçının H3 ******* saylı hərbi biletinə əsasən, 10.05.1985-ci ildən 26 iyun 1987-ci ilədək olan hərbi xidmət müddəti 2 il, 1 ay, 21 gün, faktiki olaraq daxili işlər orqanlarında xidmət etməyə başladığı 01.07.1992-ci ildən 21.04.2006-cı ildə öz arzusu ilə DİO-dan xaric olunduğu vaxtadək xidmət müddəti təqvimlə 15 il, 11 ay, 14 gün hesablanmalı, imtiyazlı xidmət müddəti hesablanarkən Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinin, o cümlədən Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli, 631 nömrəli qərarının və X7 08.05.1992-ci il tarixli, 245 saylı, həmçinin 01.06.1998-ci il tarixli, 06 saylı əmrlərinin tələbləri nəzərə alınmalı idi. 20.04.2019-cu il tarixdə Daxili İşlər Nazirliyinə ərizə ilə müraciət edərək, daxili işlər orqanlarında təqvimlə və imtiyazlı xidmət illərinin yenidən hesablanaraq xidmət illəri barədə məlumat vərəqəsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilməsini xahiş etmişdir. Lakin, cavabdehin 15 may 2019-cu il tarixli, 022/14-2131 1İ- 3219 saylı cavab məktubunda onun ərizəsinin baxılması üçün aidiyyəti üzrə DİN-nin Baş Mühafizə İdarəsinə göndərildiyi bildirilmişdir. Qeyd olunan idarədən iddiaçıya cavab verilməmişdir. Lakin, 2017-ci ildə DİN-nə təkrar müraciəti əsasında 21.06.2017-ci il tarixli, 022/12-4062-1217 saylı cavab məktubunda əmək kitabçasında aparılmış təqvimi və imtiyazlı xidmət illəri təkrar olunmuşdur. “Əmək pensiyaları haqqında” 07 fevral 2006-cı il tarixli Azərbaycan Respublikası Qanununun qəbul olunduğu 21.04.2006-cı il tarixə kimi onun daxili işlər orqanlarında uzun müddətli xidmət illəri 28 il 03 ay 0 gün təşkil etmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, İddiaçı 01.06.1994-cü ildə daxili işlər orqanlarında Cəbrayıl Rayon Polis şöbəsində polis nəfəri kimi xidmətə başlamış, 30.12.1996-cı ildə Bakı şəhəri BPİ-nin X11 polis nəfəri, 20.04.2000-ci ildən isə DİN-in Baş Mühafizə İdarəsinin “Azərneftyanacaq” İB-nin mühafizəsi üzrə polis idarəsinin polis nəfəri vəzifəsində xidmət etmiş, Baş Mühafizə İdarəsinin 21.04.2006-cı il tarixli 134ş/h nömrəli əmri ilə «Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə»nin 135-ci maddəsinin 1-ci bəndinə əsasən (öz arzusu ilə) daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” 23.11.1992-ci il tarixli 631 nömrəli Qərarına əsasən daxili işlər orqanlarında orta, böyük və rəis heyətinə mənsub şəxslərə pensiya təyin edilərkən, onların həqiqi hərbi xidmətə və daxili işlər orqanlarında xidmətə götürülməzdən əvvəl mülki ali, habelə hərbi hazırlıq silsilə və bölmələri olan orta ixtisas təhsil müəssisələrində keçirdikləri təlim vaxtı beş ilədək müddət daxilində təlimin bir ili altı ay sayılmaqla uzun müddət xidmətə daxil edilir. Qərarda sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət edən şəxslərə pensiya təyin edilərkən, ali və orta ixtisas təhsil müəssisələrində keçirdikləri təlim vaxtının uzun müddət xidmətə daxil edilməsi nəzərdə tutulmadığından İddiaçı təhsil müddətinin onun xidmət illərinə əlavə edilməsi mümkün deyildir. İddiaçı arxiv şəxsi işinə əsasən xidmət müddəti yenidən hesablanarkən müəyyən edilmişdir ki, onun təqvimi xidmət müddəti - 14 il, 10 gün (10.05.1985 - 30.06.1987= 02 il, 01 ay, 20 gün - Silahlı Qüvvələrdə, 01.06.1994- 21.04.2006= 11 il, 10 ay, 20 gün - daxili işlər orqanlarında), imtiyazlı xidmət müddəti - 19 il, 06 ay, 09 gün (14 il, 10 gün + 01.06.1994 - 30.12.1996= 02 il, 06 ay, 29 gün x 2 = 05 il, 01 ay, 28 gün + 30.12.1996 - 01.05.1997= 04 ay, 01 gün) təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.11.1992-ci il tarixli 631 nömrəli sərəncamına əsasən İddiaçı Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşı kimi döyüş əməliyyatlarında iştirak etdiyi müddətin (01.06.1994- 30.12.1996=02 il, 06 ay, 29 gün) 1 günü 3 gün hesabı ilə hesablanmış və həmin müddət bir dəfə təqvimi xidmətə, 2 dəfə imtiyazlı xidmətə əlavə olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.11.1992-ci il tarixli 631 nömrəli sərəncamına və Daxili İşlər Nazirliyinin 24 may 1994-cü il tarixli 257 nömrəli əmrinə uyğun olaraq Ə.İsmayılovun daxili işlər orqanlarında 01.05.1997-ci il tarixədək xidmət müddətinin (Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin qorunması dövründə daxili işlər orqanılarında xidmətinə görə) bir ayı iki ay kimi hesablanmış və xidmət müddətinə 04 ay, 01 gün (30.12.1996-01.05.1997) əlavə olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin 02.09.2019-cu il tarixli etirazında göstərilmişdir ki, iddiaçı tələbini belə əsaslandırmışdır ki, 1992-ci ilin sentyabr ayının 2-də Cəbrayıl RPŞ-si tərəfindən daxili işlər orqanlarında xidmətə qəbul olunmuş, 2006-cı il tarixdə isə xidmətdən öz arzusu ilə xaric edilmişdir. Xidmətdən xaric olunarkən onun əmək kitabçasında daxili işlər orqanlarında taqvimi xidmət müddəti 13 il 11 ay 14 gün, imtiyazlı 16 il 09 ay 14 gün təşkil etdiyi göstərilmişdir. İddiaçı bununla razılaşmayaraq xidmət illərinin təqvimi hesablama ilə 15 il 11 ay 14 gün və imtiyazlı hesablama ilə isə 28 il, 03 ay, 0 gün təşkil etdiyini qeyd edmişdir. İddiaçı iddia tələbi tam əsassızdır və aşağıdakı səbəblərə görə rədd edilməlidir. İddia ərizəsində qeyd olunanlarla bağlı DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xidmət siyahısı araşdırılarkən müəyyən edilmişdir ki, İddiaçı xx xxxxx 1967-ci ildə Cəbrayıl rayonunun Həsənli kəndində anadan olmuş, 1988-ci ildə Bakı şəhəri 80 nömrəli Peşə məktəbini bitirmiş, Silahlı Qüvvələrdə 10.05.1985- 30.06.1987-ci illərdə qulluq etmiş, 01.07.1994-cü ildə Cəbrayıl RPŞ-də polis nəfəri, 30.12.1996-ci ildə Bakı şəhəri BPİ-nin X8, 20.04.2000-ci il tarixdə isə DİN BMİ-nin Azərneftyanacaq İB-nin mühafizəsi üzrə MŞnin polis nəfəri vəzifəsində xidmət etmiş, 21.04.2006-cı ildə isə öz arzusu ilə DİO-da xidmətdən xaric edilmişdir. Xidmətdən xaric edilərkən təqvimi xidmət müddəti 13 il, 11 ay, 14 gün, imtiyazlı 16 il, 09 ay, 14 gün, təşkil etmişdir. Qaqdaşxan İlyasovun arxiv sənədlərində xidmət etdiyi dövr ərzində qeyd olunan illərdən başqa digər qeydlər aşkar edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-171/2021 saylı 15.04.2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı daxili işlər orqanlarında 20 ildən artıq xidmət etdiyindən ona əmək pensiyasının təyin edilməsi üçün məlumat vərəqəsinin tərtib edilərək Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə hesab etmişdir ki, barəsində məlumat vərəqəsinin tərtib edilərək DSMFnin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilməsini xahiş edən iddiaçının ərizəsi, cavabdeh tərəfindən onun xidmət ilərinin 20 ildən az olması səbəbi ilə təmin edilməmişdir. Halbuki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, daxili işlər orqanlarından xidmətdən azad edildiyi 21.04.2006-ci il tarixə qədər 20 ildən artıq xidmət etdiyi üçün, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Buna görə də, iddiaçının 20 ildən az xidmət etməsini əsas gətirərək ona pensiya təyin edilməsi üçün məlumat vərəqəsinin aidiyyəti orqana göndərilməsindən cavabdehin imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apelyasiya şikayəti verilərək, qərarın tam ləğv edilərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair dəqiqləşdirilmiş yazılı etirazın məzmunu ilə eynilik təşkil edir. Əlavə olaraq göstərilmişdir ki, “Məhkəmə, məlum olmayan səbəbdən yuxanda qeyd olunan maddi hüquq normalarının tələblərini kobud surətdə pozaraq iddianın təmin olunması barədə qərar qəbul etmişdir. Qərarın 13-cü səhifəsindən görünür ki, məhkəmə eyni illərdə iddiaçı (10.05.1985-ci il tarixdən 30.06.1987-ci il tarixə qədər Azərbaycan SSRnin Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuş, eyni illərdə həmdə: 1984-1988-ci illərdə Bakı şəhərindəki 80 nömrəli texniki peşə məktəbində təhsil almışdır, Nazirlər Kabinetinin qeyd olunan qərarına zidd olaraq 1991-ci ildən - 1994-cü il tarixə qədər Bakı Sənaye-Pedaqoji Texnikumunda təhsil almasını qeyd edərək) süni surətdə xidmət illərini artırmaqla iddianı təmin etmişdir. Apellyasiya və Kassasiya instansiya məhkəmələrinin gəldiyi nəticə: Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2025/2021 saylı 27.08.2021-ci il tarixli qərarı ilə apelyasiya şikayətinin təmin edilməməsi və 2-1(112)- 171/2021 saylı 15.04.2021-ci il tarixli qərarın dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Həmin qərardan cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-60/2022 saylı 19.01.2022-ci il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilərək, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2025/2021 saylı 27 avqust 2021-ci il tarixli qərarının ləğv edilməsi və işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi və vəkili X5 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Həmçinin apelyasiya baxışı zamanı işin hallarından aydın oldu ki, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı mübahisə üzrə qəbul ediləcək məhkəmə qərarı qanunla qorunan hüquq və maraqlarına toxunan şəxs deyil, buna görə də məhkəmənin 27.04.2022-ci il tarixli qərardadı ilə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hazırki iş üzrə 3-cü şəxs qismində cəlb edilməsi səhv olduğundan onun bu cəlbetməsinin ləğv edilməsi qərara alınmışdır. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçı hazırki tələblə bağlı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun müraciətinə münasibətdə hərəkətsizlik edilmişdir. Bundan 35 gündən çox keçdikdən sonra iddiaçı 31.05.2019-cu il tarixdə hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 022/14- 21311i-3219 saylı 15 may 2019-cu il tarixli məktubundan görünür ki, onun ərizəsi baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinə göndərilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 39-cu maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı ““məlumat vərəqəsinin tərtib edilərək Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etmiş, lakin müraciəti cavabsiz qalmışdır. Sonradan o, məhkəməyə müraciət etmiş, onun iddiası birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən təmin edilsə də, kassasiya instansiyası məhkəməsinin mövqeyi fərqli olmuşdur. Belə ki, iş üzrə müəyyən olunur ki, birinci instansiya məhkəməsinin sorğuları ilə əlaqədar tələb edilmiş iddiaçının daxili işlər orqanlarında xidmətkeçmə vərəqəsinə əsasən iddiaçı Silahlı Qüvvələrdə 10.05.1985-30.06.1987-ci illərdə qulluq etmiş, 01.07.1994-cü ildə Cəbrayıl RPŞ-də polis nəfəri, 30.12.1996-ci ildə Bakı şəhəri BPİ-nin X12, 20.04.2000ci il tarixdə isə DİN BMİ-nin “Azərneftyanacaq” İB-nin mühafizəsi üzrə MŞ-nin polis nəfəri vəzifəsində xidmət etmiş, 21.04.2006-cı ildə isə öz arzusu ilə DİO-da xidmətdən xaric edilmişdir. 01.06.1994- 01.05.1997-ci illərdəki xidmət dövrü Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli 631 saylı qərarına əsasən 1 aya 2 ay xidmət dövrü kimi hesab edilməklə ümumi 2 il 9 ay göstərilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinin 022/26- 8745-1220 saylı 14.09.2020-ci il tarixli məktubuna əlavə edilmiş sənədlərdən görünür ki, Cəbrayıl RPŞ-nin rəisinin 31 iyun 1994-cü il tarixli 25 saylı əmri ilə İddiaçı RPŞ-də polis nəfəri vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 24 may 1994-cu il tarixli 257 saylı əmrindən görünür ki, Daxili İşlər Nazirliyinin hərbi qulluqçularına, siravi və rəis heyətinə pensiya təyin edilib verilməsi üçün müddət xidmət vaxtının hesablanmasında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli 631 saylı qərarının 2-ci maddəsinin “b” bəndinə əsasən Azərbaycan Respublikasında onun suverenliyinin, ərazi bütövlüyünün və müstəqilliyinin qorunması ilə bağlı hərbi əməliyyatlar dövrlərində Silahlı Qüvvələrdə, sərhəd qoşunlarında, daxili işlər, milli təhlükəsizlik orqanlarında və digər əsgəri birləşmələrində xidmət müddəti bir ayı iki ay kimi hesablanması Azərbaycan Respublikası Prezidentinin 31 mart 1992-ci il tarixli 633 saylı fərmanına əsasən sayılır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 08 may 1992-ci il tarixli 245 saylı əmrindən görünür ki, Azərbaycan Respublikasının suverenliyinin, ərazi bütövlüyünün və müstəqilliyinin qorunması ilə bağlı hərbi əməliyyatlarda iştirak etmiş Daxili İşlər Nazirliyinin müəssisələrinin və daxili işlər orqanlarının siravi və rəis heyətinə 01 aprel 1992-ci il tarixdən başlayaraq 1 günü 3 gün xidmət dövrü kimi hesab edilməklə xidmət müddəti hesablanmalıdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 15 may 1992-ci il tarixli 260 saylı əmrindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 07 aprel 1992-ci il tarixli 650 saylı fərmanına əsasən 01 aprel 1992-ci il tarixdən başlayaraq Xankəndi və Naftalan şəhərlərində, habelə Şuşa, Agdərə, Xocavənd, Xocalı, Agdam, Füzuli, Cəbrayıl, Əskəran, Qubadlı, Laçın, Kəlbəcər, Xanlar, Goranboy, Tər-Tər, Bərdə, Agcabədi, Daşkəsən, Tovuz, Gədəbəy, Qazax və Agstafa rayonlarında şəxsi heyətinin xidməti fövqəladə vəziyyətdə sayılmaqla pensiya təyin edilib verilməsi üçün xidmət müddətinin 1 ayı 1 ay yarım xidmət dövrü kimi hesablanmalıdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 03.06.1997-ci il tarixli 224 saylı “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 15 sentyabr 1993-cü il tarixli 575 saylı əmrinə dəyişiklik edilməsi barədə” əmrindən görünür ki, Azərbaycan Respublikası Nazirlar Kabinetinin 01 may 1997-ci il tarixli 33 saylı qərarı ilə 13 noyabr 1992-ci il tarixli 631 saylı “Zabit heyətinə mənsub şəxslərə, praporşiklərə, miçmanlara, müddətindən artıq xidmətdə qalan hərbi qulluqçulara, daxili işlər orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrina pensiya ve müavinat təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” qararına dəyişiklik edilərək, onun 2-ci bəndinin “b” yarımbəndində göstərilən “Azərbaycan Respublikasında onun suverenliyinin, ərazi bütövlüyünün ve müstəqilliyinin qorunması ile bağlı hərbi əməliyyatlar dövrlərində Silahlı Qüvvələrdə, sərhəd qoşunlarında, daxili işlər, milli təhlükəsizlik orqanlarında və digər əsgəri birləşmələrində xidmət müddəti” abzasının çıxarılmasını nəzərə alaraq, DİN-nin 15 sentyabr 1993-cü il tarixli, 575 saylı əmrinin 3-cü əlavəsində müvafiq dəyişiklik aparılmışdır. DİN-nin daxili qoşun hissələrində, orqan və təskilatlarında pensiya təyin edilərkan xidmət illərinin hesablanmasında qərarda göstərilən dəyişikliklər nəzərə alınmışdır. DİN-nin 24 may 1994-cu il tarixli 257 saylı əmri qüvvəsini itirmiş hesab edilmişdir. İddiaçı xidmət müddəti aşağıdakı qaydada hesablanmışdır: Təqvim xidmət müddəti - 14 il, 10 gün: - 10.05.1985 - 30.06.1987 = 02 il, 01 ay, 20 gün - Silahlı Qüvvələrdə, 01.06.1994 - 21.04.2006 = 11 il, 10 ay, 20 gün - daxili işlər orqanlarında. İmtiyazlı xidmət müddəti - 19 il, 06 ay, 09 gün: -01.06.1994 - 30.12.1996 = 02 il, 06 ay, 29 gün - döyüşlərdə olduğu müddət x 2 = 05 il, 01 ay, 28 gün (1 dəfə təqvimi xidmətində nəzərə alınıb) - 30.12.1996 - 01.05.1997 = 4 ay, 01 gün (Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin qorunması dövründə daxili işlər orqanlarında xidmətinə görə) -14 il, 10 gün + 05 il, 01 ay, 28 gün + 04 ay, 01 gün = 19 il, 06 ay, 09 gün. İş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 19.01.2022-ci il tarixli qərarında göstərilmişdir ki, iddiaçının daxili işlər orqanlarında xidmətə qəbul olunduğu tarixə qədər peşə məktəbində 1 il 08 ay və texnikumda 3 il təhsil aldığı iş üzrə materiallarla təsdiq olunur. “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.11.1992-ci il tarixli, 631 nömrəli qərarının 1-ci bəndinə əsasən pensiya təyin edilərkən, onların həqiqi hərbi xidmətə və daxili işlər orqanlarında sıravi və rəis heyəti vəzifələrinə götürülməzdən əvvəl mülki ali təhsil müəssisələrində, habelə hərbi hazırlıq silsilə və bölmələri olan orta ixtisas təhsil müəssisələrində, o cümlədən ali təhsil müəssisələrinin axşam şöbələrində və qiyabi təhsilalma formasında keçirdiyi təlim vaxtı da beş ilədək müddət daxilində təlimin bir ili altı ay sayılmaqla uzun müddət xidmətə daxil edilir. Hazırkı mübahisəyə münasibətdə məhkəmələr tərəfindən iddiaçının orta ixtisas təhsili müəssisələrində təlim vaxtının yarısının onun xidmət illərinə daxil olunması qərara alınmışdır. Lakin bu zaman məhkəmələr həmin təhsil müəssisələrində hərbi hazırlıq silsilə və bölmələrinin olub-olmamasını, iddiaçının hərbi hazırlıq silsilə və bölməsində hərbi hazırlıq və ya təlim keçib-keçməməsini araşdırmamışdır. Halbuki, iş üzrə düzgün və obyektiv qərarın qəbulu baxımından işin həmin hallarının yoxlanılması və müəyyən edilməsi xüsusilə mühüm əhəmiyyətə malikdir. Belə ki, iddiaçının təhsil aldığı orta ixtisas təhsili müəssisələrində hərbi hazırlıq silsilə və bölmələrinin olduğu, onun hərbi hazırlıq silsilə və bölməsində hərbi hazırlıq və ya təlim keçdiyi müəyyən olunduğu təqdirdə, yuxarıda istinad olunan Qaydalara uyğun olaraq, təhsil dövrünün yarısı uzun müddət xidmətə daxil edilməlidir. Apelyasiya instansiyası məhkəməsi işin hallarını tam və hərtərəfli araşdırmadan, iddiaçının orta ixtisas təhsili müəssisələrində təhsil aldığı müddəti daxili işlər orqanlarında xidmət illərinə daxil etməkdə haqlı sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Bununla bağlı işin təkrar apellyasiya baxışı zamanı kassasiya instansiya məhkəməsinin sözügedən qərarındakı göstərişlər nəzərə alınaraq məhkəmə tərəfindən İddiaçı təhsil aldığı 80 nömrəli X13 məktəbində 30.08.1984-24.06.1988-ci illərdə təhsil alarkən həmin təhsil müəssisəsində hərbi hazırlıq silsilə və bölmələrinin olub-olmaması barədə məhkəməyə məlumat verilməsi ilə bağlı Azərbaycan Respublikası Təhsil Nazirliyinə məhkəmə sorğusu göndərilmişdir. Həmin sorğuya cavab olaraq 31.05.2022-ci il tarixdə Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyindən daxil olmuş məktubda qeyd edilmişdir ki, İddiaçı həqiqətən 30.08.1984-cü il tarixdə 80 saylı Bakı Texniki Peşə Məktəbinin “Kişi üst geyimləri dərzisi” ixtisasına qəbul olmuş və 24.06.1988-ci il tarixdə həmin ixtisası bitirmişdir. İddiaçı təhsil aldığı müddət ərzində yalnız ibtidai hərbi hazırlıq kursu dərsləri keçmişdir. Beləliklə, iddiaçının təhsil aldığı orta ixtisas təhsili müəssisədə hərbi hazırlıq silsilə və bölmələrinin olduğu, onun hərbi hazırlıq silsilə və bölməsində hərbi hazırlıq kursu dərslərinə cəlb olunduğu müəyyən edildiyi üçün yuxarıda istinad olunan Qaydalara uyğun olaraq, onun təhsil dövrünün yarısı uzun müddət xidmətə daxil edilməlidir. Belə olan halda İddiaçı 10.05.1985-ci il tarixdən 30.06.1987-ci il tarixədək Azərbaycan SSR-nin Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olduğu (2 il 1 ay 20 gün), 30.08.1984-cü il tarixdən 24.06.1988-ci il tarixədək Bakı şəhərindəki 80 nömrəli texniki peşə məktəbində təhsil aldığı (hərbidə olduğu müddət çıxıldıqdan sonra 1 il 8 ay 5 gün : 2 = 10 ay 2 gün), 1991 – 1994-cü illər Bakı Sənaye-Pedaqoji Texnikumunda təhsil aldığı (3 il : 2 = 1 il 6 ay), 01.06.1994-ci il tarixdən 21.04.2006-cı il tarixə qədər daxili işlər orqanlarında xidmət etdiyi (11 il 10 ay 20 gün) dövrlər nəzərə alınmaqla onun təqvimi xidmət müddəti - 16 il 04 ay 12 gün təşkil edir. İddiaçının Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşı kimi Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və müstəqilliyi uğrunda döyüş əməliyyatlarında iştirak dövrləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.11.1992-ci il tarixli 631 nömrəli sərəncamına əsasən 1 günü 3 gün hesabı ilə hesablanaraq və həmin müddət bir dəfə təqvimi xidmətə, iki dəfə imtiyazlı xidmətə əlavə olunmaqla 01.06.1994 - 30.12.1996 = 02 il, 06 ay, 29 gün x 2 = 05 il, 01 ay, 28 gün, iddiaçının Azərbaycan Respublikasında onun suverenliyinin, ərazi bütövlüyünün və müstəqilliyinin qorunması ilə bağlı hərbi əməliyyatlar dövrlərində daxili işlər orqanlarında xidmət müddəti isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.11.1992-ci il tarixli 631 nömrəli sərəncamına və Daxili İşlər Nazirliyinin 24 may 1994-cü il tarixli 257 nömrəli əmrinə uyğun olaraq bir ayı iki ay kimi hesablanaraq və həmin müddət bir dəfə təqvimi xidmətə, bir dəfə imtiyazlı xidmətə əlavə olunmaqla 30.12.1996 - 01.05.1997= 04 ay, 01 gün təşkil edir. Göründüyü kimi iddiaçının imtiyazlı xidmət müddəti 21 il 10 ay 11 gün təşkil edir ki, bu da onun barəsində cavabdeh inzibati orqan tərəfindən müvafiq məlumat vərəqəsinin hazırlanıb müvafiq inzibati orqana göndərilməsi üçün əsas yaradır. Lakin cavabdeh göstərilənləri nəzərə almayaraq qanunvericiliyin tələblərini pozmuş, iddiaçının tələbini təmin etməkdən əsassız olaraq imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə qəbul etdiyi 15.04.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-171/2021 saylı 15 aprel 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar