Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1412/2025 05.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, İsayeva Sevinc Ehtiram qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının X7 Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının X7 Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.1976-cı ildən xx.xx.1997-ci ilə kimi Cəlilabad rayonu “Səfərəliyev” adına Sovxozda işlədiyi dövrün sosial sığorta stajına daxil edilərək İddiaçı xx.xx.2024-ci ildən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 26 noyabr 2024-cü il tarixli, 2-1(112)- 9996/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası X7 Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona sığorta stajından imtinasının qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-9996/2024 saylı qərardadı ilə iddia tələbi “xx.xx.1976-cı ildən xx.xx.1997-ci ilə kimi Cəlilabad rayonu “Səfərəliyev” adına Sovxozda işlədiyi dövrün sosial sığorta stajına daxil edilərək İddiaçı xx.xx.2024-ci ildən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” kimi dəyişdirilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Cəlilabad rayonun Səfərəliyev adına Üzümçülük Savxozunda 1976-ci ildə öz ərizəsi ilə fəhlə qəbul edilmiş, 1987-ci ildə isə Sovxoz dağıldığı üçün işdən çıxarılmışdır. X1 əlilliyi ilə əlaqədar xx.xx.2007-ci il tarixindən etibarən iddiaçı bacısına qulluq edir, daima yanında durmuş, birlikdə yaşamışlar. xx.xx.2021-ci il tarixdə bacısı X1 patronajı təyin edilmişdir. Lakin, qeyd edilən illər ərzində əmək stajı sığorta stajına daxil edilməmişdir. Cavabdeh tərəfindən iddiaya qarşı etiraz məhkəməyə təqdim edilmiş və etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı tərəfindən təqdim edilmiş sənədlərin surətlərinə əsasən iddiaçının sığorta stajı (xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək X3 qulluq etdiyi dövrlər nəzərə alınmaqla) 5 il 2 gün təşkil etmişdir. Eyni zamanda İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 1478,93 manat təşkil etmişdir ki, bu məbləğdə qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən İddiaçı əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1976-cı il tarixdən xx.xx.1997-ci il tarixədək olan dövrün doldurulma qaydası pozulduğundan (əmək kitabçasının dublikat olması qeyd edilmədən doldurulma tarixi xx.xx.1990-cı il olduğu halda, ilk qeyd xx.xx.1976-cı il tarixdə yazılmışdır, həmçinin xx.xx.1997-ci il tarixdə işdən çıxma əmrinin nömrəsi qeyd edilməmişdir) həmin dövrün sığorta stajına daxil edilməsi qanunvericiliklə mümkün hesab edilməmişdir. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.6-cı yarımbəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə qulluqetmə dövrü qulluqetməyə dair qulluqolunanın (onun qanuni nümayəndəsinin) və qulluqedənin notariat fəaliyyətini həyata keçirən subyektlərin təsdiq etdiyi ərizələrinə və “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 643 nömrəli Fərmanına uyğun olaraq, müvafiq təqaüdün ödənilməsinə dair MEİS-in “Sosial ödənişlər” altsistemində olan məlumatlar əsasında sığorta stajına daxil edilir. Qeyd olunanlara əsasən İddiaçı (qulluqedən) və X2 (qulluqolunan) qulluq etməyə dair qarşılıqlı şəkildə notariat qaydada təsdiq olunmuş ərizələri (qulluqetmə dövrü dəqiq göstərilməklə) Mərkəzi Filiala təqdim olunduqdan sonra qulluqetmə dövrünün sığorta stajına daxil edilməsi qanunvericiliyə uyğun olaraq sığorta stajına daxil edilə bilər. Eyni zamanda sözügedən dövr iddiaçının sığorta stajına daxil edilsə belə ümumi sığorta stajı (25 il) tamamlanmır. Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsinin inzibati orqan tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiya və digər normativ hüquqi aktlarda qeyd olunduğu kimi hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Yuxarıda qeyd olunmuş xüsusatlardan aydın olur ki, Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: Fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, Pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda. İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən və ya 25 il sığorta stajı olmadığından iddia tələbi təmin edilə bilməz. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-9996/2024 saylı qərarı ilə (hakim L.S.Musayeva) iddia tələbi təmin edilmiş, xx.xx.1976-cı ildən xx.xx.1997-ci ilə kimi Cəlilabad rayonu “Səfərəliyev” adına Sovxozda işlədiyi dövrün sosial sığorta stajına daxil edilərək İddiaçı xx.xx.2024-ci ildən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası X7 Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh inzibati orqan qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda iddiaya etirazın məzmunu ilə eyni məzmunda əsaslandırılmış apellyasiya şikayəti verərək, qərarın ləğv edilərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının X7 Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə2 izahatında məhkəməyə bildirdi ki, əsas mübahisələndirilən məqam iddiaçının 1976-cı ildən 1997-ci il tarixədək Sovxozda işlədiyi dövrlə bağlıdır. Həmin dövrə münasibətdə əmək kitabçasının doldurulma qaydası pozulmuşdur. İddiaçı 1976-cı ildən Sovxozda işlədiyini iddia edir. Lakin iddiaçıya əmək kitabçası 1990-cı ildən açılmışdır. Eyni zamanda Arxiv İdarəsinə iddiaçının əmək haqqı cədvəllərinin olub-olmaması ilə bağlı sorğular ünvanlanmışdır. 1987-ci ilə qədər olan dövr üçün əmək haqqı cədvəlləri təqdim olundu, lakin həmin cədvəllərə də nəzər saldıqda bəlli olur ki, iddiaçı müəyyən dövrlərdə əmək haqqı almamışdır. Birinci instansiya məhkəmə tərəfindən isə həmin dövrlərə, ümumiyyətlə, münasibət bildirilməmişdir. İddiaçının 25 il sosial sığorta stajı yaranmır. Eyni zamanda cavabdehin nümayəndəsi ona verilmiş suallara cavab olaraq məhkəməyə bildirdi ki, ilkin imtinanın səbəbi iddiaçının əmək kitabçasının düzgün doldurulmaması ilə bağlı olmuşdur. Lakin birinci instansiya məhkəsində aparılan icraatın gedişatında iddiaçının 1987-ci ildən 1997-ci il tarixədək olan əmək haqqı cədvəlləri, ümumiyyətlə, təqdim olunmadı. 1987-ci ilədək olan əmək haqqının da yarımçıq olduğu bəlli oldu. ... İddiaçının Sovxozda işlədiyi dövr 1976-1997-ci illəri əhatə edir. Həmin dövrə münasibətda iddiaçının əmək haqqı cədvəlləri mövcuddur. Əmək kitabçasının üzərində “dublikat” qeydi olsa idi, o halda problem yaranmazdı, əmək kitabçasında qeyd olunanlar qəbul edilərdi. Hal-hazırda isə əmək kitabçası mötəbər sübut olaraq qəbul edilə bilməz. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında məhkəməyə bildirdi ki, o, 1976-ci ildə Üzümçülük Sovxozunda işə başlamışdır. Sovxozdaki tanışları 48 yaşından pensiyaya çıxmışdır. Onun isə 67 yaşı tamam olmasına baxmayaraq 220 manat sosial yardım alır. Eyni zamanda iddiaçı ona verilmiş suallara cavab olaraq məhkəməyə bildirdi ki, Sovxozda 1976-cı ildən 1997-ci ilədək işləyib. 1997-ci ildə işdən özü çıxmayıb. Sadəcə həmin vaxt artıq Üzümçülük Sovxozu ləğv olunmuşdur. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş sənədlərdən aşağıdakılar müəyyən edilir: - AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1958-ci il tarixdə doğulmuşdur. - İddiaçıya məxsus İT-İ № ******* əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1976-cı il tarixdə Cəlilabad rayon “Səfərəliyev” adına üzümçülük sovzounda fəhlə kimi işə qəbul olunmuş, xx.xx.1997-ci il tarixdə sovxozun fəaliyyətinə xitam verilməsi ilə əlaqədar işdən azad edilmişdir. - Cəlilabad Rayon İcra hakimiyyəti Cəlilabad rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli arxiv arayışının surətindən görünür ki, İddiaçı 1976-cı ilin may ayında fəhlə peşəsində işləməyə başlamış, xx.xx.1997-ci il tarixli 06 nömrəli əmrlə Cəlilabad ASK-nin əmrinə əsasən sovxozun fəaliyyətinə xitam verildiyinə görə işdən azad edilmişdir. Eyni zamanda arayışda onun 1976-1987-ci illərdə aldığı əmək haqqına dair cədvəl əks olunmuşdur. Bundan əlavə qeyd olunur ki, sovxozun əmək haqqı cədvəlləri arxivə tam təhvil verilməmişdir. - Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı aparatı yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın 2021-ci il 17 fevral tarixli 4 saylı iclas protokolundan çıxarışın surətindən görünür ki, İddiaçı xx.xx.1959-ci ildə anadan olmuş birinci qrup əlil bacısı X3 Mülki Məcəllənin 39.2-ci maddəsinə əsasən patronaj təyin edilmişdir. - Azərbaycan Respublikası X7 Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/2-Ə-91442/2024 nömrəli iddiaçıya ünvanlanan məktubunda bildirilmişdir ki, “...Təqdim etdiyiniz sənədlərin surətlərinə əsasən sığorta stajınız (xx.xx.2019-cu il tarixindən xx.xx.2024-cü il tarixinədək X3 qulluq etdiyiniz dövrlər nəzərə alınmaqla) 5 il 2 gün təşkil edir. Eyni zamanda xx.xx.2019-cu il tarixindən xx.xx.2021-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 1478,93 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin bildiririk ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçanızın surətində qeyd olunmuş xx.xx.1976-cı il tarixindən xx.xx.1997-ci il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğundan (əmək kitabçasının dublikat olması qeyd edilmədən doldurulma tarixi xx.xx.1990-cı il olduğu halda, ilk qeyd xx.xx.1976- cı il tarixində yazılmışdır, həmçinin xx.xx.1997-ci il tarixində işdən çıxma əmrinin nömrəsi qeyd edilmədiyindən) həmin dövrün sığorta stajınıza daxil edilməsi qanunvericiliklə mümkün hesab edilmir. Bildiririk ki, xx.xx.1976-cı il tarixindən xx.xx.1997-ci il tarixinədək əmək haqqı almağınızı təsdiq edən sənədləri (əmək haqqı arayışları) və əmrlərdən çıxarışları təqdim etdikdən sonra həmin dövrlərin sığorta stajına daxil edilməsinə baxıla bilər. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.6-cı yarımbəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə qulluqetmə dövrü qulluqetməyə dair qulluqolunanın (onun qanuni nümayəndəsinin) və qulluqedənin notariat fəaliyyətini həyata keçirən subyektlərin təsdiq etdiyi ərizələrinə və “Orqanizmin funksiyalarının 81- 100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 643 nömrəli Fərmanına uyğun olaraq, müvafiq təqaüdün ödənilməsinə dair MEİS-in “Sosial ödənişlər” altsistemində olan məlumatlar əsasında sığorta stajına daxil edilir. Qeyd olunanlara əsasən sizin (qulluqedən) və X1 (qulluqolunan) qulluq etməyə dair qarşılıqlı şəkildə notariat qaydada təsdiq olunmuş ərizələrinizi (qulluqetmə dövrü dəqiq göstərilməklə) DOST Mərkəzlərinə təqdim etdikdən sonra qulluqetmə dövrünün sığorta stajınıza daxil edilməsinə qanunvericiliyə uyğun olaraq yenidən baxılacaqdır. Eyni zamanda sözügedən dövr sığorta stajınıza daxil edilsə belə ümumi sığorta stajınız qanunvericiliklə tələb olunan 25 ilə tamamlanmır. Müraciətinizə cavab olaraq bildiririk ki, sığorta stajınız qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə sosial müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə əsasən sizə xx.xx.2021-ci il tarixindən yaşa görə sosial müavinət təyin edilib, xx.xx.2023-cü il tarixindən 220 manata çatdırılıb. Məlumat üçün bildiririk ki, əlavə sənədlər təqdim edəcəyiniz təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajınız qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququnuza yenidən baxıla bilər”. İddiaçının əmək fəaliyyəti olan dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə görə, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə görə, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, 5 vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Göründüyü kimi, qanunvericiliyə əsasən əmək pensiyasının təyin edilməsi üçün 2006-cı il yanvarın 1-dək olan dövr üzrə şəxsin iş müddəti əmək fəaliyyəti barədə sənəd əmək kitabçası əsasında müəyyən olunur. 21.İddiaçı əmək kitabçasından isə görünür ki, o, xx.xx.1975-cı ildən xx.xx.1997-ci ilə qədər Cəlilabad rayon “Səfərəliyev” adına üzümçülük sovxozunda işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Həmin Qaydaların 3.11-ci bəndinə görə, əmək kitabçası işəgötürən və ya işəgötürənin müəyyən etdiyi məsul şəxs tərəfindən imzalanır. Əmək kitabçası ilk dəfə hansı işverən tərəfindən doldurulursa, onun da möhürü ilə təsdiq edilir. Həmin Qaydaların 4.1-ci bəndinə müvafiq olaraq, əmək işçinin əmək kitabçasında işdən çıxmaq səbəbi qüvvədə olan qanunvericiliyin müddəalarına uyğun göstərilməlidir. İşəgötürənin və ya onun müəyyən etdiyi məsul şəxsin imzası və həmin müəssisənin, təşkilatın, idarənin möhürü ilə, fiziki şəxs olduqda isə tək imzası ilə təsdiq edilir. İddiaçının Cəlilabad rayon “Səfərəliyev” adına üzümçülük sovxozundan xx.xx.1997ci il tarixdə işdən çıxmaq səbəbi qüvvədə olan qanunvericiliyin müddəalarına uyğun göstərilmişdir və işəgötürənin möhürü ilə təsdiq edilmişdir. Baxmayaraq ki, həmin qeyddə əmrin nömrəsi və tarixi yazılmamışdır, Cəlilabad rayon Dövlət Arxivinin arxiv arayışına əsasən xx.xx.1997-ci il tarixli 06 nömrəli əmrlə Sovxozun fəaliyyətinə xitam verildiyi üçün iddiaçının işdən azad edildiyi müəyyən edilmişdir. Həmçinin Cəlilabad rayon Dövlət Arxivinin arayışı ilə əmək haqqı cədvəli təqdim olunaraq iddiaçının 1976-cı ilin may ayından fəhlə kimi fəaliyyətinə başlamasına heç bir şübhə qalmamışdır. Qeyd olunanlara əsasən birinci instansiyası məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, iddiaçının əmək kitabçası xx.xx.1990-cı il tarixli olduğu halda, ilk qeydin xx.xx.1976-cı il tarixdə yazılması, eyni zamanda xx.xx.1997-ci il tarixdə işdən çıxma əmrinin nömrəsinin qeyd edilməməsi iddiaçının həmin iş stajının nəzərə alınmasından imtina üçün əsas ola bilməz. Birinci instansiyası məhkəməsinin qərarında həmçinin göstərilmişdir ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Bu mənada, iddiaçının işlədiyi 1990-1999-cu illərdə qüvvədə olan qanunvericilik normaları əmək kitabçası əsasında iş stajının təsdiq edilməsinin mümkünlüyünü birmənalı nəzərdə tuturdu. Ona görə də, həmin dövrə aid iş stajı əmək kitabçası ilə təsdiqlənə bilər və müvafiq olaraq sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Apellyasiya şikayətinin pensiya kapitalı ilə bağlı dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İddiaçı 2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxs olmadığı üçün yaşa görə əmək pensiyasının təyini üçün 2 şərt lazımdır: i) tələb olunan yaş; ii) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı və ya ən azı 25 il staj. Qanunvericiliyin tələblərinə əsasən iddiaçıya pensiya yaşına çatmaqla fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda ona yaşa görə əmək pensiyası təyin edilə bilər Birinci instansiyası məhkəməsi qərarında haqlı olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçının 2006-cı ilin yanvar ayının 1-nə qədər 20 il 10 ay 14 gün və qulluq etdiyi dövr 5 il 2 gün olmaqla, cəmi 25 ildən çox sığorta stajı iş materiallarında öz təsdiqini tapmışdır. Belə ki, yuxarıda qeyd olunan dövrlərdə işlədiyi müddətlər və əlilliyi müəyyən edilmiş şəxsə qulluqetmə müddəti (cəmi 25 ildən çox) iddiaçıya «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyası almaq hüququ verir. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır, qəbul edilmiş qərarı qanuni və ədalətli hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla, işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 26 noyabr 2024-cü il tarixli, 2-1(112)-9996/2024 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 26 noyabr 2024-cü il tarixli, 2-1(112)-9996/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Mirzə Tağızadə Kamran Əkbərov
Məhkəmə qərarları › İş №2-1(103)-1412/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1412/2025
05.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver