Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1413/2021 24.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlundan və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (xx.xx.1979-cu il tarixində Neftçala rayonunun Kurkosa kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır, iddia ərizəsinə əsasən ünvan- ünvan 2ublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2-1(112)-1941/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən, inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiаçı İddiaçı 30.09.2020-ci il tarixində cаvаbdеh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri X7 06.06.1988-ci il tarixli 1385 saylı sərəncamı ilə Əzizbəyov rayonu Şüvəlan bağ sahəsində yerləşən 24 saylı 0,06 ha bağ sahəsinin adına mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, həmin 0,06 ha bağ sahəsinə dair hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri X7 06.06.1988-ci il tarixli, 1385 saylı sərəncamı ilə Əzizbəyov rayonu Şüvəlan bağ sahəsində yerləşən 24 saylı 0,06 ha bağ sahəsi onun mülkiyyətinə verilmişdir. İstifadəsində olan 0,06 ha torpaq sahəsinin plan (sxem) cizgisi Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 24 saylı 0.06 ha bağ sahəsinin onun mülkiyyətində olmasını təsdiq edən torpağın mülkiyyətə verilməsinə dair JN-21098 kod 00403668 saylı Şəhadətnamə verilmişdir. Qeyd edilən torpaq sahəsi 32 ildən artıq müddətdir ki, onun istifadəsindədir. Həmin bağ sahəsinin onun adına ilkin dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi məqsədilə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh onun ünvanladığı ərizəyə cavabda bildirmişdir ki, tərəfindən təqdim edilmiş JN-21098 kod 00403668 saylı şəhadətnamə barədə arxivdə heç bir məlumat aşkar edilmədiyindən və faktiki torpaq sahəsi Kollektiv bağçılıq Yoldaşlıqlara aid ərazidə yerləşdiyindən ərizənin icrası mümkün deyildir. Lakin cavabdehin imtinası əsassızdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2-1(112)-1941/2021 nömrəli qərarı ilə (hakim A.Oruczadə) İddiaçı iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ sahəsində yerləşən 0,06 ha ölçüdə 24 saylı bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh 06.04.2021-ci il tarixdə apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını və iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmış ki, aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, İdarənin arxivində ərizəyə əlavə olunan ünvan 3 ünvanda yerləşən torpaq sahəsinə dair verilmiş şəhadətnamə barədə hər hansı məlumat aşkar edilməmişdir.Həmçinin torpağın mülkiyyətə verilməsinə dair JN-21098 saylı şəhadətnamənin 00403668 kod nömrəsi Bakı şəhərinin Səbail rayonuna aiddir.Əlavə olaraq, 03.03.2021-ci il tarixində əraziyə keçirilən texniki baxış nəticəsində məlum olmuşdur ki, müvafiq sahə “Millibank” bağçılıq-yoldaşlığına ayrılmış ərazi daxilində yerləşir və 7 saylı bağın ərazisinə uyğun gəlir. X1 müvafiq əraziyə JN 11321 saylı şəhadətnamə ilə müraciəti olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Əlavə olaraq, o, sədrlik edənin sualına cavab olaraq, hərbiçi olduğunu, Azərbaycan Respublikası DTXK Bakı şəhər şöbəsi tərəfindən verilmiş şəhadətnamədə göstərilmiş 06.06.1988-ci il tarixli, 1385 saylı sərəncamın əslinin və ya surətinin onda olmadığını, sərəncamın kiminlə bağlı olduğunu bilmədiyini, şəhadətnamə alınarkən özünün deyil, dayısının müraciət etdiyini, dayısının hazırda vəfat etdiyini, müraciət edərkən hansı sənədlərin təqdim edildiyi barədə məlumatı olmadığını bildirdi, eyni zamanda sədrlik edənin sərəncamın verildiyi 1988-ci il tarixində onun 9 yaşı olması ilə bağlı sualına heç bir münasibət bildirmədi. Cavabdeh məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası tərəfin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdırıb belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi qərarında qeyd edilmişdir ki, “hazırkı məhkəmə icraatında DTXK tərəfindən verilmiş JN-21098 (kod ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin ləğv edilməsi və ya etibarsız sayılması barədə heç bir sübut təqdim edilmədiyindən, həmin sənəd mötəbər hesab olunur. Belə olan halda Məhkəmə hesab edir ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ sahəsində yerləşən 0,06 ha ölçüdə 24 saylı bağ sahəsi İddiaçı mülkiyyətində olduğundan, onun həmin daşınmaz əmlaka mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınmalıdır. Odur ki, cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçının hüquqlarının qeydiyyat alınması ilə bağlı hərəkətsizliyi qanunazidd və onun mülkiyyətçi olaraq hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilir.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddiaçı 30.09.2020-ci il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən, iddia ərizəsinə qoşma kimi DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin imtina məktubunun əslini qeyd etsə də, iddia ərizəsinə onun cavabdeh inzibati orqana müraciətinin və ya cavabdehin imtina məktubunu əsli və ya surəti əlavə edilməmişdir. İş materiallarına əsasən iddiaçı 12.10.2020-ci il tarixdə cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən 20.11.2020-ci il tarixdə ona imtina məktubu ünvanlanmışdır. Göründüyü kimi iddiaçı ərizə ilə məhkəmədə iddia qaldırdıqdan sonra hazırkı tələbi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən halı iddia tələbinin qeyri-mümkün sayılmasının əsası kimi qiymətləndirmir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0-cı maddəsinə əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; Həmin Qanunun 9-cu maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Həmin Qanunun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. İş materiallarından göründüyü kimi Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ sahəsində yerləşən 0,06 ha ölçüdə 24 saylı bağ sahəsinin İddiaçı mülkiyyətinə verilməsi barədə 10 may 2006-cı il tarixdə AR DTXK Bakı şəhər şöbəsi tərəfindən JN-21098 (kod ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” verilmişdir, (3878 nömrə ilə kitabda qeyd edilmişdir). Şəhadətnamədə Bakı Şəhər XDS İK-nın 06.06.1988-ci il tarixli 1385 saylı sərəncamına istinad olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, qeyd edilən şəhadətnamədə Bakı Şəhər XDS İKnın 06.06.1988-ci il tarixli 1385 saylı sərəncamına istinad edilsə də, həmin sərəncam iş materiallarına əlavə edilməmişdir. Eyni zamanda iş materiallarında olan Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən BİM-ə ünvanlanmış 23.11.2020-ci il tarixli, 7-3449/17 saylı məktubda Bakı Şəhər XDS İK-nın 1988-ci ilə dair qərar və sərəncamlarının Bakı Şəhər İcra Hakimiyyətinin arxivində saxlanılmadığı qeyd edilmişdir. Həmçinin iş materiallarında olan Azərbaycan Respublikasnın Dövlət Arxivinin Bakı Filialının 91 №-li, 29.01.2021-ci il tarixli cavab məktubunda keçmiş Bakı Şəhər XDS İKnın (indiki Bakı şəhər İH) arxiv fondu üzrə 06.06.1988-ci il tarixli,1385 saylı sərəncamının Dövlət Arxivinin Bakı filialına təhvil verilmədiyi qeyd edilmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən təqdim edilmiş müvafiq şəhadətnamənin verilməsinə əsas olan Bakı Şəhər XDS İK-nın 06.06.1988-ci il tarixli 1385 saylı sərəncamı Bakı Şəhər İcra Hakimiyyətinin arxivində və Azərbaycan Respublikasnın Dövlət Arxivinin Bakı Filialında mövcud olmamış və iddiaçı tərəfindən iş materiallarına əlavə edilməmişdir. Məhkəmə Kollegiyası əlavə olaraq qeyd edir ki, işin birinci instansiya məhkəməsi icraatı zamanı cavabdeh inzibati orqanın 11.11.2020-ci il tarixli, **********95 №-li məktubunda elektron kadastr baza məlumatlarına əsasən JN-21098 (kod ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin mövcud olduğu qeyd edilsə də, həmin şəhadətnamənin Səbail rayon Badamdar qəsəbəsinə aid olduğu, Xəzər rayon, Şüvəlan bağ sahəsində yerləşən 24 saylı 0.06 ha sahəsi olan bağ sahəsinə dair sənədin İdarənin arxivində aşkar olunmadığı göstərilmişdir. Həmçinin İdarənin 08.02.2021-ci il tarixli, **********87 №-li məktubuna əlavə edilmiş, JN-21098D nömrəli, 00400016 kodlu şəhadətnamənin X2 dair olduğu müəyyən edilir.Həmin şəhadətnaməyə əsasən X3, X4, X6, X5 Səbail rayon İcra Hakimiyyəti Başçısının 09 mart 1995-ci il tarixli, 754 saylı sərəncamı ilə 0.06 ha sahə fərdi yaşayış evi tikintisi üçün Badamdar qəs., 3-cü yaşayış sahəsi, 855 saylı sahədə yer t/s onun mülkiyyətinə verilmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilmiş müvafiq şəhadətnamənin ilk vərəqində iddiaçıya Bakı Şəhər XDS İK-nın 06.06.1988-ci il tarixli 1385 saylı sərəncamı ilə 0.06 ha torpaq sahəsi ayrıldığı qeyd edilsə də, şəhadətnamənin ikinci vərəqində olan Həyatyanı sahənin Qaiməsinə əsasən ümumi sahənin 160 kv.metr olduğu göstərilmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən təqdim edilmiş şəhadətnamədə istinad edilən sərəncamla ziddiyyətlər mövcuddur. Həmçinin iş materiallarında olan AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1979-cu il təvəllüdlüdür. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən istinad edilən Bakı Şəhər XDS İK-nın müvafiq sərəncamı 06.06.1988-ci il tarixli olmaqla, həmin vaxtda iddiaçının 9 yaşı olmuşdur. Məhkəmə Kollegiyası hesab edir ki, Bakı Şəhər XDS İK tərəfindən 9 yaşlı şəxsin adına bağ sahəsinin ayrılması barədə sərəncamın verilməsi işin ziddiyyətli hallarındadır. Yekun olaraq, 10 may 2006-cı il tarixdə Azərbaycan Respublikası DTXK Bakı şəhər şöbəsi tərəfindən verilmiş JN-21098 (kod ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin verilməsinə əsas olan Bakı Şəhər XDS İK-nın 06.06.1988-ci il tarixli 1385 saylı sərəncamı iş materiallarında, arxiv fondlarında və iddiaçıda mövcud olmamasına, eyni zamanda, qeyd edilən şəhadətnamə İdarənin arxivində başqa şəxsin adına, fərqli ünvana aid olmasına, həmin şəhadətnamədə göstərilən sərəncam ilə şəhadətnamə arasında öz-özlüyündə fərqliliklərin olmasına, iddiaçının izahatında ziddiyyətlərə heç bir aydınlıq gətirməməsinə və işin digər ziddiyyətli hallarına əsaslanan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin olunması barədə qərarının əsassız və qanunsuz olduğundan ləğv edilməlidir. Həmçinin məhkəməyə təqdim edilmiş müvafiq şəhadətnamənin son vərəqinə vizual baxışdan görünür ki, “2006-cü il” qeyd edilmişdir. Göstərilən hal şəhadətnaməyə düzəliş edildiyini istisna etmir. Eyni zamanda məhkəməyə təqdim edilmiş JN-21098 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin üzqabığında kod – 00403668 kimi qeyd edilsə də, həmin şəhadətnamənin “verilən torpaq sahəsinin planı və sərhədlərinin ölçüsü” bölməsində kod olaraq – 00400016 göstərilmişdir. Göründüyü kimi iddiaçının sahəsi digər şəxsə məxsus 00400016 kod altında qeyd edilmişdir. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin - hazırkı məhkəmə icraatında DTXK tərəfindən verilmiş JN-21098 (kod ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin ləğv edilməsi və ya etibarsız sayılması barədə heç bir sübut təqdim edilmədiyindən, həmin sənəd mötəbər hesab olunması ilə bağlı mövqeyinə münasibətdə qeyd edir ki, şəhadətnamənin ləğv və ya etibarsız hesab edilməsi barədə iş materiallarında hər hansı sənəd olmasa da, vizual baxışdan şəhadətnamədə açıq-aşkar kobud uyğunsuzluqlar olduğundan mötəbər hüquqmüəyyənedici sənəd kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün nəticəyə gəlinməmişdir. Azərbaycan Respublikası İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli və birinci instansiya məhkəməsinin qərarı əssasız olduğundan ləğv edilərək, iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İPM-in 87, 89, 90, 94-cü və 99-cu maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı : Cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinin apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2-1(112)-1941/2021 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri X7 06.06.1988-ci il tarixli 1385 saylı sərəncamı ilə Əzizbəyov rayonu Şüvəlan bağ sahəsində yerləşən 24 saylı 0,06 ha bağ sahəsinin adına mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, həmin 0,06 ha bağ sahəsinə dair hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə iddia tələbi rədd edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər . Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-1413/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1413/2021
24.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver