Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1413/2023 17.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Kazımov Elşən Cələddin oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “ona xx.xx.2017-ci il tarixdə təyin olunmuş 2-ci dərəcəli əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5083/2022 saylı 23 fevral 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona xx.xx.2017-ci il tarixdən təyin edilmiş ikinci dərəcəli əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa olunması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1963-cü ildə Naxçıvan MR, Culfa rayonu, Əbrəqunus kəndində anadan olmuşdur. 1992-ci ildə X8 Bayrağı ordenli Politexnik institutunu bitirmişdir. O, 1984-1993-cü illərdə Rusiya Federasiyasının Saratov şəhərində müvafiq işlərdə və 1993-cü ildən 2014-cü ilə qədər müxtəlif vəzifələrdə çalışmışdır. 2008-ci ildən səhhətində yaranmış problemlərlə əlaqədar mütəmadi olaraq həkim məsləhətinə uyğun müalicə kursları qəbul etmişdir. Lakin qəbul etdiyi müalicələr sağlamlığının bərpasını təmin etməmişdir. X7 Komissiyası tərəfindən müayinə göndərişi “TibbiSosial Ekspert Kommissiyasına göndəriş” reyestrinə daxil edilmişdir. xx.xx.2017-ci il tarixdə TSERAS üzərində qiymətləndirilərək İİ (ikinci) dərəcə əlillik “ümumi” səbəbdən beş il müddətinə təyin edilmişdir. Ona əlilliyin gec təyin edilməsi səbəbindən iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 03 oktyabr 2017-ci il tarixli 2-1(81)-5324/2017 saylı qərarı ilə xx.xx.2017-ci il tarixdən 3 iş günü müddətində əlilliyin müəyyən edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə həvalə edilməsi qərar alınmışdır. Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının qərarı ilə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Yəni xx.xx.2017-ci il tarixdən ona əlilliyə görə pensiya təyin edilmişdir. Lakin sonradan ona məlum olmayan səbəbdən Xidmət tərəfindən ona təyin edilmiş əlillik etibarsız hesab edilmiş, etibarsız hesab edilmənin səbəbi ilə bağlı ona hər hansı məlumat verilməmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsi tərəfindən ona göndərilən xx.xx.2019-cu il tarixli **********3 saylı məktubda onun əlilliyi Tibbi Sosial Ekspertiza və Reabilitasiya Alt sistemində etibarsız hesab edildiyi üçün xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək almış olduğu 19027,44 manat vəsaitin Nazirlik yanında DSMFnin Bakı şəhəri Nizami rayon şöbəsi hesabına geri qaytararaq bərpa edilməsi, artıq alınmış vəsaitin geri bərpa edilməyəcəyi təqdirdə məhkəmə orqanlarına müraciət ediləcəyi bildirilmişdir. Həmin məktubdan sonra xx.xx.2019-cu il tarixdə o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə müraciət etsə də, ona hər hansı cavab verilməmişdir. Cavabdeh inzibati orqanın əlilliyin etibarsız hesab edilməsi barədə ona məlum olmayan, ümumiyyətlə mövcud olmayan qərarı “İnzibati icraat haqqında” qanuna zidd olaraq qəbul edildiyi kimi, onu konstitusiya ilə müəyyən edilmiş sosial təminat hüququndan da məhrum etmişdir. Şəxs yalnız əyani müayinəyə cəlb edildikdən sonra həmin əyani müayinənin nəticələrinə əsasən şəxsin əlil olmadığı müəyyən edildiyi halda əlillik barədə inzibati aktın etibarsız hesab edilməsi məsələsinə baxıla bilər. Lakin o, əyani müayinəyə cəlb edilmədən onun əlilliyi X1 etibarsız hesab edilmişdir. Onun əlilliyinin Əlillik Altsistemində etibarsız edilməsinin heç bir hüquqi və qanuni əsasları mövcud deyildir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşin birinci instansiya icraatı zamanı cavab deh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5083/2022 saylı 23 fevral 2022-ci il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı xx.xx.2017-ci il tarixdən təyin edilmiş ikinci dərəcəli əlilliyin Əlillik altsistemində etibarsız hesab edildiyi tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Qərardaddan iddiaçı tərəfindən kassasiya şikayəti verilmiş AR Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1928/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2022-ci il 18 iyul tarixli, 2- 1(103)-2237/2022 nömrəli qərardadı ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5083/2022 saylı 23 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli **********3 saylı məktubda qeyd edilir: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsi bildirirki, Sizin əlilliyinizin Tibbi Sosial Ekspertiza və X4 etibarsız edildiyi üçün, xx.xx.2017-ci tarixdən xx.xx.2019cu il tarixədək almış olduğunuz 19027,44 manat vəsaitin Nazirlik vanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsi hesabına geri qaytararaq bərpa edəsiniz. Artıq alınmış vəsaitin geri bərpa edilməyəcəyi təqdirdə məhkəmə orqanlarına müraciət ediləcəkdir. - 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-5324/2017 saylı xx.xx.2017-ci il tarixli qərarından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinə qarşı «əlilliyin müəyyən edilməsi» tələbinə dair iddiası təmin edilmiş, İddiaçı xx.xx.2017-ci il tarixdən 3 iş günü müddətində əlilliyin müəyyən edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinə həvalə edilməsi qərara alınmışdır - Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-324/2018 saylı xx.xx.2018-ci il tarixli qərarından görünür ki, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-l(81)- 5324/2017 saylı iş üzrə 03 oktyabr 2017-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinin apellyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilir: İddiaçı əlillik vəziyyəti 32 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının 2788003AABHE nömrəli göndərişi əsasında xx.xx.2017-ci il tarixdə elektron qiymətləndirilmiş və “ümumi xəstəlik" səbəbindən beş il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Aparılmış əlillik təyinatlarının müəyyən risk qruplarına görə araşdırılması məqsədilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aparılmış birgə yoxlamanın nəticəsi üzrə İddiaçı dair 32 nömrəli Birləşmiş Şəhər Xəstəxanası tərəfindən rəsmiləşdirilmiş 2788003AABHE nömrəli göndəriş əsasında təyin olunmuş əlillik təyinatı "Əlillik" altsistemində etibarsız hesab edilmişdir. Belə ki, İddiaçı dair Forma 088 rəsmiləşdirilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 140 nömrəli qərarı ilə təsdiq edilmiş "Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları"nın 1.3.1-ci bəndinə əməl edilmədiyi və göndərişlərin tam əsaslandırılmadığı müəyyən edilmişdir. Həmin məktuba əlavə edilmiş Tibbi-Sosial Ekspert Komissiyasında ətraflı qiymətləndirmə məlumatından görünür ki, İddiaçı 32 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının 2788003AABHE nömrəli göndərişi əsasında xx.xx.2017- ci il tarixdə ümumi xəstəlik səbəbindən xx.xx.2022-ci il tarixədək 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Həmin məktuba əlavə edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmış xx.xx.2019-cu il tarixli xx/xx-4330 nömrəli məktubda qeyd edilir: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən daxil olmuş, 105 nəfər şəxsin adına 88 saylı göndərişlər rəsmiləşdirilərkən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 140 nömrəli qərarı ilə təsdiq edilmiş "Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları"nın 1.3.1-ci bəndinə əməl edilməməsi ilə bağlı məktuba baxılmışdır. Siyahıda adları qeyd edilmiş 105 nəfər şəxsin adına rəsmiləşdirilmiş göndərişlər işçi qrupun 13 may 2019-cu il tarixli aktına əsasən «Tibbi arayışların elektron registri»ndə etibarsız hesab edilmişdir. Məktuba əlavə edilmiş siyahıda 30-cu sırada İddiaçı adı qeyd edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən (3.1.) şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. (3.2) Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. (3.3.) Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş «Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə»nin: 1.3-cü bəndinə əsasən TSEK Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin, Naxçıvan Muxtar Respublikasında isə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılmaqla, tibbi-sosial ekspertiza keçirərək əlilliyi və 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunu qiymətləndirir, bunun əsasında əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud olan uşaqların sosial müdafiə tədbirlərinə ehtiyaclarını müəyyən edir; 1.5-ci bəndinə əsasən əlillik müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə əsasən müəyyən edilir; 4.1-ci bəndinə əsasən şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır; 4.3-cü bəndinə əsasən göndərişlər “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə rəsmiləşdirilən tarixdə həkim-məsləhət və ya hərbi-həkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir və həmin gün şəxsə bu barədə məlumat verilir; 4.7-ci bəndinə əsasən səhiyyə müəssisələri göndərişin keyfiyyətli, vaxtında verilməsi və əsaslandırılması üçün intizam məsuliyyəti daşıyırlar; 4.9-cu bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X3 Sosial Ekspertiza və X5 ötürülür; 4.9-1-ci bəndinə əsasən TSERAS-a ötürülmüş göndərişlər sistem tərəfindən qəbul edildikdən sonra dərhal göndərişi verən səhiyyə müəssisəsinin, bu göndərişi təsdiq edən şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər dərhal TSERAS tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədi ilə TSEK-ə (göndərişi vermiş səhiyyə müəssisəsinin ünvanına və şəxsin yaşayış yerinə xidmət edən TSEK istisna olmaqla) göndərilir; 4.16-cı bəndinə əsasən TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir; 4.17-ci bəndinə əsasən qəbul edilmiş qərar və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti qeydiyyatçı tərəfindən gücləndirilmiş elektron imza ilə TSERAS-a daxil edilir və TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilir; 4.19-cu bəndinə əsasən hər iş gününün sonunda TSEK tərəfindən gün ərzində aparılmış əlilliyin qiymətləndirilməsi hallarını özündə əks etdirən protokol tərtib olunur və hər bir komissiya üzvü tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək TSERAS-a daxil edilir; 4.26-cı bəndinə əsasən əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi» Qaydasının: 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir; 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir; 1.6-cı bəndinə əsasən əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır; 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır; 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür; 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir; 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər; 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 3.8-ci bəndinə əsasən Agentliyin əlilliyin qiymətləndirilməsi barədə qərarlarından verilmiş şikayətlərə Nazirliyin 9 (doqquz) nəfər məsul işçisindən ibarət tərkibdə yaratdığı Komissiyada 15 (on beş) iş günü müddətində baxılır. Komissiyanın qərarları sadə səs çoxluğu ilə qəbul edilir və həmin gün ərzində altsistemə daxil edilir. Hazırkı işin hallarından müəyyən edilir ki, İddiaçı əlillik vəziyyəti 32 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının 2788003AABHE nömrəli göndərişi (Forma 088) əsasında xx.xx.2017-ci il tarixdə elektron qiymətləndirilmiş və “ümumi xəstəlik" səbəbindən beş il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Lakin Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmış xx.xx.2019- cu il tarixli xx/xx-4330 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müraciəti əsasında və onun tərəfindən təqdim edilmiş siyahıda adları qeyd edilmiş 105 nəfər şəxsin adına rəsmiləşdirilmiş göndərişlər işçi qrupun 13 may 2019-cu il tarixli aktına əsasən «Tibbi arayışların elektron registri»ndə etibarsız hesab edilmişdir. Məktuba əlavə edilmiş siyahıda 30-cu sırada İddiaçı adı qeyd edilmişdir. Buna əsasən cavabdeh tərəfindən iddiaçıya dair 32 nömrəli Birləşmiş Şəhər Xəstəxanası tərəfindən rəsmiləşdirilmiş 2788003AABHE nömrəli göndəriş əsasında təyin olunmuş əlillik "Əlillik" altsistemində etibarsız hesab edilmişdir. Lakin cavabdeh tərəfindən bununla əlaqədar hər hansı araşdırma aparılmamış, qərar qəbul edilməmişdir. Göründüyü kimi cavabdeh iddiaçıya əlilliyin təyin edilməsi barədə qərarın düzgünlüyünü mübahisələndirsə də, əlilliyi müəyyən edilmiş şəxs, yəni iddiaçı əyani müayinəyə cəlb edilməmiş, müayinənin nəticələrinə əsasən TSEK-in iddiaçıya əlilliyin təyin edilməsi barədə qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edilməmişdir. İddiaçıya əlilliyin təyini barədə qərar ləğv edilmədiyi halda, cavabdeh tərəfindən iddiaçının əlilliyinə dair qiymətləndirmə Əlillik altsistemində etibarsız hesab edilmişdir. Halbuki qanunvericilikdə əlilliyə dair qiymətləndirmənin Əlillik altsistemində etibarsız hesab edilməsi nəzərdə tutulmamışdır və hazırda iddiaçıya əlilliyin təyini barədə qərar qüvvədədir, cavabdeh həmin qərarın ləğv edilməsi barədə sübutları məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı yalnız əyani müayinəyə cəlb edildikdən sonra həmin əyani müayinənin nəticələrinə əsasən iddiaçının əlil olmadığı müəyyən edildiyi halda iddiaçının əlilliyi barədə inzibati aktın etibarsız hesab edilməsi məsələsinə baxıla bilərdi. Lakin işin faktiki hallarına əsasən iddiaçı əyani müayinəyə cəlb edilmədən cavabdeh iddiaçının əlilliyini X1 etibarsız etmişdir. İddiaçının əlilliyinin qiymətləndirilməsinin cavabdeh tərəfindən Əlillik Altsistemində etibarsız edilməsinin heç bir hüquqi və qanuni əsasları mövcud deyildir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5083/2022 saylı 23 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5083/2022 saylı 23 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1413/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1413/2023
17.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver