Məhkəmə qərarları › İş №2-1(103)-1413/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1413/2025

05.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1413/2025 05.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X1 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “icarə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla çıxarışın verilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X3 (sədrlik edən və məruzəçi), Mədətli Fərid İlham oğlu və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, Nizamlı Aygün Ülviyyət qızının katibliyi, iddiaçının nümayəndəsi X4 iştirakları ilə, İddiaçı X1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “icarə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-7033/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İŞİN HALLARİ

1. Bakı şəhər İcra Hakimiyyətinin Başçısı ilə İddiaçı İK firmasının (bundan sonra – iddiaçı) direktoru Əliheydər Bayramov arasında Bakı şəhər İcra Hakimiyyəti Başçısının 188 saylı, xx.xx.2015-ci il tarixli, 342 saylı 14 avqust 2015-ci il tarixli sərəncamları və 13136 saylı 22 oktyabr 2015-ci il tarixli inşaat pasportu əsasında ünvan 1 ünvanda yerləşən ərazidə ayrılmış 1500 kv.m olan torpaq sahəsinə 1108 nömrəli 06 noyabr 2015-ci il tarixli torpaq icarə müqaviləsi bağlanmışdır.

2. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinın (bundan sonra – cavabdeh) 26 yanvar 2024-cü il tarixli 3-21-3-30/2- 3172/2024 **********72 nömrəli imtina məktubunda bildirilmişdir ki, torpaq sahəsinə dair yerləşmə cizgisi təqdim edilməmişdir. Bundan başqa torpaq sahəsi sənəd üzrə 1500 kv.m qeyd edilsə də, faktiki sahə 1458 kv.m təşkil edir. Həmçinin torpaq sahəsi yolkənarı yaşıllıq cərgəsində, yaşayış kompleksinin önü abadlıq, avtodayanacaq sahəsi olmaqla dövlət mülkiyyətində olan torpaqlara aid olduğundan icarə müqaviləsinin bağlanması məqsədi ilə Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət olunması tövsiyyə olunur.

3. Bakı İnzibati Məhkəməsinin sorğusuna əsasən Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən cavab olaraq 29 aprel 2024-cü il tarixli 3-52/2- 1819/2024 nömrəli məktuba Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2015-ci il tarixli 188 nömrəli sərəncamı, xx.xx.2015-ci il tarixli, 342 nömrəli sərəncamı və onların verilməsinə əsas olmuş sənədlərin təqdim edilmiş surəti, həmçinin İddiaçı X2 verilmiş xx.xx.2015-ci il tarixli, 1108 nömrəli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilə əlavə olunmuşdur.

4. Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 188 nömrəli 06 may 2015-ci il tarixli sərəncamına əsasən ünvan 1 ünvanda mülkiyyətdə olan torpaq sahəsində yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün İddiaçı X2 icazə verilmişdir.

5. Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 14 avqust 2015-ci il tarixli 342 nömrəli sərəncamına əsasən İddiaçı X1 12 avqust 2015-ci il tarixli 08 saylı müraciətini nəzərə alaraq Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2015-ci il tarixli 188 saylı sərəncamı ilə yaşayış binalarının tikintisinin layihələndirilməsinə icazə verilmiş ünvan 1 ünvanda özünəməxsus torpaq sahəsinə bitişik 0.15 ha torpaq sahəsi icarə əsasında eyni məqsədlə həmin firmanın istifadəsinə verilmişdir. Azərbaycan Respublikası “Torpaq Məcəlləsi”nin 66,67 və 68-ci maddələrinə uyğun olaraq Bakı şəhər İcra Hakimiyyəti nəzdində “İnterservis” müdiriyyəti sifarişçi ilə torpaq icarə müqaviləsinin bağlanmasını təmin etməli və 0.15 ha torpaq sahəsi üzərində icarə hüququ dövlət qeydiyyatına alınmalıdır.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı İstehsalat Kommersiya firması cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia tələbi məhkəməyə müraciət edərək, ünvan 2 ünvanındakı icarəyə götürülmüş 1500 kv.m torpaq sahəsinə dair icarə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

7. Sonradan iddiaçı tərəfindən iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə müraciət edilərək, ünvan 2 ünvanında icarəyə verilmiş 1500 kv.m torpaq sahəsinin faktiki sahəyə uyğun olaraq, yəni 1458 kv.m sahəyə dair icarə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 2 ünvanındakı qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi üzərində icarə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh idarəyə müraciət etmişdir. İcarəyə götürülmüş torpaq sahəsi 1500 kv.m-dir. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 06 noyabr 2015-ci il tarixli 1108 saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləsi əsasında İddiaçı X2 icazə verilmişdir. Hal-hazırda həmin torpaq sahəsi Firmanın istifadəsindədir. Cavabdeh imtina məktubu göndərərək göstərmişdir ki, torpaq sahəsinə cizgi təqdim edilməmiş, faktiki sahə 1458 kv.m-dir, həmçinin torpaq sahəsi yolkənarı yaşıllıq cərgəsində, yaşayış kompleksinin önü abadlıq sahədə yerləşir və icarə müqaviləsinin bağlanması üçün Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət olunmalıdır. Belə ki, sözügedən torpaq sahəsinə dair artıq qüvvədə olan icarə müqaviləsi mövcud olduğundan yeni bir icarə müqaviləsinin bağlanmasına heç bir zərurət yoxdur. Cavabdeh idarənin imtinası qanunsuzdur və icarə hüquqlarının qeydiyyata alınmasına maneəçilik törədir. İddia verilməsinin məqsədi ayrılmış torpaq sahəsi üzərində icarə hüququnu dövlət qeydiyyatına alınması və bu barədə reyestrdən müvafiq çıxarışın verilməsi ilə bağlıdır.

9. Cavabdehin iddia tələbinə yazılı etirazında göstərilmişdir ki, torpaq sahəsinə dair yerləşmə cizgisi təqdim edilməmişdir. Bu səbəbdən naturada yerləşmə mövqeyini müəyyən etmək mümkün olmamışdır.Həmçinin torpaq sahəsi yolkənarı yaşıllıq cərgəsində, yaşıllıq kompleksinin önü abadlıq, avtodayanacaq sahəsi olmaqla dövlət mülkiyyətində olan torpaqlara aid olduğundan iddiaçının icarə müqaviləsinin bağlanması məqsədi ilə Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etməsi tövsiyə olunur.xx.xx.2023cü il tarixdə İdarənin mütəxəssisləri tərəfindən əmlaka texniki baxış keçirilən zaman məlum olmuşdur ki,torpaq sahəsinin ölçüsü sənəd üzrə 1500 kv.m qeyd edilsə də, faktiki olaraq 1458 kv.m təşkil edir..

10. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-7033/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.

11. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, torpaq sahəsinin ayrılması barədə müvafiq icra hakimiyyəti orqanının sərəncamı, hətta qanunla ayrılması məhdudlaşdırılan torpaq sahəsinə münasibətdə qəbul olunduğu təqdirdə belə, nəzərə almaq lazımdır ki, sərəncamında olan torpaq sahəsinin ayrılması ilə bağlı həmin orqanın səlahiyyəti ümumi xarakterli səlahiyyətdir və hətta qanunla ayrılması məhdudlaşdırılan torpaq sahələrinə belə şamil olunur. Belə ki, həmin torpaq sahələrinin ayrılması da icra hakimiyyəti orqanının torpaqayırma səlahiyyəti ilə ehtiva olunur və burada söhbət həmin orqanın səlahiyyətsizliyindən deyil, müvafiq səlahiyyətin həyata keçirilməsi zamanı qanunvericiliyin tələblərinə riayət olunubolunmamasından gedir. Qanunsuz inzibati aktlar isə yalnız qanunla müəyyən olunmuş qaydada və şərtlər daxilində buna subyektiv hüququ olan şəxslər tərəfindən mübahisələndirilə bilər və ya buna səlahiyyəti olan orqan tərəfindən “İnzibati icraat haqqında” Qanunun müvafiq prinsipləri və normaları nəzərə alınmaqla ləğv edilə bilər.

12. Məhkəmə həmçinin ona diqqət çəkir ki, səlahiyyətli inzibati orqanın apardığı inzibati icraat mahiyyət etibarilə hakimiyyət iradəsinin formalaşması və həmin iradənin ifadə olunduğu inzibati aktın qəbulu məqsədlərinə xidmət edir. İnzibati icraatın gedişində yol verilmiş pozuntular icraatı aparan inzibati orqanın məsuliyyət sferasına aiddir və buna səlahiyyəti olmayan digər orqanlar, o cümlədən cavabdeh tərəfindən təftiş edilə və mübahisələndirilə bilməz.

13. Digər tərəfdən, torpaq sahəsinin icarəyə verilməsi barədə iddiaçının təqdim etdiyi müqavilədə nəzərdə tutulmuş torpaq sahəsi ilə bağlı cavabdehin gətirdiyi digər dəlillər həmin müqavilənin mötəbər olmadığı anlamına gəlmir. Bu zaman həm də cavabdeh tərəfindən həmin müqavilənin mötəbərliyini şübhə altına alan hər hansı sübutun məhkəməyə təqdim olunmadığı, cavabdehin sadəcə olaraq həmin halların olmasını iddia etməklə kifayətləndiyi də nəzərə alınmalıdır. Həmçinin iş üzrə materiallardan da həmin torpaq sahəsinin iddiaçıya ayrılmasının təkzib edilmədiyi, başqasına ayrılmadığı və dövlət reyestrində başqasının adına qeydiyyata alınmadığı, eləcə də həmin torpaq sahəsinin ayrıldığı vaxtdan iddiaçının faktiki istifadəsində olduğu və təyinatı üzrə istifadə edildiyi görünür. Məhkəmə tərəfindən bu xüsusatlar mübahisənin həlli baxımından nəzərə alınmaya bilməz.

14. Hazırkı mübahisəyə münasibətdə mübahisəli torpaq sahəsinin icarəyə verilməsi haqqında sözügedən müqavilənin qüvvədə olduğu nəzərə alınmalı, həmin müqavilə iddiaçının torpaq sahəsinə icarə hüququnun dövlət qeydiyyatı üçün əsas qismində qiymətləndirilməli və yetərli sayılmalıdır.

15. Cavabdeh apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 7033/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ

b) Apellyasiya şikayətinin dəlilləri

16. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazın dəlilləri ilə oxşarlıq təşkil edir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

d) Prosses iştirakçılarının izahatları

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

19. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu:

2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 7-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir 8.0-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.

21. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi:

55. Müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrinin qərarları və onlarla bağlanan müqavilələr, hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər, məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollar fiziki və hüquqi şəxslərin torpaq sahəsi üzərində hüquqlarının yaranmasının əsaslarından hesab olunur.

65. Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır.

66. 1.Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur.2.Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir.

67. Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.

68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

22. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi"

3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; 3.0.50. Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək Xidmətin vəzifəsidir.

23. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 139-1.1.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. (152.3.) İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.(152.4.) sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

24. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.

17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:

Maddə 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2.məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

27. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı tam olaraq yoxlanılır.

28. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinə etirazın dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı birinci instansiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

31. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ birinci instansiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

32. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

33. Məhkəmə kollegiyası işin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

34. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

35. Avropa İnsan hüquqları Məhkəməsinin həmin mövqeyinə uyğun olaraq apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla belə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

36. İddia tələbinin mahiyyəti və apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir:

37. İş materiallarına əsasən müəyyən edilmişdir ki, Bakı şəhər İcra Hakimiyyətinin Başçısı ilə İddiaçı İK firmasının (bundan sonra – iddiaçı) direktoru Əliheydər Bayramov arasında Bakı Şəhər İcra Hakimiyyətinin 188 saylı, xx.xx.2015-ci il tarixli, 342 saylı 14 avqust 2015-ci il tarixli sərəncamları və 13136 saylı 22 oktyabr 2015-ci il tarixli inşaat pasportu əsasında ünvan 1 ünvanda yerləşən ərazidə ayrılmış 1500 kv.m olan torpaq sahəsinə 1108 nömrəli 06 noyabr 2015-ci il tarixli torpaq icarə müqaviləsi bağlanmışdır.

38. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinın (bundan sonra – cavabdeh) 26 yanvar 2024-cü il tarixli 3-21-3-30/2- 3172/2024 **********72 nömrəli imtina məktubunda bildirilmişdir ki, torpaq sahəsinə dair yerləşmə cizgisi təqdim edilməmişdir. Bundan başqa torpaq sahəsi sənəd üzrə 1500 kv.m qeyd edilsə də, faktiki sahə 1458 kv.m təşkil edir. Həmçinin torpaq sahəsi yolkənarı yaşıllıq cərgəsində, yaşayış kompleksinin önü abadlıq, avtodayanacaq sahəsi olmaqla dövlət mülkiyyətində olan torpaqlara aid olduğundan icarə müqaviləsinin bağlanması məqsədi ilə Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət olunması tövsiyyə olunur.

39. Bakı İnzibati Məhkəməsinin sorğusuna əsasən Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən cavab olaraq 29 aprel 2024-cü il tarixli 3-52/2- 1819/2024 nömrəli məktuba Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2015-ci il tarixli 188 nömrəli sərəncamı, xx.xx.2015-ci il tarixli, 342 nömrəli sərəncamı və onların verilməsinə əsas olmuş sənədlərin təqdim edilmiş surəti, həmçinin İddiaçı X2 verilmiş xx.xx.2015-ci il tarixli, 1108 nömrəli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilə əlavə olunmuşdur.

40. Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının 188 nömrəli 06 may 2015-ci il tarixli sərəncamına əsasən ünvan 1 ünvanda mülkiyyətdə olan torpaq sahəsində yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün İddiaçı X2 icazə verilmişdir.

41. Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 14 avqust 2015-ci il tarixli 342 nömrəli sərəncamına əsasən İddiaçı X1 12 avqust 2015-ci il tarixli 08 saylı müraciətini nəzərə alaraq Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2015-ci il tarixli 188 saylı sərəncamı ilə yaşayış binalarının tikintisinin layihələndirilməsinə icazə verilmiş ünvan 1 ünvanda özünəməxsus torpaq sahəsinə bitişik 0.15 ha torpaq sahəsi icarə əsasında eyni məqsədlə həmin firmanın istifadəsinə verilmişdir. Azərbaycan Respublikası “Torpaq Məcəlləsi”nin 66,67 və 68-ci maddələrinə uyğun olaraq Bakı şəhər İcra Hakimiyyəti nəzdində “İnterservis” müdiriyyəti sifarişçi ilə torpaq icarə müqaviləsinin bağlanmasını təmin etməli və 0.15 ha torpaq sahəsi üzərində icarə hüququ dövlət qeydiyyatına alınmalıdır.

42. İmtina məktubunun dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/4982 nömrəli, xx.xx.2025-ci il tarixli ekspert rəyində qeyd olunmuşdur ki, ünvan 2 ünvanında icarəyə verilmiş 1500 kv.m torpaq sahəsinin 13136 saylı xx.xx.2015-ci il tarixli inşaat pasportu və 167 Nq-İİ Ayrıc Aktı ilə İddiaçı İKF-yə yaşayış binalarının layihələndirilməsi üçün ünvan 3 ünvanda ayrılmış 0,73 hektar torpaq sahəsi ilə üst-üstə düşdüyü, yəni icarəyə verilmiş 1500 kv.m torpaq sahəsinin xx.xx.2015-ci il tarixli inşaat pasportu və 167 nömrəli Ayrıc Aktı ilə İddiaçı İKF-yə yaşayış binalarının layihələndirilməsi üçün ayrılmış 0,73 hektar torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən olunmuşdur.

43. Cavabdehin imtinasında qeyd edilən torpaq sahəsi yolkənarı yaşıllıq cərgəsində, yaşayış kompleksinin önü abadlıq, avtodayanacaq sahəsi olmaqla dövlət mülkiyyətində olan torpaqlara aid olması dəlilindən irəli gələrək Kollegiya qeyd edir ki, torpağın ayrılmasını və hüququn qeydə alınmasını müəyyən edən (Sərəncam və “Dövlət Aktı”) hüquq müəyyənedici sənədlər hazırda qüvvədə olduğundan, yəni ləğv və ya etibarsız hesab edilmədiyindən, həmçinin topraq sahəsi bələdiyyə və ya digər şəxslər üçün ayrılmış torpaq sahələri ilə üst-üstə düşmədiyindən, həmçinin həmin vaxtdan iddiaçının istifadəsində olduğundan iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququna dair gözləntisi olmuş və həmin gözləntiyə dair etimad hüququnun qanunla qorunmasını istisna edən hallar müəyyən olunmamışdır. Həmçinin, torpaq sahəsinin yolkənarı yaşıllıq cərgəsində, yaşayış kompleksinin önü abadlıq, avtodayanacaq sahəsi olması dəlili ilə bağlı Kollegiya qeyd edir ki, qanunvericilikdə torpaq sahəsinin yaşıllıq ((yerində müayinə zamanı bir neçə ədəd kişik ölçülü dekorativ ağac və kol-kos) iddiaçının özü tərəfindən əkildiyi müəyyən edilmişdir) cərgəsində olması, abadlıq və ya avtodayanacaq kimi istifadə edilməsi hüququn daşınmaz əmlakın reyestrində qeydə alınmasından imtina əsası olaraq müəyyən olunmamışdır.

44. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur.

45. Hazırkı işdə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.6cı maddəsində təsbit edilmiş hallar müəyyən edilməmişdir.

46. Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir.

47. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. Bu zaman inzibati orqan həm də şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir.

48. Həmçinin nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur.

49. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). 50.“İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinə əsasən qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur.

51. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, iddiaçıya 2015-ci ildə torpaq sahəsinin ayrılmasına dair qəbul edilmiş inzibati akt, iddiaçıya müvafiq hüquq verdiyindən, əlverişli inzibati akt hesab olunur.

52. “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsində qeyd edildiyi kimi iddiaçının rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olması barədə işdə hər hansı sübut yoxdur və bu halla bağlı cavabdeh mübahisə açmamışdır.

53. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı torpaq sahəsinin ayrılması barədə inzibati akt qanunsuz olsa belə əlverişli inzibati akt hesab olunur və həmin aktın mübahisələndirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülmüşdür.

54. Belə ki, iddiaçıya torpaq sahəsinin ayrılması barədə inzibati aktın qəbulundan 10 ildən çox müddət ötmüşdur, hansı ki, 1 il ərzində həmin inzibati akt ləğv edilə bilərdi. Lakin həmin müddətdə bu səlahiyyətdən istifadə edilməmişdir.

55. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçı göstərilən müddət ərzində torpaq sahəsindən istifadə etmiş və ona fasiləsiz sahibliyi həyata keçirmişdir. Bu müddət ərzində isə ona qarşı hər hansı dövlət orqanı və ya hüquqi şəxs tərəfindən etiraz və ya torpağın geri alınması ilə bağlı tələb irəli sürülməmişdir.

56. İddia olunan topraq sahəsinə dair Sərəncam hazırda qüvvədə olduğundan və ləğv edilmədiyindən, iddiaçının onun barəsində qəbul edilmiş əlverişli inzibati aktın məzmununa etimadını istisna edən hallar müəyyən edilmədiyindən yuxarıda istinad edilən normalara əsasən onun torpaq sahəsi üzərində daimi istifadə hüququna dair gözləntisi olmuşdur.

57. Cavabdehin dəlillərinə münasibətdə birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, torpaq sahəsinin ayrılması barədə müvafiq icra hakimiyyəti orqanının sərəncamı, hətta qanunla ayrılması məhdudlaşdırılan torpaq sahəsinə münasibətdə qəbul olunduğu təqdirdə belə, nəzərə almaq lazımdır ki, sərəncamında olan torpaq sahəsinin ayrılması ilə bağlı həmin orqanın səlahiyyəti ümumi xarakterli səlahiyyətdir və hətta qanunla ayrılması məhdudlaşdırılan torpaq sahələrinə belə şamil olunur. Belə ki, həmin torpaq sahələrinin ayrılması da icra hakimiyyəti orqanının torpaqayırma səlahiyyəti ilə ehtiva olunur və burada söhbət həmin orqanın səlahiyyətsizliyindən deyil, müvafiq səlahiyyətin həyata keçirilməsi zamanı qanunvericiliyin tələblərinə riayət olunubolunmamasından gedir. Qanunsuz inzibati aktlar isə yalnız qanunla müəyyən olunmuş qaydada və şərtlər daxilində buna subyektiv hüququ olan şəxslər tərəfindən mübahisələndirilə bilər və ya buna səlahiyyəti olan orqan tərəfindən “İnzibati icraat haqqında” Qanunun müvafiq prinsipləri və normaları nəzərə alınmaqla ləğv edilə bilər.

58. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli Qərarda qeyd edilmişdir ki,” ... etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin.

59. Apellyasiya şikayətinin torpaq sahəsinə dair cizgidəki mövqe ilə faktiki sahənin yerləşməsində ciddi uyğunsuzluq olması və torpaq sahəsinin faktiki olaraq 1458 kv.m təşkil etməsi dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin bildirdiyi hallar iddiaçının təqsirinə aid edilə bilməz və aid edilsə belə cavabdeh tərəfindən göstərilən halları təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Hətta hər hansı uyğunsuzluq olsa da belə, cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarətdir.

60. Bununla bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli Fərmanının 2.3-cü bəndində göstərilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin.

61. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; 3.0.24-cü bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı və daşınmaz əmlakın kadastr məqsədləri üçün mərzçəkmə işlərini özəl hüquqi və fiziki şəxslərin həyata keçirməsini təşkil etmək və “Uyğunluğun qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditə olunmuş qurum vasitəsilə bu fəaliyyəti həyata keçirən özəl hüquqi və fiziki şəxslərin (kadastr mühəndislərinin) uyğunluğunun qiymətləndirilməsini həyata keçirmə Xidmətin vəzifələrindən biridir.

62. Digər tərəfdən, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 3.1.22-ci bəndinə əsasən daşınmaz əmlakla bağlı inventarlaşdırma işləri və texniki sənədlərin tərtibi, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı və daşınmaz əmlakın kadastr məqsədləri üçün mərzçəkmə işlərini özəl hüquqi və fiziki şəxslərin həyata keçirməsini təşkil etmək və “Uyğunluğun qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditə olunmuş qurum qismində bu fəaliyyəti həyata keçirən özəl hüquqi və fiziki şəxslərin (kadastr mühəndislərinin) uyğunluğunun qiymətləndirilməsini həyata keçirmək DƏDKR-in vəzifələrinə aiddir. 63.Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş xx.xx.2023-cü il tarixədək qüvvədə olan “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək (3.0.2), təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq; (3.0.3). bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək; (3.0.4). dövlət reyestrində hüquqların dövlət qeydiyyatının dəqiq və vaxtında aparılmasını, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasını təmin etmək; (3.0.8) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək; (3.0.11) daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək; (3.0.23). vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək; (3.0.29) daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahələrində mərzçəkmə işləri aparmaq; (3.0.31) xidmətin vəzifələrinə aid edilmişdir.

64. Həmçinin, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır.

65. Göründüyü kimi, qanunvericilik “daşınmaz əmlakın icarəsinə dair qəbul olunmuş aktları” hüququn qeydə alınmasının əsası kimi müəyyən etmişdir.

66. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edə bilər: 15.1.1. Dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. Hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. Hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. Daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. Daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. Bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

67. Yuxarıda qeyd edilənlərə əsasən, qanunvericilik hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir.

68. Cavabdeh inzibati orqan öz növbəsində qeyd edilən əsasların mövcud olmasına dair halları məhkəməyə bildirməmişdir. Apellyasiya şikayətinin digər bir dəlili isə birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının tətbiq edilməsində səhvə yol verilməsi, habelə prosessual hüquq normaları kobud surətdə pozulması barədədir ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlilinə münasibətdə qeyd edir ki, qeyd olunan dəlillərin heç bir əsası yoxdur, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qanuni və əsaslı qərar qəbul edilmişdir.

69. Analoji işlər üzrə oxşar mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin 2- 1(102)-590/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarında da öz əksini tapmışdır.

70. Kollegiya həmçinin qeyd etməyi zəruri hesab edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.

71. Məhkəmə kollegiyası iddia tələbinə etirazın dəlillərinin apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu olduğunu, həmin dəlillərə isə yuxarıda hüquqi qiymət verildiyini bildirir, odur ki, prosessual qənaət prinsipindən çıxış edərək həmin dəlillər üzrə təkrar hüquqi qiymətləndirmə aparmağa zərurət görmür və cavabdehin apellyasiya şikayətinə münasibətdə bir daha qeyd edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğvinin əsasını təşkil etmir.

72. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

73. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-7033/2024 nömrəli, xx.xx.2024cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

74. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-7033/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar