Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1414/2020 15.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva X2 və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndəsi X3 iştirakı ilə məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi vəzifəsinin həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-690/2020 nömrəli iş üzrə xx xxx 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məcburi köçkün statusunun və vəsiqəsinin verilməsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçının anası X1 rayonu işğal olunan zaman məcburi köçkün düşmüş və hazırda məcburi köçkün statusu olan şəxs kimi Dillər Universitetinin 1 saylı yataqxanasında məskunlaşmışdır və orada yaşayır. İşğal olunmuş ərazilərdən məcburi köçkün olmayan atası ilə anasının nikahı xx.xx.2017-ci il tarixdə pozulmuşdur və iddiaçı anasının himayəsində qalmışdır. İddiaçı xx.xx.1999-cu ildə anadan olmuşdur. Atasının işğal olunmuş ərazilərdən məcburi köçkün olmadığına əsaslanaraq ona məcburi köçkün statusu verilməmişdir. xx.xx.2019-cu il tarixdə ona məcburi köçkün statusu verilməsi barədə ərizə ilə cavabdehə müraciət etmiş, lakin xx.xx.2019-cu il tarixdə müraciəti Komitəyə çatsa da, bir aydan çox müddət keçməsinə baxmayaraq cavabdeh tərəfindən ona cavab gəlməmişdir. Bundan öncə cavabdehə anasının etdiyi müraciətlərə cavab olaraq bildirmişlər ki, anasının məcburi köçkün olması, atasının isə məcburi köçkün olmaması səbəbindən ona məcburi köçkün statusu verilməsi mümkün deyil. İndi isə rəsmi şəkildə etdiyi müraciətə ümumiyyətlə cavab verilməmişdir. Beləliklə, atasının işğal olunmuş ərazilərdən məcburi köçkün olmasına əsaslanaraq ona məcburi köçkün statusu verilməmişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazının dəlillərinə görə, Azərbaycan Respublikasında qaçqınların və məcburi köçkünlərin statusunun müəyyənləşdirilməsi “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” AR Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Əsasnaməsi”nə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində xx xxxx 2013-cü il tarixdə qeydiyyatdan keçmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”a uyğun olaraq həyata keçirilir. İddiaçının özü tərəfindən cavabdehə məcburi köçkün statusunun verilməsi ilə əlaqədar müraciət olunmamışdır. İddiaçının anası A.Quliyeva qızına məcburi köçkün statusunun verilməsi ilə bağlı 2019-cu ilin may ayında ərizə ilə müraciət etmiş və xx.xx.2019-cu il tarixli 01/5629 nömrəli məktubla cavab verilərək bildirilmişdir ki, iddiaçının atası X10 məcburi köçkün statusu olmayan şəxs olduğundan “Qaçqınlara və məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinə əsasən iddiaçıya məcburi köçkün statusu verilə bilməz. Qanunda məcburi köçkün anlayışı verilərkən konkret olaraq yalnız hərbi təcavüz zamanı işğal zonasında yaşamış və daimi yaşayış yerini tərk etməyə məcbur olub, başqa yerə köçmüş şəxs nəzərdə tutulur, məcburi köçkün düşmüş şəxsin işğaldan sonra doğulmuş övladları barədə isə heç nə göstərilməmişdir. “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar” hazırlanarkən bu məsələlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Qanunvericilik və ekspertiza baş idarəsi ilə razılaşdırılmış və işğaldan sonra doğulan uşaqlardan yalnız atası məcburi köçkün statusuna malik olan uşaqlara “məcburi köçkün” statusunun verilməsi nəzərdə tutulmuşdur. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərarın əsaslarına görə, “İş materiallarından görünür ki, iddiaçının valideynlərindən yalnız anası X8 məcburi köçkün statusuna malikdir və işğal olunmuş rayonda qeydiyyatdadır. Onun atası isə məcburi köçkün statusuna malik deyildir. Lakin iddiaçı atası ilə anası arasında bağlanmış nikahın xx.xx.2017-ci il tarixdə pozulduğunu və onun anasının himayəsində saxlandığını əsas göstərərək, ona məcburi köçkün statusunun verilməsini tələb edir. Halbuki iş materiallarında olan iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1999-cu il təvəllüdlü olmaqla, yetkinlik yaşına çatmış şəxsdir. Həmçinin iddiaçının atasının valideynlik hüququndan məhrum edilməsi iş materialları ilə müəyyən edilmir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının atası “məcburi köçkün” statusuna malik olmadığından və onun hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon olmadığından cavabdeh tərəfindən iddiaçıya imtina edilməsi əsaslı olmuşdur.” Qərarla razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, Konstitusiyaya görə, kişi ilə qadın eyni hüquq və azadlıqlara malikdirlər və onlar arasında ayrıseçkiliyin salınması yolverilməzdir. Məhkəmənin istinad etdiyi və iddia tələbinin rədd olunmasına əsas tutduğu qanunvericilik normaları Konstitusion hüquqlarını pozur və bu səbəbdən həmin qərar qanuni hesab edilə bilməz. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” AR Qanununun İİ fəsli “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) hüquqi statusu” kimi adlandırılmaqla, sadalanmış sonrakı müddəalar bu statusun əldə edilməsi ilə bağlı verilmiş hüquqlara təmanatlardan istifadə edilməsini nəzərdə tutmuşdur. O cümlədən, həmin Qanunun 6-cı maddəsində qaçqın və ya məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu əldə etmiş şəxsə dövlətin təyin etdiyi birdəfəlik və digər yardım almaq hüququ verilmişdir. Göründüyü kimi, burada iki normativ xarakterli akt arasında kolliziya yaranır. Lakin bu kolliziya ona qaçqın statusunun verilməsindən imtina üçün əsas ola bilməz. İşə apellyasiya qaydasında baxılarkən iddiaçı apellyasiya şikayətinə uyğun izahat vermiş, cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Şikayət mahiyyətcə əsassızdır. İşdə olan, İ-AZ 097927 nömrəli Doğum haqqında şəhadətnamənin notariat təsdiqli surətindən müəyyən edilir ki, iddiaçı xx.xx.1999-cu il tarixdə Salyan rayonunu Xıdırlı kəndində anadan olmuşdur, atası X10, anası X4r. AZ-İ 261870 nömrəli Nikahın pozulması haqqında şəhadətnamənin notariat təsdiqli surətinə əsasən, X10 ilə X6 arasında bağlanmış nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2017-ci il tarixdə 88 nömrə ilə qeyd edilmiş, qadına Quliyeva soyadı verilmişdir. AZE 16399191 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin notariat təsdiqli surətinə görə, X8 xx.xx.1979-cu il tarixdə Zəngilan rayonunun Babaylı kəndində anadan olmuşdur, həmin kənddə yaşayış yeri üzrə qeydiyyatdadır. AZE ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin notariat təsdiqli surətinə əsasən, iddiaçı xx.xx.1999-cu il tarixdə Salyan rayonunun Xıdırlı kəndində anadan olmuşdur, yaşayış yeri üzrə Zəngilan rayonu Babaylı kəndində qeydiyyatdadır. Cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AA 401308 nömrəli Məcburi köçkün vəsiqəsinin notariat təsdiqli surətinə görə, X8 1993-cü ildən Zəngilan rayonundan məcburi köçkün düşmüşdür. Cavabdeh tərəfindən X5 ünvanlanmış xx.xx.2019-cu il tarixli 01/9446 nömrəli məktuba əsasən, onun övladına məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi ilə əlaqədar ərizəsinə baxılmış və bildirilmişdir ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə)” “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinin tələblərinə əsasən valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideynin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara məcburi köçkün statusu verilməsi nəzərdə tutulmuşdur. Qeyd olunan Qaydaların tələblərinə uyğun olaraq keçmiş həyat yoldaşı məcburi köçkün statusuna malik olmadığından övladına məcburi köçkün statusunun verilməsi mümkün deyil. SS618976075AZ nömrəli poçt xəbərnaməsinə görə, iddiaçının ona məcburi köçkün statusunun verilməsi barədə xx.xx.2019-cu il tarixli ərizəsi xx.xx.2019-cu il tarixdə cavabdeh tərəfindən qəbul edilmişdir. “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1-ci bəndinə əsasən, “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilir: 4.1.1. Sakini olduqları rayon işğal olunanadək daimi yaşayış yeri həmin rayon olan Azərbaycan Respublikasının vətəndaşlarına; 4.1.2. Sakini olduqları rayon işğal edildikdən sonra birbaşa MDB ölkələrinə gedərək orada müvəqqəti yaşadıqdan sonra Azərbaycan Respublikasına gələrək məcburi köçkün kimi müvəqqəti qeydiyyata düşmüş Azərbaycan Respublikasının vətəndaşlarına; 4.1.3. Sakini olduqları rayon işğal edilənədək daimi yaşayış yeri üzrə həqiqi hərbi xidmətə çağırılmış və işğal zamanı həqiqi hərbi xidmətdə olmuş şəxslərə; 4.1.4. Hərbi qulluğa daxil olmuş və işğal zamanı işğal bölgəsində müddətli hərbi xidmətdə olan işğal edilmiş rayonun sakinlərinə (hərbi xidmətdən tərxis olunduqdan sonra); 4.1.5. Sakini olduqları rayon işğal edilən zaman Azərbaycan Respublikasında və MDB ölkələrində ali, orta-ixtisas və peşə məktəblərində təhsil alan, təhsil müddətində sakini olduğu rayonda daimi yaşadığı ünvandan qeydiyyatdan çıxmadan təhsil müəssisəsinin yerləşdiyi şəhərdə (rayonda) müvəqqəti qeydiyyatda olan şəxslərə; 4.1.6. Valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara; 4.1.7. Məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmuş rayonun sakini (məcburi köçkün) ilə nikahda olmuş, lakin öz rayonundan pasport qeydiyyatından çıxmayan, işğaldan sonra ərinin yaşayış yeri üzrə qeydiyyata düşmüş qadınlara; 4.1.8. “Məcburi köçkün” statusuna malik olan valideynlərini itirmiş və Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış şəxslərə. Qaydaların 4.2-ci bəndinə görə, “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilmir: 4.2.1. İşğal zamanı həmin rayonlarda işləyən, lakin sakini olduğu işğal olunmamış şəhərdə (rayonda) pasport qeydiyyatında olan şəxslərə; 4.2.2. Məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmamış şəhər (rayon) sakini ilə nikahda olmuş, lakin sakini olduğu işğal olunmuş rayondan pasport qeydiyyatından çıxmayan qadınlara və onların uşaqlarına; 4.2.3. “Məcburi köçkün” statusu olmayıb, “məcburi köçkün” şəxslə (kişi və ya qadın) nikaha daxil olan şəxslərə; 4.2.4. Sakini olduğu rayon işğal olunan zaman hərbi qeydiyyatdan yayınan, səfərbərlikdən boyun qaçıran və fərariliyə görə barəsində amnistiya aktı tətbiq olunan şəxslərə; 4.2.5. Sakini olduğu rayonun işğalından sonra “məcburi köçkün” statusu olan şəxslər tərəfindən himayə və qəyyumluğa götürülmüş “məcburi köçkün” statusuna malik olmayan şəxslərə; 4.2.6. “Məcburi köçkün” statusuna malik olan şəxsin mənzil qanunvericiliyinə və ya mülki‑hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edərək həmin yaşayış sahəsinə qeydiyyata düşdükdən sonra doğulmuş uşaqlarına. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasını təşkil edən “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinin tələbləri baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, iddia əsassızdır. Belə ki, iddiaçının atasının “məcburi köçkün” statusuna malik olmayan şəxs olması işin mübahisələndirilməyən halıdır. İddiaçının valideynlərinin nikahının 2017-ci ildə, yəni o, yetkinlik yaşına çatmadan pozulması da bu qiymətləndirməni dəyişmir. Çünki, Qaydalar 4.1.6-cı bəndi Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış o uşaqlara “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsini təsbit edir ki, həmin uşaqların: 1) atası “məcburi köçkün” statusuna malik olsun; 2) hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olsun. Bu iki şərtə birlikdə əməl olunduqda, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilir. İddiaçının tələbi Qaydaların “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilən şəxslərin dairəsini müəyyən edən 4.1-ci bəndinin digər yarımbəndlərinin də təsirinə düşmür. İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Məhkəmə kollegiyası bildirir ki, İPM-in 2.2-ci maddəsində siyahısı verilən 9 növ iddiadan yalnız məcburetmə haqqında iddia növüdür ki, ilkin sübutetmə yükü qanunla (İPM-14.3) iddiaçıya aid edilmişdir. Bu qaydadan irəli gələrək, məcburetmə haqqında iddialar üzrə məhkəmə mübahisələrində məhz iddiaçı əvvəlcə sübuta yetirməlidir ki, onun arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlər iş üzrə mövcuddur, başqa sözlə, iddiaçı belə bir hüquqi aktın qəbul olunmasına cavabdehi məcbur edən və qanunvericiliklə mötəbərlik əhəmiyyəti tanınan rəsmi sənədlərə malikdir. Qeyd olunanların mübahisəyə tətbiqi baxımından, iddiaçı sübut etməlidir ki, 1) atası “məcburi köçkün” statusuna malikdir və 2) atasının qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayondur (şəhərdir). Lakin iddiaçı atasının “məcburi köçkün” statusuna malik olmadığını bildirir. Odur ki, onun atasının qeydiyyatının daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olması faktının mövcud olub-olmamasının müəyyən edilməsinə zərurət qalmır. İPM-in 1.2-ci maddəsindən göndərişlə MPM-in 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Atasının “məcburi köçkün” statusuna malik olmaması halında İPM-in 14.3-cü maddəsinin birinci cümləsi ilə iddiaçının üzərinə qoyulan ilkin sübutetmə vəzifəsi yerinə yetirilməmiş olur ki, bu da eyni zamanda onun arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin normanın ikinci cümləsi ilə üzərinə düşən cavabdehin sözügedən sübutetmə yükünü qanunla tələb olunan qaydada yerinə yetirməsi anlamına gəlir. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Belə ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinin Konstitusiyaya və “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanuna zidd olması məhkəmə kollegiyası tərəfindən müəyyən olunmur, bu barədə dəlillər qanunun səhv təfsirinin nəticəsidir. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə qoyulan tərəf kimi iddiaçının ona “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən ilkin faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunur (İPM-14.3), “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”la cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin hərəkətsizlikdə ifadə olunan imtinası nəticə olaraq qanunauyğun olmuş və iddiaçının hüquqlarını pozmamışdır (İPM-73.1), imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalı (İPM-87.6), apellyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-690/2020 nömrəli iş üzrə xx xxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2-1(103)-1414/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1414/2020
15.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver