Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1414/2023 21.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Əfraim oğlunun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh qarşı artıq ödənilmiş pensiya məbləğinin tutulması tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5308/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərardadı qəbul etdi Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, artıq ödənilmiş 228,24 manat dövlət vəsaitinin cavabdehdən tutularaq, DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yaşayan Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına xx.xx.2020-ci il tarixində ərizə ilə müraciət edərək əri Şahzadə Məmmədovun xx.xx.2020-ci il tarixində vəfat etməsini bildirmiş və dəfn xərcinin özünə ödənilməsini xahiş etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8-ci maddəsinin 1 yanvar 2021-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən əmək pensiyaçısı vəfat etdikdə ona təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi onun vəfat etdiyi gündən dayandırılır. Araşdırma zamanı məlum olmuşdur ki, Cavabdeh mərhum ərinin ölümü haqqında məlumatı, həmçinin ölüm haqqında şəhadətnaməni vaxtında Mərkəzi Filiala təqdim etmədiyindən 2020-ci ilin iyun (vəfat etdiyi gündən həmin ayın sonuncu gününədək), iyul və avqust ayları üzrə əmək pensiyası mərhuma məxsus kart hesabına tam məbləğdə köçürülmüş, müvafiq kart hesabından 828,24 (səkkiz yüz iyirmi səkkiz manat iyirmi dörd qəpik) manat pul vəsaiti götürülmüşdür. Cavabdeh Mərkəzi Filiala dəfn müavinətinin alınması ilə bağlı müraciətinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 42.2-ci maddəsinə uyğun olaraq ona ölkə üzrə əmək pensiyasının minimum məbləğinin (200,00 manat) üç misli miqdarında (600,00 manat) dəfn müavinəti hesablanaraq artıq ödənilmiş 828,24 manat məbləğindən çıxılmış, qalan 228,24 manat məbləğində pul vəsaiti isə bugünədək Mərkəzi Filialın hesabına qaytarılmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 38-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin dəyişməsinə və ödənilməsinin dayandırılmasına səbəb ola biləcək hallar yarandıqda, əmək pensiyasını təyin edən orqana məlumat verilməlidir. Filial tərəfindən Cavabdeh yaranmış qalıq 228,24 manat borcu DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın hesabına ödəməyi barədə şifahi olaraq müraciət edilmiş, daha sonra cavabdehə xx.xx.2021-ci il tarixində məktub göndərilərək xəbərdarlıq edilmiş, əks halda qanunamüvafiq olaraq tədbirlər görüləcəyi bildirilmişdir. Lakin hazıradək cavabdeh tərəfindən sözügedən razılıq Mərkəzi Filiala daxil olmamışdır. Bu səbəbdən də Filial tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin tələblərinə uyğun qaydada “artıq ödənilmiş pul vəsaitinin geri qaytarılması haqqında” xx.xx.2021-ci il tarixli, **********0 nömrəli Qərar tərtib olunaraq cavabdehin ünvanına göndərilmişdir. Lakin SS750293102AZ nömrəli poçt xəbərnaməsinə əsasən cavabdehin həmin ünvanda yaşamaması səbəbindən sözügedən X3 geri qaytarılmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5308/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə (hakim N.Abıyev) iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5308/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilib iddianın mümkün sayılmasını və baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qərardadında “İnzibati icraat haqqında” Qanunun 67.4, 67.5, 67.7-ci maddələrini nəzərə almamışdır. Həmin Qanunun 81 və 82-ci maddələrinə isə məhkəmə o halda istinad edə bilərdi ki, iddiaçı inzibati orqan kimi hazırkı tələbində nəzərdə tutulan pul məbləğinin (artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin) məhkəmədənkənar qaydada tutulması barədə inzibati akt qəbul etmək səlahiyyətinə malik olsun. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Göründüyü kimi, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin tutulması barədə qərarın qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Hazırkı halda, belə razılıq olmadığından tərəflərindən hazırkı məzmunda tələblə məhkəməyə müraciət edilmişdir. Beləliklə, iddianın mümkünsüzlüyü ilə bağlı birinci instansiya məhkəməsinin əsaslandığı hallar hazırkı işdə mövcud olmadığından birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, işə mahiyyəti üzrə təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2529/2022 nömrəli, 03 avqust 2022-ci il tarixli qərardadı ilə (hakimlər A.S.Hüseynov /sədrlik edən və məruzəçi/, S.İ.Bəktaşi və H.Ü.Həmidov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5308/2022 saylı, 05 may 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 23 noyabr 2022-ci il tarixli, 2-1(102)-2075/2022 saylı qərarı ilə kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2529/2022 nömrəli, 3 avqust 2022-ci il tarixli qərardadının ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Məhkəmə kollegiyası işdə iştirak edən tərəfləri dinləyib, İPM-in 96.11-ci maddəsinin tələbi qaydasında Ali Məhkəmənin qərarından irəli gələn göstərişləri nəzərə almaqla, təkrar apellyasiya qaydasında iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 05 may 2022-ci il tarixli, 2-1(112)-5308/2022 saylı qərardadı ləğv edilməli, iş sonrakı zəruri prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 23 noyabr 2022-ci il tarixli, 2-1(102)-2075/2022 saylı qərarında qeyd olunmuşdur ki, hazırkı işdə tərəflərdən biri - iddiaçı «İnzibati icraat haqqında» Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqandır, tərəflər arasındakı münasibətlərdə iddiaçı inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İddiaçı inzibati orqan həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi deyil, hakimiyyət səlahiyyətlərinin subyekti kimi çıxış edir. Həmin qərarda həmçinin qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsi hazırkı mübahisənin məqsədləri üçün “İnzibati icraat haqqında” Qanunun 82-ci maddəsinin müddəalarına o halda istinad edə bilərdi ki, iddiaçı inzibati orqan hazırkı tələbində nəzərdə tutulan pul məbləğinin (artıq ödənilmiş əmək pensiyasının) məhkəmədənkənar qaydada tutulması barədə inzibati akt qəbul etmək səlahiyyətinə malik olsun. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsi aşkar olaraq tələb edir ki, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Göründüyü kimi, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 30 noyabr 2021-ci il tarixli, 2-1(102)- 2218/2021 №-li qərarı). Hazırkı halda da, cavabdehin razılıq olmadığından, iddiaçı artıq ödənilmiş pul məbləğinin cavabdehdən tutulması barədə tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin mümkünlük şərtlərinə qiymət verilərkən işin hallarının hərtərəfli araşdırılması prinsipi pozulmuşdur. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün, ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri «İnzibati icraat haqqında» Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli, 4 №-li Qərarının 2-4-cü bəndləri). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci maddəsinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş sonrakı zəruri prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 05 may 2022-ci il tarixli, 2-1(112)-5308/2022 saylı qərardadı ləğv edilsin. İş sonrakı zəruri prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-1414/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1414/2023
21.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver