Məhkəmə qərarları › İş №2-1(103)-1415/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1415/2022

22.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1415/2022 22.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Hüseyn Aida Əli qızı və Bəktaşi Səadət İnayət qızından ibarət tərkibdə, Cabbarlı Sahibə Məhəmədbağı qızının katibliyi ilə, iddiaçı "xxxx" MMC-nin cavabdeh Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinə qarşı 23 fevral 2021-ci il tarixli “İcraata başlamaq haqqında” qərarın ləğvi, icra tədbirlərinin aradan qaldırılması tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 7833/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" MMC cavabdeh Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinə qarşı Nərimanov rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Cəmil Tağıyevin hərəkətlərinin qanunsuz hesab edilərək onun icraatında olan 23 fevral 2021-ci il tarixli “İcraata başlamaq haqqında” qərarın ləğv edilməsi, cavabdehin təqdimatı əsasında məhkəmə tərəfindən müəssisənin əmlakları üzərinə qoyulmuş həbslərin aradan qaldırılmasına dair vəzifənin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7833/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7833/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadını ləğv edərək, işə mahiyyəti üzrə baxılmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2733/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçı "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7833/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Qərardaddan narazı qalan iddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2733/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadını ləğv edərək, iddia tələbinin mümkün sayılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. AR Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-221/2021 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 25 oktyabr tarixli, 2- 1(103)-2733/2021 nömrəli qərardadının ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi, şikayətin qalan hissədə təmin olunmaması qərara alınmışdır. Növbəti apellyasiya baxışı zamanı əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 2-1(103)-2733/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarının ləğv olunması, işə mahiyyəti üzrə baxılmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehə iclasın yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq , kollegiyası iclasında iştirak etmir və gəlməmə səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası cavabdehin (nümayəndəsinin) iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmaqla iş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməlidir. Birinci instansiya məhkəməsi işin hallarına «Konstitusiya Məhkəməsinin Plenumu «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair» xx.xx.2015-ci il tarixli Qərarını, «İcra haqqında» Qanunun 20-ci, 29.1-ci, 87.1-ci maddələrini tətbiq etməklə iddianın təmin edilməməsi qərarına gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır, hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla mübahisənin faktiki hallarını, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlməmişdir. Belə ki, hazırki işə baxmış Ali Məhkəmə öz qərarında qeyd etmişdir ki, icra sənədinin bilavasitə məhkəmə tərəfindən verilmədiyi nəzərə alındıqda, icra qurumunun qərarının mübahisələndirilməsi üçün müvafiq məhkəmənin (icra qurumunun olduğu yer üzrə səlahiyyətli məhkəmənin) müəyyən edilməsi zamanı, ilk növbədə, mübahisənin xarakteri, onun publik və ya xüsusi hüquq münasibətlərindən irəli gəldiyi nəzərə alınmalıdır. İnzibati (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə inzibati məhkəmələrin qərarlarının icrası üzrə icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) məhz, həmin icra sənədini vermiş inzibati məhkəməyə şikayət vermək olar. Belə olan halda, digər orqanların verdikləri icra sənədləri üzrə də icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərin verilməli olduğu müvafiq səlahiyyətli məhkəmə həmin icra sənədlərinin publik və ya xüsusi hüquq sahəsinə aid məsələnin həlli ilə bağlı qəbul edilmiş qərarın icrası üçün verildiyi nəzərə alınmalıdır. Həmçinin Ali Məhkəmə qeyd etmişdir ki, hazırkı halda, icra sənədi vergi orqanının (inzibati orqanın) inzibati icraat qaydasında qəbul etdiyi “vergi ödəyicisinə vergi borcunun hesablanması və maliyyə sanksiyasının tətbiq edilməsi barədə” qərarının (inzibati aktının) icrasının təmin olunması üçün verilmişdir. Buna görə də, həmin icra sənədi üzrə icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətə baxmaq səlahiyyəti inzibati məhkəməyə aid olduğundan, həmin mübahisəyə İPM ilə müəyyən edilmiş qaydada baxılmalıdır. İnzibati Prosessual Məcəllənin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. İş materiallarından görünür ki, Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********7605500 nömrəli, 2020-ci 15 sentyabr tarixli icra sənədinə əsasən borclu İddiaçı MMC tərəfindən 26.173,24 əsas, 7.245.51 manat faiz, 120.00 manat maliyyə sanksiyası olmaqla ümumilikdə 33538.24 manat vergi borcu tutularaq dövlət büdcəsinə ödənilməlidir. İcra sənədi cavabdeh şöbənin icraatına 2021-ci il 23 fevral tarixdə daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək icra olunması üçün borcluya, məlumat üçün müvafiq orqana göndərilmişdir. Bu qərarla razılaşmayan iddiaçı məhkəməyə müraciət etsə də, 1-ci instansiya məhkəməsi tərəfindən iddiaçının iddia tələbi hazırki iş inzibati məhkəmədə baxılmalı olmadığından mümkün sayılmamışdır. Halbuki, icra vərəqsini məhkəmə deyil, vergi orqanı cavabdeh İcra Şöbəsinə göndərmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş yenidən baxılmaq üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-nin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7833/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ləğv olunsun. İddiaçı "xxxx" MMC-nin cavabdeh Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinə qarşı 23 fevral 2021-ci il tarixli “İcraata başlamaq haqqında” qərarın ləğvi, icra tədbirlərinin aradan qaldırılması tələbinə dair inzibati iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar