Məhkəmə qərarları › İş №2-1(103)-1415/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1415/2023

21.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1415/2023 21.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, iddiaçının nümayəndəsi X4 və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2363/2022 nömrəli 24 fevral 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2021-ci il tarixli **********311700 və xx.xx.2021-ci il tarixli **********566900 saylı qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, məhkəmədən cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə xx.xx.2021-ci il tarixli **********566900 nömrəli qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2363/2022 nömrəli 24 fevral 2022-ci il tarixli qərarı ilə (hakim Nəriman Abıyev) iddia təmin edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 12 avqust 2021-ci il tarixli **********566900 saylı qərarı ləğv edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarının 1.3-cü hissəsində həmin Qərarın əlavəsində nəzərdə tutulan sahələrdə fəaliyyət göstərən özəl hüquqi şəxslərin əməkdaşlarının və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və onların işçilərinin, fəaliyyətinin davam etdirilməsinə icazə verilməmiş özəl hüquqi şəxslərin mühafizəsi və texniki təhlükəsizliyinin təmin edilməsi üçün tələb olunan əməkdaşların hərəkətinə onlar barəsində məlumatların “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol verildiyi qeyd olunmuşdur. Həmin Qərarın 4-cü bəndində isə fəaliyyətinə icazə verilmiş sahələrdə fəaliyyət göstərən özəl hüquqi şəxslərin əməkdaşları və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və onların işçiləri barəsində məlumatların “icaze.e-gov.az” portalına daxil edilməsinə nəzarət Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə həvalə edilmişdir. Qərarın icrası ilə əlaqədar olaraq İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən Dövlət Statistika Komitəsinin “İqtisadi fəaliyyət növlərinin təsnifatı” kodlarına uyğun olaraq sərt karantin rejiminin tətbiq edildiyi şəhər və rayonlarda fəaliyyətinə icazə verilən vergi ödəyicilərinin siyahısı hazırlanaraq (o cümlədən işçi sayı və 50% nəzərə alınmaqla işçi sayı üzrə limit) Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə təqdim edilmişdir. "Fire Teknik” MMC-nin uçot məlumatlarına əsasən fəaliyyət növü (28992) yanğinsöndürmə ləvazimatinin, ilkin yanğınsöndürmə vasitələrinin təmiri və onlara xidmət, yanğinsöndürmə vasitələrinin keyfiyyətinin bərpasıdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 mart 2020-ci il tarixli 120 saylı, 31 mart 2020-ci il tarixli 122 saylı, 24 aprel 2020-ci il tarixli 147 saylı və 01 may 2020-ci il tarixli 163 saylı Qərarlarında və Nazirlər Kabinetinin 2 mart 2020-ci il, 7 mart 2020-ci il, 20 mart 2020-ci il, 18 aprel 2020-ci il, 1 may 2020-ci il tarixli Sərəncamlarında pandemiya dövründə fəaliyyəti məhdudlaşdırılan və fəaliyyətinə icazə verilən iş və xidmət sahələri müəyyən edilmişdir ki, müəssisənin fəaliyyət sahəsi xüsusi karantin rejimində fəaliyyətinin davam etdirilməsinə icazə verilən sahələrə aid edildiyindən hər hansı bir məhdudiyyət nəzərdə tutulmayıb. Məhkəmə isə yuxarı orqanın qərarlarını nəzərə almadan, aşağı orqanın qərarını əsas tutaraq həmin fəaliyyəti məhdudiyyət tətbiq edilən fəaliyyət kimi qiymətləndirmişdir. İddiaçı pandemiya dövründə sair yanğınsöndürmə ləvazimatının, ilkin yanğınsöndürmə vasitələrinin təmiri və onlara xidmət, yanğınsöndürmə vasitələrinin keyfiyyətinin bərpası fəaliyyəti ilə məşğul olduğunu bildirmişdir. Lakin vergi orqanı tərəfindən müəssisənin 2020-ci il üzrə gəlirlərinin araşdırılması zamanı uçot-baza məlumatlarına əsasən müəssisə tərəfindən qarşı tərəflərə "xxxx" QSC-yə (VÖEN: **********) 755820,27 manat, "xxxx" MMC-yə (VÖEN: **********) 40000,0 manat və "xxxx" QSC-yə (VÖEN: **********) 21285,78 manat olmaqla, ümumilikdə 817106,05 manat (ƏDVsiz) dəyərində (yanğın söndürmə üzrə sisteminin qurulması və işçiliyi, inzibati binanın zirzəmizində drenaj sisteminin quraşdırılması üzrə işlər, yanğın söndürmə üzrə sisteminin qurulması (sulu söndürmə) və s.) elektron qaimə-fakturaların təqdim edildiyi müəyyən edilmişdir. Başqa sözlə desək, iddiaçının fəaliyyəti onun qeyd etdiyi kimi yanğınsöndürmə ləvazimatının, ilkin yanğınsöndürmə vasitələrinin təmiri və onlara xidmət, yanğınsöndürmə vasitələrinin keyfiyyətinin bərpası fəaliyyəti deyil, faktiki olaraq yanğın söndürmə üzrə sisteminin qurulması və işçiliyi, inzibati binanın zirzəmizində drenaj sisteminin quraşdırılması üzrə işlər, yanğın söndürmə üzrə sisteminin qurulması fəaliyyəti olmuşdur. Vergi ödəyicisinin 2020-ci il üzrə dövriyyəsində azalma müşahidə olunmur, sözügedən vergi güzəştinin tətbiq edilməsinin əsası mövcud deyildir. Vergi ödəyicisinin inzibati qaydada etdiyi şikayətə Dövlət Vergi Xidməti tərəfindən baxılaraq xx.xx.2021-ci il tarixli **********340500 saylı inzibati şikayətin təmin edilməməsi barədə qərar çıxarılmışdır, göründüyü kimi, güzəşt tətbiq edilməsi üçün fəaliyyət sahəsinin uyğunsuzluğu bu faktla da öz əksini tapmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1849/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarı ilə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2363/2022 saylı, 24 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Qərardan narazı qalan cavabdeh kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1651/2022 nömrəli xx.xx.2022ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 may 2022-ci il tarixli, 2-1(103)-1849/2022 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 və iddiaçının nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli **********239600 saylı çıxarışın surətindən müəyyən olunur ki, İddiaçı MMC xx.xx.2016-cı il tarixdə hüquqi şəxs kimi dövlət qeydiyyatından (VÖEN **********) keçmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əliizadə, ev 120, mənzil 1 olan İddiaçı MMC-yə “Yanğından mühafizə sistemlərinin quraşdırılması texniki xidməti və təmiri üzrə xx.xx.2018-ci il tarixli Xüsusi lisenziya verilmişdir. İddiaçı MMC ilə "xxxx" QSC arasında xx.xx.2019-cu il tarixdə “Yanğın söndürmə işləri üzrə” Podrat müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən “İcraçı” Sifarişçinin tapşırığının şərtlərinə uyğun olaraq Dənizkənarı Bulvar İdarəsinin ərazisində "xxxx" QSC-in Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 2 ünvanında tikilən "xxxx" QSC-nin inzibati binasının yanğınsöndürmə sisteminin qurulmasını (sulu söndürmə, qazlı söndürmə) həyata keçirir, sifarişçi isə yerinə yetirilmiş işləri müvafiq qaydada təhvil alır və müqavilənin 2-ci maddəsində nəzərdə tutulan muzdu “İcraçı”ya ödəyir. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən müqavilənin ümumi məbləği müqaviləyə əlavə olunan təsiq edilmiş smetaya əsasən 18 faiz ƏDV əlavə edilməklə 427.856.73 manat təşkil edir. 2.4.1-ci bəndinə əsasən Sifarişçi bu müqavilə üzrə razılaşdırılmış məbləğin 50 faizini avans olaraq icraçıya ödəyəcək. İş materiallarında olan “X8 Gəmiçiliyi” QSC ilə İddiaçı MMC arasında bağlanmış 18 may 2020-ci il tarixli xx.xx.2019-cu il tarixli XA-0397 nömrəli müqaviləyə Əlavə razılaşmadan müəyyən olunur ki, tərəflər arasında Sifarişçinin Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 2 ünvanında inşa olunan inzibati binasının yanğınsöndürmə sisteminin qurulmasına dair xx.xx.2019-cu il tarixli XA-0397 nömrəli müqavilə və onun icrası ilə bağlı yaranmış bəzi məsələlərin tənzimlənməsi üçün xx.xx.2020-ci il tarixli MR-0630 nömrəli razılaşma bağlanmışdır. İş materiallarında olan Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 2020-ci il üçün təqdim edilmiş mənfəət (gəliir) vergisi bəyannaməsi üzrə yaranmış uyğunsuzluqlar barədə məktubda qeyd olunmuşdur ki, Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən vergi orqanın Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək hüququ vardır. Həmin Məcəllənin 37.3-ci maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. Tərəflərindən xx.xx.2021-ci il tarixdə təqdim edilmiş 2020-ci il üçün mənfəət vergisi bəyannaməsi Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində araşdırılır. Aparılan araşdırma ilə əlaqədar aşağıda göstərilmiş istiqamətlər üzrə məlumatların, təsdiqedici sənədlərin 5 (beş) iş günü müddətinə vergi orqanına təqdim edilməsinə zərurət yaranmışdır: Tərəflərindən təqdim edilmiş 2020-ci il üzrə mənfəət vergisi bəyannaməsinin 238-ci sətirdə göstərilmiş güzəşt və azadolmalar barədə təsdiqedici sənədlərin araşdırmaya təqdim edilməsinə zərurət yaranmışdır. Bildirirlər ki, kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri olan sənədlər (məlumatlar) məktubda göstərilən müddətədək təqdim edilmədiyi halda, Vergi Məcəlləsinin 37,67 və 83-cü maddələrinin müddəalarına əsasən vergi orqanının oların vergi öhdəliklərinin yenidən hesablamaq hüququ vardır. Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195) və Vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərlər. İş materiallarında olan İddiaçı MMC-nin Dövlət Vergi Xidmətinə ünvanladığı xx.xx.2020-ci il tarixli ərizədə qeyd olunmuşdur ki, müəssisələri əsasən yanğından mühafizə, havalandırma sistemlərinin quraşdırılması və xidmət sahəsində fəaliyyət göstərir. Müəssisənin 34 nəfər işçisi var və əmək münasibətləri, əmək haqqı məbləğləri tam rəsmiləşdirilməklə qanunvericiliyin tələblərinə uyğun olaraq tənzimlənir. 2020-ci il mart ayının əvvəlindən başlayaraq pandemiya ilə bağlı olaraq məlum səbəblərdən işçiləri işə çıxa bilməmişdirlər. Buna baxmayaraq onlar işçilərini işdən çıxarmamaqla yanaşı eyni zamanda 2020-ci ilin mart ayı üçün tam əmək haqqı hesablamış və müvafiq hesabatlarda bunları əks etdirməklə vergi orqanına 2020-ci ilin 1-ci rübü üçün təqdim etdiyi Vahid bəyannamədə, həmçinin vergi orqanının əmək haqqı ilə bağlı sorğu məktubuna əlavə cədvəldə əks etdirmişdirlər. Onlar əmək münasibətlərini şəffaf qurmaqla real əmək haqqı məbləğlərini əmək müqavilələrində və əmək haqqı üzrə haqq-hesab sənədlərində müntəzəm olaraq əks etdirirlər. İşçilərin əmək haqları nağdsız qaydada bank vasitəsilə plastik kartlarına köçürmək yolu ilə ödənilir və onların aylıq gəlirləri yalnız bu ödənişlərdən ibarətdir. Hal hazırda 2020-ci ilin mart ayı və aprel ayının avansı üzrə əmək haqqı, sosial sığorta haqları üzrə ödənişlərin aparılması üçün maliyyə çətinlikləri yaranıb. Bu da öz növbəsində işçilərin sosial durumu ilə əlaqədar çətinliklər yaradır. İşçilərin əmək haqqlarının, sosial sığorta ayırmalarının ödənilməsi və onların sosial müdafiəsinin təmin olunması məqsədilə əmək haqqları üzrə dəstək proqramı çərçivəsində müəssisələrinə kompensasiya ödənişləri üçün köməklik göstərilməsi xahiş edilmişdir. İş materiallarında olan Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul olunmuş Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə 2**********311700 saylı xx.xx.2021-ci il tarixli qərarın surətindən müəyyən olunur ki, mənfəət vergisi üzrə 2020-ci ilin bəyannamə və hesabat dövrü yoxlanılarkən İddiaçı MMC tərəfindən təqdim edilmiş bəyannamədə hesabat üzrə hesablanmış vergi və ya sığorta haqqı 17.878.01 manat kimi qeyd olunmuş, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 71.512,02 manat, əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 53.634,01 manat məbləğində müəyyən olunmuşdur. İş materiallarında olan İddiaçı MMC tərəfindən Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli şikayət ərizəsində qeyd olunmuşdur ki, 2020ci ilin mənfəət vergisi üzrə məktuba cavab olaraq xx.xx.2021-ci il tarixli **********314700 nömrəli izahat məktublarına baxılmadan pandemiyadan zərər çəkən şəxs kimi güzəşt hüquqlarını ləğv edərək Qərar qəbul edilmişdir. Məktublarına baxılmaması, bu barədə onlara məlumat vermədən kameral yoxlama aparılaraq Qərar qəbul edilməsinin səbəbləri barədə məlumat verilməsi və əsassız hesablamanın ləğv edilməsi üçün göstəriş verməyi xahiş etmişdirlər. İş materiallarında olan İddiaçı MMC tərəfindən Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli şikayət ərizəsində qeyd olunmuşdur ki, xx.xx.2021-ci il tarixli **********045500 nömrəli məktublarına cavab olaraq bir daha təkrar bildirirlər ki, 2020ci ilin mənfəət vergisinin bəyannaməsi üzrə vergi idarəsinin xx.xx.2021-ci il tarixli **********383400 məktubuna onlar xx.xx.2021-ci il tarixdə **********314700 nömrəli məktubla cavab vermişdirlər və dövlət tərəfindən 2020-ci ildə pandemiyadan zərər çəkən şəxs kimi tanınmaqları barədə təsdiqedici sənədləri **********314700 nömrəli məktubları əlavə etməklə göndərmişdirlər. Onların hal-hazırda tələb etdiyi sənədlər artıq vergi idarəsinə təqdim olunub. Həmin sənədləri **********314700 nömrəli məktublarının əlavələrində görə bilərlər. 10 apreldə sənəd təqdim etməkllərinə baxmayaraq bu barədə onlara heç bir rəsmi münasibət bildirilmədən kameral vergi yoxlaması aparılıb. Onların məktubu icra olunmadan kameral vergi yoxlaması aparılıb, bu məsələni araşdırmağı tələb etdikləri halda onlara tamam başqa istiqamətdə cavab verirlər. Onların cavab məktubu və əlavə etdikləri təsdiqedici sənədlər 10 aprel 2021-ci il tarixdən cavabsız qalıb. Xahiş edirlər yuxarıda göstərdikləri istiqamətdə araşdırma aparılması, onların xx.xx.2021-ci il tarixli **********314700 nömrəli məktubunun hansı səbəbdən icra olunmamasının, kameral yoxlamada niyə nəzərə alınmamasının araşdırılması, nəzərə alınmadığı halda məktublarına niyə cavab verilməməsinin səbəbləri barədə qanunauyğun tədbirlər görülməsini xahiş etmişdirlər. İş materiallarında olan Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəs tərəfindən qəbul olunmuş Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə **********566900 saylı xx.xx.2021-ci il tarixli qərarın surətindən müəyyən olunur ki, mənfəət vergisi üzrə 2020-ci ilin bəyannamə və hesabat dövrü yoxlanılarkən İddiaçı MMC tərəfindən təqdim edilmiş bəyannamədə hesabat üzrə hesablanmış vergi və ya sığorta haqqı 17.878.01 manat kimi qeyd olunmuş, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 71.512,02 manat, əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 53.634,01 manat məbləğində müəyyən olunmuşdur. Qeyd olunan qərarla 2**********311700 saylı qərar ləğv edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qəbul olunmuş İnzibati şiikayətin təmin edilməməsi haqqında **********40500 saylı xx.xx.2021-ci il tarixli Qərarın surətindən müəyyən olunur ki, “Fire Teknik" MMC-nin (VÖEN: **********, AZ1008, Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi, ev 120, mənzil 1) kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə Dövlət Vergi Xidmətinə daxil olmuş xx.xx.2021-ci il tarixli (AVİS qeydiyyatı: xx.xx.2021-ci il tarixli **********591700 nömrəli) inzibati şikayətinin araşdırılmasının nəticəsinə əsasən Qərara alınmışdır: İddiaçı MMC-nin kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə xx.xx.2021-ci il tarixli inzibati şikayəti təmin edilməsin. Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********566900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarı dəyişdirilmədən saxlanılsın. İş materiallarında olan Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkdiyinə görə muzdlu işçilərinə əmək haqqının müəyyən hissəsinin ödənilməsi üçün dövlətdən maliyyə dəstəyi almış vergi ödəyicilərinin siyahısında İddiaçı MMC (VÖEN **********) nəzərdə tutulmuşdur (sıra sayı 8471). İş materiallarında olan Bakı şəhəri Lokal Gəlirlət Baş İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 28 fevral 2023-cü il tarixli məktubunda qeyd olunur: İddiaçı MMC-nin xx.xx.2023-cü il tarixə vergi orqanında fəaliyyəti ilə bağlı uçot məlumatları aşağıdakılardan ibarətdir. Belə ki, əsas fəaliyyət növləri “Yanğınsöndürmə ləvazimatının, ilkin yanğınsöndürmə vasitələrinin təmiri və onlara xidmət, yanğınsöndürmə vasitələrinin keyfiyyətinin bərpası” (28992), əlavə fəaliyyət növləri isə “Elektrik quraşdırma işləri” (43211) və “Yanğından mühafizə sistemlərinin və vasitələrinin quraşdırılması, texniki xidmət və təmiri” (43213), “Avtomatik yanğınsöndürmə sistemləri” (43222), “Sair mühəndis avadanlıqlarının quraşdırılması” (43290), “Mərkəzi ofislərin fəaliyyəti” (70100), “Yanğından mühafizə sistemlərinin və vasitələrinin quraşdırılması” (4321301) və “Sanitar-texniki işləri, istilik və havanın kondisiyalandırılması sistemlərinin quraşdırılması” (43221) kimidir. İş materiallarında olan Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi İnnovasiya və X2 xx.xx.2023-cü il tarixli məktubdan və ona əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı MMC-nın pandemiya dövründə fəaliyyəti qismən məhdudlaşdırılmış, müəyyən sayda işçilərin fəaliyyət göstərməsinə icazə verilmişdir. Hazırki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1651/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarında qeyd olunur ki, “Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 mart 2020-ci il tarixli 120 nömrəli qərarında qadağan edilən iş (xidmət) sahələri və xüsusi rejim dövrünün tələblərinə əməl olunması şərtilə fəaliyyətin davam etdirilməsinə icazə verilən sahələr göstərilmişdir (3 və 4-cü bəndlər). “Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 iyun 2020-ci il tarixli 208 nömrəli qərarında da fəaliyyəti dayandırılan və fəaliyyətinə icazə verilən iş (xidmət) sahələri göstərilmişdir (1.1-ci bənd və sözügedən qərara əlavə). Göründüyü kimi, hər iki qərarda fəaliyyəti tam məhdudlaşdırılan sahələr ilə bağlı aşkar müddəalar olsa da, fəaliyyəti qismən məhdudlaşdırılan sahələr barədə hər hansı açıq-aşkar müddəa əks olunmamışdır. Bununla belə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 iyun 2020ci il tarixli 208 nömrəli qərarın 6.1-ci bəndində Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində bu Qərarın əlavəsinin 4.4-cü, 4.11-ci, 4.12-ci, 4.14-cü, 4.15-ci, 4.16-cı, 5.4-cü, 5.5-ci, 5.6-cı, 6.2-ci, 6.3-cü, 6.4-cü, 6.5-ci, 6.6-cı və 9.2-ci bəndləri ilə fəaliyyətinə icazə verilən iş və xidmət sahələri üzrə işə cəlb olunan işçilərin sayının həmin sahələrdə fəaliyyət göstərən işçilərin ümumi sayının 50 faizindən çox olmaması ilə bağlı müddəa mövcuddur. xx.xx.2020-ci il tarixli 208 nömrəli qərarın 6.1-ci bəndi ilə digər müddəaların birgə təhlili belə nəticəyə gəlməyə əsas verir ki, həmin bənddə qeyd olunan sahələr fəaliyyəti qismən məhdudlaşan sahələrə aiddir. Həmin qərarda həmçinin qeyd olunur ki, iddiaçının Vergi Məcəlləsinin 222.5.9 və 224.1.2-ci maddələrinə istinad etməklə vergi güzəşti hüququndan istifadə etməyə hüquq qazanması yalnız o halda mümkündür ki, iddiaçının fəaliyyət sahəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 iyun 2020-ci il tarixli 208 nömrəli Qərarı ilə məhdudlaşdırılmış (tam və ya qismən) olmalıdır. Lakin işə baxan apellyasiya instansiya məhkəməsi iddiaçının fəaliyyətinin konkret olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 iyun 2020-ci il tarixli 208 nömrəli Qərarında göstərilmiş hansı fəaliyyət sahəsinə uyğun olması ilə bağlı qiymətləndirmə aparmamışdır. İşin araşdırılmış hallarında isə iddiaçının fəaliyyətinin tam məhdudlaşdırılması və ya iddiaçının fəaliyyətinə işçilərin ümumi sayının 50 faizindən çox olması şərtilə, icazə verilməsi hallarını müəyyən etmək mümkün olmur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi ilk növbədə, iddiaçının qeyd etdiyi kimi, işçilərin 50 faizinə işləmə icazəsi verilib-verilməməsinin araşdırılması üçün müvafiq qurumlara sorğular verməli və elektron portal üzərində iddiaçının işçilərinin işə çıxmaları ilə bağlı məhdudiyyətin olub-olmamasını müəyyən etməli və əldə olunmuş mötəbər məlumatlar əsasında qərar qəbul etməlidir. Eyni zamanda, işə təkrar baxan məhkəmə qiymətləndirməni həyata keçirərkən iddiaçının faəliyyət sahəsini dəqiq müəyyən etməlidir. Belə ki, cavabdehin dəlillərindən biri iddiaçının qeydiyyatdan keçdiyi fəaliyyət sahəsi ilə faktiki həyata keçirdiyi fəaliyyət sahəsinin bir-birindən fərqlənməsi barədədir ki, aşağı instansiya məhkəmələri tərəfindən bu hallar araşdırılmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd olunan göstərişlərinə uyğun olaraq müvafiq sorğular verilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Bakı şəhəri Lokal Gəlirlət Baş İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 28 fevral 2023-cü il tarixli məktubdan görünür ki, İddiaçı MMC-nin əsas fəaliyyət növləri “Yanğınsöndürmə ləvazimatının, ilkin yanğınsöndürmə vasitələrinin təmiri və onlara xidmət, yanğınsöndürmə vasitələrinin keyfiyyətinin bərpası” (28992), əlavə fəaliyyət növləri isə “Elektrik quraşdırma işləri” (43211) və “Yanğından mühafizə sistemlərinin və vasitələrinin quraşdırılması, texniki xidmət və təmiri” (43213), “Avtomatik yanğınsöndürmə sistemləri” (43222), “Sair mühəndis avadanlıqlarının quraşdırılması” (43290), “Mərkəzi ofislərin fəaliyyəti” (70100), “Yanğından mühafizə sistemlərinin və vasitələrinin quraşdırılması” (4321301) və “Sanitar-texniki işləri, istilik və havanın kondisiyalandırılması sistemlərinin quraşdırılması” (43221) kimidir. Bundan başqa, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi İnnovasiya və X2 məktubundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçının xüsusi karantin rejmi dövründə fəaliyyəti tam olmasa da, qismən məhdudlaşdırılmış, müəyyən sayda işçilərin (50 faiz) fəaliyyət göstərməsinə icazə verilmişdir. Göründüyü kimi, iddiaçının əsas fəaliyyət növləri “Yanğınsöndürmə ləvazimatının, ilkin yanğınsöndürmə vasitələrinin təmiri və onlara xidmət, yanğınsöndürmə vasitələrinin keyfiyyətinin bərpası” təşkil edir ki, bu da koronavirus pandemiyası dövründə qismən məhdudlaşdırılan fəaliyyət sahəsinə aiddir. Cavabdeh iddiaçının faktiki olaraq başqa fəaliyyətlə məşğul olduğunu bildirsə də, bununla əlaqədar sübutları məhkəməyə təqdim edə bilməmişdir, yalnız ehtimallara əsaslanmışdır. Eyni zamanda iddiaçının pandemiya dövründə müəyyən sayda işçilərin fəaliyyətinə icazə verilməklə fəaliyətinin məhdudlaşdırılması da iş materiallarında olan sübutlarla öz təsdiqini tapmışdır. Əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, “Pandemiyadan zərər çəkmiş sahələrin iqtisadi fəaliyyət növlərinin təsnifatı” siyahısında fəaliyyət kodu (28992) və fəaliyyət növü (sair əlvan metalların istehsalı) və “Koronavirus (Covid-19) pandemiyasından zərər çəkdiyinə görə işçilərinə əmək haqqının müəyyən hissəsinin ödənilməsi üçün dövlətdən maliyyə dəstəyi almış vergi ödəyicilərinin” siyahısının 8471-ci sıra sayında İddiaçı MMC-nin adı qeyd edilmişdir. Hər iki siyahıda birbaşa göstərilmişdir ki, “pandemiyadan zərər çəkmiş” və “pandemiyasından zərər çəkdiyinə görə” maliyyə dəstəyi göstərilir. İddiaçıya pandemiyadan zərər çəkən müəssisə kimi maliyyə yardımları 2020-ci ildə 4 dəfə (xx.xx.2020-ci il tarixində 9.404,00 AZN, xx.xx.2020-ci il tarixində 9.404,00 AZN, xx.xx.2020-ci il tarixində 10.815,53 AZN və xx.xx.2020-ci il tarixində 10.800,00 AZN) olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 120 nömrəli Qərarı ilə koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa, digər istiqamətlər üzrə fəaliyyət 31 mart 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək dayandırılmış, həmin tarixdən ölkə ərazisində xüsusi karantin rejiminin tətbiqinə başlanmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinə xx.xx.2020-ci il tarixdə koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar tətbiq edilən müvəqqəti vergi rejimini tənzimləmək məqsədilə 18-ci fəsil daxil edilmişdir. Həmin fəsilə aid olan Vergi Məcəlləsinin 222-ci maddəsinə əsasən: 222.1. Bu fəslin müddəaları bu Məcəllənin 222.5-ci maddəsində nəzərdə tutulan fəaliyyəti həyata keçirən vergi ödəyicilərinin, habelə sadələşdirilmiş verginin ödəyicisi olan mikro sahibkarlıq subyektlərinin apardıqları əməliyyatlara tətbiq edilən vergi dərəcələrini, vergi güzəştlərini və azadolmaları, vergilərin ödənilməsi müddətlərini, vergi rejiminin seçilməsi ilə bağlı məsələləri tənzimləyir. 222.2. Bu fəslin müddəaları 2020-ci il yanvarın 1-dən bir il müddətinə tətbiq edilir. Bu maddə ilə müəyyən edilən müddət bitdikdən sonra vergi ödəyicisinin fəaliyyəti üzrə vergi öhdəlikləri, vergi ödəyicisinin hüquq və vəzifələri, vergi ödəyicisinin apardığı əməliyyatlara tətbiq edilən vergi dərəcələri, vergi güzəştləri və azadolmaları, vergilərin ödənilməsi müddətləri bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 222.3. Bu fəslin müddəaları əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan vergi ödəyicilərinə (əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparmadığı dövr istisna olmaqla) şamil edilmir. Bu fəslin müddəaları vergi ödəyicisinin riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarından sonra tətbiq olunur. 222.4. Bu fəslin müddəaları bu Məcəllənin 222.5-ci maddəsində nəzərdə tutulan şəxslərin yalnız həmin fəaliyyət üzrə əməliyyatlarına tətbiq edilir. 222.5. Bu fəslin müddəaları aşağıdakı fəaliyyəti həyata keçirən şəxslərə şamil edilir: 222.5.1. avtomobil nəqliyyatı vasitələri ilə ölkədaxili (şəhərlərarası və rayonlararası, şəhərdaxili və rayondaxili) sərnişin daşımaları (o cümlədən taksi ilə) fəaliyyəti; 222.5.2. yerləşmə vasitələri hesab edilən mehmanxana (hotel) və mehmanxana tipli digər obyektlərin fəaliyyəti; 222.5.3. turoperator və turagent fəaliyyəti; 222.5.4. sifarişlər üzrə malların, o cümlədən yeməklərin, ərzaq və qeyri-ərzaq mallarının satıcılardan alıcılara daşınması və (və ya) çatdırılması fəaliyyəti; 222.5.5. ictimai iaşə fəaliyyəti; 222.5.6. sərgilərin təşkili, səhnə, istirahət və əyləncə (oyun), kinoteatr, teatr, muzey və konsert zallarının fəaliyyəti; 222.5.7. idman-sağlamlıq obyektlərinin fəaliyyəti; 222.5.8. hazırlıq (tədris) və ixtisasartırma kurslarının, məktəbdənkənar təhsil müəssisələrinin, psixoloji mərkəzlərinin fəaliyyəti; 222.5.9. koronavirus pandemiyasının yayılması ilə bağlı əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə tam və ya qismən məhdudlaşdırılan fəaliyyət sahələri (dövlətə məxsus olan hüquqi şəxslər, büdcə təşkilatları, dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarından maliyyələşən digər dövlət orqanları (qurumları) istisna olmaqla). Azərbaycan Respublikası Vergi Məcəlləsinin 224.1-ci maddəsinə əsasən, Məcəllənin 222.5-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirən şəxslərə aşağıdakı vergi növləri üzrə güzəşt və azadolmalar tətbiq edilir: 224.1.1. əmlak və torpaq vergiləri üzrə tam məbləğdə; 224.1.2. əldə edilən mənfəətin (gəlirin) 75 faizi; 224.1.3. bu Məcəllənin 222.5.1ci maddəsində göstərilən fəaliyyəti həyata keçirən şəxslərə bu Məcəllənin 220.5-ci maddəsində müəyyən edilən sadələşdirilmiş vergi məbləği üzrə 50 faiz; 224.1.4. bu Məcəllənin 222.5.5-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirən şəxslərə bu Məcəllənin 220.1-1-ci maddəsi ilə müəyyən edilən sadələşdirilmiş vergi məbləği üzrə 50 faiz. Göründüyü kimi, 222.5-ci maddədə nəzərdə tutulmuş fəaliyyəti həyata keçirən şəxslərə, o cümlədən koronavirus pandemiyasının yayılması ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə fəaliyyəti ya tam, ya da qismən məhdudlaşdırılan fəaliyyət sahələrinə onların əldə etdikləri mənfəətin (gəlirin) 75 faizi miqdarında vergidən azadolma tətbiq edilmişdir. "Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 208 nömrəli qərarının 6-cı hissəsinə əsasən (Nazirlər Kabinetinin 25 iyun tarixli 220 nömrəli Qərarı ilə əlavə edilmişdir) müəyyən edilmişdir ki, Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində bu Qərarın əlavəsinin 4.4-cü, 4.11-ci, 4.12-ci, 4.14-cü, 4.15-ci (4.15. daş, metal və taxta məhsullarının istehsalı;), 4.16-cı, 5.4-cü, 5.5-ci, 5.6-cı, 6.2-ci, 6.3-cü, 6.4-cü, 6.5-ci, 6.6-cı və 9.2-ci bəndləri ilə fəaliyyətinə icazə verilən iş və xidmət sahələri üzrə işə cəlb olunan işçilərin sayı həmin sahələrdə fəaliyyət göstərən işçilərin ümumi sayının 50 faizindən çox olmamalıdır; bu Qərarın 6.1-ci bəndində nəzərdə tutulan iş və xidmət sahələri üzrə mülki hüquqi müqavilə ilə işləyənlərə verilən icazələrin sayı əmək müqaviləsi ilə işləyənlərin ümumi sayının 30 faizindən çox olmamalıdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının Azərbaycan Respublikası Vergi Məcəlləsinin 222.5.9-cu maddəsi baxımından koronavirus pandemiyası dövründə fəaliyyətinin qismən məhdudlaşdırılması öz təsdiqini tapmış, bu da iddiaçının Azərbaycan Respublikası Vergi Məcəlləsinin 224.1.2-ci maddəsindəki güzəştdən istifadəsini qanuni edir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin «Koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar tətbiq edilən müvəqqəti vergi rejimi» ilə bağlı 18-ci fəsli vergi güzəştinin tətbiqi zamanı müəssisənin pandemiya dövründə gəlirlərinin artmamalı olması ilə bağlı qeyd-şərt nəzərdə tutmamışdır. Beləliklə, sadalanan qanunvericilik normalarına əsasən və iş materiallarına əlavə edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən qərar qəbul edilərkən cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2363/2022 saylı, 24 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardad tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar