Məhkəmə qərarları › İş №2-1(103)-1416/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1416/2020

10.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1416/2020 10.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, tərcüməçi X1, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə cavabdeh Bakı Şəhəri Cavabdehnə qarşı yaşayış sahəsi ilə təmin edilmə vəzifəsinin həvalə olunması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2327/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, ona boşalan mənzil fondundan yaşayış sahəsi ilə təmin edilməsi vəzifəsinin cavabdehə həvalə olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardadın əsaslarına görə, eyni iddia ilə bağlı əvvəllər mahiyyəti üzrə qərar qəbul edildiyindən, başqa sözlə, mövcud mübahisəyə məhkəmə müstəvisində artıq bir dəfə mahiyyəti üzrə hüquqi qiymət verildiyindən, hazırkı işə yenidən mahiyyəti üzrə baxılması mümkün hesab edilə bilməz. Qərardadla razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilməsini xahiş etmişdir. Şikayətin dəlillərinə görə, qərardad qanunvericiliyin normaları pozulmaqla çıxarılmışdır. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edən izahat vermişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Mahiyyətcə şikayət əsassızdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə bir yoxlamadan hərəkətlə məcburetmə haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi iddiaçının hüquqi mövqeyini genişləndirən əlverişli inzibati aktın qəbul edilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli; 5. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalı; 6. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı və ya iddiaçının iddiadan imtina etməsi, yaxud tərəflərin barışıq sazişinin təsdiq olunması, habelə cavabdehin iddianı qəbul etməsi ilə əlaqədar iş üzrə icraata xitam verilməsi haqqında qərardadı olmamalıdır (İPM-2.2.2, 15.2, 33.1, 35.1, 78). İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsinə dair sübutetmə yükü iddiaçının üzərindədir. Lakin məcburetmə haqqında hazırkı iddianın qeyd edilən mümkünlük şərtlərindən altıncısına iş üzrə əməl olunmur. Belə ki, işdə olan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1140/2016 nömrəli iş üzrə xx.xx.2016-cı il tarixli qərarı ilə İddiaçı cavabdeh Sabunçu RİH-ə qarşı xx.xx.1988-ci il tarixdən növbədənkənar əsaslarla mənzil növbəsinə götürülməsi və tam şəraitli mənzilin verilməsi vəzifəsinin həvalə olunması tələbinə dair iddiası təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsi İİK-nın 2-1(103)- 1469/2016 nömrəli iş üzrə xx.xx.2016-cı il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ləğv edilmiş və iddia mümkün sayılmamış, AR Ali Məhkəməsi İİK-nın 2-1(102)- 299/2017 nömrəli iş üzrə xx.xx.2017-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bakı Apelyasiya Məhkəməsi xx.xx.2016-cı il tarixli qərarda göstərmişdir ki, “İddiaçı hazırkı iddiasında imtiyazlı siyahıya xx.xx.2013-cü il tarixdən daxil edilməsini qanunsuz hesab edir, həmin siyahıya xx.xx.1988-ci il tarixdən daxil edilməsini və mənzil verilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Kollegiya qeyd edir ki, iddiaçının 2 nəfər ailə üzvü ilə (özü, nəvəsi) nəvəsinin 1-ci qrup əlilliyi nəzərə alınaraq məhz xx.xx.2013-cü il tarixdən imtiyazlı siyahıya əlavə edilməsinə dair Sabunçu RİH-in xx.xx.2014-cü il tarixli 86 nömrəli sərəncamı hazırda qüvvədədir və iddiaçı həmin sərəncamı mübahisələndirməmişdir.” İPM-in 78-ci maddəsinə görə, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Eyni Məcəllənin 1.2-ci maddəsindən göndərişlə MPM-in 153.2.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Beləliklə də, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı artıq mövcud olduğundan, iddiaçının eyni iddiasına yenidən baxıla bilməz və həmin iddia bu səbəbdən mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 8.5-ci bəndi ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayəti ilə razılaşmır. Beləliklə, inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, apellyasiya şikayəti qərardadın ləğvinə əsas vermir. Bununla əlaqədar, qərardad dəyişdirilmədən qüvvədə saxlanılmalı, şikayət təmin edilməməlidir (İPM-35, 87.6). Göstərilənlərə əsasən və İPM-in 35, 68, 80, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2327/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Həmid Həmidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar