Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1416/2023 17.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ İş № 2-1(103)-1416/2023 (Açar sözlər: “iddiaçıya əlillik dərəcəsinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi”) Bakı şəhəri 17 oktyabr 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X3 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, Cavabdehin nümayəndəsi X6 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1339/2022 saylı, 15 fevral 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 17 oktyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçının SX seriyalı ******* saylı, xx.xx.2018-ci il tarixli hərbi biletindəki məlumatlarına əsasən, o xx.xx.2018-ci ildən xx.xx.2020-ci il tarixədək hərbi xidmətdə olmuşdur.
2. Mərkəzi Hərbi Həkim Komissiyasının 11 saylı xx.xx.2020-ci il tarixli xəstəlik haqqında şəhadətnaməsində İddiaçı “hərbi uçotdan çıxarılmaqla hərbi xidmətə yararsızdır” qeyd olunmuşdur.
3. “Oğuz rayon Mərkəzi Xəstəxanasının” 0307003AAD73 saylı göndərişin surətinə əsasən iddiaçının xəstəliyi xx.xx.2019-cu ildə başlanılmış, əsas diaqnoz – Bud sümüyü cisminin (diafizinin) sınığı Sağ bud sümüyünün orta 1/3-nin yerdəyişmiş, qapalı sınığı. Əməliyyatlardan (xx.xx.2019-cu ildə xəstəyə “İntramedulyar metallosteosintezi” icra olunub və xx.xx.2019-cu il tarixdə “Ştiftin” çıxarılması icra olunub). ağırlaşma – M24.5 Oynaqların kontrakturası, Sağ bud-çanaq oynağının miogen mənşəli açıcı kontrakturası. Sağ diz oynağının miogen mənşəli açıcı və bükücü kontrakturası TSEK-ə göndərilməsi üçün əsas Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar.
4. “Oğuz rayon Mərkəzi Xəstəxanasının” xx.xx.2021-ci il tarixli İddiaçı əlillik dərəcəsinin qiymətləndirməsinə dair məlumat vərəqinə əsasən əlil və ya sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilməsi barədə məlumat: imtina edilib: səbəb: diaqnoz əlillik əlaməti təyin etməməsi. Ətraflı: Diaqnoz və müayinələr əlillik təyininə əsas vermir. Əsas diaqnoz S72.3 Bud sümüyü cisminin [diafizinin] sınığı, Sağ bud sümüyünün orta 1/3-nin yerdəyişmiş, qapalı sınığı. Əməliyyatlardan (xx.xx.2019-cu ildə xəstəyə "İntramedulyar metallosteosintezi" icra olunub və 09.11,2019-cu il tarixdə "Ştiftin" çıxarılması icra olunub) sonrakı vəziyyət. Ağırlaşma R26.2 Başqa rubrikalarda təsnif olunmayan yeriş çətinləşməsi, Yerişin pozulması. Ağırlaşma L91.0 Hipertrofik çapıq, Sağ budun bayır səthinin və sağrı nahiyəsinin əməliyyatdan sonrakı bərkimiş dəri çapıqları. Ağırlaşma M24.5 Oynaqların kontrakturası, Sağ bud-çanaq oynağının miogen mənşəli açıcı kontrakturası. Sağ diz oynağının miogen mənşəli açıcı və bükücü kontrakturası.
5. İddiaçının əlillik vəziyyəti Oğuz Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli 0307003AAD73 saylı göndərişi əsasında baxılmış və “X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S70-S79 - Budçanaq oynağı və bud nahiyəsinin travmaları => S72 - Bud sümüyünün sınığı => S72.3 - Bud süm...; Diaqnozun mətni: Əsas diaqnoz S72.3 Bud sümüyü cisminin [diafizinin] sınığı, Sağ bud sümüyünün orta 1/3-nin yerdəyişmiş, qapalı sınığı. Əməliyyatlardan (xx.xx.2019-cu ildə xəstəyə "İntramedulyar metallosteosintezi" icra olunub və 09.11,2019-cu il tarixdə "Ştiftin" çıxarılması icra olunub) sonrakı vəziyyət.
6. Ağırlaşma R26.2 Başqa rubrikalarda təsnif olunmayan yeriş çətinləşməsi, Yerişin pozulması. Ağırlaşma L91.0 Hipertrofik çapıq, Sağ budun bayır səthinin və sağrı nahiyəsinin əməliyyatdan sonrakı bərkimiş dəri çapıqları. Ağırlaşma M24.5 Oynaqların kontrakturası, Sağ bud-çanaq oynağının miogen mənşəli açıcı kontrakturası. Sağ diz oynağının miogen mənşəli açıcı və bükücü kontrakturası.; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz və müayinələr əlillik təyininə əsas vermir.” səbəbi ilə imtina verilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, “ona əlillik dərəcəsinin verilməsi” barədə qərar qəbul edilməsini xahiş edir
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Oğuz rayon Bölməsi tərəfindən 26 oktyabr 2018-ci il tarixdə hərbi xidmətə çağırılmış, xx.xx.2019-cu il tarixdə postlara yemək apararkən yük avtomobilinin qəzaya uğraması nəticəsində ciddi xəsarət almış, hərbi hissənin tibb məntəqəsində müvafiq tibbi yardım göstərildikdən sonra xx.xx.2019-cu il tarixdə N saylı hərbi hissəyə təxliyə olunmuş və xx.xx.2020-ci il tarixədək müalicə olunmuşdur. Hərbi Həkim Komissiyasının müvafiq qərarına əsasən hərbi uçotdan çıxarılmaqla hərbi xidmətə yararsız hesab edilmişdir. xx.xx.2020-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Oğuz rayon Bölməsində hərbi qeydiyyata alınmışdır. O, halhazırda da müalicəsini davam etdirir, əmək qabiliyyətini itirdiyinə görə heç bir yerdə işləmir və bu səbəbdən də maddi çətinlikləri var. Bununla bağlı ona əlillik dərəcəsinin verilməsi üçün inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən tələbinin təmin olunmasından imtina edilmişdir.
9. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamına əsasən cavabdeh iddiaya dair etirazını təqdim edərək göstərmişdir ki, iddiaçının əlillik vəziyyəti Oğuz Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli 0307003AAD73 saylı göndərişi əsasında baxılmış və “X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S70-S79 - Bud-çanaq oynağı və bud nahiyəsinin travmaları => S72 - Bud sümüyünün sınığı => S72.3 - Bud süm...; Diaqnozun mətni: Əsas diaqnoz S72.3 Bud sümüyü cisminin [diafizinin] sınığı, Sağ bud sümüyünün orta 1/3-nin yerdəyişmiş, qapalı sınığı. Əməliyyatlardan (xx.xx.2019-cu ildə xəstəyə "İntramedulyar metallosteosintezi" icra olunub və 09.11,2019-cu il tarixdə "Ştiftin" çıxarılması icra olunub) sonrakı vəziyyət. Ağırlaşma R26.2 Başqa rubrikalarda təsnif olunmayan yeriş çətinləşməsi, Yerişin pozulması. Ağırlaşma L91.0 Hipertrofik çapıq, Sağ budun bayır səthinin və sağrı nahiyyəsinin əməliyyatdan sonrakı bərkimiş dəri çapıqları. Ağırlaşma M24.5 Oynaqların kontrakturası, Sağ bud-çanaq oynağının miogen mənşəli açıcı kontrakturası.Sağ diz oynağının miogen mənşəli açıcı və bükücü kontrakturası.; Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz və müayinələr əlillik təyininə əsas vermir.” səbəbi ilə imtina verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1 -ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Bununla əlaqədar, iddiaçının aidiyyəti tibb müəssisəsində əlavə bərpa müalicəsi etdirməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyyə edilir. Cavabdeh göstərilənlərə əsasən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. Bakı İnzibati Məhkəməsinin 15 fevral 2022-ci il tarixli, 2-1(112)-1339/2022 nömrəli qərarı ilə (sədrlik edən M.Hacıbəyova) iddia təmin edilməmişdir.
11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, keçirilmiş ekspertizanın nəticəsi olaraq ekspert rəyinə əsasən iddiaçıda olan xəstəliyə görə ona əlilliyin verilməsi üçün əsas olmadığından iddia təmin edilə bilməz.
12. İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və işə yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
b)Apellyasiya instansiyası məhkəməsində birinci icraat
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2022-ci il tarixli, 2- 1(103)-2119/2022 nömrəli (hakimlər X.Cəmilova - sədrlik edən və məruzəçi, M.Tağızadə və A.Oruczadə) qərarı ilə iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
15. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin təkrar araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmasını xahiş etmişdir.
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 29 noyabr 2022-ci il tarixli, 2-1(102)-2055/2022 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2022-ci il 05 iyul tarixli, 2-1(103)-2119/2022 nömrəli qərarı ləğv edilərək iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 29 noyabr 2022-ci il tarixli, 2-1(102)-2055/2022 saylı qərarında hüquqi mövqe olaraq göstərilmişdir ki, Apellyasiya instansiyası məhkəməsinin də əsaslandığı ekspert rəyində ekspertlər mənbə (ədəbiyyat) kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 №-li Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə istinad etmişlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 №-li Qərarı ilə həmin Əsasnamə ləğv edilmiş, yeni məzmunda “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş, Qərar 1 iyul 2022-ci il tarixdən qüvvəyə minmişdir.Beləliklə, iş apellyasiya instansiyası məhkəməsinin icraatında olduğu vaxtda, iş üzrə yekun qərar qəbul edənədək əlilliyin müəyyən edilməsinin meyarlarına dair qaydalar artıq dəyişdiyindən, məhkəmə iddia tələbi üzrə işin hallarını qüvvədə olan normativ aktın tələblərinə uyğun araşdırmalı və qiymətləndirməli idi. Nəzərə alınmalıdır ki, məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən məhkəmə cavabdeh inzibati orqanın imtinasının qanuni və ya əsaslı olub-olmadığının müəyyən edilməsindən daha çox və ilk növbədə iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsinə (arzuladığı inzibati aktın qəbul edilməsinə, öhdəliyin icrasına) nə dərəcədə haqqı çatdığını müəyyən etməlidir. Bu halda, bir qayda olaraq, qərarın qəbul edildiyi vaxtda qüvvədə olan qanun rəhbər tutulmalıdır.
b) Apellyasiya instansiya məhkəməsində ikinci icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
c) Apellyasiya şikayətinin dəlilləri
18. Yeni apellyasiya baxışı zamanı apellyasiya şikayətinin dəlilləri ilkin apellyasiya baxışının dəlilləri ilə eyni olmaqla onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, onun xəstəliyinin müayinə olunmadan rəyin verilməsinə, həmin xəstəliyin müalicə və sağlamlığının bərpa olunmasına ümüdin olub-olmamasına münasibət bildirilməmişdir. Məhkəmənin gəldiyi nəticə tamamilə qanunsuz və əsassızdır. Ekspert rəyində Nazirlər Kabinetinin 413 saylı xx.xx.2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş Əsasnaməyə istinad edilmiş, lakin həmin Əsasnamənin hansı bəndinə istinad olunması qeyd edilməmiş və məhkəmə bu hala hüquqi qiymət verməmişdir. Onun müayinəsi aparılmadan yalnız verilmiş əsassız imtinaya istinad edilərək ekspert rəy vermiş, onun rəylə tanış olması və ona münasibət bildirməsi üçün şərait yaradılmamışdır.
d) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmayıb.
e) Prosses iştirakçılarının izahatları
20. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
21. Məhkəmə Kollegiyasının iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
22. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.0.2-ci maddəsinə əsasən, əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq; - 1.0.17-ci maddəsinə uyğun olaraq, əlilliyin müəyyən edilməsi - şəxsin əlilliyinin və reabilitasiya imkanlarının qiymətləndirilməsi. - 3-cü maddəsində göstərilmişdir: “3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir; 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.”
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: - 1.2-ci bəndinə əsasən, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra-Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. - 2.1-ci bəndinə görə, şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra- Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. - 2.4-cü bəndinə uyğun olaraq, TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - 2.9-cu bəndinə əsasən, göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir.
24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın: - 1.1-ci bəndinə uyğun olaraq, bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. - 1.2-ci bəndinə əsasən, şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkim məsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbihəkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. - 1.3-cü bəndinə görə, göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. - 1.4-cü bəndinə əsasən, göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. - 1.5-ci bəndinə görə, göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir);
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 №-li Qərarı ilə yeni məzmunda “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş, Qərar 1 iyul 2022-ci il tarixdən qüvvəyə minmişdir.Həmin Meyarlara əsasən: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 1.2. Bu Meyarların məqsədləri üçün köməkçi texniki vasitələr dedikdə funksionallığın təkmilləşdirilməsinə, fərdin asılılığının aradan qaldırılmasına, sağlamlıq vəziyyətinin ağırlaşmasının və ya xəstəliyin yaratdığı funksiya pozuntusunun azaldılmasına və ya qarşısının alınmasına xidmət edən xüsusi vasitələr (cihazlar, avadanlıqlar, alətlər və ya proqram təminatları) nəzərdə tutulur.
2. İnsanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri
2.1. İnsanın həyat fəaliyyətinin əsas kateqoriyaları aşağıdakılardır: 2.1.1. özünəqulluq bacarığı; 2.1.2. sərbəst hərəkətetmə bacarığı; 2.1.3. istiqamətseçmə bacarığı; 2.1.4. ünsiyyət bacarığı; 2.1.5. davranışına nəzarətetmə bacarığı; 2.1.6. öyrənmə bacarığı; 2.1.7. əmək fəaliyyəti bacarığı. 2.2. İnsanın həyat fəaliyyətinin əsas kateqoriyaları üzrə məhdudlaşma dərəcələri aşağıdakılardır: 2.2.1. özünəqulluq bacarığı – insanın başlıca fizioloji tələbatlarını sərbəst şəkildə həyata keçirməsi, ev təsərrüfatında gündəlik ev işləri ilə məşğul olması, habelə şəxsi gigiyena bacarıqları:
1. İ dərəcə – tələb olunduğundan daha artıq vaxt sərf edərək, dağınıq formada və köməkçi texniki vasitələrdən istifadə etməklə özünəqulluq bacarığı;
2. İİ dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrdən istifadə etməklə özünəqulluq bacarığı;
3. İİİ dərəcə – kənar şəxslərin daimi kömək və qayğısına ehtiyacın olması və kənar şəxslərdən tam asılılıqla əlaqədar özünəqulluq bacarığının olmaması;
26. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; - 15.1.-ci maddəsinə əsasən, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır.
27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
28. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
29. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
31. Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, aşağıdakılara görə iddiaçının apellyasiya şikayəti təmin olunmamalıdır.
32. Belə ki, birinci instansiya məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1. xx.xx.2000-ci il təvəllüdlü İddiaçı müayinəsi zamanı onda hal-hazırda hansı xəstəlik və qüsurlar aşkar olunur? 2. bu xəstəlik və qüsurlar ona hər hansı qrup əlillik dərəcəsi verilməsinə əsasdırmı?
33. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 T264/2021 nömrəli, ekspert rəyində göstərilmişdir: “2000-ci il təvəllüdlü İddiaçı halhazırda “S72. Bud sümüyü cisminin (diafizinin) sınığı, sağ bud sümüyünün orta 1/3nin yerdəyişmiş qapalı sınığı, intramedulyar metalloosteosintez və ştiftin çıxarılması əməliyyatlarından sonrakı vəziyyət, R26.2 başqa rubrikalarda təsnif olunmayan yeriş çətinləşməsi, yerişin pozulması, L91.0 hipertrofik çapıq, sağ budun bayır səthinin və sağrı nahiyəsinin əməliyyatdan sonrakı bərkimiş dəri çapıqları, M24.5 oynaqların kontrakturası, sağ diz oynağının miogen mənşəli açıcı və bükücü kontrakturası” xəstəliyindən əziyyət çəkir. Qeyd edilən xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş əsasnamədə əlillik dərəcəsi verilməsi üçün yetərli deyil.
34. İkinci apellyasiya baxışı zamanı hazırkı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 29 noyabr 2022-ci il tarixli, 2-1(102)-2055/2022 saylı qərarındakı hüquqi mövqe olaraq iddiaçının sağlamlıq vəziyyətinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 №-li Qərarı ilə təsdiq edilmiş yeni məzmunda “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulmuş əlillik dərəcələrinə uyğun olub-olmaması barədə müvafiq rəy alınması üçün Bakı apellyasiya məhkəməsinin 04 aprel 2023-cü il tarixli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir.
35. Lakin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 xx.xx.2023-cü il tarixli məktubu ilə iddiaçı ekspertizanın aparılmasından canlı müayinə olunmaqdan yayındığı üçün qərardad icra olunmadan iş materialları məhkəməyə qaytarılmışdır.
36. Bundan sonra Bakı apellyasiya məhkəməsinin 06 iyun 2023-cü il tarixli məktubu ilə ekspertizanın aparılması üçün iş yenidən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2ytarılmışdır.
37. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 xx.xx.2023-cü il tarixli ekspert Rəyi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur.Həmin Rəyə əsasən iddiaçıya qoyulmuş diaqnoz əyani müayinədə əlillik əlamətləri təyin edilmədiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 №-li Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulmuş “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti” nə dair meyarlara aid edilməmişdir.
38. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra-inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.
39. Azərbaycan Respublikası MPM-nin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.
40. Azərbaycan Respublikası MPM-nin tələblərinə əsasən: Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
41. Hazırkı halda məhkəmə Kollegiyası ekspert rəyi ilə razılaşmamağa əsaslar görmür.
42. Göründüyü kimi, eskpert rəyi də iddiaçıda olan xəstəliklərə görə ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 №-li Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulmuş əlilliyin müəyyən edilməsinin mümkün olmadığını təsdiq etmişdir.
43. Göstərilənlərə əsasən məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq nəticəyə gəlmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin müəyyən edilməsi” barədə iddia tələbi təmin edilməməlidir.
44. Beləliklə, Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1339/2022 saylı, 15 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1339/2022 saylı, 15 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.