Məhkəmə qərarları › İş №2-1(103)-1416/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1416/2024

11.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1416/2024 11.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Əkbərov Kamran Hüseyn oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “tutulmanın aparılması ilə bağlı hərəkətlərin qanunsuz hesab edilməsi, pensiyanın azadılması barədə qərarın qanunsuz hesab edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5552/2023 nömrəli, 27 oktyabr 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, pensiya məbləğinin azaldılması ilə bağlı cavabdehin qərarının qanunsuz hesab edilməsi, xx.xx.2022-ci il tarixdən etibarən cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən onun pensiya məbləğindən tutulma aparılması ilə bağlı hərəkətlər qanunsuz hesab edilərək tutulmuş pensiya məbləğinin ona geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin əmək pensiyasının yenidən hesablanması barədə qərarının qanunsuz hesab edilərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının azaldıldığı 30 iyun 2022-ci il tarixdən bərpa edilməsi, həmin tarixdən etibarən cavabdeh tərəfindən iddiaçının pensiya məbləğindən tutulmuş məbləğin geri qaytarılması və ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1958-ci il təvəllüdlü İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsi tərəfindən 2009-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilmişdir. Bu ilin iyun ayınadək hər ay pensiya ödənişini almışdır. İyun ayında pensiya məbləği kəskin şəkildə azaldı və iddiaçı ifadə vermək üçün prokurorluğa dəvət edildi. İddiaçıya bildirildi ki, 2009-cu ildə o, pensiyaya çıxarılan zaman qanun pozuntusuna yol verilmişdir, bununla bağlı məsələ Baş Prokurorluq tərəfindən araşdırılır. Pensiyası azaldılmaqla yanaşı, iyun ayından başlayaraq hər ay həmin məbləğdən əlavə olaraq 85,97 manat da tutulmağa başlandı. Bununla bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Cavabdeh təşkilat tərəfindən ona 22 noyabr 2022-ci il tarixli imtina cavabı verilmişdir. İmtina bununla əsaslandırılmışdır ki, araşdırma nəticəsində onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ olmadığı halda saxtalaşdırılması ehtimalı olan sənədlərə əsasən ona Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun keçmiş Abşeron rayon şöbəsi tərəfindən aylıq məbləği yüksək olan əmək pensiyasının təyin edilməsi və Fondun keçmiş Səbail rayon şöbəsi tərəfindən ödənişin davam etdirilməsi nəticəsində xx.xx.2009-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində 97.843,68 manat artıq pul vəsaitinin əsassız ödənildiyi müəyyən edilib. Müvafiq tapşırığa uyğun olaraq pensiya məbləği 1364,75 manatdan 429,86 manata azaldılıb, həmçinin artıq ödənildiyi müəyyən edilmiş 97.843,68 manat pul vəsaiti cari ilin iyul ayından etibarən əmək pensiyasından hissə-hissə çıxılmaqla (hər ay 85,97 manat) büdcəyə bərpa edilir. Həmçinin, bildirilmişdir ki, araşdırmanın nəticəsi olaraq ona qanunazidd olaraq əsassız yüksək məbləğdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasına və yenidən hesablanmasına nail olunmasında aşkar edilmiş hallar üzrə inzibati xəta və ya cinayət əlamətləri olduğu nəzərə alınaraq müəyyən olunmuş faktlara hüquqi qiymətin verilməsi məqsədilə müvafiq materiallar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmişdir. Cavabdehin bu hərəkəti qanunsuz və əsassızdır. Belə ki, onun pensiyasından ayda 85,97 manatın tutularaq büdcəyə bərpa edilməsi dayandırılmalı, onadan tutulmuş pullar pensiyasına bərpa edilməlidir. Onun aldığı pensiya məbləğinin 1364,75 manatdan 429,86 manata azaldılması ilə bağlı məsələyə cavabdeh təşkilat aydınlıq gətirməmişdir. 2009-cu ildə pensiya təyin edildiyi zaman onun pensiyası 499 manat məbləğində olmuş və hər il məbləğin indeksləşdirilməsi nəticəsində 1364,75 manat məbləğə çatdırılmışdır. Həmin məbləğin üç dəfə azaldılması cavabdeh tərəfindən əsaslandırılmamışdır. Bakı İnzibati Məhkəməsinin (hakim Orxan Həsənov) e-2-1(112)-5552/2023 nömrəli, 27 oktyabr 2023-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 17-ci maddəsi ilə müəyyən edilmişdir ki, yaşa görə pensiya, pensiya üçün müraciət edənin orta aylıq əmək haqqının (72-ci maddə) 60 faizi, bu Qanunun 13-cü maddəsinin «a» bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə 70 faizi, «b» bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə isə 65 faizi, lakin minimum pensiyadan az olmayan məbləğdə təyin edilir. Yaşa görə pensiyaların əsas məbləği, habelə minimum məbləğdə hesablanmış pensiyalar tələb olunan iş stajından artıq hər tam il üçün minimum pensiyanın iki faizindən az olmamaq şərti ilə, orta aylıq əmək haqqının iki faizi qədər artırılır. İddiaçının orta aylıq əmək haqqı nəzərə alınmaqla 01 may 2009-cu il tarixdə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2021-ci il tarixli qərarında «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə istinad edərək vurğulamışdır ki, qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Məhkəmə qərar qəbul edərkən belə nəticəyə gəlmişdir ki, “iddiaçının əmək pensiyasının təyinatı aparılarkən istər təhrif olunmuş sənədlərin təqdim edilməsi ilə bu barədə inzibati aktın qəbuluna nail olduğundan, istərsə də onunla heç bir bağlılığı olmayan yaşamadığı rayon üzrə, yəni Abşeron Rayon Şöbəsi tərəfindən təqdim edilmiş həmin sənədlər əsasında 01 may 2009-cu il tarixdən pensiyanın təyin edilməli olmasının qanunsuz olduğunu ən azından kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda qəbul edilmiş qanunsuz inzibati aktla bağlı etimad hüququnun qorunmasına istinad edə bilməz”. Məhkəmənin gəldiyi hazırki nəticə iş materialları ilə sübut edilmir. İş üzrə iddiaçı sadəcə ona pensiya təyin edilməsi üçün müvafiq dövlət orqanına müraciət etmiş, mövcud sənədlərini doğru bir formada təqdim etmişdir. Sənədlərin və ya verilmiş məlumatların təhrif edilməsində iddiaçının hər hansı iştirakı və ya məsuliyyəti müəyyən edilməmişdir. Qeyd edilən halı hüquq mühafizə orqanlarının məktubu da təsdiq edir. İddiaçı apellyasiya baxışı zamanı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2022-ci il tarixli qərarının ləğv edilərək iddiaçı X1 güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının azaldıldığı xx.xx.2022-ci il tarixdən bərpa edilməsi, həmin tarixdən pensiya məbləğindən tutulmanın dayandırılması, xx.xx.2022-ci il tarixdən etibarən cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçının pensiya məbləğindən tutulmuş məbləğin geri qaytarılması, pensiya məbləğinin artımlar nəzərə alınmaqla yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişlər. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia qismən təmin edilməlidir. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 22 noyabr 2022-ci il tarixli məktubdan görünür ki, iddiaçıya 01 may 2009-30 iyun 2022-ci il tarixləri arasındakı dövr ərzində 97843,68 manat artıq pul vəsaitinin əsassız ödənildiyi müəyyən edilmiş, pensiya məbləği 1364,75 manatdan 429,86 manata azaldılıb, həmçinin artıq ödənildiyi müəyyən edilən 97843,68 manat pul vəsaiti cari ilin iyul ayından etibarən əmək pensiyasından hissə-hissə çıxılmaqla (hər ay 85,97 manat) büdcəyə bərpa edilir. Həmin yüksək məbləğdə pensiyanın təyin edilməsi və yenidən hesablanmasına nail olunmasında aşkar edilmiş hallar üzrə inzibati xəta və ya cinayət əlamətləri olduğu nəzərə alınaraq müəyyən olunmuş faktlara hüquqi qiymət verilməsi məqsədi ilə müvafiq materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdir. İş materiallarında olan Nazirliyə ünvanlanmış yazılı məruzədən görünür ki, X5 aparmış olduğu əməliyyat axştarış tədbirləri nəticəsində X3 ofisi və mənzilindən götürülmüş maddi sübutlar arasında iddiaçının adı və pensiyasının hesablanması barədə sənədlər aşkar edilmişdir. Araşdırma nəticəsində müəyyən edilir ki, iddiaçıya əmək pensiyası şəxsiyyət vəsiqəsinin surəti saxtalaşdırılmaqla yüksək məbləğdə təyin edilmiş və ödənilmişdir. Belə ki, təvəllüd 1 il geriyə düzəldilməklə yaşının bir il artırılması, yaşayış yeri həqiqətə uyğun olmayan Abşeron rayon ərazisi göstərilməklə saxtalaşdırılmışdır. Bu saxtalaşdırma məhz 52 yaşından 2004-2005-ci illərin orta aylıq əmək haqqının nəzərə alınmaqla yüksək məbləğdə təyin edilməsi üçün edilmişdir. Məruzədə qeyd edilir ki, onun adına olan 3 şəxsiyyət vəsiqəsində də Abşeron rayonu ilə hər hansı bağlılığı olmamış, həmin ərazidə yaşamamışdır. Pensiya təyinatı aparılarkən də təvəllüd saxtalaşdırılmış variantda nəzərə alınmışdır. Bundan əlavə onun hərbi biletində də saxtalaşdırılma edilərək təvəllüdlü 1957-ci il kimi göstərilmişdir. Beləliklə də iddiaçı 01 may 2010-cu il tarixdən pensiya hüququna malik olduğu halda 1 illik müddətlə bağlı saxtalaşdırma nəticəsində orta aylıq əmək haqqı nəzərə alınmaqla ona pensiya təyin edilmişdir. İş materiallarında olan iddiaçıya məxsus pensiya işində olan sənədlərdən görünür ki, şəxsiyyət vəsiqəsində iddiaçının təvəllüdü xx.xx.1957-ci il göstərilmiş, iddiaçıya DSMF Abşeron rayon şöbəsinin xx.xx.2009-cu il tarixli qərarı ilə həmin tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. İş materiallarında olan DSMF-nin XŞTİ Əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2022-ci il tarixli qərarından görünür ki, iddiaçıya pensiya təyin olunduğu tarix xx.xx.2010-cu il göstərilmiş, onun əmək pensiyası 1364,75 manatdan 429,86 manata endirilmişdir. İş materiallarında olan Pensiya altsistemindən görünür ki, iddiaçının əmək pensiyasından hər ay 85,97 manat artıq ödənilmiş məbləğ tutulur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 37.8-ci maddəsinə əsasən bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1dən dayandırılır: 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; 37.8.2. əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.3. maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. İşin faktiki halları ondan ibarətdir ki, iddiaçı xx xxx 1958-ci il təvəllüdü olmaqla onun əmək pensiyası hüququ 01 may 2010-cu il tarixdə, yəni 01 yanvar 2010-cu il tarixdən sonra yaranmışdır. Lakin iddiaçıya məxsus pensiya işində olan sənədlərdən görünür ki, şəxsiyyət vəsiqəsində iddiaçının təvəllüdü xx.xx.1957-ci il göstərilmiş, iddiaçıya DSMF Abşeron rayon şöbəsinin xx.xx.2009-cu il tarixli qərarı ilə həmin tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidməti tərəfindən xx.xx.2024-cü il tarixli məktubla məhkəməyə təqdim edilmiş doğum haqqında akt qeydinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1958-ci ildə doğulmuşdur. Bundan başqa, Bakı Apellyasiya Məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli məktubla məhkəməyə təqdim edilmiş şəxsiyyət vəsiqəsi ilə təmin edilmə barədə məlumatlardan görünür ki, İddiaçı xx.xx.1958-ci ildə doğulmuşdur, həmin məktubdan və iş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, iddiaçıya xx.xx.2012-ci ildə Ağdam RPŞ tərəfindən AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsi verilmişdir və həmin sənədə əsasən o, xx.xx.1958-ci il təvəllüdlüdür. Göründüyü kimi, hazırda mübahisələndirilən Əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2022-ci il tarixli qərarla iddiaçıya xx.xx.2010-cu il tarixdən pensiya təyin edilərək yenidən hesablanması qanunauyğun olmuş, iddiaçının hüquqları pozulmamışdır. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, qanunverici artıq ödənilmiş əmək pensiyası məbləğinin tutulmasını əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Hazırkı halda isə cavabdeh tərəfindən iddiaçının əmək pensiyası məbləğinin geri qaytarılması üçün iddiaçının razılığı alınmamış, eyni zamanda bununla əlaqədar cavabdeh tərəfindən məhkəməyə də müraciət edilməmiş və məhkəmə qərarı da mövcud deyildir. Artıq ödənildiyi iddia edilən pensiya məbləğinin cavabdeh tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsi ilə müəyyən olunmuş qaydada, yəni iddiaçının razılığı ilə və ya məhkəmə qaydasında tutulduğu iş materiallar ilə öz təsdiqini tapmır. Göründüyü kimi, artıq ödənilmiş əmək pensiyası və ya əmək pensiyasına əlavə əmək pensiyaçısına hər ay ödənilən əmək pensiyası məbləğindən tutula bilər. Bunun üçün qanunvericilikdə iki mühüm şərt müəyyən edilmişdir: 1.Tutulmanı həyata keçirən orqan əmək pensiyaçısına müraciət etməli, onun razılığını almalıdır. Razılığını aldığı təqdirdə inzibati orqan vəsaitin geri qaytarılması barədə qərar qəbul etməlidir. 2. Əmək pensiyaçısı tutulma barədə razılıq vermədiyi təqdirdə inzibati orqan tutulmanın həyata keçirilməsi üçün məhkəməyə müraciət etməlidir. Lakin “Əmək pensiyaları haqqında” Qanunun qeyd edilən tələblərinə uyğun olaraq cavabdeh artıq ödənilmiş hesab etdiyi pensiya məbləğinin geri qaytarılması ilə bağlı iddiaçıya müraciət edərək onun razılığını almamış, hazırkı halda əmək pensiyaçısının artıq ödənilmiş pensiya məbləğinin tutulmasına razılığının olması müəyyən edilmir. Belə olan halda, artıq ödənilmiş pensiya məbləği qanunun tələbinə görə yalnız məhkəmə qərarı əsasında tutula bilərdi. Lakin bu barədə də iş materiallarında heç bir sübut yoxdur və cavabdeh tərəfindən də bu barədə heç bir dəlil təqdim edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qərar ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia qismən təmin edilməli, xx.xx.2022-ci il tarixdən iddiaçının pensiya məbləğindən tutulmanın dayandırılması və iddiaçının pensiya məbləğindən tutulmuş məbləğin ona geri qaytarılması öhdəliyi cavabdehin üzərinə qoyulmalı, iddia digər hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5552/2023 nömrəli, 27 oktyabr 2023-cü il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia qismən təmin edilsin. xx.xx.2022-ci il tarixdən iddiaçı X1 pensiya məbləğindən tutulmanın dayandırılması və iddiaçının pensiya məbləğindən tutulmuş məbləğin ona geri qaytarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddia digər hissədə təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar