Məhkəmə qərarları › İş №2-1(103)-1416/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1416/2025

12.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1416/2025 12.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Oruczadənin sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Günel Məhərrəm qızı Abbasovadan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “torpaq sahəsinə dair cizginin tərtib edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13533/2024 nömrəli, 03 dekabr 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə və Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı məhkəməyə müraciət edərək, iddiaçıya Abşeron rayonu keçmiş Ramana südçülük sovxosu ərazisindən sovxoz direktorunun 09 aprel 1990-cı il tarixli 46 nömrəli əmrinə əsasən Abşeron rayonu keçmiş Ramana qəsəbəsi ərazisində ayrılmış 0,10 ha torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş yaşayış evinin planı və bölgü sxeminin verilməsi öhdəliyinin Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti üzərinə qoyulması və həmin torpaq sahəsini və torpaq sahəsində tikilmiş evə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddiaçının ərizəsi əsasında cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi cavabdehlər sırasından çıxarılaraq iddia tələbi “İddiaçı Abşeron rayonu, keçmiş Ramana südçülük sovxozu ərazisindən 09 aprel 1990-cı il tarixli 46 nömrəli əmrə əsasən, ayrılmış 0,10 ha torpaq sahəsinin bölgü sxeminin hazırlanması və verilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması” kimi icraata qəbul edilmişdir. Dəqiqləşdirilmiş iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1965-ci ildə Naxçıvan MR Şərur rayonu Şahtaxtı kəndində anadan olmuşdur. Səhəhtində yaranmış problemlə bağlı xx.xx.2023-cü il tarixdə “Hər iki bud-çanaq oynaqlarının total artroçlastikası-endoprotezindən sonrakı vəziyyət. Bud-çanaq oynaqlarında hərəkətin təzahür edən məhdudlaşması.İkitərəfli.” diaqnozu ilə, müddətsiz, İkinci dərəcəli əlillik” dərəcəsi ilə pensiyaya çıxmışdır. İddiaçı bundan əvvəl xeyli müddət “Ramana” südçülük sovxozunda işləmişdir. Azərbaycan SSR Nazirlər Sovetinin 12 avqust 1988-ci il tarixli 263 nömrəli qərarına əsasən, Ramana südçülük sovxozunda işləyən fəhlə və mütəxəssislərə fərdi yaşayış evləri tikintisi üçün 4,8 hektar həyatyanı torpaq fondu ayrılmışdır. Həmin Sərəncama əsasən, S.Əliyev adına Ramana südçülük kompleksi üzrə 09 aprel 1990-cı il tarixli 46 nömrəli sovxoz direktorunun əmrinə əsasən, İddiaçı fərdi yaşayış evi tikdirməsi üçün 0,10 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsində öz şəxsi vəsaiti hesabına yaşayış evi tikilmişdir. İddiaçı S.Əliyev adına Ramana südçülük kompleksi üzrə sovxoz direktorunun 09 aprel 1990-cı il tarixli 46 nömrəli əmrinə əsasən, torpaq sahəsinin ayrılması barədə əmrin surəti AR. Milli Arxiv İdarəsi Abşeron rayon Dövlət Arxivinin verdiyi xx.xx.2024-cü il tarixli, Q-481 nömrəli Arxivdən çıxarış sənədində də öz əksini tapmışdır. S.Əliyev adına Ramana südçülük kompleksi üzrə 09 aprel 1990-cı il tarixli 46 nömrəli sovxoz direktorunun əmrinə əsasən fərdi yaşayış evi tikdirməsi üçün ayrılmış 0,10 ha torpaq sahəsində tikdirdiyimiz fərdi yaşayış evinə dair Azərbaycan Respublikası “Bakı Torpaq” lahiyə smetra bürosu tərəfindən “Tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi” sənədi tərtib edilmiş və plan və ölçü sxemi sənədləri hazırlanmışdır. Qeyd olunan torpaq sahəsinin və tikilmiş fərdi yaşayış evinin Dövlət Reyestrində qeydə alınması və müvafiq dövlət sənədi verilməsi üçün Azərbaycan Respublikası İN-yi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Apşeron Ərazi İdarəsinə tərəfindən xx.xx.2024-cü il tarixdə ərizə ilə müraciət olunmuşdur. Azərbaycan Respublikası İN-yi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 321332/1-5857/24 nömrəli cavab məktubunda, Abşeron rayonu keçmiş Ramana südçülük sovxosu ərazisindən 09 aprel 1990-cı il tarixli 46 nömrəli əmrə əsasən, ayrılmış 0,10 ha torpaq sahəsinə dair yerləşmə sxeminin hazırlanması ilə bağlı müraciətimə idarədə baxıldığı və ayrılmış torpaq sahəsinin planı və bölgü sxemi torpaqayırma işini həyata keçirən qurum tərəfindən həyata keçirildiyi bildirilmişdir. Buradan da aydın olur ki, ayrılmış torpaq sahəsinin planı və bölgü sxemi torpaqayırma işini həyata keçirən qrum- Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti nəzərdə tutulur və həmin orqan tərəfindən sənədlər hazırlanmalıdır. Abşeron rayonu keçmiş Ramana südçülük sovxosu ərazisindən 09 aprel 1990-cı il tarixli 46 nömrəli əmrə əsasən ayrılmış 0,10 ha torpaq sahəsində iddiaçı tərəfindən artıq yaşayış evi tikilmişdir. Həmin qeyd olunan torpaq sahəsi ayrılan vaxtdan hal-hazıradək onun istifadəsindədir və torpaq sahəsində müxtəlif meyvə (bar) ağacları tərəfindən əkilmişdir. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 4-cü hissəsinə əsasən torpaq sahələrinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən göstərilən xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə xidmət haqları ödənilir. Həmin maddənin 5-ci hissəsinə əsasən isə torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 29 noyabr tarixli 646- VİQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 4 avqust tarixli 176 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 yanvar 2023-cü il tarixli Fərmanının 1.2-ci maddəsinə əsasən Torpaq Məcəlləsinin 65-ci maddəsinin 4-cü və 5-ci hissəsində (birinci halda) müvafiq icra hakimiyyəti “orqanı (qurum)” dedikdə Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur. Qeyd olunanları və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 5 nömrəli Qərarının 2.3-cü bəndinə istinadən Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “torpaq dahəsinin plan və bölgü sxeminin (cizgisinin) verilməsi tələbinə dair iddianın mümkün sayılmaması bardə qərardad qəbul edilməsi məhkəmədən xahiş edilir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13533/2024 nömrəli, 03 dekabr 2024-cü il tarixli qərarı ilə (hakim L.Musayeva) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti etiraza uyğun əsaslandırılaraq qeyd edilmişdir ki, sözügedən torpaq sahəsinin 1990-cı ildən iddiaçının faktiki istifadəsində olması, onun həmin sahəyə sahiblik hüquqlarının həyata keçirilməsi və 34 il ötdükdən sonra yerləşmə sxeminin verilməsi ilə bağlı RİH-ə müraciət etməsi cavabdeh tərəfdən ciddi və əsaslı şübhələr yaratmağa səbəb olmuşdur, belə hallarda müvafiq sənədlə ayrılmış torpaq sahəsinin yaxınlığında eyni ölçüdə zəbt edilmiş digər torpaq sahələrin sənədləşdirilməsinə cəhdlər göstərilir və bu da ciddi qanun pozuntuları ilə nəticələnir, birinci instansiya məhkəməsində işə baxılarkən Ramana Südçülük sovxozu direktorunun xx.xx.1990-cı il tarixli 46 nömrəli əmri ilə sözügedən ərazinin uyğun gəlib-gəlməməsi, yəni sənədin sözügedən sahəyə aid olması araşdırılmamış və zərurət yarandığı halda yerində baxış keçirilməmişdir, həmçinin Ramana südçülük sovxozu direktorunun xx.xx.1990-cı il tarixli 46 nömrəli əmri ilə ayrılan 1000 kv.m torpaq sahəsi Sabunçu rayonunun inzibati ərazisində yerləşməsinə baxmayaraq birinci instansiya məhkəməsi ərazinin koordinatlarını və sərhədlərini müəyyən etmədən sözügedən torpaq sahəsinə yerləşmə sxeminin verilməsi öhdəliyini cavabdehə həvalə etmişdir. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra hakimiyyətləri haqqında Əsasnamə”də Rayon İcra Hakimiyyətləri tərəfindən ayrılmış torpaq sahələrinin yerini və koordinatlarını müəyyənləşdirmək, o cümlədən həmin sahələrə dair cizgilər, xəritədən çıxarışlar vermək səlahiyyətləri nəzərdə tutulmamışdır. Əlavə olaraq bildirirlər ki, Azərbaycan Respublikasının 25 iyun 1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli, 176 nömrəli Fərmanına əsasən həmin Məcəllənin 65ci maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş, “müvafiq icra hakimiyyəti orqanının səlahiyyətləri Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli, 94 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yerqurluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə”nin 2-ci bəndinin tələblərinə əsasən yerqurluşu işləri Respublikanın ərazisində torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirilir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyəti üzrə də əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün ilk növbədə mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.16.6-cı maddəsinə əsasən torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək dövlət əmlakının idarə edilməsi, dövlət torpaq kadastrı və torpaqların monitorinqi sahələrində yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid edilmişdir. İşin hallarından göründüyü kimi, torpaq sahəsi iddiaçının istifadəsinə verilərkən Azərbaycan Respublikasının 07 iyul 1970-ci il tarixli Torpaq Məcəlləsi qüvvədə olmuşdur (1971-ci il yanvarın 1-dən qüvvəyə minmişdir). Həmin Torpaq Məcəlləsinin: -9-1-ci maddəsinə əsasən SSR İttifaqının və müttəfiq respublikaların torpaq qanunvericiliyi əsaslarına görə, torpaqlardan istifadə və onların mühafizəsi sahəsində dövlət idarəetməsi SSRİ Nazirlər Soveti, Azərbaycan SSR Nazirlər Soveti, Naxçıvan MSRR Nazirlər Soveti, yerli xalq deputatları Sovetlərinin icraiyyət komitələri, habelə SSR İttifaqının və Azərbaycan SSR-in qanunvericiliyinə müvafiq surətdə bunun üçün xüsusi vəkil edilmiş dövlət orqanları tərəfindən həyata keçirilir. -12-ci maddəsinə əsasən torpaq müddətsiz və ya müvəqqəti istifadəyə verilir. Torpağın müddətsiz (daimi) istifadəyə verilməsi o deməkdir ki, torpaqdan istifadə üçün qabaqcadan müddət müəyyən edilmir. - 13-cü maddəsinə əsasən torpaq sahələrinin istifadəyə verilməsi torpaq ayırmaq qaydası ilə həyata keçirilir. Torpaq sahələri Azərbaycan SSR Nazirlər Sovetinin və ya Naxçıvan MSSR Nazirlər Sovetinin qərarı, yaxud da müvafiq xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı əsasında, bu Məcəllənin 18,19 və 20-ci maddələrində nəzərdə tutulmuş qaydada ayrılır. İstifadədə olan torpaq sahəsi başqasının istifadəsinə yalnız həmin sahə bu Məcəllənin 47-51-ci maddələrində nəzərdə tutulmuş qaydada alındıqdan sonra verilir. - 20-ci maddəsinə əsasən X8 X5 Sovetinin İcraiyyə Komitəsi ayrılan sahənin ölçüsündən asılı olmayaraq, bu Məcəllənin 18-ci maddəsinin ikinci hissəsində göstərilmiş torpaqlardan başqa, hər cür torpaqlardan daimi və ya müvəqqəti istifadəyə torpaq sahələri verir. Rayon və şəhər (respublika tabeliyində olan şəhər) xalq deputatları Sovetlərinin icraiyyə komitələri bu Məcəllənin 70, 94, 95, 128, 131, 137, 143 və 151-ci maddələrinə uyğun surətdə torpaq sahələrini istifadəyə verirlər. Şəhər və qəsəbə xalq deputatları Sovetlərinin icraiyyə komitələri bu Məcəllənin 107ci maddəsinə müvafiq olaraq, qəsəbə xalq deputatları Sovetlərinin icraiyyə komitələri isə həmçinin bu Məcəllənin 17-ci maddəsində nəzərdə tutulmuş qaydada qəsəbə Sovetinə ayrılmış torpaqlardan daimi və ya müvəqqəti istifadəyə torpaq sahələri verirlər... -22-ci maddəsinə əsasən torpaq sahələrinin verilməsi haqqındakı qərarlarda və ya qətnamələrdə onların hansı məqsədlər üçün aydıldığı və torpaqdan istifadənin əsas şərtləri göstərilir. - 23-cü maddəsinə əsasən torpaq sahəsinin ayrılması o deməkdir ki, naturada (yerində) sahənin hüdudları müəyyən edilir, həmin sahə digər sahələrdən mərzlə və başqa sərhəd nişanları ilə ayrılır. - 25-ci maddəsinə əsasən torpaqdan müdətsiz (daimi) istifadə hüququ barəsində dövlət aktları və torpaqdan müvəqqəti istifadə hüququ barəsində şəhadətnamələr istifadəyə verilmiş torpaq sahələri hansı rayon və ya şəhər (respublika tabeliyində olan şəhər) xalq deputatları Soveti icraiyyə komitəsinin ərazisində yerləşirsə, həmin icraiyyə komitəsi tərəfindən kolxozlara, sovxozlara və digər dövlət, kooperativ və ictimai müəssisələrinə, idarələrinə və təşkilatlarına, habelə vətəndaşlara verilir. -26-cı maddəsinə əsasən verilmiş torpaq sahəsinin naturada (yerində) hüdudları müvafiq yer quruluşu orqanları tərəfindən müəyyən edilməmişsə və torpaqdan istifadə hüququnu təsdiq edən sənəd verilməmişsə, həmin sahədən istifadəyə başlamaq qadağandır. ... Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında, kəndlərində və qəsəbələrində dövlət hakimiyyət və idarəetmə orqanlarının strukturunu və fəaliyyətini təkmilləşdirmək haqqında Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 1991-ci il № 372 fərmanına əsasən "Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə" təsdiq edilmişdir (16 iyun 1999-cu il tarixli, 138 nömrəli Fərmana əsasən qüvvədən düşmüşdür). Həmin Əsasnamənin 13-cü maddəsinin (İcra hakimiyyəti başçısının əsas səlahiyyətləri) “q)” bəndinə əsasən (torpaqdan istifadə, təbiəti mühafizə və təbii ehtiyatlardan istifadə sahəsində icra hakimiyyətinin başçısının səlahiyyətləri torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll edir. Azərbaycan Respublikasinin 25 iyun 1999-cu il tarixli, 695-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş və hazırda qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: - 65.5-ci maddəsinə əsasən, torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. - 65.8-ci maddəsinə əsasən, torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir. - 68-ci maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. - 84.1-ci maddəsinə əsasən, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Sadalanan normaların birgə təhlilindən görünür ki, müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilə bilən torpaq sahələri yalnız dövlət ehtiyat fondu torpaqlarına aid ola bilər və qəbul edilmiş qərarla rəsmiləşdirilməlidir. Torpaq sahəsi ayrılarkən yerquruluşu qaydalarına uyğun olaraq əvvəl onun sərhədləri yerdə (naturada) və xəritədə, yəni həmin torpaq sahəsinin digər torpaq sahələrinə münasibətdə yerləşməsi və döngə nöqtələri müəyyən edilməlidir. Torpağın ayrılması barədə qərar qəbul edildikdən sonra isə həmin sahənin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi onu ehtiva edir ki, torpaq sahəsi ayrılan şəxsə onun ölçüləri göstərilməklə təqdim edilir. Bu prosedurun nəticəsi olaraq torpaq sahəsinin planı və təsviri hazırlanmalıdır. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İşin faktiki hallarından görünür ki, S.Əliyev adına Ramana südçülük kompleksi üzrə 46 nömrəli, 09 aprel 1990-cı il tarixli əmr ilə Azərbaycan SSR Nazirlər Sovetinin 12 avqust 1988-ci il tarixli 263 №-li qərarına əsasən Ramana südçülük sovxozunda işləyən fəhlə və mütəxəssislərə fərdi yaşayı evləri tikintisi üçün 4,8 hektar həyətyanı torpaq ayrılmış və iddiaçının da adının olduğu siyahı əlavə olunmuşdur. Sözügedən əmrin mövcudluğu Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Abşeron Rayon Dövlət Arxivi tərəfindən təqdim edilmiş arxiv çıxarışı ilə təsdiqlənir. 20. Həmin arxiv arayışı ilə təqdim edilmiş əmrin təsdiq edilmiş surətindən görünür ki, əmrə sxem, ayrıc aktı, təhkim aktı və ilkin baş plan daxil edilməmişdir. İddiaçı ona ayrılmış torpaq sahəsinə dair yerləşmə sxeminin (plan və ölçü sxeminin) hazırlanaraq ona verilməsi ilə əlaqədar cavabdehə müraciət etsə də, müraciəti təmin edilməmişdir. Halbuki iddiaçıya torpaq ayrılması barədə müvafiq əmr qəbul edilənədək ayrılmış torpaq sahəsinin sərhədlərini yerində və xəritədə müəyyən etmək, buna dair plan və ölçüsünün hazırlanması, daha sonra torpaq sahəsinin sərhədləri yerində yoxlanıldıqdan sonra hazırlanmış plan və ölçününün təsdiq edilməsi cavabdehin səlahiyyətlərinə aid olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, torpaq sahəsi iddiaçıya naturada təhvil verilmiş olsa da, qərar tam şəkildə icra edilməmiş, torpaq sahəsinin hüdudlarını müəyyən edən cizgi mövcud deyildir. Apellyasiya şikayətinin "Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə’’nin 2-ci bəndinin tələblərinə istinadən yerquruluşu işlərinin Respublikanın ərazisində torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən aparılmasına dair cavabdehin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, - Yerquruluşu işləri respublikanın ərazisində mülkiyyət formalarına uyğun olaraq (dövlət, bələdiyyə və xüsusi) aidiyyəti üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra – Əmlak Məsələləri Dövlət Xidməti) və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin qərarı, bələdiyyələrin təşəbbüsü və ya torpaq mülkiyyətçilərinin, istifadəçilərinin, icarəçilərinin sifarişi ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən aparılır. - Təyinatından asılı olaraq yerquruluşu kompleks və təsərrüfatdaxili yerquruluşu işlərindən ibarətdir. - Respublikanın ərazisində kompleks yerquruluşu işləri aşağıdakı qaydada aparılır: qüvvədə olan torpaq qanunvericilik aktlarının müddəalarına müvafiq olaraq, dövlət mülkiyyətində saxlanılan, bələdiyyə mülkiyyətinə verilən və xüsusi mülkiyyətə ayrılan torpaq sahələrin sərhədlərinin, habelə mövcud torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaqlarının hüquqlarının (sərhədlərinin) 1936-cı ilin ilkin dövlət aktlarına (bu aktlar olmadıqda hüquqları təsdiq edən sənədlərə və digər torpaq-kadastr sənədlərinə əsasən) yerdə (naturada) şəhərsalma sənədlərinin və şəhərsalma kadastrının məlumatlarını nəzərə almaqla mərzlərlə ayrılması; mülkiyyət formaları üzrə ayrılmış torpaq sahələrinin inventarlaşdırılması, müvafiq yerquruluşu plan və xəritə materiallarının hazırlanması; mülkiyyət formasından asılı olmayaraq qüvvədə olan qanunvericiliyin tələblərinə ciddi əməl olunmaqla, yeni yaradılmış torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaqlarında yerquruluşu işlərinin layihələşdirilməsi və mövcud torpaq istifadəçiliyinin nizama salınması; məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən kənd təsərrüfatı təyinatlı torpaqların, yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin, kənd yaşayış məntəqələrinin) torpaqlarının, sənaye, nəqliyyat, rabitə müdafiə ehtiyacları üçün və başqa təyinatlı torpaqların, xüsusi qorunan ərazilərin torpaqlarının, su fondu, meşə fondu və ehtiyat fondu torpaqlarının müəyyən edilməsi və onların sərhədlərinin yerdə (naturada) mərzlərlə ayrılması; torpaqların keyfiyyət göstəricilərini və təbii bitkilərin yem vahidini müəyyən etmək məqsədilə iri miqyaslı torpaq və geobotaniki tədqiqatların aparılması və onların xəritələşdirilməsi; istifadəsiz, habelə səmərəli və məqsədli təyinatına görə istifadə olunmayan torpaq sahələrinin müntəzəm olaraq aşkar edilməsi məqsədilə torpaqların inventarizasiyasının aparılması; torpaqların vəziyyəti və istifadəsi üzrə xəritə və atlasların tərtib edilməsi; torpaqlardan səmərəli istifadə edilməsi və onların münbitliyinin qorunması və bərpası məqsədilə mədəni-texniki işlərin aparılması, eroziyaya qarşı qoruyucu meşə zolaqlarının salınması, yamacların terraslaşdırılması, sahil bərkidici hidrotexniki qurğuların inşası, üst qatı korlanmış torpaqların rekultivasiyası üzrə işçi layihələrinin hazırlanması. - Yerquruluşu işlərinə dair hazırlanmış sxem və layihələrin həyata keçirilməsinə müəllif nəzarətini müvafiq olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti həyata keçirirlər. Beləliklə, məhkəmə kollegiyası normaların təhlilinə əsasən qeyd edir ki, istər yerquruluşu işləri, istərsə də torpaq sahəsinin planı və ölçüsünün hazırlanması mahiyyətinə və məzmununa görə (torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin ərazisində təsərrüfatdaxili yolların, su təsərrüfatı obyektlərinin və digər mühəndis qurğularının yerləşdirilməsi; növbəli əkin sistemlərinin və onların ərazilərinin təşkili; çoxillik əkmələrin ərazilərinin təşkili; təbii yem bitkilərinin ərazilərinin təşkili məqsədilə torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritə) cizginin tərtib edilməsindən əsaslı şəkildə fərqlənir və həmin işləri və bununla bağlı tərtib edilən sənədləri eyniləşdirmək olmaz. Yəni cizgi torpaq sahəsinin yerquruluşu işləri qaydasında tərtib edilmiş xəritəyə əsasən onun sərhədlərinin xəritədə müəyyən edilməsidir. Məhkəmə kollegiyası həmçinin, diqqətə çatdırır ki, iş üzrə araşdırma zamanı oxşar işlər üzrə məhkəmə təcrübəsi əsas götürülmüşdür (Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2246/2022 №-li, xx.xx.2022-ci il tarixli qərarı). Apellyasiya şikayətinin digər “ərazinin Suraxanı rayon İcra Hakimiyyətinin inzibati ərazi daxilində yerləşməməsi” dəlilinə münasibətdə qeyd edilməlidir ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı rayonu X2 136 nömrəli 21 may 2024-cü il tarixli arayışından görünür ki, X1 rayonu, Yeni Suraxanı qəsəbəsi, Aeroport yolu sol tərəfi keçid 4 küçəsindəki 4 nömrəli fərdi yaşayış evində qeydiyyatsız yaşayır, məhkəmə kollegiyası qeyd edir ki, qeyd olunan fərdi yaşayış evi iddiaçının hazırda cizginin tərtib edilməsini tələb etdiyi torpaq sahəsinin üzərində yerləşir. Həmçinin iş materiallarında olan cizginin tərtib edilməsinin tələb olunduğu torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə dair Memarlıq və Planlaşdırma Bölməsindən görünür ki, fərdi yaşayış evinin ünvanı kimi Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, (Yeni Ramana) Mərkəzi küçə, döngə-4, ev 4 qeyd olunmuşdur. X10 proqramının məlumatından da görünür ki, iddiaçının cizginin tərtib edilməsini tələb etdiyi torpaq sahəsinin yerləşdiyi Yeni Ramana küçəsi Suraxanı Rayonunun inzibati ərazisində yerləşir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin qeyd olunan dəlili əsassızdır, belə ki, işin araşdırılması zamanı Abşeron rayonu, keçmiş Ramana südçülük sovxozu ərazisindən 09 aprel 1990-cı il tarixli 46 nömrəli əmrə əsasən ayrılmış 0,10 ha torpaq sahəsinin Suraxanı rayon İcra Hakimiyyətinin inzibati ərazi daxilində yerləşməsi müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə məcmu halında qiymət verən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına uyğun olduğundan dəyişdirilmədən saxlanılmalı, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13533/2024 nömrəli, 03 dekabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar