Məhkəmə qərarları › İş №2-1(103)-1417/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1417/2021

16.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1417/2021 16.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçı vəkili Vəkil iştirakı ilə, İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-617/2021 saylı, 27 yanvar 2021ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоnduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 08.01.2020-ci il tarixli, **********2 saylı məktubun əsassız və qanunsuz hesab edilməsi, 20.08.1983-cü il tarixli NT-1 ******* saylı əmək kitabçasında işlədiyi vəzifələrin üzən heyətə aid olması,1979-cu ilin yanvar ayından 24.04.1981-ci il tarixədək Masallı rayonu, sabiq Şaumyan adına çayçılıq-südçülük sovxozunun 9 saylı briqadasında fəhlə işlədiyi müəyyən edilməsi və 01.01.2006-cı il tarixədək ümümi iş stajı 25 ildən artıq təşkil etməsi əsas götürülməklə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun əsl Cavabdeh ilə əvəz edilməsini xahiş etmiş və Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinin 09 sentyabr 2020-ci il tarixli 2-1(112)-2998/2020 saylı qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, əmək kitabçasında əks edilməmiş, Masallı rayonu, sabiq Şaumyan adına çayçılıqsüdçülük sovxozunda işlədiyi müddətin əmək stajına hesablanmaqla ona 57 yaşı tamam olduğu vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövət Sosial Müdafiə Fondun Xüsusi Şərtlərlə təyinat idarəsinin rəisi Zəka Mirzəyevin 08.01.2020-ci il tarixli **********2 saylı məktubu ilə cavabdeh güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair 19.12.2019-cu il tarixli ərizəyə cavab olaraq təqdim edilmiş 20.08.1983-cü il tarixli NT10618147 saylı əmək kitabçasında işlədiyi vəzifələrin üzən heyətə aid olub-olmaması barədə hər hansı bir məlumat qeyd edilmədiyini və 01.01.2006-cı il tarixədək ümumi iş stajın 25 ildən az təşkil etdiyi əsas götürməklə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Cavabdeh imtinanı əsası olaraq məktubunda AR Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə əmək pensiyası hüquq verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısına” istinad etmişdir. Əmək kitabçasında yalnız işçilərin işə götürülmə və işdən azad edilməsinə dair qeydlər əks etdirilir. Heç bir işçinin əmək kitabçasında işlədiyi vəzifəsinin (yəni gəmi kapitanın) üzən həyətə aid olub-olmaması barədə hər hansı bir məlumat qeyd edilmir və edilməli olması qanunvericilikdə nəzərdə tutulmamışdır. Cavabdeh bununla bağlı məlumatı əldə etmək üçün ən azından “Əmək pensiyaları haqqında” AR qanunun 9.1-ci maddəsinə müvafiq olaraq AR Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21 və 21.2 “b” yarımbəndi ilə müəyyən edilmiş qaydalara diqqət yetirməli idi. Həmin qaydalara görə onun 1983-cü ildən bu günədək işlədiyi və əmək kitabçasında öz əksini tapmış (Cənub-3, Ağdərə-8, Cənub-22, Cənub-9, Orion-6, Qaradağ-8, A.Kərimov, Bunkerovşik-7, Raman, Lutoqa, Uluçay) gəmilərin heç bir limanı akvatoriyasında işləyən liman gəmiləri, yardımçıxidmət gəmiləri, xidmət və şəhərətrafı və şəhərdaxili yol gəmilərinə aid olmaması müəyyən edilmir. Bununla əlaqədar cavabdehə təqdim edilmiş və hazırki iddia ərizəsinə əlavə edilmiş “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi “ QSC-nin Xəzər X3nın rəisi Taqət Qurbanovun 05.11.2019-cu il tarixli 01/03/1-437- 221 saylı məktub və həmin məktuba əlavə edilmiş arxiv arayışı ilə təsdiq olunur ki, əmək kitabçasında qeyd edilmiş 1983-cü ildən bu günədək işlədiyi gəmilərin heç biri (Cənub-3, Ağdərə-8,Cənub-22, Cənub-9, Orion-6, Qaradağ-8, A.Kərimov, Bunkerovşik-7, Raman, Lutoqa, Uluçay) liman akvatoriyasında işləyən liman gəmiləri, yardımçı-xidmət gəmiləri, xidmət və şəhərətrafı və şəhərdaxili yol gəmilərinə aid deyildir. AR Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21 və 21.2 “b” yarımbəndi ilə müəyyən edilmiş qaydaların pozulması ilə verilmiş imtina məktubu əsassız və qanunsuz hesab edilməlidir. Cavabdehin digər əsası kimi istinad etdiyi əmək kitabçasına görə 01.01.2006-cı il tarixədək ümumi iş stajının 25 ildən az təşkil etdiyi göstərmişdir. Bu əsas həqiqətə uyğun deyildir. Belə ki, əmək kitabçasında əks edilmiş əmək stajın 1983-cü ildən öz əksini tapmış olsa da, lakin onun iş stajı 1979-cu ilin yanvar ayından başlaması cavabdehə təqdim etdiyi Masallı rayon Dövlət Arxivinin 24.10.2019-cu il tarixli, M-532 saylı məktubu və həmin məktuba əlavə edilmiş arxiv arayışı ilə təsdiq olunur. Həmin sənədlərlə məlum olunur ki, o 1979-cu ilin yanvar ayından 445 saylı əmrlə Masallı rayonu, Şaumyan adına çayçılıq-südçülük sovxozunun 9 saylı briqadasında fəhlə işləmiş və 01.09.1979-cu ildə 787 saylı əmrlə işdən azad edilmiş, daha sonra isə 06.06.1980-ci il tarixdən 494-3 saylı əmrlə sovxozun 9 saylı briqadasında fəhlə kimi işə qəbul edilmiş və 24.04.1981-ci ildə 349 saylı əmrlə hərbi xidmətə çağırılmağı ilə əlaqədar işdən azad edilmişdir. 1981-ci ilin aprel ayından 1983-cü ilin aprel ayınadək isə müddətli hərbi xidmətdə qulluq etmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-617/2021 saylı, 27 yanvar 2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı pensiya hüququ yarandığı 20.12.2019-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Cavabdeh inzibati orqan həmin qərardan apellyasiya şikayəti verərək iddiaçının sovxozda çalışdığı dövrün əmək kitabçasında qeyd olunmadığını, bu səbəbdən iddianın təmin edilməsi üçün heç bir qanuni əsas olmadığını göstərib birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanuni qaydada məlumat verilmiş cavabdeh öz nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bu barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq məhkəmə iclasına gəlməyən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İş materiallarından görünür ki, İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1962-ci il təvəllüdlüdür, ünvan 1 ünvanında qeydiyyatdadır. -iddiaçının əmək kitabçasının surətindən görünür ki, iddiaçı: -03 may 1981-ci ildən 27 may 1983-ci ilədək hərbi xidmətdə olmuş, 09.08.1983-cü ildə S.Bağırov gəmisinə 2-ci dərəcəli matros peşəsinə qəbul edilmiş, 20.09.1984-cü ildə “SLV-363” gəmisinə 1-ci dərəcəli matros peşəsinə keçirilmiş, 08.02.1993-cü ildə “Cənub-3” gəmisinə kapitanın baş köməkçisi təyin edilmiş, 10.06.1994-cü ildə Ağdara 8 gəmisinə, 16.07.1996-cı ildə “Cənub- 22” gəmisinə kapitanın böyük köməkçisi, 15.07.1998-ci ildə “Cənub-9” gəmisinə kapitan, 04.01.1999-cu ildə m/k-1014 gəmisinə kapitan, 01.12.2000-cı ildə Orion 6 gəmisinə kapitan keçirilmiş, 15.01.2004-cü ƏM-nin 69 maddəsinin 3-cü bəndi ilə işdən azad edilmiş, 18.01.2004-cü ildə BUE Kaspian Şirkətinin gəmilərində kapitanın 2- ci köməkçisi vəzifəsinə təyin edilmiş, 19.06.2008-ci ildə işdən azad edilmiş, 2.07.2008-ci ildə BUE kaspian şirkətinin gəmilərində kapitanın baş köməkçisi vəzifəsinə təyin edilmiş, 05.03.2010-cu ildə işdən azad edilmiş, 01.04.2010-cu ildə “Qaradağ” gəmisinə kapitan təyin edilmiş, 18.08.2010-cu ildə işdən azad edilmiş, 14.11.1010-cu ildə Caspian Marine Services LTD şirkətinə Qobustan şərnişin gəmisinə gəmi kapitanı rütbəsinə qəbul edilmiş, 31.12.2010-cu ildə əmək müqaviləsinə xitam verilmiş, 01.01.2011-ci ildə Caspian Marine Services Limited” şirkətində “Qobustan” sərnişin gəmisinə gəmi kapitanı rütbəsinə qəbul edilmiş, 12.05.2011-ci ildə əmək müqaviləsinə xitam verilmiş, 16.09.2011-ci ildə “A.Kərimov” gəmisinə kapitanın böyük köməkçisi vəzifəsinə, 23.12.2011-ci ildə “Bunkerovşik-7” gəmisinə kapitan, 16.08.2012-ci ildə “Taman” gəmisinə kapitan vəzifəsinə keçirilmiş, 27.09.2012-ci ildə əmək müqaviləsinə xitam verilmiş, 28.09.2012-ci il tarixdə “Taman” gəmisinə kapitan vəzifəsinə 24.10.2012-ci ildə Lütoqa gəmisinə 1-ci dərəcəli matros peşəsinə, 16.07.2013-cü ildə “Ulluçay” gəmisinə kapitanın böyük köməkçisi vəzifəsinə keçirilmiş, 07.01.2014-cü ildə əmək müqaviləsinə xitam verilmişdir.12.11.2019cu ildə "xxxx" MMC-də “Maru” gəmisinin kapitanı vəzifəsinə işə qəbul edilmişdir. -НЗ№ ******* nömrəli hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iddiaçı Masallı rayon hərbi komissarlığı nəzdindəki çağırış komissiyası tərəfindən hərbi xidmətə yararlı sayılaraq sıravi qismində həqiqi hərbi xidmətə çağırılmış, 03 may 1981-ci il tarixdə hərbi xidmətə daxil olmuş və 27 may 1983-cü il tarixdə həmin hərbi hissədən tərxis olunmuşdur. -"xxxx" QSC Xəzər X3nın EN 01/02-706, 05.11.2019-cu il tarixli arxiv arayışından görünür ki, xx.xx.1962-cı il təvəllüdlü İddiaçı hərbi xidmətini bitirdikdən sonra 09.08.1983cü ildə Cənub rayon X3 t/x “S.Bağırov gəmisinə 2-ci dərəcəli matros peşəsinə (09.08.1983-cü il tarixli 164-k nömrəli əmr) işə qəbul edilmişdir. Hərbi xidmət müddəti: 03.05.1981-27.05.1983-cü il h/b HZ №4404930. 20.09.1984-cü ildə t/x “SLV-363” gəmisinə 1-ci dərəcəli matros peşəsinə (20.09.1984-cü il tarixli 201-k nömrəli əmr) keçirilmişdir. 08.02.1993-cü ildə Bakı Dənizçilik məktəbini bitirdikdən sonra “Cənub-3” gəmisinə kapitanın böyük köməkçisi vəzifəsinə təyin edilmişdir. 10.06.1994-cü ildə “Ağdərə-8” gəmisinə kapitanın böyük köməkçisi vəzifəsinə, 16.07.1996-cı ildə b/k “Cənub22” gəmisinə kapitanın böyük köməkçisi, 15.07.1998-ci ildə b/k “Cənub-9” gəmisinə kapitan, 01.12.2000-cı ildə “Orion-6” gəmisinə kapitan vəzifəsinə keçirilmişdir. 15.01.2004-cü ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən işdən azad edilmişdir.01.04.2010-cu ildə “Qaradağ-8” gəmisinə kapitan vəzifəsinə işə qəbul edilmişdir. 18.08.2010-cu ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir.16.09.2011-ci ildə “A.Kərimov” gəmisinə kapitanın böyük köməkçisi vəzifəsinə işə qəbul edilmişdir. 23.12.2011-ci ildə “Bunkerovşik-7” gəmisinə kapitan, 16.08.2012-ci ildə “Taman” gəmisinə kapitan vəzifəsinə keçirilmişdir. 27.09.2012-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. 28.09.2012-ci ildə t/x “Taman” gəmisinə kapitan vəzifəsinə işə qəbul edilmişdir. 24.10.2012-cı ildə t/x "Lütoqa" gəmisinə 1-ci dərəcəli matros peşəsinə, 16.07.2013-cü ildə “Uluçay” gəmisinə kapitanın böyük köməkçisi vəzifəsinə keçirilmişdir. 07.01.2014-cü ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Yuxarıda adı çəkilən gəmilər daim liman akvatoriyasında işləyən liman gəmiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmilərinə aid deyildir. Bu peşələr “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələri və göstəricilərin siyahısı”nın 21-ci bəndinin 21.2 “B” yarımbəndi ilə müəyyən edilmiş qaydalara əsasən əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verilir. Azərbaycan Respublikası Prezidentinin 07.03.2007-ci il tarixli 539 nömrəli Fərmanına əsasən “Xəzərdənizneftdonanma” idarəsi 07.03.2007-ci ildən Xəzər X3 adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 22.10.2013-cü il tarixli 6 nömrəli və 10.01.2014-cü il tarixli 213 nömrəli Sərəncamlarına əsasən Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin və Xəzər X3nın yenidən təşkil yolu ilə "xxxx" QSC yaradılmışdır. -Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Masallı rayon İcra Hakimiyyəti Masallı rayon Dövlət Arxivinin 24 oktyabr 2019-cu il tarixli 532 nömrəli arxiv arayışından görünür ki, İddiaçı 01.06.1979-cu il tarixli 445 saylı əmrlə, sabiq Şaumyan adına çayçılıqsüdçülük sovxozunun 9 saylı briqadasına, mövsümü olaraq, fəhlə qəbul edilmiş, 01.09.1979-cu il tarixli 727 saylı əmrlə işdən azad edilmişdir. 06.06.1980-ci il tarixli 494-3 saylı əmrlə sovxozun 9 saylı briqadasına fəhlə qəbul edilmiş, 24.04.1981-ci il tarixli 349 saylı əmrlə hərbi xidmətə çağırılması ilə əlaqədar işdən azad edilmişdir. Birinci instansiya məhkəməsinin sorğusu əsasında: - "xxxx" QSC Xəzər X3 tərəfindən verilmiş 12 noyabr 2020-ci il tarixli EN 01/02-366 saylı arayışında qeyd edilmişdir ki, “SLV-363”, “Cənub-3”, “Ağdərə-8”, “Cənub-9”, “Orion- 6”, “Cənub-5”, “Ağdərə-1”- Xəzər X3nın gəmilərinə aiddir və bu gəmilər kiçik qrup insanların, yüklərin daşınması, gəmilərin dizel yanacağı ilə təchiz edilməsi və gəmilərin yedəklənməsi üçün nəzərdə tutulmuşdur. Bu gəmilərin işi-donanmaya həvalə edilmiş istehsalat tapşırıqlarını və planı yerinə yetirməkdən ibarətdir. Onlar üzən heyət olaraq daim liman akvatoriyasında işləyən liman gəmiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri hesab edirmirlər. “Ağdərə-1” və “Ağdərə-8” gəmiləri kiçik qrup insanların, kiçik həcmli yüklərin daşınması və həmçinin kiçik gəmilərin yedəklənməsi üçün nəzərdə tutulmuşdur. “Orion-6” gəmisi adamların və yüklərin daşınması üçün nəzərdə tutulmuşdur. “Cənub-3”, “Cənub-9”, “Cənub-22” yedək gəmiləri özü hərəkət etməyən üzən vasitələrin yedəklənməsi, müxtəlif təyinatlıq kiçik həcmli yüklərin daşınması üçün nəzərdə tutulmuşdur. “SLV-363” gəmiləri dizel yanacağı ilə təchiz edir. -Masallı Rayon Dövlət Arxivindən tələb edilmiş 24.10.2019-cu il tarixli 532 saylı arxiv arayışının verilməsinə əsas olan sənədlər- sabiq Şaumyan adına sovxozun əmr və əmək haqqı hesablaşma kitablarının surəti təqdim edilmiş, həmin sənədlərdən də görünür ki, İddiaçı işlədiyi müddətlərdə-1979-cu ilin iyun, iyul, avqust, 1980-cı ilin iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr və 1981-ci ilin yanvar, fevral, mart, aprel aylarında, ümumilikdə 1 il 2 ay əmək haqqı almışdır. -Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinin 01 yanvar 2020-ci il tarixli, **********2 saylı məktubunun surətindən görünür ki, iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, idarəyə təqdim olunmuş 20 avqust 1983-cü il tarixli İT-İ ******* nömrəli əmək kitabçasında işlədiyi vəzifələrin üzən heyətə aid-olub-olmaması barədə hər hansı məlumat qeyd edilməmişdir. Bundan başqa onun 01 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az təşkil etmişdir. Qeyd olunanları nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Birinci instansiya məhkəməsi cavabdehin imtinasını qanuni və əsaslı hesab etməyərək iddia tələbinin təmin edilməli olması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mahiyyət etibarı ilə düzgün hüquqi qənaətə gəldiyini hesab etmiş və öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində qeyd edilir ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 01 avqust 1999-cu il tarixinə olan redaksiyasına görə 13-cü maddəsində müəyyən olunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli Qanunun 1-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddədə nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Qanunvericiliyin sözügedən müddəalarının tətbiqi ilə bağlı olaraq məhkəmə kollegiyası qeyd edir ki, sözügedən normaların tələblərindən göründüyü kimi, iddiaçıya 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün onun 01.01.2006-cı il tarixədək 25 ildən çox ümumi iş stajı olmalı və bundan 12 il 6 aydan çoxunu Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısında nəzərdə tutulan peşə və ya vəzifədə işləməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 23.2-ci maddəsinə görə 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərkən, onun hərbi xidmət illəri də sosial sığorta stajına da daxil edilməlidir. Belə ki, iddiaçının hərbi xidmət keçərkən qüvvədə olan Dövlət pensiyalarının təyini və ödənilməsi” Qaydalarının 109-cu bəndinə əsasən keçmiş SSRİ Silahlı Qüvvələrində hərbi xidmət iş stajına aid edilməlidir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanunun 67-ci maddəsinin v) bəndinə əsasən də hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2- ci maddəsinə əsasən də 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. İş materiallarında olan iddiaçıya məxsus hərbi biletin surətindən görünür ki, iddiaçı 03 may 1981- ci il tarixdən 27 may 1983-cü il tarixədək hərbi xidmətdən keçmişdir. Odur ki, qeyd edilən bu illər, yəni 2 il 24 gün təşkil edən xidmət illəri, iddiaçının sosial sığorta stajına əlavə edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» təsdiq edilmişdir. İstinad edilən siyahıda hər bir istehsalat, işlər, peşələr və vəzifələr müvafiq qaydada bölmələr və kodlar üzrə təsnifatlaşdırılmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 17 nömrəli 11 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsassən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə -Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin Qaydaların 3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi, qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər. Məhkəmə kollegiyası qeyd edir ki, mövcud "Qaydalar" "Əmək pensiyası haqqında” Qanun qüvvəyə minən günədək sığortaolunanların iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Lakin, dəqiqləşdirici arayışa o halda ehtiyac yaranır ki, xalq təsərrüfatının ayrı-ayrı sahələri üzrə imtiyazlı pensiya və ya xidmət illərinə görə pensiya hüququnu müəyyən etmək üçün lazım olan faktlar barədə tam məlumat əmək kitabçasında olmasın. Beləliklə, mövcud "Qaydalar" "Əmək pensiyası haqqında” Qanun qüvvəyə minən günədək sığortaolunanların iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-cı il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1 -ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3cü bəndinə əsasən ış stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»nda nəqliyyat bölməsində dəniz və çay donanması bəndində 23003010 kod altında üzən heyət- Dəniz, çay donanmasının və balıqçılıq sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olunmaqla)” güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşə iş kimi nəzərə alınmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin mübahisələndirdiyi məsələyə "xxxx" QSC tərəfindən 12 noyabr 2020-ci il tarixdə verilmiş arayışında aydınlıq gətirilərək müəyyən olunmuşdur ki, iddiaçının 09.08.1983-15.01.2004- cü il tarixinə kimi işlədiyi (20 il 5 ay 6 gün) sahələr güzəştli sahəyə- üzən heyətə aiddir. Həmçinin, iddiaçının sovxozda işlədiyi və əmək haqqı aldığı 1 il 2 ay, hərbi xidmət dövrü 2 il 24 gün və peşəsi üzrə işlədiyi müddət nəzərə alınmaqla 01.01.2006-cı ilədək pensiya təyininə imkan verən ümumi stajı 25 ildən (25 il 07 ay 12 gün) çoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, müvafiq dövr üzrə iş stajı arxiv arayışında, həmçinin, İddiaçı məxsus əmək kitabçasında əksini tapmışdır və həmin əmək kitabçasında göstərilən müvafiq qeydlər onların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən sübuta yetirilmədiyindən, mötəbər hesab olunur. Nəzərə alınmalıdır ki, inzibati icraatda ərizəçinin (yəni iddiaçının) üzərinə əmək kitabçasındakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması vəzifəsi qoyula bilməz. Bu, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinin tələblərinə zidd sayılır. Bundan başqa nəzərə alınmalıdır ki, əmək qanunvericiliyinin yuxarıda sadalanan normaları mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq bütün qurumlarda işləmiş sığortaolunanlara əmək pensiyası hesablanarkən onun işlədiyi və əmək kitabçasında öz əksini tapmış hər hansı işin müddətini də nəzərdə tutur. Beləliklə, iddiaçıya pensiya hüququ yarandığı 20.12.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli olması barədə birinci instansiya məhkəməsi qanunu və əsaslı nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı onu da qeyd edir ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («inzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə) Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-617/2021 saylı, 27 yanvar 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar