Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1417/2022 28.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “20 ildən artıq 9 il 2 ay əlavə xidmət illərinin hər ili 3 faiz – cəmi 79,83 faiz götürülməklə əmək pensiyasının yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X3 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Ayşəm Lehsan qızı Əliyevanın katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “20 ildən artıq 9 il 2 ay əlavə xidmət illərinin hər ili 3 faiz – cəmi 79,83 faiz götürülməklə əmək pensiyasının yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-6202/2021 saylı 28 dekabr 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 28 sentyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1965-ci il təvəllüdlüdür. DSMF-nin verdiyi DGK000572 nömrəli vəsiqənin təsdiq olunmuş surətindən və pensiyaçının uçot vərəqinin surətindən görünür ki, İddiaçı xx.xx.2018-ci ildən hesablanmaqla ömürlük 1581,97 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı pensiya məbləğinin yenidən hesablanması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən tələbinin təmin olunmasından imtina edilmişdir. Belə ki, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış **********1 saylı xx.xx.2021ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. İddiaçıya qanunvericiliyin qeyd olunan tələblərinə uyğunluq barədə müvafiq sənədləri varsa, qeydiyyatda olduğu ərazi üzrə Fondun rayon (şəhər) filialına müraciət etməsi tövsiyə olunmuşdur. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “əmək pensiyasının yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin verilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbini dəqiqləşdirərək “20 ildən artıq 9 il 2 ay əlavə xidmət illərinin hər ili 3 faiz – cəmi 79,83 faiz və sonuncu vəzifə maaşının 850 manat olması əsas götürülməklə (əvvəlki artımlar nəzərə alınmaqla) əmək pensiyasının yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin ödənilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin dəqiqləşmə ərizəsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 3 dekabr 2018-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin əmri ilə gömrük orqanlarında xidmət illəri nəzərə alınmaqla pensiyaya çıxmışdır. Dövlət Sosial Müdafiə Fonduna göndərilən sənədlərdə ümumi iş stajı 30 il 7 ay göstərilmiş, gömrük orqanlarında xidmət illəri əsas götürülməklə ona 4 dekabr 2018-ci il tarixdən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə əsasən əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 dekabr 2019-cu il tarixli 470 saylı qərarına əsasən aylıq vəzifə maaşlarının artımı ilə əlaqədar əmək pensiyası yenidən hesablanaraq 2.406,62 manat olmuşdur. "xxxx" ASC-dən aldığı arayışa əsasən 2020-ci ilin fevral – sentyabr aylarında pensiya kartına stabil olaraq 2.406,62 manat əmək pensiyası köçürülsə də, sonradan 2020-ci ilin oktyabr ayından hazırkı tarixədək əmək pensiyası 190,77 azalmışdır. Bu barədə dəfələrlə yazılı şəkildə etdiyi müraciətlər araşdırılmamış, yalnız bir dəfə «Əmək pensiyaları haqqında» Qanunun 37.3.1-ci maddəsinə istinad edilməklə cavab verilmişdir. Həmin istinada əsasən onun (iddiaçının) əmək pensiyasının məbləğində azalma yox, artım olmalı idi. Belə ki, iddiaçı 8 aprel 2019cu il tarixdən 8 iyul 2019-cu il tarixədək Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin rəis müavini vəzifəsində işləmiş və bu zaman əmək pensiyasının verilməsi dayandırılmış, işlədiyi aylarda DSMF-yə köçürülmüş əlavə vəsaitlər hesabına əmək pensiyasında artım olmuş və 2020-ci ilin sentyabr ayında bu nəzərə alınmışdır. Müraciətdə ona təyin edilən əmək pensiyasının iştirakı ilə yenidən hesablanması, həmçinin pensiyanın 190,77 manat azalmasının səbəbləri barədə məlumat verilməsini xahiş etsə də, hər hansı cavab verilməmişdir. İlkin əmək pensiyası təyin edilərkən səhv olaraq 2017-ci il iyulun 1dən qüvvəyə minmiş «Əmək pensiyaları haqqında» Qanunda dəyişiklik edilməsi barədə 10 mart 2017-ci il tarixli 543-VQD saylı Qanunun 20.14.1-ci maddəsinə istinad edilmiş, 20 ildən yuxarı hərbi xidmətin hər ili üçün müvafiq təminat xərcliyinin – 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə – 3 faizi) miqdarında əlavə olunmaqla hesablanmışdır. Belə ki, gömrük orqanlarında 20 xidmət ilindən 10 il 7 ay əlavə illərin hesablanmasında yanlışlığa yol verilmişdir. Pensiya təyin edilərkən 10 il 7 ay xidmət illəri bütövlükdə 2 faizə vurulmaqla hesablanılmışdır. Əslində, 10 il 7 ay əlavə xidmət illərindən 1 iyul 2017-ci il tarixdən sonrakı xidmət illəri, yəni 1 il 5 ay xidmət illəri çıxılmaqla əvvəlki xidmət illəri, yəni 9 il 2 ay xidmət illəri 3 faizə, 1 il 5 ay xidmət illəri isə 2 faizə vurulmaqla dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə pensiya təyin edilməli idi. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən sonradan bu səhv aradan qaldırılmış, qeyd olunan Qanun qüvvəyə minənədək dövr üçün 3 faiz əlavələr bərpa olunmuş və pensiya məbləğində artım olmuşdur. 2020-ci ilin oktyabr ayından etibarən əmək pensiyası 3 faiz əlavələr yenidən qanunsuz olaraq 2 faizlə əvəz olunduğundan, iddiaçının əmək pensiyasında 190,77 manat məbləğində azalma olmuşdur. Onun əmək pensiyası kartına 2020 – 2021-ci il ərzində köçürülən vəsaitlərlə bağlı məlumat verilməsi üçün "xxxx" ASC-yə 29 mart 2021-ci il tarixdə müraciət olunmuş, 31 mart 2021-ci il tarixli cavab məktubunda 15 yanvar 2021-ci il tarixdən 15 mart 2021-ci il tarixədək pensiya kartına hər ay 2.215,85 manat olmaqla vəsait köçürüldüyü qeyd olunmuşdur. "xxxx" ASC-nin Yasamal rayon filialına etdiyi şifahi müraciət əsasında 2019-cu ilin mart ayından 2021-ci ilin mart ayına pensiya kartı üzrə çıxarış verilmiş, 2020-ci ilin fevral – sentyabr aylarında pensiya kartına 2.406,62 manat köçürüldüyü qeyd olunmuşdur. «Əmək pensiyaları haqqında» Qanunda dəyişiklik edilməsi barədə 10 mart 2017-ci il tarixli 543-VQD saylı Qanun 2017-ci ilin iyulun 1-dən qüvvəyə minmişdir. Azərbaycan Respublikasınin Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində göstərilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər. Mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. 2020ci ilin oktyabr ayından etibarən əmək pensiyasının hər təqvim ayı üzrə 190,77 manat azalmasının səbəbləri barədə məlumat verilməsi ilə bağlı Dövlət Sosial Müdafiə Fonduna ünvanlanmış müraciətlər araşdırılmamışdır. 2020-ci ilin oktyabr ayından 2021-ci ilin aprel ayı da daxil olmaqla hər ay 190,77 manat olmaqla, 1.335,39 manat real ziyan vurulmuşdur. Göstərilənlərə əsaslanaraq, sonuncu bütün artımlar nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və 2020-ci ilin oktyabr ayından etibarən ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək bildirmişdir ki, iddia ərizəsində qeyd olunduğu kimi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən Dövlət Sosial Müdafiə Fonduna göndərilən sənədlərdə cəmi xidmət müddəti 30 il 7 ay 2 gün göstərilməklə 4 dekabr 2018-ci il tarixdən «Əmək pensiyaları haqqında» Qanunun 20.14.1-ci maddəsinə əsasən əmək pensiyası təyin edilmiş, əmək pensiyası hesablanarkən «Əmək pensiyaları haqqında» Qanunda dəyişiklik edilməsi barədə 10 mart 2017-ci il tarixli 543-VQD saylı Qanunun 20.14.1-ci maddəsinə istinad edilmiş, 20 ildən yuxan hərbi xidmətin hər ili üçün müvafiq təminat xərcliyinin – 2 faizi miqdarında əlavə olunmaqla hesablanmışdır. İddiaçının 12 iyul 2021-ci il tarixli müraciətinə cavab olaraq Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 11 avqust 2021-ci il tarixli **********7 saylı məktubunun 4-cü bəndində təminat xərcliyinin qanunamüvafiq qaydada (50 + 27 + 2 + 0.83 + 79,83 faiz) hesablanıldığı göstərilsə də, sonradan Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 saylı Fərmanına istinad etməklə 20 ildən artıq xidmət müddətinin hər ili üçün 2 faiz hesablanıldığı göstərilmişdir. Azərbaycan Respublikasmin Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində göstərilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Qeyd olunan məktubda göstərilənlər Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı Azərbaycan Respublikasının Konstitusiyasını deyil, qanun qüvvəli aktı əldə rəhbər tutmaqla pensiya təyin edilməsi və yenidən hesablanılmasında səhvə yol vermişdir. «Əmək pensiyaları haqqında» Qanunda dəyişiklik edilməsi barədə 10 mart 2017-ci il tarixli 543-VQD saylı Qanun 2017-ci ilin iyulun 1-dən qüvvəyə minmişdir. 01 iyul 2017-ci il tarixinədək 20 ildən yuxarı 9 il 2 ay əlavə xidmət illərimin hər ili 3 faizə vurulmaqla cəmi 27,16 faiz, 1 iyul 2017-ci il tarixindən sonrakı 1 il 5 ay 2 gün əlavə xidmət illəri isə, 2 faizə vurulmaqla cəmi 2.83 faiz – cəmi 29,99 faiz hesablanılmalıdır. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın yuxarıda qeyd olunan cavab məktubunda 1 yanvar 2020-ci il tarixdən iddiaçının sonuncu xidmət keçdiyi orqan, yəni Dövlət Gömrük Komitəsi tərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifə maaşlarının məbləğlərinə əsasən sonuncu xidmət keçdiyi vəzifəyə uyğun vəzifə maaşının 705 manat olduğu qeyd olunsa da, əvvəlki yazılı müraciətlərə məhəl qoyulmamışdır. Belə ki, AR Nazirlər Kabinetinin 10 dekabr 2019-cu il tarixli 470 saylı qərarına əsasən AR Dövlət Gömrük Komitəsinin büdcədən maliyyələşdirilən xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşlarının məbləği təsdiq edlmişdir – Ərazi Baş Gömrük İdarəsinin rəis müavini vəzifəsi üçün aylıq 850 manat vəzifə maaşı təsdiq olunmuşdur (705 manat aylıq vəzifə maaşı isə, yuxarıda qeyd olunan qərarla Ərazi Baş Gömrük İdarəsinin tərkibində İdarə rəisinin aylıq vəzifə maaşı təsdiq olunub). İddiaçı Cənub Ərazi Baş Gömrük İdarəsinin rəis müavini vəzifəsindən pensiyaya çıxdığından vəzifə maaşı 850 manat olmaqla pensiya məbləği yenidən hesablanılmalıdır. DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın yuxarıda qeyd olunan cavab məktubunda sonuncu xidmət keçdiyi vəzifə barədə göstərilən səhvlərin aradan qaldırılması üçün əmək kitabçasından çıxarışın notarial qaydada təsdiq olunmuş bir surəti yazılı şəkildə poçtla Mərkəzi Filiala göndərilmişdir, bir nüsxəsi isə məhkəməyə təqdim olunmuşdur. Qeyd olunalara əsasən 20 ildən artıq 9 il 2 ay əlavə xidmət illərinin hər ili 3 faizə vurulmaqla cəmi 79,83 faiz, sonuncu vəzifə maaşının 850 manat olduğu əsas götürülməklə (əvvəlki artımlar nəzərə alınmaqla) əmək pensiyasının yenidən hesablanması, həmçinin əvvəlki illərdə ödənilməli olan, lakin ödənilməmiş pensiya məbləğlərinin ödənilməsinə dair iddia tələbinin təmin edilməsi məhkəmədən xahiş olunur. Cavabdehin etirazları: İş üzrə cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, İddiaçı iddiası əsassız olduğundan, rədd edilməlidir. İddiaçı 23 avqust 2021-ci il tarixdə Mərkəzi Filiala ərizə ilə müraciət etmişdir. «Əmək pensiyaları haqqında» Qanunun 20.14.1-ci maddəsinə uyğun olaraq, hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 2 faizi (Müdafiə Nazirliyi sistemində xidmət edən şəxslər üzrə isə 3 faizi) miqdarında müəyyən edilməklə əmək pensiyası hesablanır. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən təqdim olunmuş 4 dekabr 2018-ci il tarixli məlumat vərəqəsinə əsasən Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya 4 dekabr 2018-ci il tarixindən «Əmək pensiyaları haqqında» Qanunun 20.14.1-ci maddəsinin tələblərinə uyğun qaydada 30 il 7 ay 2 gün xidmət müddəti üçün təminat xərcliyinin (2.222,80 manat) 71,17 faizi – 1.581,97 manat məbləğində hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Dövlət Sosial Müdafiə Fondunun müvafiq tapşırığına uyğun olaraq 2017-ci ilin 1 iyul tarixinədək 20 təqvim ili və daha çox hərbi xidmətdə olmuş şəxslər xidmətdən tərxis olunduqdan sonra onların əmək pensiyasının aşağıdakı qaydada müəyyən edilməklə hesablanması nəzərdə tutulur: 1 iyul 2017-ci il tarixədək 20 təqvim ilindən çox xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin hər ili üçün müvafiq təminat xərcliyinin 3 faizi məbləğində; - 1 iyul 2017-ci il tarixdən sonrakı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün isə müvafiq təminat xərcliyinin 2 faizi məbləğində. İddiaçının xidmət etdiyi orqandan 3 dekabr 2018-ci il tarixdə tərxis olunması ilə əlaqədar DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala təqdim olunmuş ona dair məlumat vərəqəsində təqvimi xidmət illəri 28 il 2 ay 10 gün, ali təhsili 2 il 4 ay 22 gün müddətindən ibarət olmaqla cəmi xidmət müddəti 30 il 7 ay 2 gün göstərilmişdir. Bu halda əmək pensiyası 2020-ci ilin yanvar ayında aşağıdakı qaydada hesablanmışdır: 1) Təqvim illəri üzrə (ali təhsil ilə birlikdə) stajından 1 iyul 2017-ci il tarixdən 3 dekabr 2018-ci il tarixədək olan dövr ərzindəki staj (1 il 5 ay 2 gün) çıxılır: 30 il 7 ay 2 gün (təqvim ili) -1 il 5 ay 2 gün = 29 il 2 ay. Bununla da iddiaçının 1 iyul 2017-ci il tarixədək stajı ümumilikdə 29 il 2 ay təşkil edir; 2) 1 iyul 2017-ci il tarixədək qazanılmış pensiya hüququna münasibətdə - 20 il üçün təminat xərcliyinin 50 faizi; - 9 il üçün (aylar nəzərə alınmadan) - hər ilə görə 3 faizi miqdarında olmaqla (9 x 3) təminat xərcliyinin 27 faizi; 3) 1 iyul 2017-ci il tarixdən 3 dekabr 2018-ci il tarixədək dövr (1 il 5 ay 2 gün) üçün isə, - 1 ilə görə təminat xərcliyinin 2 faizi miqdarında; 5 aya görə təminat xərcliyinin 0,83 faizi miqdarında müəyyən edilir. 4) Əmək pensiyasının ümumi məbləği tərxis olunduğu günə müəyyən olunmuş təminat xərcliyinin (2.222,80 manat) 79,83 (50 + 27 + 2 + 0,83) faizi – 1.774,46 manat məbləğində hesablanmışdır. 1 sentyabr 2019-cu il tarixdən sonuncu xidmət etdiyi orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifə və rütbə maaşlarının məbləğlərinə əsasən əmək pensiyası 1.850,18 manat hesablanmışdır. 1 yanvar 2020-ci il tarixdən sonuncu xidmət etdiyi orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifə maaşlarının məbləğlərinə əsasən sonuncu xidmət keçdiyi vəzifəsinə uyğun vəzifə maaşı 705,00 manat, rütbə maaşı 159,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 40 faizi miqdarında əlavəsi - 345,60 manat, digər növ əlavəsi -1.601,40 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 32,00 manat olmaqla cəmi təminat xərcliyi 2.843,00 manat təşkil etmişdir. «Əmək pensiyaları haqqında» AR Qanununun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikası Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmana əsasən əmək pensiyası təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun 20.14.1-ci mgddəsində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər il (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla aşağıdakı kimi hesablanır: - 20 il xidmət müddətinə görə təminat xərcliyinin 50 faizi; - 20 ildən artıq xidmət müddətinin (10 il) hər ili üçün 2 faiz tətbiq edilməklə (10 x 2) təminat xərcliyinin 20 faizi; natamam ildəki iş stajı aylarının sayına (7 ay) mütənasib olaraq təminat xərcliyinin faizi. Əmək pensiyasının müəyyən edilməsi üçün təminat xərcliyinin artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 71,17 faiz təşkil edir. Qeyd olunanları nəzərə alaraq, 1 sentyabr 2019-cu il tarixinədək olan təminat xərcliyi (2.222,80 manat) ilə 1 yanvar 2020-ci il tarixindən sonrakı təminat xərcliyi (2.843,00 manat) arasındakı fərq məbləğinin (620,20 manat) 71,17 faizi - 441,40 manat 1 sentyabr 2019-cu il tarixinədək olan pensiyasının (1.774,46 manat) üzərinə əlavə olunmaqla 2.215,85 manat məbləğində əmək pensiyası müəyyən edilməklə müvafiq kart hesabına köçürülür. Qeyd olunanlara əsasən əmək pensiyası üzrə keçmiş dövr üçün hesablanmış 1.907,70 manat fərq məbləğinin 1.526,16 manat hissəsi 1 yanvar 2020-ci il tarixdən 31 avqust 2020-ci il tarixədək olan dövr ərzində hər ay 190,77 manat pensiyanın (2.215,85 manat) üzərinə əlavə olmaqla, qalan 381,54 manat hissəsi isə 2020-ci ilin sentyabr ayında pensiyasının (2.215,85 manat) üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülmüşdür. Əmək pensiyasından hər hansı növ tutulma həyata keçirilməmişdir. AR Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş «Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları»nın 3-cü bəndinə əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən tərtib olunur və əmək pensiyasının təyin edilməsi üçün DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edilir. Sözügedən Qaydaların 4-cü bəndinə görə əmək pensiyalarının yenidən hesablanması məqsədilə təminat xərcliyində baş verən artımlar barədə məlumatlar da həmin orqanlar tərəfindən Mərkəzi Filiala göndərilməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6202/2021 saylı 28 dekabr 2021-ci il tarixli qərarı ilə iddia tələbinin qismən təmin edilərək, İddiaçı sonuncu aldığı 850 manat vəzifə maaşı (əvvəlki artımlar nəzərə alınmaqla) əsas götürülməklə yaşa görə əmək pensiyasının yenidən hesablanması və əmək pensiyasının yenidən hesablanması üzrə keçmiş dövr üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın qismən ləğv olunması və 20 ildən artıq 9 il 2 ay əlavə xidmət illərinin hər ilinin 3 faizə vurulmaqla, cəmi 79,83 faiz əsas götürülməklə pensiyanın yenidən hesablanması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarı ilə 20 ildən artıq 9 il 2 ay (01 iyul 2017-ci ilədək müddət) əlavə xidmət illərinin hər ilinin 3 faizə vurulmaqla, cəmi 79,83 faiz əsas götürülməklə pensiyanın yenidən hesablanmasına dair tələbi təmin edilmədiyindən sözügedən qərarın maddi hüquq normalarının pozulması şəraitində çıxarıldığı, mövcud inzibati işin hallarına uyğun gəlmədiyi qənaətində olmaqla qərarı əsassız, qanuna zidd və qeyri-obyektiv hesab edir. 2020-ci ilin fevral-sentyabr aylarında pensiya məbləğinin artaraq 2406,62 manat, sonradan 2020-ci ilin oktyabr ayından hazırki müddətə kimi pensiya məbləğinin 190,77 manat azalaraq 2215,85 manat təyin edilməsinə əsas verən sənədlərin, həmçinin sonuncu xidmət keçdiyi vəzifə və həmin vəzifəyə uyğun aylıq vəzifə maaşının məbləği barədə Dövlət Gömrük Komitəsindən DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına daxil olmuş sonuncu məlumatların təqdim olunması üçün DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına sorğu göndərilməsi üçün 30 avqust 2021-ci il tarixdə məhkəməyə vəsatət versə də, belə sorğu verilməmiş, eyni zamanda Dövlət Gömrük Komitəsi tərəfindən sözügedən Filiala göndərilən sənədlər Filialı təmsil edən şəxslər tərəfindən məhkəməyə təqdim edilməmişdir. 12 iyul 2021-ci il tarixli müraciətinə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 11 avqust 2021-ci il tarixli **********7 saylı cavab məktubunun 4-cü bəndində təminat xərcliyinin qanunamüvafiq qaydada 50+27+2+0.83+79,83 faiz (burada 9 il 2 ay 3 faizə vurulmaqla hesablanmışdır) hesablanıldığı göstərilsə də, sonradan Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 saylı Fərmanına istinad edilməklə 20 ildən artıq xidmət müddətinin hər ili üçün 2 faiz – cəmi 71,17 faiz hesablanıldığı göstərilmişdir. Sözügedən məktubun məzmunundan görünür ki, xidmət etdiyi Dövlət Gömrük Komitəsi tərəfindən aidiyyəti məlumatların “məlumat vərəqəsi”ndə göstərildiyi sübut olunur – ilkin hesablama zamanı (50+27+2+0.83+79,83 faiz) qanunvericiliyin tələblərinə əməl edilmişdir. Məhkəmə qərar qəbul edərkən bu halları nəzərə almamışdır. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçı bu barədə lazımi qaydada xəbərdar olunsa da, məhkəmə iclasında iştirakını təmin etməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə iddiaçının iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə İddiaçı iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının qismən ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Hazırki işdə apellyasiya şikayəti iddiaçı tərəfindən verilib, məhkəmə qərarı iddianın təmin olunmayan hissəsində mübahisələndirildiyi üçün qərarın qanuniliyi və əsaslılığı məhz həmin hissədə yoxlanılır. Çünki cavabdeh inzibati orqan iddianın təmin olunduğu hissədə qərarı mübahisələndirməmişdir. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2021-ci il tarixdir. İddiaçı hazırki iddia ilə məhkəməyə xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası iddianın vaxtında verildiyini nəzərə alaraq hesab edir ki, iddia mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı tələbi “20 ildən artıq 9 il 2 ay əlavə xidmət illərinin hər ili 3 faiz – cəmi 79,83 faiz və sonuncu vəzifə maaşının 850 manat olması əsas götürülməklə (əvvəlki artımlar nəzərə alınmaqla) əmək pensiyasının yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin ödənilməsi” barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu onun tələbinin təmin olunmasından imtina etmişdir. Buna görə də iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası birinci instansiya məhkəməsi tərəfindən qismən təmin edilmişdir. Belə ki, birinci instansiya məhkəməsi mahiyyəti üzrə araşdırma apararaq, iddiaçının birinci tələbinin əsassız olduğu, ikinci və üçüncü tələblərinin əsaslı olduğu üçün cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının imtinasının qanuna zidd sayılması və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməsinə istinad edərək iddianın qismən təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının “iddianın təmin olunmadığı” hissəsi ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.2018-ci ildə ehtiyata buraxılmışdır. Cavabdehin xx.xx.2018-ci il tarixli qərarı ilə iddiaçıya xx.xx.2018-ci il tarixdən yaşa görə əmək pensiyası təyin olunmuşdur. İddiaçının əmək pensiyası onun barəsində tərtib olunmuş məlumat vərəqəsindəki məlumatlar əsasında 30 il 7 ay 2 gün xidmət müddəti üçün təminat xərcliyinin (2.222,80 manat) 71,17 faizi – 1.581,97 manat məbləğində hesablanmışdır. İddiaçı cavabdehin bu hesablaması ilə razılaşmayaraq hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. «Əmək pensiyaları haqqında» AR Qanununun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Həmin Qanunun 20.14-cü maddəsinə əsasən bu Qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.14.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin- 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə - 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin- 2 faizi müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faiz miqdarında əlavə olunmaqla. Həmin Qanunun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək bu Qanunun 20ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qeyd edilən normanın icrası olaraq Azərbaycan Respublikası Prezidentinin (xx.xx.2006-cı il tarixli 377 nömrəli Fərmanının 2.1-ci bəndinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 26.3-cü maddəsinin ikinci cümləsində nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir) 25 iyun 2018-ci il tarixli, 142 nömrəli Fərmanı ilə “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası” təsdiq edilmişdir. Həmin Qaydaların 1.1-ci bəndinə əsasən bu Qayda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 26.3-cü maddəsinə əsasən hazırlanmışdır və 2017-ci il iyulun 1-dək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə uyğun olaraq təyin edilmiş və ödənilməsi davam edən əmək pensiyalarına qulluq stajına görə əlavələrin Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydasını müəyyən edir. Həmin Qaydaların 1.2-ci bəndinə əsasən Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği əmək pensiyalarının sığorta hissəsi indeksləşdirildikdə və ya həmin şəxslərin işləmiş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (vəzifə maaşı, dövlət məvacibi, təminat xərcliyi – bundan sonra əmək haqqı) artırıldıqda yenidən hesablanır. Həmin Qaydaların 2.5-ci bəndinə əsasən qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslər üzrə (Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Aparatında, onun strukturuna daxil olan qurumlarda və strukturuna daxil olmayan qurumlarda, həmçinin tabeliyində olan qurumlarda xidmət edən şəxslər istisna olmaqla) həmin Qanunun 20.14.1ci və 20.14.4-cü maddələrinə əsasən hesablanmış (1 iyul 2017-ci il tarixinədək Qanunun qüvvədə olmuş normaları üzrə) əmək pensiyaları təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun müvafiq maddələrində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla hesablanır. Bu məbləğ təminat xərcliyindəki artımadək hesablanmış pensiyanın üzərinə əlavə olunaraq əmək pensiyasının yeni məbləği müəyyənləşdirilir. İş materiallarından görünür ki, iddiaçı xx.xx.2018-ci ildə ehtiyata buraxıldığı üçün həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanına əsasən onun əmək pensiyası təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun 20.14.1-ci maddəsində nəzərdə tutulan qaydada, yəni 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər il (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla aşağıdakı qaydada hesablanmışdır: - 20 il xidmət müddətinə görə təminat xərcliyinin 50 faizi; - 20 ildən artıq xidmət müddətinin (10 il) hər ili üçün 2 faiz tətbiq edilməklə (10 x 2) təminat xərcliyinin 20 faizi; - natamam ildəki iş stajı aylarının sayına (7 ay) mütənasib olaraq təminat xərcliyinin faizi- 1,17 faiz. Beləliklə, iddiaçının əmək pensiyasının müəyyən edilməsi üçün təminat xərcliyinin artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 71,17 faiz təşkil etmişdir. Lakin iddiaçı cavabdeh inzibati orqan tərəfindən aparılan hesablama ilə narazıdır və hesab edir ki, onun xx.xx.2017-ci il tarixdən əvvəlki illər üçün 20 ildən artıq 9 il 2 ay əlavə xidmət ilinin hər ili 3 faizə, xx.xx.2017-ci il tarixdən sonrakı xidmət illəri isə 2 faizə vurulmaqla, cəmi 79,83 faiz əsas götürülməklə pensiyası yenidən hesablanmalıdır. Məhkəmə kollegiyası bu barədə bir daha qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2018-ci il tarixli, 142 nömrəli fərmanı ilə təsdiq olunmuş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması” qaydasının 2.5-ci bəndində nəzərdə tutulmuşdu ki, 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütanasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 % miqdarında əlavə olunmaqla hesablanır. Bununla yanaşı, apellyasiya baxışı zamanı məlum oldu ki, birinci instansiya məhkəməsinin bu iş üzrə qəbul etdiyi qərarın “iddianın təmin edilməsi” ilə bağlı olan hissəsi qüvvəyə mindikdən sonra iddiaçının sonuncu xidmət etdiyi orqan tərəfindən iddiaçı barəsində yeni məlumat vərəqəsi işlənmiş və Mərkəzi Filiala təqdim olunmuşdur. Həmin məlumat vərəqəsindəki məlumatlara əsasən iddiaçının sonuncu xidmət keçdiyi vəzifəsinə uyğun vəzifə maaşının 850 manat, rütbə maaşının 159 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 40 faizi miqdarında əlavəsinin -403,60 manat, digər növ əlavəsinin - 1.601,40 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyasının 32,00 manat olmaqla, cəmi təminat xərcliyinin 3046 manat təşkil etdiyi göstərilmişdir. Həmin məlumat vərəqəsinə əsasən cavabdeh inzibati orqan tərəfindən iddiaçıya təyin olunmuş əmək pensiyasının yenidən hesablanması ilə bağlı xx.xx.2022-ci il tarixli qərar qəbul olunmuş və həmin qərara əsasən də təyin olunmuş pensiyanın məbləği 2360,34 manat məbləğində təşkil etmişdir. Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq iddiaçının sözügedən iddia tələbinin təmin olunmaması qənaətinə gəlmiş və buna görə də qərar mübahisələndirilən hissədə qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, həmin dəlillər bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız olduğu üçün qəbul edilmir və birinci instansiya məhkəməsinin qərarının mübahisələndirilən hissədə ləğv edilib, həmin hissədə iddianın təmin edilməsi üçün əsas yaratmır. İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İddiaçının “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edilməsi” barədə vəsatətinə gəldikdə isə həmin vəsatət belə müraciətin edilməsinə zərurətin olmaması, yəni qoyulan məsələnin həlli bu qərarın əsaslandırıcı hissəsində sadalanan maddi hüquq normalarının tələbi baxımından mümkün olduğundan təmin olunmamışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6202/2021 saylı 28 dekabr 2021-ci il tarixli qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6202/2021 saylı 28 dekabr 2021-ci il tarixli qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-1417/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1417/2022
28.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver