Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1418/2021 14.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X9 qızının katibliyi, Üçüncü şəxs X1 vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə və üçüncü şəxs X2 qarşı «cavabdehin 22 yanvar 1999-cu il tarixli 106 nömrəli sərəncamının ləğv edilməsi» tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1686/2021 saylı, 04 fevral 2021-ci il tarixli iddianın mümkün sayılmaması barədə qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə və üçüncü şəxs X2 qarşı cavabdehin 22 yanvar 1999- cu il tarixli 106 nömrəli sərəncamının etibarsız hesab edilməsi və həmin sərəncam əsasında verilmiş sənədlərin ləğv edilməsi tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Birinci instansiya məhkəməsində işin hazırlıq icraatında iddiaçı tərəf məhkəməyə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «cavabdehin 22 yanvar 1999-cu il tarixli 106 nömrəli sərəncamının ləğv edilməsi» kimi qəbul olunmasını xahiş etmiş, birinci instansiya məhkəməsi iddianın dəyişdirilməsini qəbul etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Suraxanı RİH başçısının 9 dekabr 1998- ci il tarixli 2164 saylı Sərəncamına əsasən ev fərdi yaşayış evi tikmək üçün Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsinin qərb hissəsində 600 kv.m torpaq sahəsi ayrılmışdır. İddiaçı qeyd olunan torpaq sahəsində fərdi yaşayış evi inşa etdirməklə ailə üzvləri ilə birgə yaşayır. Təxminən 2019-cu ilin sonlarında ona atası Bayraməli Həsənov torpaq sahəsinə və evə dair dövlət reyestrindən çıxarışı almamağı təklif etmişdir. Müraciət etdikdən sonra məlum olmuşdur ki, 9 dekabr 1998-ci il tarixdə ayrılmış 600 ha torpaq sahəsi və inşa edilən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya deyil, paylı mülkiyyət hüququ əsasında ona, qardaşı Samir Həsənova və atası Bayraməli Həsənova məxsusdur. İddiaçı məsələ ilə əlaqədar çıxarışın verilməsinə səbəb olan sənədlər barədə araşdırmalara başlamışdır. Məlum olmuşdur ki, guya o, icra hakimiyyətinə müraciət edərək, 9 dekabr 1998-ci il tarixli 2164 saylı sərəncam əsasında ayrılmış 600 kv.m torpaq sahəsinin atası X1 adma keçirilməsini xahiş etmiş və buna dair onların qarşılıqlı razılaşması vardır. Cavabdeh Bakı şəhəri Suraxanı RİH ona verilən sərəncamı ləğv edərək, üçüncü şəxs olan X1 adına 22 dekabr 1999-cu il tarixli 106 saylı sərəncam vermişdir. Bayraməli Həsənov da saxta yolla əldə etdiyi sərəncam əsasında ona (iddiaçıya) məxsus olan torpaq sahəsini və üzərində inşa etdiyi fərdi yaşayış evini paylı mülkiyyət hüququ əsasında reyestrdə qeydə aldırmışdır. İddiaçı tərəfindən ona ayrılmış torpaq sahəsinin atası Bayraməli Həsənovun adına rəsmiləşdirilməsinə dair razılaşma olmamışdır. Hazırda Bakı şəhəri Suraxanı RİH başçısının 22 yanvar 1999-cu il tarixli 106 saylı sərəncamının etibarsız hesab edilməsini və onun əsasında verilmiş sənədlərin ləğv edilməsini məhkəmədən kənar həll olunmadığı üçün, məhkəməyə müraciət etməli olmuşdur. Yuxarıda sadalananlara əsaslanaraq və İPM-in 45-46-cı maddələrini rəhbər tutaraq, cavabdeh Bakı şəhəri Suraxanı RİH-in 22 yanvar 1999-cu il tarixli 106 nömrəli sərəncamının etibarsız hesab edilməsi və həmin sərəncam əsasında verilmiş bütün sənədlərin ləğv edilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunmuşdur. Birinci instansiya məhkəməsində icraat zamanı üçüncü şəxs X1 nümayəndəsi (vəkili) məhkəməyə “iddianın mümkün sayılmaması barədə” vəsatət təqdim edərək bildirmişdir ki, hazırki iddia üzrə iddiaçının tələbi 2 hissədən ibarət olmaqla, hər iki tələb cavabdeh Bakı şəhəri Suraxanı RİH-ə qarşı yönəlmişdir. Halbuki, iddia tələbinin 2-ci hissəsi qeyrimüəyyən olmaqla, mübahisəli sərəncam əsasında verilmiş bütün sənədlərin nədən ibarət olması iddia ərizəsində göstərilməmiş, ümumiyyətlə həmin tələbə cavabdehin cavab verməli olub-olmaması iddia ərizəsində əsaslandırılmamışdır. Bu səbəbli iddia tələbi həmin hissədə mümkün sayıla bilməz. Bundan əlavə, İPM-in 2.2.1 və 38.-ci maddələrinin tələblərinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə şəxs hüquq və vəzifələrinə müdaxilə olunan inzibati aktın etibarsızlığını deyil, yalnız ləğv olunması və ya dəyişdirilməsi barədə iddia irəli sürə bilər ki, mübahisələndirilən inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddət ötürülmüş olmasın. Məhkəməyə təqdim olunmuş 5 avqust 2018-ci il tarixli bağışlama müqaviləsindən göründüyü kimi, mübahisə predmeti olan torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında X2 məxsus olmuş, o, həmin müqavilə ilə həmin əmlakın bir hissəsini Samir Həsənova və hazırki iş üzrə iddiaçıya hədiyyə etmişdir. Sonuncular həmin əmlakı hədiyyə kimi qəbul etmələrinə dair 5 avqust 2018-ci il tarixli bağışlama müqaviləsinə imza atmış və öz razılıqlarını bildirmişlər. Göründüyü kimi, İddiaçı iddia ərizəsində mübahisələndirdiyi sərəncamdan, mübahisə predmeti olan torpaq sahəsi və fərdi yaşayış evinin atasının tam mülkiyyətində olmasından 2019-cu ildə məlumatlı olduğunu göstərsə də, 5 avqust 2018-ci il tarixli bağışlama müqaviləsi bunu təkzib etməkdədir. Belə ki, həmin müqavilədən də göründüyü kimi, müqavilənin imzalandığı 5 avqust 2018-ci il tarixdə İddiaçı həmin torpaq sahəsi və fərdi yaşayış evinin üçüncü şəxs X1 mülkiyyətində olmasından məlumatlı olmuş, hətta sonuncunun mülkiyyət hüququna etiraz etmədən onun mülkiyyətinin bir hissəsini hədiyyə kimi qəbul etmişdir. Hesab edilir ki, iddiaçı həmin torpaq sahəsinin atasının istifadəsinə ayrılmasına hər hansı razılığı olmadığı halda, o, müvafiq hədiyyənin qəbulundan imtina etməli, məhz həmin zaman hazırki iddianı irəli sürməli idi. Belə məlum olur ki, İddiaçı 5 avqust 2018-ci il tarixdə mübahisə predmeti olan sərəncamdan, mübahisəli torpaq sahəsi və fərdi yaşayış evinin üçüncü şəxsin mülkiyyətində olmasından məlumatlı olmasına baxmayaraq, qanunla müəyyən edilmiş müddət ərzində hazırki iddianı irəli sürməmiş, nəticədə sözügedən inzibati aktın mübahisələndirilməsi üçün nəzərdə tutulmuş 30 günlük müddət ötürülmüşdür. Göstərilənlərə və İPM-in 35-ci maddəsinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli qərarının 1-ci, 2.3-cü, 10.1-ci bəndlərinə əsaslanaraq, iddianın mümkün sayılmaması barədə qərardad çıxarılması məhkəmədən xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 04 fevral 2021-ci il tarixli 2-1(112)-1686/2021 saylı qərardadı ilə İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə və üçüncü şəxs X2 qarşı «cavabdehin 22 yanvar 1999-cu il tarixli 106 nömrəli sərəncamının ləğv edilməsi» tələbinə dair iddiası mümkün sayılmamış və qərardad onunla əsaslandırılmışdır ki, iddiaçı qanunla müəyyən edilmiş qaydada məhkəməyə şikayət vermə müddətini ötürmüşdür. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verib birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmiş və apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, 2020-ci ilin iyun ayının 16-dək torpaq sahəsinə aid olan sərəncamın saxta yolla atasının adına sənədləşdirilməsindən məlumatı olmamış, bağışlama müqaviləsi bağlanan zaman torpaq sahəsinin kimin adına olması mübahisələndirilməmiş və bağışlama müqaviləsinin surəti ona təqdim edilməmişdir. Ona görə də hesab edir ki, məhkəmə tamamilə əsassız nəticəyə gəlmişdir. İş üzrə iddiaçıya və cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, iddiaçı məhkəməyə gəlməmiş, cavabdeh isə öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq məhkəmə iclasına gəlməyən iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X1 vəkili Vəkil izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etdi. İşin faktiki hallarından görünür ki, Bakı şəhəri Suraxanı RİH başçısının 9 dekabr 1998- ci il tarixli 2164 saylı Sərəncamına əsasən ev fərdi yaşayış evi tikmək üçün İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsinin qərb hissəsində 600 kv.m torpaq sahəsi ayrılmış və ona ayrılmış sahədə İ85-000-İİİC saylı bir tipli layihə əsasında fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Bakı şəhəri Suraxanı RİH-in 22 yanvar 1999-cu il tarixdə aşaöıdakı məzmunda 106 nömrəli sərəncam vermişdir: - (1-ci bənd) Bakı şəhəri Suraxanı RİH-in 9 dekabr 1998-ci il tarixli 2164 nömrəli sərəncamının 1-ci bəndində dəyişiklik aparılsın və həmin bənd “Oğlu İddiaçı Zığ qəsəbəsinin qərb hissəsində 600 kv.m ayrılmış torpaq sahəsinin atası X2 ayrılmasına icazə verilsin.” kimi oxunsun; - (2-ci bənd) Bakı şəhəri Suraxanı RİH-in 9 dekabr 1998-ci il tarixli 2164 nömrəli sərəncamının 2-ci bəndi “X7 ayrılmış sahədə 185-000-111C nömrəli birtipli fərdi yaşayış evinin tikintisinə icazə verilsin. Kürsülük 2m müəyyən edilsin.”. İş materiallarında olan DƏDRX tərəfindən verilmiş RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın surətindən görünür ki, daşınmaz əmlakın dövlət reyestrində Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsinin qərb hissəsində yerləşən 0,054 ha ölçüdə torpaq sahəsinə X1 mülkiyyət hüquqları 17 noyabr 2016-cı il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan 5 avqust 2018-ci il tarixli notarial qaydada rəsmiləşdirilmiş “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nin surətindən görünür ki, həmin müqavilə əsasında “hədiyyə verən” X3 ünvan 1 ünvanındakı mülkiyyətində olan 0,054 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 305,5 kv.m olan fərdi yaşayış evinin tam mülkiyyət üzrə ona məxsus hissəsindən aşağıda göstərilən hissəni “hədiyyə alanlar” qismində X4 və İddiaçı mülkiyyətlərinə vermişdir: - tam hissədən 2-ci mərtəbə, “A” yaşayış evi, ümumi sahəsi 119,8 kv.m – X5; - tam hissədən 1-ci mərtə bə, “A” yaşayış evi, ümumi sahəsi 118,6 kv.m – İddiaçı. İş materiallarında olan DƏDRX tərəfindən verilmiş ********** qeydiyyat nömrəli və **********60 reyestr nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın surətindən görünür ki, ünvan 2 ünvanındakı 0,0540 ha torpaq sahəsində yerləşən 305,5 kv.m ölçüsü olan fərdi yaşayış evi paylı mülkiyyət hüququ ilə X2 (A tikilisinin yarımzirzəmi mərtəbəsi, ü/s - 67,1 kv.m və torpaq sahəsi), X5 (A tikilisinin 2-ci mərtəbəsi, ü/s – 119,8 kv.m) və İddiaçı məxsusdir. Adıçəkilən şəxslərin mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində 2018-ci ildə qeydiyyata alınmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə ilə razılaşır və öz mövqeyini aşağıdakı kimi əsaslandırır. Azərbaycan Respublikası İPM-in 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. «Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 10 iyun 2011-ci il tarixli 143-İVQD nömrəli Qanunu ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26-29-cu və 38-ci fəsilləri çıxarılmışdır. Həmin dəyişiklik qüvvəyə minənədək AR Mülki Prosessual Məcəlləsinin 27-ci fəslinin 296.1-ci və 298-ci maddələrinin tələbləri aşağıdakı kimi olmuşdur: - (maddə 296.1) maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər; - (maddə 298) şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 22 yanvar 2000-ci il tarixli 265 nömrəli Fərmanının 2.3-cü bəndinə görə həmin Məcəllənin 296.1-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini nazirliklər, digər mərkəzi və yerli icra hakimiyyəti orqanları həyata keçirirlər. İşin araşdırılan hallarından göründüyü kimi, hazırda İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı RİH-in 22 yanvar 1999-cu il tarixli 106 nömrəli sərəncamının ləğv olunmasını tələb edir və onun tələbi İPM-in 2.2.1-ci maddəsi üzrə “mübahsələndirmə haqqında” iddiaya aiddir. Nəzərə alınmalıdır ki, müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarəetmə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti AR Mülki Prosessual Məcəlləsinin 2011-ci ilin iyun ayının 10-dək qüvvədə olmuş 298-ci maddəsi ilə, 1 yanvar 2011-ci il tarixdən isə “mübahisələndirmə haqqında” iddialar üzrə İPM-in 38.1-ci maddəsi ilə tənzimlənir. Azərbaycan Respublikası İPM qüvvəyə minənədək, yəni 2011-ci ilin yanvar ayının 1dək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət olunma müddəti həmin (1 yanvar 2011-ci il) tarixədək ötürülmüşdürsə, bu aktlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Çünki, İPM-in müddəaları onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilmə imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Məhkəmə kollegiyası qeyd edir ki, işin araşdırılan hallarından da göründüyü kimi, İddiaçı mübahisələndirilən inzibati akt kimi 22 yanvar 1999-cu il tarixli sərəncamdan əvvəllər məlumatlı olduğu halda, o, iddianı MPM-in 298-ci maddəsi üzrə müəyyən edilmiş müddəti buraxmaqla qaldırmışdır. Lakin məhkəmə icraatında cavabdeh və ya üçüncü şəxs tərəfindən iddiaçının 22 yanvar 1999-cu il tarixli sərəncamdan həmin ərəfədə məlumatlı olmasını təsdiqləyən hər hansı sübut, dəlil təqdim olunmadığından, onun 2011-ci il 1 yanvar tarixinədək iddia müddətini buraxması qənaəti yaranmır. İddiaçının mübahisələndirdiyi 22 yanvar 1999-cu il tarixli sərəncamdan 2011-ci ilin yanvar ayının 1dən sonra konkret hansı tarixdə məlumatlı olması məsələsinə gəldikdə isə, işdə surətləri olan “reyestrdən çıxarış”lar və “bağışlanma müqaviləsi”ndə əks olunanlar belə nəticəyə gəlməyə əsas verir ki, o, 5 avqust 2018-ci il tarixdə artıq həmin inzibati akt barədə məlumatlı olmuşdur. Çünki, hazırkı İddiaçı da imzalayan tərəf kimi çıxış etdiyi 5 avqust 2018-ci il tarixli “bağışlanma müqaviləsi”nin müddəalarında müvafiq torpaq sahəsinin və onun üzərindəki tikilinin X1 mülkiyyətində olması dəqiq göstərilmişdir. Hazırkı iddia ərizəsi ilə məhkəməyə 2020-ci ilin sentyabr ayında müraciət olduğunu (poçt zərfinin qeydinə görə 8 sentyabr 2020-ci il tarixdə poçt xidmətinə təqdim olunmuş, 10 sentyabr 2020-ci il tarixdə isə məhkəməyə daxil olmuşdur) nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı hazırkı iddianı “iddia müddəti”ni buraxmaqla qaldırmışdır. İddia müddəti 1 ildən artıq müddət buraxıldığından və İPM-in 24.4-cü maddəsində göstərilən hallarla (təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla) bağlı iddiaçının hər hansı dəlil olmadığından, “buraxılmış prosessual müddətin bərpası” ilə bağlı iddiaçıya İPM-in 13-cü maddəsi üzrə tövsiyə verilməsi məqsədəuyğun deyildir. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı məhkəmə qərardadı ilə razılaşmasa da, qərardadın əsassız olmasını sübuta yetirə bilməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslı deyildir və məhkəmə qərardadının ləğvi üçün əsas təşkil etmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1686/2021 saylı, 04 fevral 2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90. və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1686/2021 saylı, 04 fevral 2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan, qərardadın təqdim edildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1418/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1418/2021
14.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver