Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1418/2022 29.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə qarşı “mənəvi zərərə görə təzminat ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X8 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, X5-Yusiflinin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə qarşı “dəymiş mənəvi zərərə görə təzminatın ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9196/2021 saylı 20 dekabr 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 29 yanvar 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İmişli rayon İcra Hakimiyyəti başçısının şəhid X1 adının əbədiləşdirilməsi haqqında 83 saylı 03 iyun 1996-cı il tarixii sərəncamından görünür ki, Qaravəlli kənd sakini 26 yanvar 1994-cü ildə torpaqlarımızın bütövlüyü uyğunda qəhrəmancasına öz canını qurban verib şəhidliyə qovuşan X1 adı “Tarix və diyarşünaslıq” muzeyinə verilməklə əbədiləşdirilməsi, İmişli şəhər üzrə RİHB-nin nümayəndəsi və muzeyin rəhbərliyinə tapşırılsın ki, İmişli şəhər “Tarix və diyarşünaslıq” muzeyinin qarşısında ad göstərən lövhənin asılmasına və digər təşkilati tədbirlərin yerinə yetirilməsinin təmin edilməsi qərara alınmış, əsas kimi rayon icra hakimiyyətinin “Yerlərə ad verilməsi və adların əbədiləşdirilməsi komissiyası”nın 23 aprel 1996-cı il tarixli qərarı götürülmüşdür. Sonradan iddiaçının deməsinə görə Mədəniyyət Nazirliyi monitorin adı altında İmişlidə olmuş, şəhidin yaxınlarına heç bir məlumat bildirmədən şəhidin qara mərmər üzərində olan foto lövhəsini söküb dağıdıblar. Bununla bağlı şəhidin qardaşı İddiaçı (iddiaçı) Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə bu hərəkətlərin edilməsinə görə təzminat tələbi ilə müraciət etmiş, lakin tələbi təmin olunmadığı üçün məhkəmədə iddia qaldırmışdır. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırmışdır ki, qardaşı X4 1994-cü ildə Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 1996-cı ildə İmişli rayon İcra Hakimiyyətinin 83 saylı sərəncamı ilə X6 Muzeyi şəhidin adına verilmiş və 1997-ci il 24 yanvarda İcra Hakimiyyəti tərəfindən muzeyin açılış tədbiri keçirilmişdir. Tədbirdə rayon icra hakimiyyətinin müavinləri, şöbə müdirləri, təhsil işçiləri, döyüş yoldaşları, hərbi komisarlığın nümayəndələri və çoxsaylı rayon ictimsiyyətinin nümayəndələri iştirak etmişdir. Bu faktı təsdiq edən videokasetlər və fotolar var. Sərəncama əsasən muzeyin girişində şəhidin qara mərmərdən foto lövhə və həyətdə daş piramida üzərində şəhidin adı yazılmış stend-plakat qoyulmuşdur. Mədəniyyət Nazirliyi monitorinq adı altında İmişlidə olmuş, şəhidin yaxınlarına heç bir məlumat bildirmədən, şəhidin qara mərmər üzərində olan foto lövhəsini söküb dağıdıblar. Mənəvi dəyərlər baxımından yanaşılsa, qara mərmərdə şəhidin fotosunun olması qara mərmər baş daşı ilə eyni tutula bilir. Belə olan halda, Mədəniyyət Nazirliyinin bu hərəkətini qanunsuz hesab edir. Təbii ki, lövhə sənədsiz və səbəbsiz muzeyin divarına vurula bilməzdi. Əgər bu monitorinqdirsə, lövhə 18 il divarda olub (təmir dövrləri nəzərə alınmaqla) niyə bu müddət ərzində sökülmürdü? Muzeyin divarından sökülən mərmərdə təkcə yazı olsa idi, yəni foto olmasa idi, ona bu o dərəcədə təsir etməzdi. Qara mərmərdə əgər foto var idisə, şəhidin yaxınlarına məlumat verilməli, götürülmə zərurəti varsa, onların iştirakı ilə götürülməli idi. Bu hərəkəti özlərinə utanc hesab edirlər, rayon camaatı arasında qınaq obyekti olublar, “yiyəsi niyə tədbir görmür” kimi ifadələr eşidirlər. Belə söz-söhbətlər isə onlara olduqca pis təsir edir. Sarsıntı keçirirlər, əsəb pozğunluğu yaradır. Hətta elə an olur ki, əsəbindən hara gəldi yumruq vurur, istər dəmir, divar, beton fərq etmir. Mədəniyyət Nazirliyinə və həmçinin lövhənin sökülməsində yaxından iştirak edən, hətta təşkilatçı kimi deyilən X2 dəfələrlə müraciət etmişdir. xx.xx.2021-ci il tarixində Mədəniyyət Nazirliyi Kürdəmir Regional İdarəsinin rəisi X10 danışıqlar aparmağa göndərib, Faiq Xudanlı onu İmişli mədəniyyət şöbəsinin müdiri Nazim Əzimovun otağına dəvət etdi, ona bildiriblər ki, muzey haqqında verilmiş 83 saylı sərəncamı imzalayan şəxs vəfat etdiyindən həmin sərəncam qüvvədən düşmüş sayılır. Bu günə qədər Mədəniyyət Nazirliyinə şəxsən nazir Anar Kərimova və digər şəxslərə olan onlarla müraciəti bu günə qədər cavabsızdır. Mədəniyyət Nazirliyi bir qurum olaraq Nazirlər Kabinetinin xx.xx.1994-cü il 10 saylı qərarının (5.2) və "Vətəndaşların müraciəti haqqında" Qanunun 16-cı maddəsinin tələblərini kobud surətdə pozmuşlar. Müraciətləri cavabsız qalmışdır. Mədəniyyət Nazirliyi foto lövhəni dağıdandan sonra belə onlara sökülmə və sökülmənin səbəbi barədə heç bir məlumat verilməyib. Amma bilməli idilər ki, həmin qara mərmər foto lövhə 1997-ci ildə İmişli rayon İcra Hakimiyyətinin 83 saylı 1996-cı il tarixli sərəncamına əsasən İcra Hakimiyyəti tərəfindən vurulub. Mədəniyyət Nazirliyi onun müraciətində qoyulan sual və tələblərə cavab vermək əvəzinə öz səlahiyyətində olmayan digər qurumların cavablarına bənzər aydın olmayan şablon cavab kimi qəbul ediləsi bir dəfə cavab vermişdir. Onun Mədəniyyət Nazirliyinə dəfələrlə müraciəti ondan ibarət idi ki, sökülməli olduğu halda şəhidin yaxınlarına məlumat verilməməsinin səbəbi nə ilə bağlıdır. Cavabdehin etirazları: İş üzrə cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2018-ci il tarixli 119 nömrəli Fərmanı ilə təsdiq edilmiş Əsasnamə ilə fəaliyyət göstərir. Nazirliyin bütün fəaliyyət istiqamətləri, hüquq və vəzifələri həmin Əsasnamədə nəzərdə tutulmuşdur. Adıçəkilən Əsasnaməyə əsasən iddiaçının iddia ərizəsində qeyd etdiyi şəhid adının əbədiləşdirilməsi ilə bağlı müəssisələrə şəhid adının verilməsinin və digər tədbirlər görülməsinin Nazirlik tərəfindən həyata keçirilməsi qeyri-mümkündür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 nömrəli Qərarı ilə təsdiq olunmuş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 3.1.2-ci maddəsinə əsasən Azərbaycanın Milli Qəhrəmanı olan, habelə vətən uğrunda döyüşlərə görə azı iki ordenlə təltif olunan şəhid adlarının küçələrə, meydanlara, təşkilatlara, müəssisələrə, hərbi və mülki gəmilərə verilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti qarşısında vəsatət qaldırılması yerli icra hakimiyyətlərinin həyata keçirdiyi tədbirlərə aiddir. Həmçinin "Görkəmli şəxsiyyətlərin, xalq, vətən, dövlət qarşısında xidmətləri olan şəxslərin və şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üzrə Komissiyanın yaradılması haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 aprel 2019-cu il tarixli 137 nömrəli Qərarının 2-ci maddəsinə əsasən dövlət müəssisələrinin, təşkilatlarının, idarələrinin və digər obyektlərin adlarının dəyişdirilməsi, onlara görkəmli şəxsiyyətlərin, xalq, vətən, dövlət qarşısında xidmətləri olan şəxslərin və şəhidlərin adlarının verilməsi ilə əlaqədar daxil olmuş təkliflər və Azərbaycan Respublikasının Nazirlər Kabineti qarşısında qaldırılmış vəsatətlər Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının aidiyyəti şöbələri tərəfindən araşdırılır və nəticəsi barədə arayışla birlikdə baxılması üçün Komissiyaya təqdim edilir. İddiaçı iddia ərizəsində qeyd etdiyi kimi şəhidin qara mərmər üzərində olan foto lövhəsinin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən sökülüb dağıdırlması və beləliklə də iddiaçıya mənəvi zərərin vurulması ilə bağlı ifadələri həqiqəri əks etdirmir. Belə ki, şəhid Bəhmən Abuzərovun qara mərmər üzərində olan foto lövhəsi sökülüb dağıdılmamış, əksinə şəhidin adına X6 Muzeyində xüsusi guşə mövcuddur və hal-hazırda şəhidin qara mərmər üzərində olan foto lövhəsi muzeydə mühafizə olunur. İddiaçının iddia ərizəsində ona mənəvi zərər vurulması, “el qınağına” məruz qalması və bu kimi ifadələr qeyd etsə də, qardaşı şəhid Bəhmən Abuzərovun adına adıçəkilən muzeydə xüsusi guşə olmasından xəbərsizdir və bu da onu sübut edir ki, iddiaçının həqiqətdə marağında olan məsələ qardaşı şəhid Bəhmən Abuzərova hörmət edilməsi və ya öz ifadəsi ilə qeyd etdikdə “yiyəsi tərəfindən tədbir görmək” deyil. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və (və ya) Nazirliyin strukturuna daxil olan və strukturuna daxil olmayan tabeliyindəki qurumların heç biri tərəfindən şəhid Bəhmən Abuzərovun xatirəsinə hörmətsizlik edilməmiş, əksinə səlahiyyətləri daxilində şəhidin xatirəsinin mühafizəsi üçün X6 Muzeyində xüsusi tədbirlər həyata keçirmişdir. İddiaçının iddia ərizəsindən belə nəticəyə gəlmək mümkündür ki, iddiaçı həqiqəti əks etdirməyən məlumatlarla və şəhid adından istifadə edərək əsassız olaraq dövlət büdcəsindən maddi vəsait əldə etmək niyyətindədir. O cümlədən, bildirilir ki, vətəndaş İddiaçı iddia ərizəsində qeyd etdiyi mövzu ilə bağlı müraciəti 31 mart 2021-ci il tarixli 11/06-670 nömrəli məktubla cavablandırılmışdır, həmçinin qeyd olunan müraciətlə əlaqədar X3 İdarəsinin rəisi tərəfindən qəbul edilmiş və ona ətraflı izahat verilmişdir, lakin adıçəkilən şəxs həmin görüş zamanı da maddi tələblər irəli sürmüşdür, bu hal da iddiaçının müraciətlərinin cavablandırılmaması ilə bağlı olan hissədə də iddiasının əsassız olduğuna dəlalət edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9196/2021 saylı 20 dekabr 2021-ci il tarixli qərarı ilə iddianın qismən təmin edilərək, mənəvi təzminatın əvəzi olaraq cavabdeh Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyindən 2000 manatın tutularaq İddiaçı ödənilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmış ki, məhkəmə işə baxarkən maddi və prosessual hüquq normalarının tətbiq edilməsində kobud pozuntulara yol vermiş, bu hal isə özlüyündə məhkəmənin düzgün olmayan nəticəyə gəlməsinə səbəb olmuşdur. İlk növbədə birinci instansiya məhkəməsi tərəfindən yol verilmiş çox ciddi prosessual pozuntu -məhkəmə aidiyyətinin pozulması qeyd olunmalıdır. Məhkəmənin mövqeyi əsassızdır. Mübahisə predmeti İmişli şəhər “Tarix və diyarşünaslıq” muzeyinin qarşısında ad göstərən lövhə ilə əlaqədar cavabdeh dövlət orqanı hər-hansı inzibati akt qəbul etməmişdir. İddia tələbinin hüquqi təbiətindən onun inzibati xarakterli deyil, mülki xarakterli olduğu aydın görünür. Bu səbəbdən də ilk növbədə hesab edirik ki, birinci instansiya məhkəməsinin qərarı ilk növbədə prosessual pozuntuya yol verilməsi əsası ilə ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Digər tərəfdən, iddia bütövlükdə əsassız olduğu halda, məhkəmə onu qismən təmin etməklə, maddi hüquq normalarının kobud pozuntusuna yol vermişdir. Qeyd olunmalıdır ki, cavabdeh dövlət orqanı mübahisə predmeti ad göstərən lövhəni nə iddia ərizəsində göstərilən kimi söküb-dağıtmamış, nə də birinci instansiya məhkəməsinin qeyd etdiyi kimi götürməmiş, sözügedən lövhənin sadəcə yeri dəyişdirilmişdir. X6 Muzeyində şəhid X1 xatirə guşəsinin yaradılması və muzeyin girişində şəhidin qara mərmərdən foto lövhəsinin yerləşdirilməsi cavabdeh dövlət orqanının şəhidimizə hörmətinin bariz nümunəsidir. Qeyd olunan guşə və lövhə hazırda da muzeyin girişində mühafizə edilməkdədir. Bununla belə, cavabdeh dövlət orqanı mübahisə predmeti məsələnin həssas münasibətləri əhatə etməsi ilə əlaqədar şəhid Bəhmən Abuzərovun xatirə guşəsini və ad göstərən lövhəni bugünədək öz hesabına saxlamış və hazırda da X6 Muzeyinin girişində mühafizə etməkdədir. Beləliklə, X6 Muzeyində şəhid X1 xatirə guşəsinin yaradılması və muzeyin girişində şəhidin qara mərmərdən foto lövhəsinin yerləşdirilməsi yalnız X6 Muzeyinin, o cümlədən cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü əsasında həyata keçirilmişdir. Birinci instansiya məhkəməsinin özünün də qeyd etdiyi kimi, yerli icra hakimiyyətinin buna səlahiyyəti olmadığı halda, şəhid X1 adının “Tarix və diyarşünaslıq” muzeyinə verilməklə əbədiləşdirilməsi və İmişli şəhər “Tarix və diyarşünaslıq” muzeyinin qarşısında ad göstərən lövhədə asılması barədə müvafiq sərəncam qəbul etmiş, həmin sərəncamın cavabdeh dövlət orqanı üçün heç bir məcburedici qüvvəsi olmasa da, şəhidə ehtiram əlaməti olaraq sərəncamda qeyd olunanlar yerinə yetirilmişdir. Lakin bu heç bir halda sözügedən Sərəncamın cavabdeh üçün məcburi olduğu anlamına gəlməməlidir. Bu səbəbdən də, cavabdeh öz təşəbbüsü ilə şəhidin adına vurulmuş mərmər lövhənin yerini dəyişdirməkdə də sərbəstdir. Həmin hərəkət tam qanuni olmaqla, onun hər hansı fiziki şəxslərlə razılaşdırılmaması şəhidin ailə üzvlərinin mənəvi sarsıntı və s. keçirməsinə də əsas ola bilməz. Çünki burada cavabdeh tərəfindən edilən hər-hansı neqativ hərəkət deyil, əksinə eroziyaya uğramış lövhəni təmir etməklə, yerinin dəyişdirilməsindən, şəhidin adına muzeyin daxilində yaradılmış guşəyə əlavə edilməsindən ibarət olmuşdur. Eyni zamanda, sözügedən yerdəyişmə 2015-ci ildə həyata keçirilmiş, aradan keçən uzun müddət ərzində iddiaçı mənəvi zərər tələbinə dair məhkəmədə iddia qaldırmamış, bu hal isə iddianın əsaslılığına ciddi şübhələr doğurur. Həmin müddət ərzində iddiaçı müalicə alması və s. obyektiv səbəblərə görə məhkəmədə iddia qaldırmamasına dair hər-hansı sübut təqdim etməmişdir. Aydın məsələdir ki, lövhənin yerinin dəyişdirilməsi iddiaçının qeyd etdiyi kimi onun sarsıntı keçirməsinə, əsəb pozğunluğu yaranmasına səbəb olsaydı, iddiaçı hazırki iddianın qaldırılması üçün 5 il gözləməzdi. Göründüyü kimi, iddia ərizəsində qeyd olunan halların iddiaçı tərəfindən sübut edilməməsinə, habelə bununla bağlı hər hansı sənəd (tibbi arayış və s.) təqdim edilməməsinə baxmayaraq, məhkəmə əsassız olaraq iddianın qismən təmin olunması qənaətinə gəlmiş, həmin mövqeyini isə heç bir maddi hüquq norması ilə əsaslandırmamış, nəticədə kobud pozuntuya yol vermişdir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X11 apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Hazırki işdə apellyasiya şikayəti cavabdeh inzibati orqan tərəfindən verildiyi üçün məhkəmə qərarının qanuniliyi və əsaslılığı iddianın təmin edildiyi hissədə yoxlanılır. Çünki iddiaçı iddia tələbinin təmin edilmədiyi hissədə məhkəmə qərarını mübahisələndirməmişdir. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırki iş üzrə iddia mənəvi ziyanın ödənilməsi ilə bağlı olub, həmin tələbin təmin olunmasından cavabdeh orqan məhkəmə icraatı dövründə imtina etdiyi üçün iddia mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə qarşı tələbi “X6 Muzeyinin divarından onun şəhid qardaşı X1 foto lövhəsinin sökülməsinə görə dəymiş mənəvi zərərlə bağlı 10000 manat təzminatın ödənilməsi” barədədir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddianın qismən təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edildiyi hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Əvvəla işin faktiki hallarına görə, iddiaçının qardaşı Bəhmən Abuzərov 1994-cü ildə Füzuli uğrunda gedən döyüşlərdə şəhid olmuş, İmişli rayon İcra Hakimiyyəti başçısının şəhid X1 adının əbədiləşdirilməsi haqqında 83 saylı 03 iyun 1996-cı il tarixii sərəncamı ilə X1 adı “Tarix və diyarşünaslıq” muzeyinə verilməklə əbədiləşdirilmiş, bu məqsədlə həmin muzeyin qarşısında ad göstərən lövhənin asılması qərara alınmışdır. Sonradan Mədəniyyət Nazirliyi tərəfindən 2015-ci ildə keçirilmiş monitorinq zamanı adı çəkilən muzeyin qarşısından şəhidin qara mərmər üzərində olan foto lövhəsi götürülmüşdür. Bununla razılaşmayan iddiaçı (şəhidin qardaşı) Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin bu hərəkəti nəticəsində sarsıntı keçirməsinə istinad edərək ona mənəvi ziyan ödənilməsini tələb edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nın 3.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı və Azərbaycanın Milli Qəhrəmanı olan, habelə vətən uğrunda döyüşlərə görə ordenlə təltif olunan şəhid adlarını küçələrə, meydanlara vermək, təşkilatlara, müəssisələrə, hərbi və mülki gəmilərə verilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti qarşısında vəsatət qaldırmaq yerli rayon (şəhər) icra hakimiyyəti orqanlarının səlahiyyətinə aid edilmişdir. “Görkəmli şəxsiyyətlərin, xalq, vətən, dövlət qarşısında xidmətləri olan şəxslərin və şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üzrə Komissiyanın yaradılması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 aprel 2019-cu il tarixli 137 nömrəli Qərarının 2-ci maddəsinə əsasən dövlət müəssisələrinin, təşkilatlarının, idarələrinin və digər obyektlərin adlarının dəyişdirilməsi, onlara görkəmli şəxsiyyətlərin, xalq, vətən, dövlət qarşısında xidmətləri olan şəxslərin və şəhidlərin adlarının verilməsi ilə əlaqədar daxil olmuş təkliflər və Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının aidiyyəti şöbələri tərəfindən araşdırılır və nəticəsi barədə arayışla birlikdə baxılması üçün Komissiyaya təqdim edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 1 may tarixli 128 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında mədəniyyət sahəsində dövlət monitorinqinin həyata keçirilməsi Qaydasının 1.2-ci bəndinə görə Azərbaycan Respublikasında mədəniyyət müəssisələrindən və mədəni sərvətlərdən istifadə etmək hüququ dövlət tərəfindən təmin edilir. Bu məqsədlə dövlət tərəfindən “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mədəniyyət sahəsində dövlət monitorinqi aparılır. Həmin Qaydanın 3.1-ci bəndinə əsasən Azərbaycan Respublikasında mədəniyyət sahəsində dövlət monitorinqi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi (bundan sonra - Nazirlik), tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi (bundan sonra - Agentlik), “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi (bundan sonra - İdarə) tərəfindən həyata keçirilir. Həmin Qaydanın 4-cü bəndinə əsasən mədəniyyət sahəsində dövlət monitorinqi mədəni sərvətlərin istifadəsinin və cari vəziyyətinin, mədəniyyət sənayesinin vəziyyətinin, mədəniyyət məhsullarının və xidmətlərinin kəmiyyətinin və keyfiyyətinin, maddi və qeyrimaddi mədəni irs obyektlərinin vəziyyətinə və istifadə qaydalarına riayət olunmasının, milli azlıqların, mədəni müxtəlifliklərinin vəziyyətinin, mədəniyyət sahələrində idarəetmə, kadr, maddi və texniki təchizatın cari vəziyyətinin, mədəniyyət sahəsində elm və təhsil müəssisələrində təhsil prosesinin və tədris proqramlarının müşahidələrindən ibarətdir. Həmin Qaydanın 8-ci bəndinə əsasən maddi və qeyri-maddi mədəni irs obyektlərinin vəziyyətinə və istifadə qaydalarına riayət olunmasının müşahidəsi zamanı aşağıdakı hallar qiymətləndirilir: 8.1.1. maddi və qeyri-maddi mədəni irs obyektlərinin sahiblərinə həmin obyektlərin mühafizəsini təmin etmək məqsədi ilə təminatların verilməsi; 8.1.2. maddi və qeyri-maddi mədəni irs obyektlərinin mühafizəsinin mədəniyyət sahəsində dövlət reyestri sistemi vasitəsilə təmin edilməsi; 8.1.3. nadir tarixi, arxeoloji, bədii, elmi, estetik dəyərlərə malik olan və Azərbaycan xalqı üçün xüsusi əhəmiyyət daşıyan maddi və qeyri-maddi mədəni irs obyektlərinin müəyyən edilməsi və qorunması. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 196 saylı xx.xx.2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sturukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”ndan görünür ki, X6 Müzeyi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan, lakin tabeliyində olan qurumdur. Hazırki işdən görünür ki, şəhid Bəhmən Abuzərovun adının əbədiləşdirilməsi məqsədilə X6 Müzeyinə şəhidin adının verilməsi barədə sərəncam verməkdə İmişli rayon İcra Hakimiyyəti başçısının səlahiyyəti olmamışdır. Belə ki, yuxarıda adı çəkilən Qaydaların tələbinə görə yerli icra hakimiyyəti orqanlarının müvafiq yerlərə şəhid adlarının verilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti qarşısında yalnız vəsatət qaldırmaq hüququ vardır. Digər tərəfdən, X6 Müzeyi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan qurumdur. Bununla bağlı adı çəkilən Qaydaların tələbinə görə Nazirlik mədəniyyət sahəsində tabeliyində olan qurumlarda monitorinqlər keçirməkdə səlahiyyətlidir. O ki qaldı cavabdehin keçirdiyi monitorinq nəticəsində şəhid Bəhmən Abuzərovun fotoşəkli olan qara lövhənin götürülməsi məsələsinə, əvvəla həmin qara lövhə cavabdeh inzibati orqan tərəfindən ümumiyyətlə götürülməmiş, həmin lövhənin sadəcə yeri dəyişdirilərək, Muzeyin girişində olan şəhidin xatirəsinə yaradılmış guşəyə keçirilmiş və bu barədə ayrıca inzibati aktın qəbul edilmədiyi işin mübahisəsiz halıdır. İşin mübahisəli halı onunla bağlıdır ki, iddiaçı qardaşı şəhid Bəhmən Abuzərovun fotokşəkli olan qara lövhəsinin adı çəkilən Muzeyin qarşısından sökülüb dağıdılaraq götürüldüyünü, bu qanunsuz hərəkət nəticəsində sarsıntı keçirdiyi üçün ona cavabdeh orqan tərəfindən mənəvi ziyanın ödənilməli olduğunu hesab edir. Cavabdeh isə həmin qara lövhənin götürülüb Muzeyin daxilində şəhidin adına olan guşəyə keçirildiyini, bununla bağlı Nazirliyin səlahiyyətli olduğunu və hər hansı qanunsuz hərəkətə yol vermədiyini, əksinə qara lövhənin yerinin dəyişdirilməsinin şəhidə dərin hörmət və ehtiramın nümunəsi olduğunu, belə yerdəyişmənin şahid ailəsi ilə razılaşdırılmamasının isə şəhidin ailə üzvlərinin mənəvi sarsıntı və s. keçirməsinə əsas ola bilmədiyini bildirir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.7-ci maddəsinə əsasən diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsindən ibarətdir. Həmin Qanunun 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Həmin Məcəllənin 73.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə, inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə və inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. Hazırki işdən görünür ki, cavabdeh inzibati orqan tərəfindən şəhid adına olan qara lövhənin Muzey qarşısından götürülüb Muzeyin içərisində olan guşəyə keçirilməsi ilə bağlı hər hansı inzibati akt qəbul edilməmişdir. Cavabdeh şəhidin foto lövhəsinin Muzeyin daxilinə keçirilməsini öz səlahiyyətləri çərçivəsində onun qiymətləndirmə azadlığına uyğun hesab edir. Məhkəmə kollegiyası cavabdeh orqanın mədəniyyət sahəsində monitorinqlər keçirməkdə səlahiyyətli olmasına istinadən hesab edir ki, onun Muzey qarşısında yerli icra hakimiyyəti orqanının buna hüququ olmadığı halda verdiyi sərəncam əsasında uzun illər asılmış fotolövhənin yerini dəyişdirərək, Muzeyin girişində şəhidin xatirəsinə yaradılmış guşəyə keçirməkdə də diskresion səlahiyyətli olmuşdur. Məhkəmə araşdırmaları zamanı iddiaçı şəhid Bəhmən Abuzərovun (iddiaçının qardaşının) mərmər üzərində olan foto lövhəsinin cavabdeh inzibati orqan tərəfindən sökülüb dağıdılması faktını sübuta yetirə bilməmişdir. Əksinə, məlum olmuşdur ki, həmin foto lövhə iddiaçının özünün də etiraf etdiyi kimi, Muzeyin daxilində şəhid adına yaradılmış guşəyə köçürülmüşdür. Bununla da iddiaçının iddia etdiyi kimi cavabdeh orqan tərəfindən hər hansı qanunsuz hərəkətə yol verildiyi, şəhidin adına olan foto lövhənin Muzeyin daxilindəki şəhidin adına olan guşəyə köçürülməsi ilə iddiaçının hər hansı hüququnun pozulduğu halı müəyyən olunmur. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, cavabdeh tərəfindən iddiaçının qardaşı şəhid Bəhmən Abuzərovun adına olan qara mərmərdən foto lövhənin Muzeyin daxilindəgiriş hissədə şəhidin adına olan guşəyə keçirilməsi məsələsinin şəhid ailəsi, o cümlədən iddiaçı ilə razılaşdırılmasını nəzərdə tutan qanun normaları mövcud deyildir. Belə olan halda həmin razılaşdırmanın aparılmaması özü-özlüyündə cavabdehin qanunsuz hərəkəti kimi qiymətləndirilə bilməz və bu hal şəhid ailəsinin, o cümlədən iddiaçının sarsıntı keçirməsi, ona mənəvi ziyan vurulması üçün heç bir əsas yaratmır. Odur ki, cavabdehin qanunsuz hərəkətlər etməsi, bunun nəticəsində iddiaçıya mənəvi ziyan vurması və bu zərərlə cavabdehin hərəkətləri arasında səbəbli əlaqə müəyyən edilmədiyi üçün iddia tələbi əsassızdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarının 7-ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Beləliklə, iddiaçı ona vurulmuş mənəvi zərərin ödənilməsini tələb etsə də, bu mənəvi zərərin nədə təzahür etməsini (cavabdeh tərəfindən onun şərəf və ləyaqətinin ləkələndiyini, hansı psixi, mənəvi sarsıntı keçirdiyini) məhkəmədə əsaslandıra bilməmişdir. Bununla da iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları nə əsaslandıra bilmiş, nə də bu barədə hər hansı sübutu məhkəməyə təqdim edə bilmişdir. Nəzərə alınmalıdır ki, iddiaçının iddia tələbinin əsası kimi çıxış edən “şəhidin adına olan foto lövhənin götürülməsi” halı məhkəmə araşdırmaları zamanı sübuta yetirilməmiş, müəyyən olunmuşdur ki, həmin foto lövhənin cavabdeh orqan tərəfindən yeri dəyişdirilmiş, hansı ki, həmin lövhənin Muzey qarşısında asılması ilə bağlı müvafiq icra hakimiyyətinin sərəncam verməkdə səlahiyyəti olmamış, lakin 20 ilə yaxın Muzey qarşısında olan lövhə dövlət vəsaiti hesabına saxlanılmış, sonradan 2015-ci ildə cavabdeh orqanın keçirdiyi monitorinqin nəticəsi olaraq inzibati orqanın diskresion səlahiyyətləri çərçivəsində onun yeri dəyişdirilmiş, iddiaçı isə həmin lövhənin ümumiyyətlə “götürülməsi”nə istinad etməklə onun sarsıntı keçirdiyini və ona mənəvi ziyan vurulduğunu iddia etsə də, bu barədə iddiasını məhkəmədə keçən müddət ərzində deyil, bundan 6 il keçdikdən sonra qaldırmışdır. Göstərilənlər onu deməyə əsas verir ki, iddiaçı iddiasını əsaslandırmaqda zəif mövqedən çıxış etdiyi üçün bu hal onun iddiasının təmin olunma ehtimalını zəiflədir. Apellyasiya şikayətinin “məhkəmə aidiyyətinin pozulması” ilə bağlı dəlilinə münasibətdə Kollegiya hesab edir ki, inzibati orqanların publik hüquq sahəsində həyata keçirdikləri fəaliyyət nəticəsində hərəkət və ya hərəkətsizlikləri fiziki və ya hüquqi şəxslər tərəfindən mübahisələndirilən olduğu üçün həmin fəaliyyət nəticəsində vurulmuş ziyan tələbi də inzibati məhkəmə icraatının predmetidir, hazırki işdə də iddiaçının tələb etdiyi mənəvi ziyan iddia olunan inzibati orqanın “qanunsuz” hərəkətlərinə söykəndiyindən həmin iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Apellyasiya şikayətinin “iddianın mümkün sayılmaması” barədə dəlilinə gəldikdə isə Kollegiya hesab edir ki, həmin dəlil də əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iddiaçının tələb etdiyi mənəvi ziyan cavabdeh inzibati orqanın müvafiq məsələ ilə bağlı inzibati aktı olmasa da, həyata keçirdiyi hərəkətlərin icrası ilə bağlı vurulduğu iddia olunduğu üçün həmin mənəvi ziyan tələbi inzibati məhkəmə icraatında mümkün iddiadır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbini bu qərarın əsaslandırıcı hissəsində göstərilən məsələləri yoxlamadan qismən təmin etməkdə düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9196/2021 saylı 20 dekabr 2021-ci il tarixli qərarı mübahisələndirilən- iddianın təmin edildiyi hissədə ləğv edilməli və həmin hissədə iddia rədd edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9196/2021 saylı 20 dekabr 2021-ci il tarixli qərarı mübahisələndirilən- iddianın təmin edildiyi hissədə ləğv edilsin. Həmin hissədə iddia təmin olunmasın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-1418/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1418/2022
29.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver