Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1418/2025 15.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X9 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X10 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X11, Üçüncü şəxs X4 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının Prezidenti X13 Komissiyasına qarşı (üçüncü şəxs qismində X8 cəlb olunmaqla) “qərarın ləğv olunması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli, 2-1(112)- 10048/2024 saylı qərardadından İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: Təsviri hissə: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının Prezidenti X13 Komissiyasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Prezidenti X13 Komissiyasının X6 Elmlər doktoru elmi dərəcəsinin verilməsinə dair xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və ya bu öhdəliyin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia ərizəsində göstərilmişdir ki, N.Tusi adına X1 doktorluq dissertasiyasına buraxılmış X4 dissertasiya işinin avtoreferatı iddiaçılar da daxil olmaqla mütəxəssislərin müzakirəsinə buraxılmışdı. İddiaçılar müvafiq rəylər yazıb çoxsaylı nöqsanları, qüsurları, səhvləri və həmin işin başdan-ayağa plagiat olmasını təsdiq edən sübutları, həmçinin çoxsaylı prosedur pozuntularını həm N.Tusi adına X2 nəzdində yaradılmış BED 3.05 X3, həm də Azərbaycan Respublikası Prezidenti X13 Komissiyasına rəsmi qaydada göndərmişdirlər. Lakin maraqlı tərəf kimi iddiaçıların çoxsaylı ərizə və şikayətləri nəzərə alınmamışdır. 2023-cü ilin iyun ayında X4 doktorluq dissertasiya işi Ali Attestasiya Komissiyası tərəfindən təsdiq edilmişdir. Lakin buna dair hər hansı rəsmi sübut yoxdur. “Elmi dərəcələrin verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələrin verilməsi qaydası haqqında” Əsasnamənin - 10.1-ci bəndinə görə Dissertasiya şuralarının qərarlarından iddiaçılar və digər maraqlı şəxslər həmin qərarların qəbul edildiyi tarixdən iki ay müddətində Komissiyaya şikayət verə bilərlər. Ona görə də xx.xx.2023-cü il tarixdə Azərpoçt vasitəsilə iddiaçılar - İddiaçı1 və İddiaçı2 tərəfindən müddəti ötürməyərək Azərbaycan Respublikası Prezidenti X13 Komissiyasına (AAK) şikayət ərizəsi göndərilmişdir. İddiaçılar AAK-a şikayət edərək X5 əsassız olaraq verilmiş elmlər doktoru elmi dərəcəsinin ləğv edilməsini əsaslandırılmış qaydada xahiş etmişdirlər. Lakin cavabdeh Ali Attestasiya Komissiyası edilən rəsmi müraciətlə bağlı iddiaçılara uzun müddət (səkkiz ay) cavab verməmişdir. Dəfələrlə AAK-a telefonla zənglər edilsə də, müraciətə məhəl qoyulmamışdır. Bu isə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarının cavabdeh Ali Attestasiya Komissiyası tərəfindən kobud surətdə pozulduğunun göstəricisidir. Ali Attestasiya Komissiyasının iddiaçıya göndərdiyi 27 mart 2024-cti il tarixli, 3- 50/2-M-4-171/2024 saylı rəsmi cavabında yazılmışdır ki, Fizika və Astronomiya üzrə Ekspert Şurasının tövsiyyələri nəzərə alınaraq AAK-ın Rəyasət Heyətinin xx.xx.2023-ci il tarixli qərarı ilə X6 astronomiya elmi üzrə elmlər doktoru elmi dərəcəsi verilmişdir. Cavabdeh Ali Attestasiya Komissiyasının bu qərarının iddiaçılara verildiyi 28 mart 2024-cü il tarixdən maraqlı tərəf kimi qanunla müəyyən edilmiş qaydada iki ay müddətində - yəni 28 may 2024-cti il tarixinədək onların məhkəməyə şikayət etmək hüququ yaranmışdır. Lakin 28 may tarixi qeyri-iş günü olduğundan 29 may 2024-ci il tarixi məhkəməyə sonuncu müraciətetmə müddətidir. İddiaçılar hesab edirlər ki, prosessual müddət ötürülmüşsə, bu üzrlü hesab olunaraq bərpa edilməlidir. Çünki, cavabdeh Ali Attestasiya Komissiyası iddiaçılara ünvanladığı rəsmi şikayətinə 8 (səkkiz) aydan sonra və özü də bununla bağlı Bakı İnzibati Məhkəməsinə şikayət etdikdən sonra cavab vermişdir. Qeyd olunanlara əsasən iddiaçılar iddia tələbinin təmin edilməsini xahiş etmişdilər. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə hazırki iş üzrə X8 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin 10.2-ci bəndinin tələblərinə müvafiq olaraq Komissiyanın elmi dərəcələr verilməsi, nostrifikasiya və təkrar attestasiya, elmi dərəcədən məhrumetmə (elmi dərəcənin bərpası) ilə bağlı qərarlarından iddiaçılar və digər maraqlı şəxslər həmin qərarların qəbul edildiyi tarixdən iki ay müddətində Komissiyaya və ya məhkəməyə şikayət verə bilərlər. Əsasnamənin müvafiq bəndində də qeyd edilmişdir ki, şikayəti iddiaçılar və digər maraqlı şəxslər edə bilər. Azərbaycan Respublikasının “İnzibati icraat haqqında” Qanununun 2.0.3-cü maddəsinə əsasən maraqlı şəxs dedikdə inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxs anlaşılır. Vətəndaşların iddia ərizələrindən də aşkar şəkildə görmək mümkündür ki, X5 elmlər doktoru elmi dərəcəsi verilməsində iddiaçılar İddiaçı2 və İddiaçı1 hüquqlarına və maraqlarına birbaşa təsir etmir və təsir edə bilməz. Bunun nəticəsində həmin şəxslərin maraqlı şəxslər kimi qeyd olunması mümkünsüzdür. Eyni zamanda bildirilir ki, Azərbaycan Respublikasının Prezidenti X13 Komissiyasının iddiaçı X5 elmi dərəcənin verilməsi barədə qəbul etdiyi qərar onun diskresion səlahiyyətləri çərçivəsində qəbul olunmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.7ci maddəsinə əsasən diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi kimi təsbit edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati icraat qaydasında baxılır. Həmin Məcəllənin 73.3.1-ci maddəsinə əsasən məhkəmə, bir qayda olaraq, inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. Həmin Məcəllənin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Yuxarıda qeyd olunanlarla yanaşı bir daha qeyd olunur ki, müvafiq Əsasnamənin 10.2-ci bəndinə müvafiq olaraq Komissiyanın elmi dərəcələr verilməsi ilə bağlı qərarlarından iddiaçılar və digər maraqlı şəxslər həmin qərarların qəbul edildiyi tarixdən iki ay müddətində Komissiyaya və ya məhkəməyə şikayət verə bilərlər. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinin tələbinə görə elmi dərəcələr ilə bağlı inzibati aktlara münasibətdə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Lakin göründüyü kimi iddiaçılar X7 xx.xx.2023-cü il tarixli qərarını məhkəmə qaydasında yuxarıda qeyd olunan iddia müddəti keçdikdən sonra mübahisələndirmişdilər. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 64.1-ci maddəsinin tələbində nəzərdə tutulur ki, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Göründüyü kimi, iddiaçı tərəfindən İnzibati Prosessual Məcəllənin 38.2-ci maddəsi ilə müəyyən olunan iddia müddəti (məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər) buraxılmışdır. Belə olan halda, İnzibati Prosessual Məcəllənin 22.2-ci maddəsinin tələbi baxımından Mülki Prosessual Məcəllənin 130.1-ci maddəsinin tələbinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin maddə üzrə inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavab) şikayətçiyə təqdim edilənədək dayandırılır. “Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2009-cu il tarixli 177 nömrəli Fərmanına əsasən 38.3-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti, “qurum” dedikdə Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, dövlətə məxsus olan hüquqi şəxslərin apellyasiya şuraları nəzərdə tutulur. Qeyd olunanlar nəzərə alınmaqla iddia müddətinin axımının dayandırılması üçün heç bir əsas müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. Üçüncü şəxs tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək qeyd edilmişdir ki, iddia ərizəsində qaldırılan məsələ qeyri-qanunidir. Ona görə ki, elmi dərəcələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələrin verilməsi qaydası haqqında” Əsasnamənin 10.1-ci bəndinə görə Dissertasiya Şuralarının qərarlarından iddiaçılar və maraqlı şəxslər həmin qərarların qəbul edildiyi tarixdən iki ay müddətində Komissiyaya şikayət verə bilərlər. İddiaçı2 və İddiaçı1 maraqlı şəxslər olmadıqları üçün və eləcə də onlar iki ay prosesual müddəti ötürdüklərinə görə onların iddialarının hüquqi əsası yoxdur. Qeyd olunanlara əsasən üçüncü şəxs iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli, 2-1(112)-10048/2024 saylı qərardadı ilə (hakim A.Abdullayeva) iddia mümkün sayılmamışdır. İddiaçı2 apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 10048/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilərək, iddia ərizəsinin mümkünlüyünə dair yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələrin verilməsi qaydası haqqında” Əsasnamənin 10.1-ci bəndinə görə Dissertasiya şuralarının qərarlarından iddiaçılar və digər maraqlı şəxslər həmin qərarların qəbul edildiyi tarixdən iki ay müddətində Komissiyaya şikayət verə bilərlər. İddiaçılar bu işdə maraqlı şəxs kimi müddəti ötürmədən Ali Attestasiya Komissiyasına şikayət etdilər, səhvləri, ciddi qüsurları və plagiatları göstərdilər. Lakin cavabdeh Ali Attestasiya Komissiyası müraciətləri ilə bağlı onlara uzun müddət (səkkiz ay) cavab vermədi. Dəfələrlə AAK-a telefonla zənglər etsələr də, müraciətlərə məhəl qoyulmadı. Cavabdeh Ali Attestasiya Komissiyası heç bir halda onlara cavab vermədiyinə və sonradan isə onları özlərinə yaxın buraxmadıqlarına görə məcbur olub 26 fevral 2024-cü il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət etdilər. Elektron nüsxələrini iş materiallarına daxil etdiyi Azərbaycan Respublikası Prezidenti X13 Komissiyası tərəfindən Bakı İnzibati Məhkəməsinə göndərilmiş 19 mart 2024-cü il tarixli, 3-50/2-113/2024 saylı etirazdan və ona əlavə edilmiş çoxsaylı məktublaşmalardan və daha sonra cavabdeh tərəfindən iddiaçı f.ü.f.d., dosent, İddiaçı2 xx.xx.2024-cü il tarixdə göndərilmiş 27 mart 2024-cü il tarixli, 3- 50/2-M4-171/2024 saylı rəsmi aktdan görünür ki, cavabdeh Ali Attestasiya Komissiyası məhz onlar məhkəməyə müraciət etdikdən sonra – təxminən 8 ay əvvəl xx.xx.2023-cü il tarixdə Azərpoçt vasitəsilə onlara göndərdiyi şikayətlərinə cavab olaraq rəsmi aktı onlara göndərmiş oldu. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10048/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadında yazılanların hamısı əsassız fikirlərdir. Əslində onların bu iddia tələbi Azərbaycan Dövlətinin maraqlarına xidmət edir. Belə savadsız şəxslərə, başqalarının elmi nəticələrini oğurlayıb öz adına çıxan şəxslərə yalandan yüksək elmi dərəcələr verməklə Azərbaycan Xalqı və Dövləti heç nə qazana bilməz. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X11 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X8 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, İddiaçı1 məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçı2 elektron kabinet vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçıların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 5.1-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Həmin qərarın 5.2-ci bəndinə əsasən bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. İşin faktiki hallarına əsasən müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti X13 Komissiyasının Rəyasət Heyətinin 23 iyun 2023-cü il tarixli qərarına əsasən X6 astronomiya elmi üzrə elmlər doktoru elmi dərəcəsi verilmişdir. İddiaçılar hazırkı iddialarında Azərbaycan Respublikasının Prezidenti X13 Komissiyasının Rəyasət Heyətinin 23 iyun 2023-cü il tarixli qərarının ləğv edilməsini xahiş edirlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarında həmçinin göstərilmişdir ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Belə olan halda birinci instansiya məhkəməsi mübahisələndirilən qərarında düzgün olaraq qeyd etmişdir ki, iddiaçılar belə bir iddianı irəli sürməyə subyektiv hüquq daşıyıcısı deyillər. Belə ki, cavabdeh inzibati orqanın qərarına əsasən iddiaçıların hansı hüquqlarının pozulması, cavabdehin hərəkətlərinin onların hansı maraqlarına toxunması müəyyən edilmir. Subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. Digər tərəfdən qeyd edilməlidir ki, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 21 fevral tarixli 857 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Prezidenti X13 Komissiyası haqqında” Əsasnaməyə əsasən Azərbaycan Respublikası Prezidenti X13 Komissiyası Azərbaycan Respublikasında yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadrların attestasiyasını, onlara elmi dərəcələr və elmi adlar verilməsini, o cümlədən xarici ölkələrdə verilmiş elmi dərəcə və elmi adlar haqqında sənədlərin tanınmasını, elmi müəssisələrin (təşkilatların) akkreditasiyasını, bu sahədə (bundan sonra – müvafiq sahədə) dövlət siyasətini və tənzimləməsini həyata keçirən, elmi potensialın formalaşmasında iştirak edən dövlət orqanıdır. Əsasnamənin 2.0.22-ci maddəsindən göründüyü kimi, müdafiə edilmiş dissertasiya işlərinin təhlilini aparmaq, dissertasiya işlərində şərh olunmuş elmi nəticələrin praktikada tətbiqi imkanlarına dair tövsiyələri aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarına təqdim etmək Komissiyanın vəzifəsidir. Əsasnaməyə əsasən Komissiya fəaliyyətinin və vəzifələrinin həyata keçirilməsi zamanı müəyyən vəzifələr daşıyır və hüquqlara malikdir. Məhkəmə kollegiyası qeyd edir ki, dissertasiya işinin nəticələrinin qiymətləndirilməsi ilə bağlı Komissiyanın qərarının yoxlanılması ilə bağlı məhkəmənin səlahiyyəti, bir tərəfdən, dissertasiya işinin qiymətləndirilməsi metodikası və meyarlarına, digər tərəfdən bərabər yanaşma prinsipinin tələblərinə riayət olunmasının yoxlanılması ilə məhdudlaşır. Beləliklə, məhkəmə kollegiyası göstərilənlərə əsasən belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmamasına dair düzgün nəticəyə gəldiyindən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı2 apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli, 2-1(112)-10048/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-1418/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1418/2025
15.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver