Məhkəmə qərarları › İş №2-1(103)-1419/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1419/2022

14.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1419/2022 14.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X1rşı “ona münasib işin təklif olunması və işsizlikdən sığorta ödənişinin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli, 2-1(112)-1089/2022 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 14 aprel 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təhsili, ixtisası və iş təcrübəsinin olması nəzərə alınaraq Bakı şəhərində müvafiq qaydada işlə təmin olunması, 30 mart 2021-ci il tarixindən başlayaraq işlə təmin olunan günə qədər işsiz olması nəzərə alınaraq məhkəmə tərəfindən hər ay üçün ona qanuna müvafiq qaydada kompensasiya (pul məbləği) müəyyən edilərək ödənilməsi üçün cavabdehin üzərinə öhdəlik qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona münasib işin təklif olunması və işsizlikdən sığorta ödənişinin təyin edilməsi üçün cavabdehin üzərinə öhdəlik qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddiaya dair yazılı etirazında göstərmişdir ki, “İşsizlikdən sığorta haqqında" Qanunun 13.1-ci maddəsinə əsasən, sığorta ödənişini almaq hüququna əmək münasibətlərinə aşağıdakı əsaslarla xitam verilmiş və “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə uyğun olaraq işsiz kimi qeydiyyata alınmış sığortaolunanlar malikdirlər. Qeyd edilən kateqoriya şəxslərə əmək müqavilələri dövlət orqanı və ya hüquqi şəxs ləğv edildikdə, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.2-ci maddəsinə və ya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin a) bəndinə əsasən, işçilərin və ya dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.3-cü maddəsinə və ya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən və əmək müqaviləsinin müddəti qurtardıqda, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinə əsasən xitam verilən şəxslər aid edilməkdədir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Yoxlamalar” altsistemindən əldə olunmuş məlumata əsasən, İddiaçı (FİN: xxxxxxx) son iki əmək müqaviləsi xronoloji olaraq 75-ci maddənin 2-ci hissənin a) bəndi və 68-ci maddənin 2-ci hissənin a) bəndlərinə görə xitam edilmişdir. Göründüyü kimi iddiaçının əmək müqavilələrinin xitam əsasları “İşsizlikdən sığorta haqqında” Qanunun 13-cü maddəsinin təsir dairəsi altına düşməməkdədir. Belə olduğu təqdirdə də 2018-ci il 1 yanvar tarixindən qüvvədə olan “İşsizlikdən sığorta haqqında Qanunun iddiaçıya münasibətdə hüquqi qüvvəsini aldığı tarixdən sonrakı dövrə nəzərən tətbiqi onu deməyə əsas verir ki, iddiaçının işsizlikdən sığorta ödənişi almaq hüququ yaranmamışdır. İddiaçıya münasib işin təklif olunması hissəsi ilə bağlı qeyd edilməlidir ki, işsiz və işaxtaran şəxslərə münasibətdə münasib işlərin təklif edilməsi Agentliyin yerli filialları tərəfindən aparılan aktiv məşğulluq tədbirlərindən biridir. “Məşğulluq haqqında" Qanunun 5.5-ci maddəsinə əsasən, şəxs işaxtaran kimi qeydiyyata alındığı gündən 5 (beş) iş günü ərzində ona münasib iş təklif olunmadığı və ya işəgötürən (işəgötürənlər) tərəfindən vakansiyaya qəbulundan imtina edildiyi halda, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həmin şəxsin işsiz kimi qeydiyyata alınması haqqında qərar qəbul edir və bu barədə şəxsin fərdi məşğulluq vərəqində müvafiq qeyd aparır. Göründüyü kimi əgər ki işsiz şəxsə münasibətdə münasib işin təklif edilməsi mümkün olsaydı, bu halda iddiaçıya işsiz statusu verilməyəcəkdi. Konkret iş üzrə İddiaçı təqdim edilən anket məlumatlarından da göründüyü kimi işsiz statusu verilmişdir. Bu isə şəxsə münasibətdə ona münasib işin yerli filial tərəfindən təqdim edilməsinin mümkünsüzlüyünün məntiqi nəticəsi olaraq baş vermişdir. Əlavə olaraq qeyd edilməlidir ki, işsiz şəxslərə münasibətdə münasib iş təkliflərinin edilməsi Nazirliyin MEİS-nin “Məşğulluq” altsistemındən müstəqil surətdə aparılan bir fəaliyyət olmadığı faktıdır. Belə ki, işsiz və işaxtaran şəxslərə təklif edilən münasib işlər MAS üzərində yaradılan vakansiya bankına işəgötürənlər tərəfindən daxil edilən vakansiyalar hesabına həyata keçirilməkdədir. Şəxslərə münasib iş təkliflərinin yerli filiallar tərəfindən edilməməsi onların qeyd edilən vakansiya bankına girişini məhdudlaşdırmamaqdadır. Göstərilənləri nəzərə alaraq, cavabdeh Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iddiaçı işsizlikdən sığorta ödənişinin hesablanaraq ödənməsi və münasib işlə təmin olunma öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 üzərinə qoyulmasına dair iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli, 2-1(112)-1089/2022 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin 28 oktyabr 2021-ci il tarixli məktubunda qeyd edilir ki, işlə təmin olunma cavabdehin fəaliyyət istiqamətlərinə aid deyil. Odur ki, həmin məktubda qeyd olunanlara uyğun olaraq tələbini “ münasib işin təklif olunması və işsizlikdən sığorta ödənişinin təyin edilməsi” yazmışdır. Lakin, məhkəmə təkrar qanunvericiliyin tələblərinə uyğun yardım göstərməmiş və iddia mümkün sayılmamışdır. Yoxlamalar alt sistemindən əldə olunmuş materiallar ona təqdim edilməmişdir. İşə baxılarkən maddi və prosessual hüquq normalarının tətbiqi zamanı qanun pozuntusuna yol verilmiş, iddianı əsassız olaraq təmin etməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorununan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Lakin hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Plenumun qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmaması yoxlanılarkən iddiaçının cavabdehə qarşı hər hansı maddi-hüquqi tələbinin və sonuncunun müvafiq qanunla müəyyən olunan cavabdehliyinin mövcud olub-olmamasıdır. Hazırki iddia ərizəsi üzrə iddiaçının tələbləri ona münasib işin təklif olunması və işsizlikdən sığorta ödənişinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə olmaqla iki hissədən ibarətdir. “Məşğulluq haqqında” Qanunun 5.1-ci maddəsinə əsasən işaxtaran və işsiz şəxslərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) qeydiyyata alınması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Həmin Qanunun 5.2-ci maddəsinə əsasən şəxslər elektron informasiya sistemində elektron ərizəni doldurduqdan sonra işaxtaran kimi qeydiyyata alınırlar. Həmin Qanunun 5.3-cü maddəsinə əsasən işaxtaran kimi qeydiyyata alınmaq üçün elektron ərizənin forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. Həmin Qanunun 5.4-cü maddəsinə əsasən şəxs işaxtaran kimi qeydiyyata alındığı zaman onun elektron informasiya sisteminə daxil etdiyi məlumatlar əsasında avtomatlaşdırılmış qaydada fərdi məşğulluq vərəqi tərtib edilir. Həmin Qanunun 5.5-ci maddəsinə əsasən, şəxs işaxtaran kimi qeydiyyata alındığı gündən 5 (beş) iş günü ərzində ona münasib iş təklif olunmadığı və ya işəgötürən (işəgötürənlər) tərəfindən vakansiyaya qəbulundan imtina edildiyi halda, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həmin şəxsin işsiz kimi qeydiyyata alınması haqqında qərar qəbul edir və bu barədə şəxsin fərdi məşğulluq vərəqində müvafiq qeyd aparır. Göründüyü kimi, işsiz və işaxtaran şəxslərə təklif edilən münasib işlər MAS üzərində yaradılan vakansiya bankına işəgötürənlər tərəfindən daxil edilən vakansiyalar hesabına həyata keçirilir. İşsiz və işaxtaran şəxslərə münasibətdə münasib işlərin təklif edilməsi Agentliyin yerli filialları tərəfindən aparılan məşğulluq tədbirlərindən biridir “İşsizlikdən sığorta haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, sığorta ödənişini almaq hüququna əmək münasibətlərinə aşağıdakı əsaslarla xitam verilmiş və “Məşğulluq haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə uyğun olaraq işsiz kimi qeydiyyata alınmış sığortaolunanlar malikdirlər. Qeyd edilən kateqoriya şəxslərə əmək müqavilələri dövlət orqanı və ya hüquqi şəxs ləğv edildikdə, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.2-ci maddəsinə və ya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin a) bəndinə əsasən, işçilərin və ya dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.3-cü maddəsinə və ya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən və əmək müqaviləsinin müddəti qurtardıqda, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinə əsasən xitam verilən şəxslər aid edilməkdədir. Göründüyü ki, mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Yoxlamalar” altsistemindən əldə olunmuş məlumata əsasən, İddiaçı son iki əmək müqaviləsi xronoloji olaraq 75-ci maddənin 2-ci hissənin a) bəndi və 68-ci maddənin 2-ci hissənin a) bəndlərinə görə xitam edilmişdir. Göründüyü kimi iddiaçının əmək müqavilələrinə edilən xitamın əsasları “İşsizlikdən sığorta haqqında” Qanunun 13-cü maddəsinin təsiri altına düşmür. Belə olan halda müəyyən edilir ki, iddiaçının işsizlikdən sığorta ödənişi almaq hüququ yaranmamışdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, işəgötürənlər tərəfindən yeni yaradılan iş yerləri və vakansiyalar barədə məlumatlar elektron qaydada daxil edilərək və bu elektron informasiya sistemindən istifadə edilən şəxslər üçün həmin vakansiyalara baxış keçirmək, onlara uyğun müraciət etmək imkanının olması ilə şərtləndiyindən və bu imkan iddiaçı tərəfindən itirilmədiyindən, iddiaçının hazırki iddia tələbləri üzrə hansı hüquqlarının pozulduğu müəyyən edilməməkdədir. Beləliklə, məhkəmə kollegiyası göstərilənlərə əsasən belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmamasına dair düzgün nəticəyə gəldiyindən iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli, 2-1(112)-1089/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Azər Hüseynov Səadət Bəktaşi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar