Məhkəmə qərarları › İş №2-1(103)-1419/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1419/2024

06.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1419/2024 06.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X6 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X4 ibarət tərkibdə, X5-Yusiflinin katibliyi ilə, İddiaçı «X2» Məhdud Məsuliyyətli Cəmiyyətininn cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “sərəncamın qismən, icarə müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5224/2023 saylı 12 oktyabr 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 06 mart 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı «X2» Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Bakı şəhər İcra Hakimiyyəti başçısının 13 saylı xx.xx.2021-ci il tarixli sərancamının qəbul edildiyi andan "xxxx" hissəsində və Bakı şəhər İcra Hakimiyyəti ilə "X1" MMC arasında bağlanmış 1638 saylı 05 fevral 2021-ci il tarixli icarə müqaviləsinin bağlandığı andan etibarsız sayılması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2020-ci il tarixli, 4 nömrəli müraciəti, Nərimanov Rayon İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli, 1/188 nömrəli, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2020-ci il tarixli, xx/xx-4956 nömrəli, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli, **********73 nömrəli razılıq məktublarını və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyi "Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutunun xx.xx.2019-cu il tarixli aktını nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin və Azərbaycan Respublikasının mülki və torpaq qanunvericiliyinin tələblərini rəhbər tutaraq ünvan 3 ünvanında yaşayış binasının tikintisi məqsədilə torpaq sahəsinin icarə əsasında İddiaçı istifadəsinə verilməsi haqqında xx.xx.2021-ci il tarixli, 13 saylı sərancam verilmişdir. Qeyd olunan sərancamdan sonra ünvan 3 ünvanında yaşayış binasının tikintisi məqsədilə 8.000 kv.metr torpaq sahəsinin icarə əsasında İddiaçı istifadəsinə verilməsi haqqında 05 fevral 2021-ci il tarixində 1638 saylı icarə müqaviləsi bağlanmışdır. 05 fevral 2021-ci il tarixli müqavilənin 1.1-ci bəndinə əsasən 8.000 kv.metr olan torpaq sahəsi iddiaçının istifadəsinə verilmişdir. Müqavilənin 7.1-ci bəndində qeyd edilmişdir ki, müqavilə 49 il müddətinə bağlanmışdır. Qeyd edilən müqavilənin 7.2 bəndində qeyd edilmişdir ki, illik icarə haqqı 37.065 (otuz yeddi min altmış) manat 60 qəpik təşkil edir. İddiaçı müqavilə şərtlərinə uyğun olaraq 2021-ci il tarixində illik icarə haqqı olaraq 33.917,56 manat pulu dövlət xəzinadarlığına ödəmişdir. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən 8.000 kv.metr olan torpaq sahəsi iddiaçının istifadəsinə verilmişdir. Lakin qeyd olunan ərazidə 78 mənzil və 78 ailə yaşamışdır. Sakinlərin hər biri ilə iddiaçı tərəfindən fərdi qaydada müqavilə bağlanılmışdır. Müqavilə şərtlərinə uyğun olaraq iddiaçı hər bir mənzil sahibinə mülkiyyətində olduğu kv.metr sahənin üzərinə 20-30 kv.m əlavə sahə tikib təmirli vəziyyətdə verməklə öhdəlik götürmüşdür. Hal-hazırda tikinti işləri başa çatmaq üzrədir və iddiaçı sakinlər qarşısında götürülən öhdəliyi vaxtında yerinə yetirməyə çalışır. Qeyd olunan 8.000 kv.metr olan torpaq sahəsi əvvəlcədən də sakinlərin istifadəsində olmuşdur. İddiaçı da tikintini başa çatdıraraq həmin sahəni sakinlərin istifadəsinə verir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5224/2023 saylı 12 oktyabr 2023-cü il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı «X2» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən apellyasiya şikayəti verilərək qərardadın ləğv edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisələndirilən inzibati aktın Cəmiyyətin qanuni maraqlarına toxunduğu sonradan, yəni iddia qaldırlan dövr ərzində məlum olduğundan və həmin inzibati aktın qismən etibarsız hesab edilməsi zərurəti yarandığı andan hazırkı iddia tələbi ilə məhkəməyə müraciət olunmuşdur. Bu səbəbdən də «İnzibati icraat haqqında» Qanunun 69-cu maddəsinə əsasən həmin inzibati aktın etibarsız sayılmasına dair iddia tələbi ilə məhkəməyə müraciət olunmuşdur. Göründüyü kimi işə baxan brinci instansiya məhkəməsi qeyd olunan maddi hüquq normasını mübahisəyə tətbiq etməli olduğu halda, həmin hüquq normalarını mübahisəyə düzgün tətbiq etməyərək iddianın mümkün sayılmamasına dair qanunsuz və əssasız məhkəmə aktı qəbul etmişdir. Qeyd edilənlərə əsasən hesab edilir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-5224/2023 saylı qərardadı maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən apellyasiya icraatı qaydasında ləğv edilməlidir. Tərəflərin izahatları xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsalar da, tərəflər məhkəmə iclasında nümayəndələrinin iştiraklarını təmin etməmiş, cavabdeh iştirak etməmə səbəbi barədə məlumat verməmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə teleqramla məhkəməyə müraciət edərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyini və iclasın başqa vaxta təxirə salınmağını xahiş etmişdir. məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə iddiaçı «X2» Məhdud Məsuliyyətli Cəmiyyətinin və cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə nümayəndələrinin iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Hazırki işdən görünür ki, iddiaçı «X2» Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı tələbi iki hissədən ibarətdir: 1. “yaşayış binasının tikintisi məqsədilə torpaq sahəsinin icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilməsi haqqında Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli, 13 saylı sərəncamının qəbul edildiyi andan "xxxx" hissəsində etibarsız sayılması; 2. Bakı Şəhər İcra Hakimiyyəti ilə aralarında bağlanmış 1638 saylı xx.xx.2021-ci il tarixli torpaq icarə müqaviləsinin bağlandığı andan etibarsız sayılması”. İşə birinci instansiya qaydasında baxmış məhkəmə hesab etmişdir ki, iddiaçı xx.xx.2021-ci il tarixli sərəncamı 2 (iki) ilə yaxın müddət keçdikdən sonra qismən etibarsız hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Hansı ki, həmin sərəncam iddiaçının öz iradə ifadəsi nəzərə alınaraq verilmiş, iddiaçı bu inzibati aktla razılaşmış, onu bəyənmiş və ötən müddət ərzində mübahisələndirməmişdir. Bu baxımdan, etibarsızlığın tanınması ilə bağlı yuxarıda qeyd edilən şərtlər (ən azı qısa müddət ərzində tanınma marağı) hazırkı mübahisəyə münasibətdə mövcud deyildir. Bununla yanaşı, məhkəmənin qənaəti ondan ibarət olmuşdur ki, hazırki iddia iddiaçının tələbinin məzmunu və xarakteri baxımından “mübahisələndirmə haqqında” iddia növünə aiddir. İddiaçının hüquqi marağı mübahisələndirdiyi inzibati aktın qismən ləğv edilməsinə yönəlmişdir. Hazırki iddianın “inzibati aktın etibarsızlığının tanınması haqqında” iddia kimi təqdim olunması əslində müddətlə bağlı mmkünlük şərtindən və müddət məhdudiyyətindən qaçmaq cəhdi kimi qiymətləndirilməlidir. İddianın mübahisə edilən sərəncamın etibarsızlığının tanınması haqqında iddia kimi təqdim olunmasına baxmayaraq, əslində qaldırılan iddia iddiaçının tələbinin məzmunu və xarakteri baxımından “mübahisələndirmə haqqında” iddia növünə aiddir. Bu baxımdan birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaya “mübahisələndirmə haqqında iddia” növündə baxılmalı və inzibati prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq iddia müddəti tətbiq edilməlidir. İşdən görünür ki, iddiaçı mübahisələndirdiyi sərəncamdan təkzibolunmaz sübutlarla məlumatlı olduğundan irəli sürdüyü iddia üzrə iddia müddətini buraxmışdır. Digər tərəfdən, iddiaçının ikinci - “xx.xx.2021-ci il tarixdə bağlanmış torpaq icarəsi haqqında müqavilə əsasında yaranmış icarə hüquq münasibətlərinin bağlandığı andan etibarsız hesab edilməsi barədə” tələbi isə icarə müqaviləsindən irəli gələn tələb olduğuna görə həmin tələbə inzibati məhkəmə icraatı qaydasında deyil, mülki məhkəmə icraatı qaydasında baxılmalı olduğundan iddia həmin hissədə də mümkün sayılmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, işdə olan Bakı şəhər İcra Hakimiyyətinin 13 saylı 19 yanvar 2021-ci il tarixli sərəncamından görünür ki, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, 41B ünvanda yerləşən torpaq sahəsi icarə əsasında «X2» Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə verilmişdir. İddiaçı «X2» Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Bakı şəhər İcra Hakimiyyəti arasında bağlanmış 1638 saylı 05 fevral 2021-ci il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında icarə müqaviləsindən görünür ki, tərəflər arasında ünvan 5 ünvanda yerləşən torpaq sahəsinə dair icarə müqaviləsi bağlanılmışdır. Hazırda iddiaçının tələblərindən biri Bakı şəhər İcra Hakimiyyətinin 13 saylı 19 yanvar 2021-ci il tarixli sərəncamının qəbul edildiyi andan "xxxx" hissəsinin etibarsız sayılması barədədir və bununla bağlı MMC tərəfindən xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edilmişdir. Məhkəmə kollegiyası iddiaçının “sərəncamın qismən etibarsızlığının tanınması” haqqında iddia tələbi qoysa da, əslində həmin sərəncamın hər hansı hissəsinin etibarsızlığının tanınması üçün qanunla müəyyən edilmiş əsaslar mövcud olmadığı üçün iddia tələbinin “mübahisələndirmə haqqında” iddia növünə aid olması” barədə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və hesab edir ki, nə qədər ki, iddiaçının tələbinə “mübahisələndirmə haqqında” iddia növü kimi qiymət verilir, belə iddia növü üzrə iddia müddəti mövcuddur ki, həmin müddətin də hazırki işdə iddiaçı tərəfindən ötürüldüyü müəyyən olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Hazırki işdə iddiaçı inzibati orqanın bundan təxminən 1 ildən çox müddət əvvəl qəbul etdiyi inzibati aktın qanunsuz sayılmasını və bunun nəticəsində hüquqi nəticələrin aradan qaldırılmasını tələb edir. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. «İnzibati icraat haqqında» Qanunun 73-cü maddəsində inzibati şikayətin verilməsi üçün müddətlər müəyyən olunaraq göstərilmişdir ki, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsində deyilir ki, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Bu müddətlər təkcə inzibati aktdan verilən şikayətlərə (mübahisələndirmə haqqında iddialara) deyil, həm də digər inzibati şikayətlərə aid edilmişdir. Çünki «İnzibati icraat haqqında» Qanunun 71.2-ci maddəsində deyilir ki, şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər. «İnzibati icraat haqqında» Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Qanunla müəyyən olunmuş müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır («İnzibati icraat haqqında» Qanunun 1.2, 48.1 və 48.2-ci maddələri). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Yuxarıda da göstərildiyi kimi, hazırki işdə iddiaçı tərəfindən “mübahisələndirmə haqqında” iddia növü üzrə qanunla müəyyən edilmiş iddia müddəti ötürülmüşdür. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Avropa İnsan Hüquqları Məhkəməsi “Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında müddət məhdudiyyətlərinin əhəmiyyəti barədə qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin prinsipləri ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Novakovic Xorvatiyaya qarşı” iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin təqdim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20- 21). “Deryan Türkiyəyə qarşı” iş üzrə 21 iyun 2015-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri adekvat göstərməlidir. Səbəbləri göstərmək öhdəliyinin tətbiqi dairəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər. Bu səbəbdən, Konvensiyanın 6-cı maddəsindən irəli gələn səbəbləri göstərmək öhdəliyinə nə üçün məhkəmə tərəfindən riayət olunub-olunmaması yalnız işin halları baxımından müəyyən edilə bilər. Lakin qanunla müəyyən olunmuş müddət məhdudiyyətinə dair ərizənin tərəfin dəlili kimi araşdırılması sözügedən iş üçün həlledici əhəmiyyət kəsb etdikdə, ona spesifik və aydın cavabın verilməsi tələb olunur (§ 30-33). Yuxarıda göstərilənlərlə bağlı məhkəmə kollegiyası iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi qənaətində olduğundan, belə hesab edir ki, birinci instansiya məhkəməsi bu əsasla iddianın bu hissədə qeyri-mümkün sayılması barədə düzgün nəticəyə gəlmişdir. İddiaçının digər- “Bakı şəhər İcra Hakimiyyəti ilə MMC arasında bağlanmış 1638 saylı 05 fevral 2021-ci il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında icarə müqaviləsinin bağlandığı andan etibarsız sayılması” ilə bağlı tələbinə münasibətdə isə qeyd edilməlidir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 2-ci bəndində göstərilmişdir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir (bənd 3.1). İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır (bənd 4). Hazırki işdən görünür ki, iddiaçının mübahisələndirdiyi iacarə müqaviləsi “inzibati akt” deyil, “mülki hüquqi akt”dır və belə aktın mübahisələndirilməsi inzibati məhkəmə icraatnının predmeti ola bilməz. Həmçinin iddiaçının cavabdehə qarşı publik hüquqdan irəli gələn tələbi yoxdur, mövcud akt isə öz hüquqi təbiətinə görə mülki hüquq xarakterlidir. Belə olan halda iddiaçının tələbi icarə müqaviləsinin etibarsızlığı ilə bağlı olduğundan, hazırkı işə mülki xarakterli mübahisə kimi inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün deyil. Odur ki, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilmədiyindən, birinci instansiya məhkəməsinin nəticə etibarilə “iddianın qeyri-mümkün sayılması” barədə gəldiyi qənaəti bu qərardadda qeyd olunan əsaslarla bağlı düzgün olmuşdur. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5224/2023 saylı 12 oktyabr 2023-cü il tarixli qərardadı qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. İddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, həmin dəlillər formal xarakter daşımaqla yanaşı, qərardadın ləğv edilməsi və işə mahiyyəti üzrə baxılması üçün əsas vermir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5224/2023 saylı 12 oktyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar