Məhkəmə qərarları › İş №2-1(103)-1419/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1419/2025

05.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1419/2025 05.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Xətai Rayon İcra Hakimiyyətinə qarşı “mənzil növbəsinə götürülmə” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X11 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X5 və X10 ibarət tərkibdə, X8-Yusiflinin katibliyi ilə, İddiaçının qanuni nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Xətai Rayon İcra Hakimiyyətinə qarşı “mənzil növbəliyinə götürülmə” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11627/2024 saylı 21 oktyabr 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 05 mart 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: AZ-İ № 706773 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən İddiaçı xx.xx.2005-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. X1, anası X7r. Bakı şəhəri Cavabdeh Başçısının xx.xx.2023-cü il tarixli 433 nömrəli sərəncamından çıxarışa əsasən fəaliyyət qabiliyyəti olmayan xx.xx.2005-ci il təvəllüdlü İddiaçı üzərində anası X4 qəyyum təyin edilməsinə dair “Qəyyumluq və Himayəçilik Komissiyası”nın razılığı nəzərə alınaraq, ünvan 3 ünvanında qeydiyyatda olan X4 həmin ünvanda qeydiyyatda olan fəaliyyət qabiliyyəti olmayan xx.xx.2005-ci il təvəllüdlü qızı İddiaçı üzərində qəyyum təyin edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, xx.xx.2024-cü il tarixli, A00188638QHV Forma 88 nömrəli arayışa əsasən İddiaçı birinci dərəcəli əlildir. Əlilliyin səbəbi ümumi xəstəlik => Gözdən əlil. Diaqnoz VİS OU-İşıq duyğusu Görmə sinirinin atrofiyası, OU- Görmə sinirinin atrofiyası. Nistaqm və gözlərin digər qeyri-iradi hərəkətləri, OUHorizontal nistaqm Spastik tetraplegiya. Binokulyar korluq. Kvadroplegik spastik serebral iflic, Kvadroplegik spastik serebral iflic. Təyinat xx.xx.2024-cu il tarixində verilib. Əlillik və ya sağlamlıq imkanlarının məhdudluq müddəti: müddətsizdir. İddiaçı cavabdeh Suraxanı Rayon İcra Hakimiyyətinə mənzil növbəsinə götürülməsi ilə bağlı müraciət etmiş, lakin cavabdeh onun tələbinin təmin olunmasından imtina etmişdir. Belə ki, cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli, 5-11/2-H-105/2-068/24 nömrəli məktubunda bildirilmişdir ki, araşdırma zamanı Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsində yerləşən h/yoldaşı X3 məxsus yaşayış sahəsi 46,73 kv.m. olan 11b nömrəli evin, 14 saylı mənzilində 4 nəfər ailə tərkibi ilə daimi qeydiyyatda olaraq yaşadığı müəyyən edilmişdir. Onun daimi qeydiyyatda olmaqla yaşadığı mənzilin yaşayış sahəsi hər adamsayına düşən mənzil normasından artıq olduğu üçün mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs hesab edilmədiyindən xahişini təmin etmək imkan xaricindədir. Bu imtinadan narazı qalan İddiaçı qəyyumu X9 cavabdeh Xətai Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, övladı İddiaçı gözdən əlil kimi yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində yaşayış yeri üzrə güzəştli mənzil növbəsinə alınması öhdəliyinin Bakı şəhəri Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibb-Sosial Komissiyası tərəfindən verilmiş arayışdan göründüyü kimi, xx.xx.2005-ci il təvəllüdlü İddiaçı gözdən əlildir və buna görə də qızına birinci qrup əlillik təyin edilmişdir. Buna müvafiq olaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən arayış təqdim edilmişdir. xx.xx.2005-ci il təvəllüdlü övladı İddiaçı Xətai Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(011)- 2578/2023 saylı qətnaməsinə əsasən fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2023-cü il tarixli, 433 saylı Sərəncama əsasən fəaliyyət qabiliyyətsiz xx.xx.2005-ci il təvəllüdlü övladı İddiaçı qəyyumu təyin edilmişdir. Bundan sonra, o, Bakı şəhəri Cavabdehnə xx.xx.2005-ci il təvəllüdlü övladı İddiaçı qəyyumu olaraq gözdən əlil kimi övladını yaşayış yeri üzrə güzəştli mənzil növbəsinə alınması üçün müraciət etmişdir. Lakin cavabdeh AR Bakı şəhəri Cavabdeh xx.xx.2024-cü il tarixli, 5-11/2-H105/2- 068/24 saylı imtina məktubu ilə gözdən əlil qismində onun övladının güzəştli mənzil növbəsinə alınmasından imtina olunmuşdur. Həmin imtina onunla əsaslandırılmışdır ki, həyat yoldaşı X3 məxsus ünvan 4 ünvanında yerləşən yaşayış sahəsi 46.73 kv.metr olan 14 saylı mənzil mövcuddur ki, onun yaşayış sahəsi 4 nəfər ailə tərkibi ilə hər adambaşına düşən mənzil normasından artıqdır. Bununla da, müraciətinin müsbət həll edilməsi mümkün olmamışdır. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz verilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11627/2024 saylı 21 oktyabr 2024-cü il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia tələbinin məzmununa uyğun əsaslandırılmışdır. Tərəflərin izahatları: İddiaçının qanuni nümayəndəsi X9 iddia tələbinin və apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv olunaraq iddia tələbinin təmin olunmasını xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, cavabdeh Xətai Rayon İcra Hakimiyyətinin imtina məktubu xx.xx.2024-cü il tarixlidir. İddiaçı isə hazırki iddia ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası inzibati prosessual qanunvericiliyin tələblərinə əsasən hesab edir ki, iddia mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı tələbi “onun mənzil növbəsinə götürülməsi” barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etsə də, onun müraciəti təmin edilməmişdir. Bundan sonra o, hazırki iddia ilə məhkəməyə müraciət etmiş, lakin iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarından görünür ki, İddiaçı birinci dərəcəli əlildir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1ci maddəsinə əsasən əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.9.6-cı bəndinə görə yerli icra hakimiyyəti başçıları dövlət mənzil fondunun yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılmasını və idarə olunmasını təşkil edir, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48.1-ci maddəsinə əsasən sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 30.1-ci maddəsinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2-ci maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 48.2-ci maddəsinə əsasən qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. 50.1-ci maddəsinə əsasən aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). 50.2-ci maddəsinə görə vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir. 51.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. 51.3-cü maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 51.4-ci maddəsinə əsasən uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. 51.5- ci maddəsinə əsasən uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. 51.6-ci maddəsinə əsasən uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. 51.7-ci maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 noyabr 2019-cu il tarixli 459 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında” Qərarına əsasən sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin olunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadrat metr müəyyən edilmişdir. Yuxarıda qeyd edilən qanunvericilik normalarından da görünür ki, qanunverici şəxsin yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün əsas meyar onun yaşayış sahəsi ilə təmin olunmamasıdır. Bundan başqa müraciət edənlə yanaşı onun ailə üzvləri də yaşayış sahəsinə ehtiyacı olmalı və onların da əmlakının sahəsi nəzərə alınır. İşin birinci instansiya məhkəməsində icraatı zamanı məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, **********24 nömrəli məktubu ilə göndərilmiş sənədlərin təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşpnmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 69.45 kv.m olan 14 nömrəli xüsusi mülkiyyət hüququ ilə X2 adına ********** reyestr nömrəsi ilə xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024cü il tarixli, **********24 nömrəli məktubunda bildirilmişdir ki, X2 adına ünvan 5, 14 saylı mənzil qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Sorğuda qeyd olunan digər şəxslərin adlarına respublika üzrə qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Beləliklə, iş üzrə İddiaçı gözdən əlildir və X4 qəyyumluğunda olmaqla valideynlərinin himayəsində ünvan 3 ünvanında faktiki yaşayır. Həmin mənzil xüsusi mülkiyyət hüququ ilə X2 adına xx.xx.2015-ci il tarixdən qeydiyyatdadır. Mənzilin ümumi sahəsi 69.45 kv.m.-dir. Sözügedən mənzildə hazırkı dövrdə iddiaçı əlavə 3 nəfər ailə üzvü ilə yaşadıqları qəbul edildikdə cəmi 4 nəfər ailə üzvü edir ki, hazırda onların istifadəsində olan yaşayış sahəsinin ölçüsü tələb olunan normadan çoxdur. Belə ki, adambaşına 16 kv.m. hesablandıqda 4 nəfər ailə üzvü üçün 64 kv.m. (4x16 kv.m.) edir ki, mənzilin ümumi sahəsi həmin ölçüdən artıqdır. Mənzil Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə onun yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmasından imtina olunur. Buna görə də iddiaçının yaşadığı və atasının adına olan mənzilin yaşayış sahəsi ailə üzvlərinin sayı nəzərə alınmaqla adambaşına düşən mənzil uçot normasından artıq olduğundan bu hal iddiaçının hazırda yaşayış sahəsi ehtiyacı olan qismində uçota alınmasına əsas vermədiyi üçün birinci instansiya məhkəməsi düzgün olaraq iddianın rədd edilməsi qənaətinə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, həmin dəlillər əsassızdır və qanuni, həm də əsaslı olan məhkəmə qərarının ləğvi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11627/2024 saylı 21 oktyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11627/2024 saylı 21 oktyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X14 Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar