Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-142/2021 27.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Ağayev Valeh Məmməd oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X4 oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu X5 üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-924/2020 saylı qərarından cavabdehin nümayəndəsi Ü.Musayeva tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-924/2020 saylı qərarı ilə iddia tələbi təmin edilərək, iddiaçının xx.xx.1975-ci il tarixdən xx.xx.1978-ci il tarixədək texniki peşə məktəbində, xx.xx.1985-ci il tarixdən xx.xx.1991-ci il tarixə kimi ali məktəbdə təhsil aldığı müddət nəzərə alınmaqla ona xx.xx.2017-ci il tarixdən, yəni 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır (hakim M.Hacıbəyova). Həmin qərardan narazı qalan cavabdehin nümayəndəsi Ü.Musayeva tərəfindən apellyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyasının xx.xx.2020-ci il tarixli qərardadı ilə cavabdeh DSMF-nun X5 İdarəsi - cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X5 üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu X1rşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçının xx.xx.1975-ci il tarixdən xx.xx.1978-ci il tarixədək texniki peşə məktəbində, xx.xx.1985-ci ildən xx.xx.1991-ci ilə kimi ali məktəbdə təhsil aldığı müddət nəzərə alınmaqla ona xx.xx.2017-ci il tarixdən, yəni 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1960-cı il təvəllüdlüdür. xx.xx.1975-cı il tarixdən xx.xx.1978- ci il tarixədək texniki peşə məktəbində əyani təhsil almış və ona 790492 saylı diplom verilmişdir. xx.xx.1978-ci il tarixdən xx.xx.1980-cı il tarixə kimi Sumqayıt şəhərində yerləşən keçmiş “Sintezkauçuk” zavodunda 3-cü dərəcəli tornaçı işləmişdir. xx.xx.1980-cı il tarixdən 30.06.1.982-ci ilə kimi hərbi xidmət keçmişdir. xx.xx.1982-ci İl tarixdən xx.xx.1983-cü il tarixə kimi “X6” trestində 3-cü dərəcəli quraşdırıcı çilingər, xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixə kimi həmin zavodda 3-cü dərəcəli tornaçı vəzifəsində işləmiş, həmin vaxt zavoddan Dnepropetrovskİ Metallurq İnstitutuna ali təhsil almaq üçün göndərilmişdir. xx.xx.1985-ci il tarixdən həmin institutun hazırlıq kursunda, xx.xx.1986-ci tarixdən xx.xx.1991-ci il tarixə kimi isə həmin institutda əyani təhsil almışdır. xx.xx.1992-ci il tarixdən xx.xx.2017-ci il tarixə kimi “Boru yayma” sexində növbə ustası, növbə rəisi vəzifələrində işləmişdir. İşlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq olunmuş 2 nömrəli siyahının 3.8-ci bölməsinin “b” yarım bölməsində göstərilmiş, və güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşələr sırasındadır. İddiaçının texniki peşə məktəbində təhsil aldığı müddət və ali təhsil aldığı müddət də daxil olmaqla xx xxxxxx 2006-cı ilə kimi ümumilikdə 28 il 7 ay 7 gün iş stajı var. Həmin stajın 13 il 2 ayını zərərli işlərdə işləmişdir. xx.xx.1992-ci il tarixdən 1999-cu il tarixə kimi xüsusi zərərli işlərdə, 1999-cu il tarixdən 2006-cı tarixə kimi zərərli işlərdə işləmişdir. ”Əmək pensiyaları haqqında” Qanuna əsasən xx.xx.2017-ci il tarixdən iddiaçının güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranmışdır. Bununla əlaqədar olaraq, cavabdehə ərizə ilə müraciət edərək, iddiaçı güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh xx xxxxxxxx 2019-cu il tarixli məktubu ilə iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir və imtinasının əsası kimi iddiaçının x xxxxxx 2006-cı il tarixinədək ümumi iş stajınının 25 ildən az təşkil etdiyi bildirmişdir. Cavabdehin imtinasını əsassız hesab edən iddiaçı məhkəməyə müraciət etmişdir. İş üzrə Bakı İnzibati Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxsin izahatı: Cavabdehin nümayəndəsi Ü.Musayeva verdiyi apellyasiya şikayətində göstərmişdir ki, birinci instansiya məhkəməsinin qərarında iddiaçının xx.xx.2006-cı ilə qədər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyul tarixli 320 nömrəli qərarı ilə təadiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, vəzifələrin, peşələrin və göstəricilərin” 2 nömrəli siyahısında Boru istehsalatı (boru yayma, boru qaynaqetmə, elektrik boru qaynaqetmə, elektrik boru qaynaqetmə, boru çəkmə, borutökmə, fitinq, balon) nəzərdə tutulan (kod 2040400a-23187 və 20440400a-240043) peşələrində (usta və növbə rəisi) iş stajının 13 il 1 ay 11 gün olduğu qeyd edilmişdir. Lakin iddiaçının əmək fəaliyyəti ilə bağlı təqdim edilmiş sənədlərdən müəyyən olunur, onun iş stajı 12 il 6 aydan az təşkil edir. Belə ki, Azərbaycan Boru zavodu (xxxx) tərəfindən verilən xx.xx.2017-ci il tarixli 108 nömrəli arayışda İddiaçı xx.xx.1999-cu ildən xx.xx.2000-ci ilədək, xx.xx.2009-cu ildən xx.xx.2009-cu ilədək ödənişsiz məzuniyyətdə olduğu qeyd edilmişdir. İddiaçının ödənişsiz məzuniyyətdə olduğu dövrün sosial sığorta stajına daxil edilməsi qanuna ziddir. Nümayəndə apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu X5 üzrə Mərkəzi Filialı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan iddiaçının iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və cavabdehin nümayəndəsi və vəkilinin çıxışını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. İddiaçı tərəfindən iddia tələbini təsdiq edən sübut qismində məhkəməyə AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin, ИТ-İ ******* nömrəli əmək kitabçasının, ГР 048684 nömrəli hərbi biletinin, УВ 729410 nömrəli diplomun surəti, arxiv arayışları, cavabdehin imtina məktubu təqdim edilmişdir. Birinci instansiya məhkəməsi təqdim edilmiş sənədlərdən müəyyən etmişdir ki, iddiaçı xx.xx.1960-cı il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. xx.xx.1975-cı il tarixdən xx.xx.1978-ci il tarixədək texniki peşə məktəbində, 1985-1991-ci illərdə X2 təhsil aldığı müddət, xx.xx.1980-cı il tarixdən xx.xx.1982-ci il tarixə kimi hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla iddiaçının xx xxxxxx 2006-ci il tarixinə ümumi iş stajı 29 il 01 ay 8 gün təşkil etmiş, həmin stajın 13 il 2 ay isə xüsusi zərəli işlərdə qazandığı iş stajıdır. Belə ki, xx.xx.1978-ci il tarixdən xx.xx.1980-cı il tarixə kimi Sumqayıt şəhərində yerləşən keçmiş “Sintezkauçuk” zavodunda 3-cü dərəcəli tokar, xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü il tarixə kimi “X6” trestində 3- cü dərəcəli quraşdırıcı çilingər, xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixə kimi həmin zavodda 3-cü dərəcəli tornaçı,xx.xx.1992-ci il tarixdən xx.xx.2017-ci il tarixə kimi “xxxx” ASC-də boru yayma sexində sahə ustası, növbə rəisi vəzifələrində işləmişdir. İddiaçı 57 yaşdan ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi barədə cavabdehə müraciət etsə də müraciəti təmin edilməmişdir. Hazırda iddiaçı ona güzəştli şərtlərlə pensiya hüququnun yarandığı 57 yaşının tamam olduğu xx.xx.2017-cu il tarixdən yaşa görə əmək pensiyası təyin olunmasını tələb edir. Birinci instansiya məhkəməsi İddiaçı iddia tələbini aşağıda göstərilənlərə görə əsaslı, cavabdehin imtinasını isə əsassız hesab etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minməmişdən əvvəl qüvvədə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa;b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinə edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. İddiaçının təhsil aldığı 1975-1978 və 1985-1991-ci illərdə “Dövlət pensiyaları” haqqında SSRİ Qanunu qüvvədə olmuşdur. xx.xx.1956-cı il tarixdə qanuni qüvvəyə minmiş və xx.xx.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiyaları” haqqında SSRİ Qanunun 1-ci maddəsinin “v” bəndinə əsasən, ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. 1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin “ğ” bəndinə əsasən, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. İddiaçı 1975-1978-ci illərdə Sumqayıt 41 nömrəli texniki peşə məktəbində, 1985-1991-ci illərdə isə X2 təhsil almışdır. İddiaçının «Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qüvvəyə mindiyi günə xx.xx.2006-cı il tarixə qədər ümumi iş stajı 29 il 01 ay 8 gün, xx.xx.2006-cı ilə qədər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin” 2 nömrəli siyahısında (Boru istehsalı (boru yayma, boru qaynaqetmə, elektrik boru qaynaqetmə, boru çəkmə, borutökmə, fitinq, balon) nəzərdə tutulan (kod 2040400a-23187 və 2040400a- 240043) peşələrdə (usta və növbə rəisi ) iş stajı 13 il 1 ay 11 gün olduğundan 57 yaşının tamam olduğu tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yaranmışdır. İPM-nin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətində göstərilən Azərbaycan Boru zavodu (xxxx) tərəfindən verilən xx.xx.2017-ci il tarixli 108 nömrəli arayışda İddiaçı xx.xx.1999-cu ildən xx.xx.2000-ci ilədək, xx.xx.2009-cu ildən xx.xx.2009-cu ilədək ödənişsiz məzuniyyətdə olduğu qeyd olunduğu dövrün sosial sığorta stajına daxil edilməsi qanuna zidd olduğu dəlillərini qəbul etmir. Belə ki, iş materiallarında “xxxx” Azərbaycan Boru Yayma zavodu tərəfindən İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.2017-ci il tarixədək Boru Yayma 1-ci sexində sahə ustası; növbə rəisi işləməsi barədə xx.xx.2017-ci il tarixli, 108 saylı arayış verilmişdir. Lakin iş materiallarında olan İddiaçı məxsus İT-1 seriyalı ******* saylı əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, o, Dnepropetrovsk metallurgiya İnstitutunu bitirdiyinə görə xx.xx.1991-ci tarixdə “Azboru” zavodunun 1 nömrəli boru prokatı sexinin 140 boru prokatı istehsalatına qaynar boru prokatının usta köməkçisi kimi işə qəbul edilib (xx.xx.1991-ci il tarixli, 373 nömrəli əmr) və İddiaçı həmin işlədiyi dövr xx.xx.2017-ci il tarixli, 108 saylı arayışda öz əksini tapmamışdır. Qeyd edilən nöqsanın aradan qaldırılması üçün İddiaçı işlədiyi sahənin və peşənin zərərli və ağır sahə sayılması üçün zəruri olan göstəricilərin [boru istehsalı (boru yayma, boru qaynaqetmə, elektrik boru qaynaqetmə, boru çəkmə, borutökmə, fitinq, balon sahəsində işləməsi, buna görə fərqli əmək haqqı və güzəştlər tətbiq olunması və s.)], onun işlədiyi peşənin AR Nazirlər Kabinetinin 320 nömrəli xx.xx.1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehslatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda hansı bölməyə aid olduğunu göstərməklə yeni arayışın təqdim edilməsi “xxxx” Azərbaycan Boru Yayma zavodundan tələb olunmuşdur. Məhkəmənin sorğusuna əsasən “xxxx” Azərbaycan Boru Yayma Zavodu tərəfindən göndərilmiş xx.xx.2020-ci il tarixli, 13 saylı arayışdan görünür ki, İddiaçı xx.xx.1991-ci il tarixdən xx.xx.2017-ci il tarixədək boru yayma 1 nömrəli sexində “140” aqreqatında isti yaymada usta köməkçisi; növbə rəisi işlədiyi, göstərilən peşənin AR NK xx.xx.1993-cü il tarixli 320 saylı qərara ilə təsdiq edilmiş 2 nömrəli siyahının 2 bölməsinin 4a yarımbölməsinin 2040400a-23187; 24043 şifri ilə güzəştli şərtlərlə “Əmək pensiyaları haqqında” AR Qanununun tələblərinə uyğun pensiya almaq hüququ verir. Həmçinin, həmin arayışda xx.xx.1999-cu ildən xx.xx.2000-ci ilədək; xx.xx.2009-cu ildən xx.xx.2009cu ilədək ödənişsiz məzuniyyətdə olması qeyd edilmişdir. Həmin arayışa əsasən iddiaçının xx.xx.1991-ci il tarixdən xx.xx.2006-cı il tarixədək cəmi 14 il 04 ay 12 gün zərərli işdə işləməsi müəyyən olunur. Arayışda göstərilən xx.xx.1999-ci ildən xx.xx.2000-ci ilədək ( 01 il 30 gün) ödənişsiz məzuniyyətdə olmasını nəzərə alsaq, iddiaçının 13 il 03 ay 12 gün ( 14 il 04 ay 12 gün – 01 il 30 gün) zərərli işdə işləməsi müəyyən olunur. Həmçinin, məhkəməyə iddiaçı tərəfindən təqdim edilmiş “xxxx” MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 19 saylı arayışdan görünür ki, İddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü il tarixədək Mərkəzləşdirilmiş təmir tikinti İdarəsində 3-cü dərəcəli çilingər-quraşdırıcı işləmişdir və bu peşə AR NK xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 1 saylı Əlavəyə əsasən 1 saylı siyahının İİİ bölməsinin 1030100a-1753a şifri ilə güzəştli şərtlərlə “Əmək pensiyaları haqqında” AR Qanununun tələblərinə uyğun əmək pensiyası almaq hüququ vardır. (Qeyd: 1.02.101998-ci il tarixli 03K saylı əmr və DƏK-nin xx.xx.19980ci il tarixli 1062 saylı sərəncama əsasən xxxx TTQ İdarəsi “xxxx” ATSC-nə çevrilmişdir. 2. “xxxx” ASC xx.xx.2012-ci il tarixdən “xxxx” MMC-yə çevrilmişdir). Həmin arayışla iddiaçının 01 il 01 ay 23 gün zərərli işdə işləməsi müəyyən olunur. Məhkəmə kollegiyası hesab edir ki, inzibati orqan iddiaçının müraciəti əsasında ona pensiya təyin edilməsi məsələsinə baxarkən ”İnzibati icraat haqqında” Qanunla müəyyən edilmiş prosedur qaydaları daxilində lazımi araşdırma aparmamış və ona inzibati orqanın iddiaçıya güzəştli şərtlərlə pensiyanın təyin edilməsindən imtinası əsassızdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Cavabdehin nümayəndəsi Ü.Musayeva tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-924/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Valeh Ağayev Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-142/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-142/2021
27.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver