Məhkəmə qərarları › İş №2-1(103)-142/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-142/2022

02.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-142/2022 02.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X7 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1924/2021 saylı 16 mart 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 02 fevral 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1960-cı il təvəllüdlüdür. İddiaçıya məxsus İT-İ seriyalı ******* saylı 24.10.1978-ci il tarixli əmək kitabçasından görünür ki, o, 13.09.1978-ci ildə "xxxx" NQÇİ-nin (keçmiş “Kirovneft” NQÇİ) X1 Sexinə (ETİİS) 2-ci dərəcəli laborant peşəsinə işə qəbul edilmiş, 01.01.1988-ci ildə ET və İİAS-yə 2-ci dərəcəli kimyəvi analiz laborantı peşəsinə keçirilmiş, 03.01.1993-cü ildə 3cü dərəcəli kimyəvi analiz laborantı peşəsinə keçirilmiş, 01.02.1994-cü ildə ETİİS-yə 3-cü dərəcəli kimyəvi analiz laborantı peşəsinə keçirilmiş, 01.07.1994-cü ildə 4-cü dərəcəli kimyəvi analiz laborantı peşəsinə keçirilmiş, 01.06.2000-ci ildə 5-ci dərəcəli kimyəvi analiz laborantı peşəsinə keçirilmiş, 01.05.2005-ci ildə NKH və VS-yə kimyəvi təhlil üzrə 5-ci dərəcəli laborant peşəsinə keçirilmiş, 01.10.2012-ci il tarixdə neftin qazın hazırlanması vurulması sexindən metrologiya xidmətinə laborant keçirilmişdir. “X11”-nin 823 saylı 18.11.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı 01.09.2005ci il tarixdən “X12” Şirkətində mövcud olaraq Metrologiya xidmətində laborant vəzifəsində işləyir. “X11”nin 6/05/2020-ci il tarixli arayışından görünür ki, “Əmək pensiyaları haqqında” Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 06 mart tarixli 377 nömrəli Fərmanının 1.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarına əsasən “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında” qeyd olunan 8.Kimya istehsalatı 8.1 tam iş günü aşağıda sadalanan istehsalatlarda və işlərdə məşğul olan kimya müəssisələrinin və neft-kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssisləri siyahısına aid olan və ya 8.1.1 xüsusi istehsalat (çənlərin,tutumların təmizlənməsi, yuyulması xüsusi istehsal üzrə toksik taraların təmiri, düzəldilməsi) və laboratoriyada kimyəvi xüsusi maddələrlə məşğul olan işçilər siyahısına aid olan 01.09.2005-ci il tarixdən “X13” Şirkətinin nəznində Metroloji Xidmətin Neft, qaz və su nümunələrinin fiziki-kimyəvi Sınaq laboratoriyasında laborant vəzifəsində, aşağıda qeyd olunan kimyəvi reaktivlərlə işləyən İddiaçı, yuxarıda göstərilən qərar üzrə müvafiq pensiya hüququna malikdir: TrilonB QOST 10652-73; Ammonium xlorid QOST 3773-72; Xromogen ET-00; Mureksid TU 6- 09-01 1254-64; priqolol A QOST 22387; kalium-hidroksid QOST 1439-78; Civə-oksid QOST 5230-74; Texniki Toluol QOST 14710- 78; Texniki Ksilol QOST 9410-78; Neft məhlulu 50/170 QOST 8505-80; Texniki Etil spirti QOST 18300-72; Texniki efir etili; Gümüşü nitrat QOST1277-75; Nitrat turşusu QOST 4461-77; Sulfat turşusu QOST 4207- 77; Xlorid turşusu QOST 14261-77; Natrium hidroksid QOST 4328-77; Aseton QOST 2603-79; Neft Demulqatorları “Dissolvan 4411”; Neft Demulqatorları “Alkan DE-318”; Barium-Xlorid; Texniki Benzol QOST 12343-75; Perxlorat turşusu HCLO4 QOST 15453- 78; Civə nitrat turşusu 1-sulu QOST 10652-74; Difenilkarbozid QOST 190000-75; Silikaqel ASKQ QOST 16564-77. “Socar”-ın SOCAR**********80020123X00076 saylı 05 mart 2020-ci il tarixli arxiv arayışından görünür ki, SOCAR –ın Baş ofisinin Mərkəzi Arxivində saxlanılan sənədlərə əsasən xx.xx.1960-cı il təvəllüdlü İddiaçı həqiqətən 13.09.1978-ci ildə (əmr 1334 k, 13.09.1978-ci il) "xxxx" NQÇİ-nin (keçmiş “Kirovneft” NQÇİ) X1 Sexinə (ETİİS) 2-ci dərəcəli laborant peşəsinə işə qəbul edilmişdir. 01.01.1988-ci ildə (əmr № 8 k, 05.01.1988ci il) ET və İİAS-yə 2-ci dərəcəli kimyəvi analiz laborantı peşəsinə keçirilmiş, 03.01.1993cü ildə (əmr № 57 k, 26.01.1993-cü il) 3-cü dərəcəli kimyəvi analiz laborantı peşəsinə keçirilmiş, 01.02.1994-cü ildə (əmr № 59 k, 01.02.1994-cü il) ETİİS-yə 3-cü dərəcəli kimyəvi analiz laborantı peşəsinə keçirilmiş; 01.07.1994-cü ildə (əmr № 406 k, 27.06.1994-cü il) 4-cü dərəcəli kimyəvi analiz laborantı peşəsinə keçirilmiş, 01.06.2000-ci ildə (əmr № 189 k, 01.06.2000-ci il) 5-ci dərəcəli kimyəvi analiz laborantı peşəsinə keçirilmiş; 01.05.2005-ci ildə (əm №128 k, 02.05.2005-ci il) NKH və VS-yə kimyəvi təhlil üzrə 5-ci dərəcəli laborant peşəsinə keçirilmişdir. İşdən azad olunma barədə qeyd aşkar olunmamışdı. Haqq-hesab cədvəlində 2005-ci ilin sentyabr ayınadək əmək haqqı göstərilmişdir. ARDNŞ-nin 31.08.2005-ci il tarixli, 92 saylı əmrinə əsasən 01.09.2005-ci il tarixdən "xxxx"NQÇİ ləğv edilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, həmçinin AR Prezidentinin 31 avqust 2002-ci il tarixli, 78 nömrəli Fərmanı ilə təsdiq edilmiş AR DSMFnin Əsasnaməsinin 1-ci bəndinə əsasən, AR DSMF Azərbaycan Respublikasında məcburi dövlət sosial sığorta və əmək pensiyaları sahəsində idarəetməni həyata keçirən mərkəzi icra hakimiyyəti orqanına müraciət edilməsi məqsədəuyğun hesab edilmişdir. İddiaçı ona güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu onun tələbinin təmin olunmasından imtina etmişdir. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış **********1 saylı 07 sentyabr 2020-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.1 -ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın kimya istehsalatı bölməsinin (8) tam iş günü aşağıda sadalanan istehsalatlarda və işlərdə məşğul olan kimya müəssisələrinin və neft-kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssisləri bəndində (8.1) xüsusi istehsalat (çənlərin, tutumların təmizlənməsi, yuyulması xüsusi istehsal üzrə toksik taraların təmiri, düzəldilməsi) və laboratoriyada kimyəvi xüsusi maddələrlə məşğul olan işçilər vəzifəsi nəzərdə tutulmuşdur. X14 təqdim etdiyi İT-İ seriyalı ******* saylı 24.10.1978-ci il tarixli əmək kitabçasında 01.09.2005-ci il tarixindən bugünədək “X15” şirkətində neftin qazın hazırlanması vurulması sexində laborant vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, onun işlədiyi sahə və vəzifə yuxarıda qeyd olunan sahəyə və vəzifəyə uyğun deyil. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırmışdır ki, o, 13 noyabr 1978-ci ildə NQÇİ Kirovneftdə 2-ci dərəcəli laborant vəzifəsində işə başlamışdır. 10 yanvar 2005-ci ildə NQÇİ Kirovneft İdarəsi ləğv olunaraq, X15 şirkəti adlandırılmışdı. O, 01 oktyabr 2012-ci ildən halhazıradək Neftin, qazın hazırlanması vurulması sexində metrologiya xidmətində laborant vəzifəsində işləyir. 42 ildir ki, həmin vəzifədədir. O, güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh tərəfindən verilmiş iddiaya dair yazılı etiraz iddiaçıya ünvanlanmış imtina məktubunun məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, iddiaçının iddiası tam əsassızdır və qanunazidd olduğuna görə rədd edilməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1924/2021 saylı 16 mart 2021-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsi ilə eynilik təşkil edir. Şikayətdə əlavə olaraq göstərilmişdir ki, məhkəmə işin faktiki hallarını ətraflı araşdırmamış və bunun nəticəsində ədalətsiz qərar qəbul etmişdir. Apellyasiya şikayətinə yazılı etirazın dəlilləri: Apellyasiya şikayətinə yazılı etirazın məzmunun imtina məktubunun və iş üzrə cavabdeh tərəfindən verilmiş iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil edir. Əlavə olaraq göstərilmişdir ki, cavabdeh orqanın imtinası qanuni və əsaslıdır. Tərəflərin izahatları: İddiaçı apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, işlədiyi peşə üzrə nefti analiz etdiyini, reaktivlərlə işlədiyini bildirmiş, bununla bağlı apellyasiya şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddiasının təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi 07.09.2020-ci il tarixdir. İddiaçı isə iddia ilə məhkəməyə 28.09.2020-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verilmiş hesab olunur və mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, iddiaçı ona 52 yaşının tamam olduğu 22.03.2012-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini tələb edir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun 01.09.2005-ci il tarixindən bugünədək “X15” şirkətində neftin qazın hazırlanması vurulması sexində laborant vəzifəsində işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının kimya istehsalatı bölməsinin (8) tam iş günü istehsalatlarda və işlərdə məşğul olan kimya müəssisələrinin və neft-kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssisləri bəndində (8.1) göstərilən sahəyə və vəzifəyə uyğun olmaması səbəbindən tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra o, hazırki iddia ilə məhkəməyə müraciət etmiş, lakin birinci instansiya məhkəməsi tərəfindən iddiası təmin edilməmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının 20 ildən çox ümumi iş stajının müəyyən edilməsinə baxmayaraq, onun tərəfindən nə 01.01.2006-cı il tarixədək, nə də ki, 52 yaşı tamam olan, yəni 22.03.2012-ci il tarixədək güzəştli iş stajının toplanmamasına istinad edərək iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. Birinci instansiya məhkəməsinin sorğusu əsasında X11 tərəfindən təqdim olunmuş 02/1291 saylı 20.11.2020-ci il tarixli məktubdan aydın olur ki, Şirkətin işçisi İddiaçı 01.09.2005-ci il tarixdən Şirkətin Metrologiya xidmətində Laborant vəzifəsində çalışır (arayışın əsli əlavə olunur). Lakin, İddiaçı Əmək kitabçasının surətindən görünür ki, o, "X12” şirkətinin Azərbaycan Respublikasındakı filialından əvvəl başqa idarələrdə müəyyən sahələrdə çalışmışdır (əmək kitabçasının surəti əlavə olunur). İddiaçınm ümumi və güzəştli iş stajının müddəti “Əmək pensiyaları haqqında” Qanunun tələbinə uyğun olaraq təqdim edilən əmək kitabçasında aparılan qeydlərlə, onun həm əvvəlki idarələrdə, həm də Şirkətin Metrologiya xidmətində laborant vəzifəsində çalışdığı sahələrin zərərli (güzəştli) iş sahəsinə aid olub-olmaması isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 saylı və 23.01.2007-ci il tarixli 2 saylı qərarları ilə tənzimlənir. “Socar” Baş ofis Mərkəzi Arxiv tərəfindən verilmiş SOCAR**********0020123X00064 saylı 25.11.2020-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, xx.xx.1960-cı il təvəllüdlü İddiaçı verilmiş 05.03.2020-ci il tarixli SOCAR**********080020123X00076 nömrəli iş stajı haqqında arayış arxiv sənədlərinə (əmrlər və şəxsi vərəqə) istinadən verildiyindən güzəştli iş stajının olub-olmaması barədə qeydin göstərilməsi imkan xaricindədir. Güzəştli iş stajının müəyyən edilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrinin və göstəricilərin Siyahısı”na istinad edilməsi məqsədəmüvafiqdir. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» AR Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 9.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olan tələblərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun tələblərinə görə əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranmasını üç xüsusatla şərtləndirir: 1) iddiaçının müvafiq (qanunla müəyyən edilmiş) yaş həddinə, yəni 52 yaşa çatması; 2) həmin vaxtadək 20 ildən artıq ümumi iş stajının toplanması, 3) həmin vaxtadək toplanmış ümumi iş stajının 10 ilinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (AR NK-nın 12 nömrəli 23 yanvar 2007-ci il tarixli qərarı ilə təsdiqlənmiş Siyahıda göstərilən) işlərdə çalışması. Hazırki işdə iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə əmək kitabçasını və işləməsi barədə arayışlar təqdim etmişdir. İş materiallarından müəyyən olunur ki, iddiaçının 52 yaşı 22.03.2012-ci ildə tamam olmuş və onun 1978-ci il tarixdən hal-hazıradək ümumi iş stajı 20 ildən çoxdur. Odur ki, iddiaçının ümumi stajının 20 il olması ilə bağlı qanunun tələbi ödənilmiş hesab olunur. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqanın imtinasının əsasını iddiaçının işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş siyahıda nəzərdə tutulmaması təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı tələb olunur. İşdə olan iddiaçının təqdim etdiyi və birinci instansiya məhkəməsinin verdiyi sorğulara cavab olaraq verilmiş arayışlar iddiaçının işlədiyi peşənin zərərli olub-olmaması ilə bağlı birmənalı qənaətə gəlməyə əsas vermədiyi üçün hazırki işə apellyasiya qaydasında baxılarkən iddaçı İddiaçı NQÇİ Kirovneftdə 13 noyabr 1978-ci il tarixdən 01.09.2005-ci il tarixədək işlədiyi laborant peşəsinin funksiyalarının müvafiq Siyahılarda olan hansı zərərli peşənin funksiyaları ilə eynilik təşkil edib-etməməsi, həmçinin həmin peşənin vəzifə təlimatı üzrə gördüyü işlər barədə təfərrüatlı arayışın məhkəməyə təqdim edilməsi ilə bağlı “X12” Şirkətinin Azərbaycan Respublikasındakı filialına, SOCAR Baş Ofis Mərkəzi Arxivə və SOCAR X4 müvafiq sorğular göndərilmişdir. Həmin sorğulara cavab olaraq 25.11.2021-ci il tarixdə SOCAR Baş Ofis Mərkəzi Arxivindən məhkəməyə daxil olmuş məktubdan görünür ki, Mərkəzi Arxivdə saxlanılan sənədlərə vətəndaşın işlədiyi peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli 1993-cü il 21 iyun tarixli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” üzrə hansı peşələrə uyğun olub-olmaması barədə qeyd göstərilməsi imkan xaricindədir. “X11” tərəfindən məhkəməyə daxil olmuş məktubdan görünür ki, Şirkət əməliyyat şirkəti olaraq Binəqədi blokunda 01.09.2005-ci il tarixdən fəaliyyətə başlamaqla neft-qaz əməliyyatlarının aparılmasını həyata keçirir. “Kirovneft” NQÇİ (sonradan "xxxx" NQÇİ) isə, AZərbaycan Respublikası Dövlət Neft Şirkətinin (“ARDNŞ”) “Azneft” İstehsalat Birliyinin nəzdində fəaliyyət göstərmişdir. “X11” şirkəti özü müstəqil hüquqi şəxsdir və “Kirovneft” NQÇİ-nin hüquqi varisi deyildir. Bu səbəbdən də sorğuda qeyd olunan məsələ ilə bağlı hər hansı arayışın verilməsi qeyri-mümkündür. 02.02.2022-ci il tarixdə SOCAR X3 daxil olmuş sorğuya cavab məktubundan görünür ki, İddiaçı "xxxx" NQÇİ-nin (keçmiş “Kirovneft” NQÇİ) X1 sexində və neftin kompleks hazırlanması və nəqli sahəsində kimyəvi analiz laborantı peşəsində işləmişdir.Onun fəaliyyət göstərmiş olduğu X1 sexində və neftin kompleks hazırlanması və nəqli sahəsində “kimyəvi analiz laborantı” peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli 1993-cü il 21 iyun tarixli qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti zərərli və ağır olan işlərdəçalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin. vəzifələrin və göstəricilərin 1 və 2 saylı Siyahısı”nın “Neftin qazılması və hasılatı, neft, qaz kondensantı, kömür və şistin emalı” və “Ümumi peşələr” bölmələrində qeyd edilən peşələrlə (vəzifələrlə) eynilik təşkil etmir. Kimyəvi təhlil üzrə laborantın iş vaxtı ərzində icra etdiyi əsas işlər neftin, suyun və lay sularının kimyəvi analizinin aparılmasıdır. “Kimyəvi analiz laborantı” “Fəhlə peşələri və işlərin Vahid X2”nda “kimyəvi təhlil üzrə laborantı” kimi təsvir olunub və işin xüsusiyyətlərini əks etdirən peşə təlimatı məktuba əlavə olunmuşdur. Qeyd olunmalıdır ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir. Hazırki iş üzrə apellyasiya baxışı zamanı verilmiş sorğuya cavab olaraq təqdim edilmiş arayışın məzmununa görə iddiaçının işlədiyi “kimyəvi analiz laborantı” peşəsi iddiaçıya əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli, istərsə də 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş müvafiq siyahılarda nəzərdə tutulan peşələrlə üst-üstə düşmür, belə olan halda iddiaçının zərərli peşədə işləməsi şərti iş üzrə ödənilmir. Odur ki, birinci instansiya məhkəməsi iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə iddiasının təmin edilməməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. İddiaçının apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillərin bir qismi formal mülahizə xarakterli olub, iş materialları və qanunvericiliklə təkzib edildiyindən, kifayət qədər əsaslandırılmadığından, bir qismi isə bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassızdır, buna görə də təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1924/2021 saylı 16 mart 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1924/2021 saylı 16 mart 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar