Məhkəmə qərarları › İş №2-1(103)-142/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-142/2023

13.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-142/2023 13.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X5 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Elşən Cələddin oğlu Kazımovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə Məlik qızının iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə pensiyanın təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli, 2-1(112)-3442/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fonduna qarşı “iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı (İddiaçı) 5 dekabr 1957-ci il tarixdə doğulmuşdur. 1975 – 1980-cı illərdə Azərbaycan Politexnik İnstitutunda təhsil almış və onanı bitirmiş, sonradan 2 il hərbi xidmətdə olmuşdur. İmişli rayonu H.Aslanov adına kolxozda 1970 – 1975-ci illərdə kolxozçu, 1985 – 1996-cı illərdə iş icraçısı, 4 avqust 1980ci il tarixdən 20 oktyabr 1980-cı il tarixədək və 8 iyun 1982-ci il tarixdən 26 dekabr 1984-cü il tarixədək SMD-40-da betonqarışdıran, 5 yanvar 2009-cu il tarixdən 15 iyun 2009-cu il tarixədək “Azəriservis LTD” müəssisəsində iş icraçısı, 3 iyul 2009-cu il tarixdən 9 iyul 2013-cü il tarixədək "xxxx" MMC-də mühəndis, 2 yanvar 2003-cü il tarixdən 1 oktyabr 2008-ci il tarixədək və 5 yanvar 2009-cu il tarixdən 13 iyun 2009-cu il tarixədək hazırda hüquqi adı "xxxx" MMC olan təşkilatda iş icraçısı, 30 mart 2014-cü il tarixdən 28 yanvar 2019-cu il tarixədək "xxxx" MMC-də baş mühəndis işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş Siyahının 29-cu bölməsinin “b” bəndinə görə iş icraçıları güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququna malikdir. İmişli rayon Dövlət Arxivinin 31 may 2020-ci il tarixli arayışı ilə onun İmişli rayonu H.Aslanov adına kolxozda 1970 – 1975-ci illərdə kolxozçu, 1985 – 1996-cı illərdə iş icraçısı işlədiyi təsdiq olunur. "xxxx" MMC-in 20 may 2020-ci il 155 nömrəli arayışı ilə onun 2 yanvar 2003-cü il tarixdən 1 oktyabr 2008- ci il tarixədək və 5 yanvar 2009-cu il tarixdən 13 iyun 2009-cu il tarixədək hazırda hüquqi adı "xxxx" MMC olan təşkilatda iş icraçısı işləməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiqlənmiş Siyahının 29-cu bölməsinin “b” bəndinə görə iş icraçılarının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququna malik olması təsdiq olunur. İddiaçı ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etmişdir. Həmin İdarənin 26 noyabr 2020-ci il tarixli cavab məktubunda göstərilir ki, sənədlərlə guya güzəştli iş stajı 12 il 6 aydan az, yəni 8 il 11 ay 26 gün təkil edir, bu səbəbdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Cavabdehin həmin hərəkəti qanunsuzdur. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Rəsmi sənədlərdən göründüyü kimi, o, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən 12 il kolxozda, 6 il 4 ay müvafiq qurumda (MMC-də) iş icraçısı işləmişdir. Onun ümumi iş stajı isə, 25 ildən çoxdur. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya dair yazılı etirazında göstərmişdir ki, iddiaçının güzəştli iş stajı qanunvericiliklə nəzərdə tutulmuş iş stajından azdır. “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kolleqiyasının 11 dekabr 2017-ci il tarixli 17 saylı qərarının 3.2-cü bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: (3.2.1) əmək kitabçası, (3.3.2) əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, əmək pensiyalarının təyinedilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi üçün müraciət etmiş şəxslər həmin müraciətlərinə müraciətə pensiyanın növündən asılı olaraq zəruri sənədlər əlavə edirlər. Qaydaların 2 saylı əlavəsinə əsasən sözügedən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı müraciət edən şəxs tərəfindən təqdim edilməlidir. İddiaçının kolxozda işlədiyi iş icraçısı peşəsi güzəştli peşə kimi qəbul edilə bilməz. Belə ki, iş icraçıları peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın 29-cu bölməsinin “b” bəndində qeyd edilən “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” sahəsində nəzərdə tutulmuşdur. İddiaçı fərqli sahədə, yəni kənd təsərufatı sahəsində ixtisaslaşmış kolxozda həmin icraçısı peşəsində işləmişdir. Həmçinin iddiaçının təqdim etdiyi nə əmək kitabçası, nə də ki, arayışda kolxozda işlədiyi iş icraçısı peşəsinin ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşə olması qeyd edilməmişdir. İddiaçının təqdim etdiyi "xxxx" MMC tərəfindən tərtib edilmiş 20 may 2020-ci il tarixli arayışdan göründüyü kimi, iddiaçı 2 yanvar 2003-cü il tarixdən 1 oktyabr 2008-ci il tarixədək (05 il 01 ay 02 gün) və 5 yanvar 2009-cu il tarixdən 13 iyun 2009-cu il tarixədək (05 ay 08 gün) olan dövrlər ərzində həmin müəssisədə cəmi 06 il 03 ay 07 gün iş icraçısı vəzifəsində işləmiş və qeyd edilən peşə AR Nazirlər Kabinetinin 12 saylı qərarı ilə təsdiqlənmiş Siyahının 29-cu bölməsinin “b” bəndində qeyd edilmişdir. İddiaçının əmək kitabçasında qeyd edilən peşələrin ona güzəştli pensiya hüququ verən peşələr və onun həmin peşələrdə hansı sahələrdə işləməsi qeyd edilmədiyindən, həmçinin iddiaçı həmin peşələrin və onların aid olduqları sahələrin ona güzəştli pensiya hüququ verən peşələr və sahələr olmaları barədə iş yerlərindən arayışlar təqdim etmədiyindən, həmin peşələr güzəştli pensiya hüququ verən peşələr kimi qəbul edilə bilməz. Güzəştli şərtlərlə pensiya təyinatı zamanı sui-istifadə hallarına yol verməmək üçün ərizəçinin çalışdığı peşələrin Siyahıda göstərilən peşələrin adları (hərfi yazılışları) və sahələr üzrə dəqiq uyğunluq təşkil etməsi tələb olunur. Bu barədə Ali Məhkəmənin bir çox qərarlarında da qeyd edilmişdir. Ali Məhkəmənin 2-1(102)-283/2019 saylı iş üzrə 30 aprel 2019-cu il tarixli qərarına qeyd edilir: “Apellyasiya instansiyası məhkəməsi qərarında belə hesab edir ki, əgər Nazirlər Kabinetinin yuxarıda qeyd edilən qərarı ilə təsdiq edilmiş Siyahının bir hissəsində peşənin zərərli olması hər hansı yerdə bir dəfə də olsa müəyyən edilmişsə, onda həmin peşə iş şəraiti nəzərə alınmadan həmişə zərərli hesab edilməli və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əsas olmalıdır. Məhkəmə hesab edir ki, bu yanlış fikirdir. Siyahıda göstərilən eyni peşənin sahibi quruda və ya dənizdə, yerin altında və ya üstündə, habelə, qısamüddətli və ya uzunmüddətli və sair fərqli işlərdə çalışarsa, həmin şəraitdən asılı olaraq onun işi zərərli və zərərsiz hesab oluna bilər”. Göründüyü kimi, Ali Məhkəmənin bu cür işlərlə bağlı mövqeyi ondan ibarətdir ki, hər hansı peşə adlarını Siyahı ilə müəyyən edilmiş peşə adlarına özbaşına şəkildə uyğunlaşdırmaq olmaz və ya uyğunlaşdırma üçün peşələrin xarakterinin əsas gətirilməsi kifayət deyildir. Yalnız iddiaçının əmək kitabçasında qeyd edilmiş konkret peşə adının Siyahıda açıq şəkildə göstərilməsi güzəştli şərtlərlə pensiya hüququnun əldə edilməsi üçün əsas ola bilər. İddiaçı məhkəməyə iddianın dəyişdirilməsi barədə əlavə ərizə təqdim etmiş və iddianın «iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. Bakı İnzibati Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli, 2-1(112)-3442/2021 saylı qərarı ilə iddia təmin edilmiş, İddiaçı 57 yaşdan (5 dekabr 2014-cü il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı iddiasında göstərdiyi xüsusatları təsdiq etmək məqsədi ilə əmək kitabçası, Azərbaycan Respublikası İmişli rayon Dövlət Arxvinin tərtib etdiyi 31 may 2020-ci il tarixli arayışı və "xxxx" MMC tərəfindən tərtib edilmiş 20 may 2020-ci il tarixli arayışı təqdim etmişdir. İddiaçının güzəştli iş staiı qanunvericiliklə nəzərdə tutulmuş iş stalından azdır. İddiaçın kolxozda işlədiyi iş icraçısı peşəsi güzəştli peşə kimi qəbul edilə bilməz. Belə ki, iş icraçıları peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 29-cu bölməsinin B bəndində qeyd edilən-Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri sahəsində nəzərdə tutulmuşdur. İddiaçının fərqli sahdə, yani kənd təsərufatı sahəsində ixtisaslaşmış kolxozda həmin icraçısı peşəsində işləmişdir. Həmçinin nə iddiaçının təqdim etdiyi əmək kitabçası, nə də ki, iddiaçının təqdim etdiyi arayışda onun kolxozda işlədiyi iş icraçısı peşəsinin ona güzəştli şərtlərlə pensiya hüuqu verən peşə olması qeyd edilməmişdir. İddiaçın təqdim etdiyi "xxxx" MMC tərəfindən tərtib edilmiş 20 may 2020-ci il tarixli arayışdan göründüyü kimi, iddiaçı xx.xx.2003-xx.xx.2008-ci il (05 il 01 ay 02 gün) və xx.xx.2009-xx.xx.2009 (05 ay 08 gün) illər ərzində həmin müəssisədə cəmi 6 il 03 ay 07 gün iş icraçısı vəzifəsində işləmiş və qeyd edilən peşə Nazirlək Kabinetinin 12 saylı qərarının 29 nömrəli bölməsinin “B” bəndində qeyd edilmişdir. Həmçinin onu da qeyd etmək istərdik ki, iddiaçının əmək kitabçasında qeyd edilən peşələrin ona güzəştli pensiya hüququ verən peşələr və iddiaçının həmin peşələrdə hansı sahələrdə işləməsi qeyd edilmədiyindən, həmçinin iddiaçı həmin peşələrin və onların aid olduqları sahələrin ona güzəştli pensiya hüququ verən peşələr və sahələr olmaları barədə iş yerlərindən arayışlar tədim etmədiyindən həmin peşələr güzəştli pensiya hüququ verən peşələr kimi qəbul eidlə bilməz. Onu da xüsusilə qeyd etmək istəyirəm ki, güzəştli şərtlərlə pensiya təyini zamanı sui-istifadə hallarına yol verməmək üçün ərizəçinin çalışdığı peşələrin Siyahıda göstərilən peşələrin adları (hərfi yazılışları) və sahələr üzrə dəqiq uyğunluq təşkil etməsi tələb olunur. Bu barədə Ali Məhkəmənin bir çox gərarlarında da qeyd edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki işin hallarından görünür ki, iddiaçı 5 dekabr 1957-ci il tarixdə doğulmuş, 1975 – 1980-ci illərdə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunda təhsil almış və həmin təhsil müəssisəsini 1980-ci ildə bitirmişdir. İmişli Rayon Dövlət Arxivinin 45 nömrəli 31 may 2020-ci il tarixli arayışında İmişli rayonu H.Aslanov adına kolxozda 1970 – 1975-ci, 1985 – 1996-cı illərdə minimum adam günü “260 gün” göstərilməklə, İddiaçı yerinə yetirimiş adam gününü 1985-ci ildə – 351 gün, 1986-cı ildə – 295 gün, 1987-ci ildə – 363 gün, 1988-ci ildə – 324 gün, 1989-cu ildə – 352 gün, 1990-cı ildə – 332 gün, 1991-ci ildə – 352 gün, 1992-ci ildə – 304 gün, 1993-cü ildə – 272 gün, 1994-cü ildə – 257 gün, 1995-ci ildə – 290 gün, 1996-cı ildə – 293 gün olduğu qeyd edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 20 may 2021-ci il tarixli 155 saylı arayışında aşağıdakılar qeyd olunmuşdur ki, İddiaçı 2 yanvar 2003-cü il tarixdən 1 oktyabr 2008-ci il tarixədək və 5 yanvar 2009-cu il tarixdən 13 iyun 2009-cu il tarixədək hal-hazırda adı "xxxx" MMC olan təşkilatda iş icraçısı işləmişdir. AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarına əsasən 29-cu bölmənin “b” bəndi rəhbərlər və mütəxəssislər, tikinti-quraşdırma işləri üzrə ustalar, iş icraçıları güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 21 iyun 2021-ci il tarixli 002 nömrəli arayışında qeyd olunur ki, İddiaçı 3 iyul 2009-cu il tarixdən 9 iyul 2013-cü il tarixədək hazırda adı "xxxx" MMC olan təşkilatda iş icraçısı vəzifəsində işləmişdir. AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarına əsasən 29-cu bölmənin “b” bəndi rəhbərlər və mütəxəssislər, tikinti-quraşdırma işləri üzrə ustalar, iş icraçıları güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir. "xxxx" MMC-nin birinci instansiya məhkəməsinin sorğusuna müvafiq 27 sentyabr 2021-ci il tarixli 81/21 nömrəli cavab məktubunda aşağıdakılar bildirilmişdir ki, İddiaçı 2 yanvar 2003-cü il tarixdən 1 oktyabr 2008-ci il tarixədək və 5 yanvar 2009-cu il tarixdən 12 iyun 2009-cu il tarixədək "xxxx" MMC-də (25 noyabr 2019-cu il tarixdən "xxxx" MMC), məşğulluq təsnifatının 3112 – (iş icraçısı, tikintidə) kodu ilə iş icraçısı vəzifəsində çalışmışdır. İşlədiyi dövrlərdə şirkət tərəfindən aparılan tikinti-quraşdırma işlər ağır iş şəraitində olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə əsasən isə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» AR Qanununun 9.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixdən qüvvədə olan tələblərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin 1 iyul 2017-ci il tarixədək qüvvədə olan tələblərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. AR Əmək Məcəlləsinin 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. 1 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: “v” hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; “ğ” ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti. Apellyasiya baxışı zamanı ünvanlanmış sorğuya Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının cavab məktubunda qeyd olunmuşdur ki, vətəndaş İddiaçı fərdi hesabının sığorta hissəsində xx.xx.2017-ci il tarixinə 29301,51 manat, bugünkü tarixə isə 46169,51 manat pensiya kapitalı qeydə alınmışdır. Eyni zamanda bildiririk ki, qeyd olunan məbləğ adıçəkilən şəxsə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş (qərar hazırda qüvvədən düşmüşdür) “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Məhkəmə kollegiyası bildirir ki, iddiaçının sosial sığorta stajına daxil edilməsini istədiyi iş illəri “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı ilədək olan dövrə aid olduğu üçün həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda sadalanan normalar nəzərə alınmalı və arxiv arayışında göstərilən illər iddiaçının sosial sığorta stajı kimi qəbul edilməlidir. Nəzərə alınmalıdır ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşmasından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Göründüyü kimi əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər, o cümlədən arxiv arayışları nəzərə alına bilər. Həmçinin nəzərə almaq lazımdır ki, arxiv arayışında göstərilən məlumatların mötəbərliyini şübhə altına alacaq hər hansı əsaslar cavabdeh tərəfindən təqdim edilməmişdir. Beləliklə, iş materiallarında olan attestatın, arxiv arayışından göründüyü kimi 01 yanvar 2006-cı ilədək iddiaçının 25 ildən artıq ümumi iş stajı mövcud olmuşdur. Məhkəmə kollegiyası iddiaçının güzəştli şərtlərlə iş stajı ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.9-cu bəndinə əsasən Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. Apellyasiya baxışı zamanı ünvanlanmış sorğuya Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 16 dekabr 2022-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, X3 “X1 of Occupations” təsnifatı əsasında hazırlanaraq ölkəmizdə milli standart kimi qəbul edilmiş və özündə əmək fəaliyyəti növlərinin sistemləşdirilmiş siyahısını cəmləşdirən “Məşğulluq Təsnifatı”nda (AZT041-2010) məşğulluq növü kimi qeyd edilmiş tikintidə iş icraçısı sözügedən təsnifatın “Mülki tikinti üzrə texniklər” (kodu - 3112) qrupuna daxildir və bu fəaliyyət üzrə vəzifələrə mülki tikinti üzrə elmi tədqiqatların aparılması, habelə binaların, su təchizatı və kanalizasiya sistemlərinin, körpülərin, yolların, dambaların və hava limanlarının layihələndirilməsi, tikintisi, fəaliyyət göstərməsi, istismarı və təmiri sahəsində texniki vəzifələrin yerinə yetirilməsi aid edilir. Kolxozda iş icraçısı (prorab) vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı"nda “XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsinin “b) rəhbərlər və mütəxəssislər” bəndinin iş icraçıları (2290000b-24441) yarımbəndində qeyd edilən peşənin funksiyaları ilə eynilik təşkil edib-etməməsinin müəyyənləşdirilməsi Dövlət Statistika Komitəsinin səlahiyyətlərinə aid deyildir. Apellyasiya baxışı zamanı ünvanlanmış Azərbaycan Respublikası Kənd Təsərrüdatı Nazirliyinin cavab məktubunda qeyd edilmişdir ki, ləğv edilmiş İmişli rayonu H. Aslanov adına kolxozda iş icraçısı (prorab) vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ləğv edilmiş 1993-cü il 21 iyun tarixli 320 nömrəli Qərarında qeyd edilən peşənin funksiyaları ilə eynilik təşkil edib-etməməsi ilə bağlı arayışın təqdim edilməsi barədə müraciətinizə Kənd Təsərrüfatı Nazirliyində baxılmışdır. Özündə bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin ixtisas xüsusiyyətləri Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2005-ci il 15 noyabr tarixli 24-2 nömrəli qərarı ilə təsdiq edilmiş “Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid X2” ilə müəyyən edilir. Sözügedən kitabçada bütün sahələr üçün ümumi olan iş icraçısı vəzifəsinin tarif-ixtisas xüsusiyyətləri qeyd edilmişdir. Azərbaycan Respublikası İmişli rayon Dövlət Arxvinin tərtib etdiyi 31 may 2020-ci il tarixli arayışında iddiaçının iş icraçısı peşəsində çalışdığı qeyd olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı"nda “XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsinin “b) rəhbərlər və mütəxəssislər” bəndinin 2290000b-24441 kodu altında iş icraçıları güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşədir. Kollegiya qeyd edir ki, iddiaçının kolxozda iş icraçısı peşəsində çalışdığ dövrlə bağlı güzəştli arayışın alınması kolxozun hazırda fəaliyyət göstərməməsi səbəbindən mümkün deyildir. Bununla yanaşı, cavabdeh "xxxx" MMC-də iddiaçının xx.xx.2003-xx.xx.2008-ci il (05 il 01 ay 02 gün) və xx.xx.2009-xx.xx.2009 (05 ay 08 gün) illər ərzində həmin müəssisədə çalışdığı iş icraçısı vəzifəsindəki iş stajını güzəştli iş stajı kimi qəbul etsə də, iddiaçının kolxozda çalışdığı iş icraçısı vəzifəsini güzəştli staj kimi qəbul etməmişdir. Beləliklə, iddiaçının 12 il 6 aydan artıq güzəştl iş stajının olması iş materialları ilə öz təsdiqini tapır. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Beləliklə kollegiya qeyd edir ki, iddiaçı 2006-cı ilin yanvar ayının 1-dək 25 ildən çox ümumi iş stajına, o cümlədən 12 il 6 aydan çox “əmək şəraiti zərərli və ağır olan” iş stajına malik olduğundan və onun işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulduğundan və iş yerindən iddiaçının işlədiyi vəzifələrə uyğun arayış təqdim edildiyindən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən onun 57 yaşdan (xx.xx.2014-cü il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malik olduğundan hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və işə baxan məhkəmə cavabdehin imtinasının qanunsuz olması və iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə iddiaçıya pensiya hüququ yarandığı xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə düzgün nəticəyə gəlmişdir. İddiaçı əmək pensiyası təyin edilməsi barədə tələb irəli sürsə də, son nəticədə, bu iddianı qaldırmaqda onun marağı pensiya hüququ yaranan vaxtdan ödənilməli olan pensiya məbləğinin hesablanıb ödənilməsi ilə bağlıdır. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə mübahisənin düzgün həlli və tərəflər arasında yeni məhkəmə mübahisəsinin yaranmaması üçün, tərəflərin hər hansı formada münasibət bildirmədikləri, lakin hazırkı iddia tələbi ilə əlaqəli olan və iddiaçının pensiya hüququna təsir edə bilən digər hallara da aydınlıq gətirməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci müddəsinin hazırda qüvvədə olan redaksiyasında əmək pensiyalarının onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilməsi təsbit edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 08 oktyabr 2020-ci il tarixli 03/2020-ci saylı qərardadında belə nəticəyə gəlmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Göründüyü kimi iddiaçı onun pensiya təyin olunması üçün müraciət etdiyi tarixdən əvvəlki ən çoxu üç il üçün pensiya ödənilməsi hüququna malikdir. DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış 26 noyabr 2020-ci il tarixli məktubdan müəyyən olunur ki, iddiaçı ilk dəfə hazırki tələblə cavabdeh inzibati orqana 22 sentyabr 2020-ci il tarixində müraciət etmişdir. Eyni zamanda iddiaçı tərəfindən həmin tarixdən əvvəlki dövrlərdə hazırki tələblə cavabdeh inzibati orqana hər hansı üzürlü səbəbdən müraciət etməməsi ilə bağlı heç bir sübut təqdim olunmamışdır. Bu halda iddiaçıya ödəniləcək pensiya cavabdeh inzibati orqana ilk dəfə müraciət edilən tarixdən (22 sentyabr 2020-ci il) əvvəlki illər üçün, yəni 22 sentyabr 2017-ci il tarixindən hesablanaraq ödənilə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli, 2-1(112)-3442/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. İddiaçı əmək pensiyasının təyinatı ilə bağlı cavabdehə müraciət etdiyi 22 sentyabr 2020-ci il tarixdən əvvəlki 3 (üç) ilə, yəni 22 sentyabr 2017-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Elşən Kazımov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar